Dövlət müstəqilliyimizin ildönümü regionlarda qeyd olunur
Oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında» 21 yanvar 2011-ci il tarixli sərəncamından irəli gələn tapşırıqların icrası ilə əlaqədar Vergilər Nazirliyində silsilə tədbirlər həyata keçirilir.
Son günlərdə Quba, Şirvan, Şamaxı və Lənkəran şəhərlərində müvafiq ərazi vergi idarələri «Müstəqil Azərbaycanın vergi sistemi» mövzusunda yığıncaqlar keçirmişlər. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Akif Musayev Quba və Şamaxı şəhərlərində keçirilən tədbirlərdə çıxış edərək bildirmişdir ki, müstəqilliyin əldə edilməsi zamanı böyük itkilərlə üzləşən xalqımız sarsılmamış, dünya birliyində özünə layiqli yer tuta bilmişdir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyini möhkəmləndirən respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən etmiş ölkədir. Ümumi daxili məhsulun, vergi daxilolmalarının və valyuta ehtiyatlarının ildən-ilə artdığı Azərbaycan indi dünya miqyasında islahatçı ölkə kimi tanınır. Respublikada güclü sahibkarlar sinfi və orta təbəqə formalaşmışdır. Bunun nəticəsində büdcə sürətlə artır, əhalinin rifah halı yüksəlir.
Şirvan şəhərində keçirilən tədbirdə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş idarəsinin rəisi vəzifəsini icra edən Natiq Şirinov iştirak etmişdir. O, müstəqillik illərində Azərbaycanın vergi sisteminin inkişaf edərək müasir tələblər səviyyəsində formalaşdığını qeyd etmiş və həyata keçirilən vergi islahatlarının ölkəmizin iqtisadi inkişafındakı əhəmiyyətini vurğulamışdır.
Lənkəran şəhərində keçirilən tədbirdə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Baş İdarəsinin rəisi Taryel Quliyev aparılan islahatlar nəticəsində səmərəli vergi inzibatçılığının, güclü nəzarət sisteminin yaradıldığını, vergi orqanları ilə vergi ödəyiciləri arasında mükəmməl elektron əlaqələr sisteminin qurulduğunu qeyd etmişdir.
Bölgələrdə keçirilən tədbirlərdə ərazi vergi idarələrinin əhatə dairəsində olan rayonların icra hakimiyyəti orqanlarının iqtisadi məsələlər üzrə müavinləri, yerli maliyyə qurumlarının və rayon sosial müdafiə fondunun rəhbərləri, bələdiyyə sədrləri, sahibkarlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rəşad SADIQOV
|