MƏQALƏLƏR

Dünya təhsil sistemi bakida sərgi arenasinda Bu ilin 6-8 oktyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğu sahəsində regionun ən böyük tədbirlərindən biri olan “Education and Career” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlamışdır

  • 07.10.2011

 DÜNYA TƏHSİL SİSTEMİ BAKIDA SƏRGİ ARENASINDA

Bu ilin 6-8 oktyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğu sahəsində regionun ən böyük tədbirlərindən biri olan “Education and Career” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi öz işinə başlamışdır. Ənənəvi olaraq, bu sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” şirkəti və onun tərəfdaşı “ITE Group PLC” şirkəti çıxış edirlər. 2011-ci il sərgilərinin tərəfdaşları isə “AZAL”, “Azerfon-Vodafone”, “Greenwich Travel Club” və “Caspel” şirkətləri, habelə “Qafqaz Poynt” mehmanxanasıdır.

Bu il “Təhsil və Karyera” sərgisi dünyanın on beş ölkəsindən 103 təhsil müəssisəsi və təşkilatını bir yerə toplamışdır. Sərginin ekspozisiyasına 75-dən çox ödənişli və ödənişsiz fakültələr, ən müxtəlif ixtisaslar üzrə kurs və proqramlar daxildir. “Təhsil və Karyera -2011” sərgisində hamının yaxşı tanıdığı ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan bazarında nisbətən yeni fəaliyyətə başlamış nüfuzlu kollec və ali təhsil müəssisələri də gələrək eksponentlərin ümumi sayının 40%-ni təşkil etmişlər. Azərbaycandan olan iştirakçıların sayı eksponentlərin ümumi sayının təxminən 30%-ni təşkil edir. Yerli təhsil müəssisələri isə Azərbaycan İqtisad Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Bakı Biznes Universiteti, “Azərbaycan” Universiteti, Azərbaycan Turizm İnstitutu və s. bu kimi ali təhsil müəssisələri, habelə xaricdə təhsilin təşkili sahəsində fəaliyyət göstərən agentliklər tərəfindən təmsil olunmuşlar.

Hər il “Təhsil və Karyera” sərgisi öz iştirakçılarının coğrafiyasını genişləndirir.  Bu il də  Böyük Britaniya, Almaniya, Yunanıstan, Litva, Türkiyə, ABŞ, BƏƏ, İsveçrə, Çexiya və digər ölkələrin təhsil müəssisələri və təşkilatları sərgidə öz imkanlarını nümayiş etdirmişlər. Bu sərgidə 18 universitet ilə təmsil olunan Litva, 14 ali təhsil müəssisəsi ilə təmsil olunan Türkiyə, 7 universitet ilə təmsil olunan Böyük Britaniya, 4 ali təhsil müəssisəsi ilə təmsil olunan Kipr və s. öz geniş tərkibli təhsil heyətləri ilə iştirak etmişlər.

Sərgidə əsas diqqət yaşı 16-dan yuxarı olan ziyarətçilər üçün nəzərdə tutulmuş “ali təhsil” və “dil bacarıqlarının təkmilləşdirilməsi” sektorlarına yönəldilmişdir. Universitet proqramlarının müxtəlifliyi, bakalavr, magistr, MBA və PHD dərəcələrinə yiyələnmək imkanı, eləcə də “summer schools” adlanan yay məktəbləri və xarici dil kursları sərgi ekspozisiyasının əsasını təşkil edir. Bu il keçirilən sərginin isə fərqi “Karyera” sektoru olmuşdur. Belə ki, bu il “Karyera” sektorunun iştirakçıları Azərbaycan ərazisində fəaliyyət göstərən və öz şəbəkələrində işləyəcək ixtisaslı işçiləri sərgidə seçərək işə götürməyi planlaşdıran dünya şöhrətli otel və mehmanxanalardır. Müasir mehmanxana infrastrukturunu idarə etmək üçün gənc kadrlar tələb olunur. Bununla əlaqədar, “Təhsil və Karyera” sərgisi keyfiyyətli təhsil haqqında məlumat verməklə yanaşı, həm də  bütün işəgötürənlərə,  mehmanxana və turizm biznesi sahəsində çalışmaq üçün ərizə verən namizədlərə real köməklik göstərəcək. Beləliklə, sərgi müasir gənclərin məşğulluğu sahəsində mövcud olan problemlərin həllində yaxından iştirak edir.

Azərbaycan xaricdə təhsilə xüsusi əhəmiyyət verir və Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı buna dəlalət edir. Hazırda on min nəfərə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alır. Azərbaycanda təhsil alan əcnəbilərin sayı isə yeddi min nəfərdən çoxdur. Xaricdə dövlət hesabına təhsil alan tələbələr birinci dərəcəli kadr ehtiyatları siyahısına daxil edilir və öz ixtisaslarına uyğun dövlət işi ilə təmin olunurlar. Bununla əlaqədar, “Təhsil və Karyera” sərgisinin aktuallığı daha da artır. Belə ki, bu sərgidə maraqlanan hər bir kəs xarici ölkələrin aparıcı kollec və ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən görüşərək onu maraqlandıran sualları verə bilər bu və ya digər ali təhsil müəssisinə qəbul olmaq və orada təhsil almaq üçün müəyyənləşdirilmiş şərtlər haqqında dürüst məlumatlar əldə edə və ya hansı təhsil kursunda iştirak etmək üçün yer sifariş edə bilər. Bu baxımdan, sərgi unikal imkanlar yaradan görüş meydançasıdır. Sərgi həyatda öz yerini axtaran gənclərə təhsil istiqamətini səmərəli şəkildə seçərək karyeraya doğru ilk addım atmaqda kömək edir. Beləliklə, “Təhsil və Karyera” sərgisi Azərbaycanda yeni nəsil sahibkarların formalaşmasına kömək etməklə yanaşı, bütövlükdə ölkədəki təhsil səviyyəsinin yüksəlməsinə də təkan verir.

Z.Günel