«Müstəqil Azərbaycanın vergi sistemi» kitabı çapdan çıxmışdır
Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında» 21 yanvar 2011-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Vergilər Nazirliyində tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq, müstəqillik illərində Azərbaycanın vergi sisteminin formalaşdırılması və inkişafı mərhələlərini dolğun əks etdirən kitab üzərində iş başlanmış və qısa müddətdə uğurla başa çatdırılmışdır. Nəfis tərtibatı, məzmun zənginliyi və çoxsaylı illüstrasiyaları ilə diqqəti cəlb edən kitab bu günlərdə çapdan çıxmışdır.
Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədovun kitaba yazdığı «Ön söz»də qeyd edilir ki, Azərbaycanın bugünkü müstəqilliyinin təməlində ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərindən başlayaraq yaratdığı möhkəm iqtisadi baza, sosial-mədəni, milli-mənəvi potensial dayanır. Əlverişli tarixi şəraitdə müstəqilliyini bərpa edən və özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dünya birliyinə tanıtdıran Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanması və möhkəmləndirilməsi də xalqımızın bu böyük və müdrik oğlunun adı ilə bağlıdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli işlənib hazırlanmış uzunmüddətli strategiya əsasında uğurla inkişaf etməkdədir.
İqtisadiyyatın ahəngdar inkişafının təmin edilməsində dövlət idarəçiliyinin çox mühüm tərkib hissəsi olan vergi sistemi də böyük rol oynayır. Təsadüfi deyildir ki, ölkəmizin müstəqil vergi xidmətinin təsis edilməsi dövlət müstəqilliyinin bərpası ilə eyni vaxtda baş vermişdir. Ötən müddət ərzində Azərbaycanda beynəlxalq standartlara uyğun müasir vergi sisteminin formalaşması həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün tam əminliklə qeyd etmək olar ki, məhz bu diqqət və qayğı nəticəsində Azərbaycanda ən müasir tələblərə cavab verən, modern bir vergi sistemi yaradılmışdır. Ölkəmizin vergi sisteminin son iyirmi ildə keçdiyi inkişaf yolu haqqında ətraflı təsəvvür yaradan və ensiklopedik səciyyə daşıyan kitab 15 bölmədən ibarətdir.
Ümidvarıq ki, bu kitab Azərbaycanın müstəqil dövlətçiliyini, onun iqtisadi suverenliyinin əsas dayaqlarından olan çevik və səmərəli vergi sisteminin tarixini tədqiq edənlər, bu sistemdə aparılan islahatlar və onların nəticələri, vergi xidməti orqanlarının fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq istəyənlər tərəfindən maraqla qarşılanacaqdır.
|