«Müstəqil Azərbaycan 20 ildə»
Vergilər Nazirliyi öz uğurlarını milli sərgidə nümayiş etdirir (şəkil sergi)
Sentyabrın 27-də Bakı Sərgi Mərkəzində açılmış «Müstəqil Azərbaycan 20 ildə» adlı milli sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, iqtisadiyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş və açılışında Prezident İlham Əliyevin iştirak etdiyi milli sərgidə Vergilər Nazirliyinin pavilyonu xüsusilə seçilir. Pavilyonda nazirliyin keçib gəldiyi inkişaf yolu və əldə etdiyi uğurlar slaydlar vasitəsilə sərgi iştirakçılarına təqdim edilir. Stenddə, həmçinin, «195» Telefon-məlumat xidməti ilə canlı əlaqə və elektron xidmətlərlə bağlı guşələr də yer alıb. Monitorlarda Vergilər Nazirliyində son illərdə görülən işlər slaydlar və rəqəmlər vasitəsilə tamaşaçılara ətraflı şəkildə təqdim olunur. Stendin «Heydər Əliyev Vergilər Nazirliyinin yaradıcısıdır» bölməsində ulu öndərin Vergilər Nazirliyinin yaradılması ilə bağlı gördüyü işlər işıqlandırılır. «Həyata keçirilən yeni layihələrin cənab İlham Əliyevə təqdimatı» bölməsini də tamaşaçılar maraqla izləyirlər. Bu bölmədə Prezident İlham Əliyevin Vergilər Nazirliyinin struktur vahidlərində keçirdiyi görüşlərə, təntənəli açılış mərasimlərindəki iştirakına və Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı fikirlərinə geniş yer verilib.
«Vergi orqanlarının interaktiv xəritəsi» bölməsində ayrı-ayrı ərazi vergi idarələri və onların yerləşdiyi ərazilər haqında məlumatlar, «Vergi bələdçisi» bölməsində vergilərin növləri, onların büdcəyə ödənilməsi qaydaları nümayiş etdirilir. Stendin «Elektron xidmətlər» bölməsində diqqət son illər Vergilər Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən işlərə, «Plan-proqnoz» bölməsində isə ardıcıl islahatlara və tədiyyə növləri üzrə daxilolmalardakı inkişaf göstəricilərinə yönəldilir.
Xatırladaq ki, 130-dan çox müəssisə, təşkilat və şirkətin iştirak etdiyi «Müstəqil Azərbaycan 20 ildə» adlı milli sərgi sentyabrın 29-dək davam edəcək.
Rüfət MƏRDANOV
|