«Vergilər Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlər vergi ödəyicilərinin işini əhəmiyyətli dərəcədə asanlaşdırıb»
«Bakinskiy raboçiy» qəzetinin vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərovla müsahibəsi:
- Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 20 illiyini qeyd edir. Bu dövr ərzində ölkəmizdə aparılan vergi islahatlarının nəticələri barədə nə deyə bilərsiniz?
- Azərbaycanda vergi islahatlarına 1991-ci ildən, ölkədə müstəqil Baş Vergi Müfəttişliyi yaradıldığı vaxtdan başlanıb. Lakin müstəqilliyin ilk illərində aparılan vergi islahatları gözlənilən nəticəni verməmişdi və təbii ki, verə də bilməzdi. Çünki bu islahatları aparanlar lazımi bilik və təcrübəyə malik olmadıqlarından onları sistemsiz şəkildə, iqtisadiyyatdakı vəziyyəti dərindən təhlil etmədən aparmağa cəhd göstərirdilər. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, vergi orqanlarının işinə də lazımi diqqət yetirilməyə başlandı. 1994-cü ildə iqtisadi məsələlərə həsr olunmuş müşavirələrin birində Heydər Əliyev demişdi: «Əgər biz müstəqil dövlətiksə, müstəqil şəkildə inkişaf etmək istəyiriksə, bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik». Həmin vaxtdan etibarən Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə vergi orqanlarının lazımi qanunvericilik bazasının və real təsirə malik strukturlarının yaradılmasına başlandı.
2000-ci ilin fevral ayının 11-də Vergilər Nazirliyi yaradıldı. Həmin il Azərbaycanda ilk dəfə Vergi Məcəlləsi qəbul edildi və 2001-ci ilin yanvarın 1-dən qüvvəyə mindi.
Bu işlər sonralar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildi. Məhz onun qayğısı və hərtərəfli dəstəyi nəticəsində ölkənin vergi sistemində köklü struktur islahatlarının aparılması mümkün oldu. Vergi orqanlarının maddi-texniki bazası möhkəmləndirildi, onların işində ən qabaqcıl texnologiyalar tətbiq olunmağa başladı. Avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) yaradıldı, vergi ödəyicilərinin “bir pəncərə” prinsipi əsasında qeydiyyata alınması və s. təmin edildi.
Dəqiq ölçülüb-biçilmiş, məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi siyasət, eləcə də vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində ölkə büdcəsinə vergi daxilolmaları 2000-2010-cu illərdə 8,4 dəfə artdı. Qeyri-neft sektorunda bu artım 7,9 dəfə təşkil etdi.
İlkin məlumatlara əsasən, cari ilin doqquz ayı ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 65,6 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 30 % çoxdur. Vergi daxilolmalarının 2 mlrd. 881,8 milyon manatı və ya 70,9 %-i özəl sektorun payına düşür. Özəl sektorda vergi yığımlarının miqdarı ötən illə müqayisədə 40,5 % artıb.
Neft sektorundan da büdcəyə daxilolmaların payı artmaqdadır. Bu sektordan dövlət büdcəsinə daxilolmaların məbləği 2 mlrd. 156,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 22,2 % çoxdur.
Müasir dövrdə vergi orqanlarının işinin xarakteri də dəyişməkdədir. Əgər əvvəllər vergi orqanlarının əməkdaşları daha çox bilavasitə vergilərin toplanması ilə məşğul idilərsə, indi daha çox ön plana vergilərin könüllü olaraq ödənilməsinin təmin olunması çıxır və indi əməkdaşlarımız daha çox analitik işlə, vergilərin könüllü qaydada ödənilməsinin səviyyəsinin yüksəldilməsi üçün şəraitin yaradılması və vergi ödəyicilərinə lazımi xidmətlərin və köməkliyin göstərilməsi ilə məşğuldurlar. Bütün bunlar isə vergi sahəsində işləyən kadrlar qarşısında yeni tələblər qoyur. Hazırda vergi orqanlarının hər üç əməkdaşından biri işə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanını verdikdən və nazirlikdə müsabiqədən keçdikdən sonra qəbul olunanlardan ibarətdir. Vergi orqanları əməkdaşlarının yaşı isə aşağıdakı kimidir: 30 yaşına qədər olan əməkdaşların sayı- 29,1%, 30-35 yaş arasında olan əməkdaşlar- 12,38%, 36-40 yaş arası 9,1%, 41-45 yaş arası- 11,86%, 46-50 yaş arası -11,63%, 50 yaşdan yuxarı - 22,87%.
Yuxarıda sadalanan amilləri nəzərə alaraq nazirliyin Tədris mərkəzində əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Yeri gəlmişkən, sentyabrın 13-də Şamaxı rayonunda Vergilər Nazirliyinin yeni, müasir tələblərə cavab verən Tədris Mərkəzinin açılışı olmuş və ölkə prezidenti cənab İlham Əliyev də bu tədbirdə iştirak etmişdir.
- Son vaxtlar tez-tez Vergilər Nazirliyinin müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar uğurları barədə eşidirik...
- Həqiqətən də, Vergilər Nazirliyi qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı dövlət başçısının tələblərinə uyğun tədbirlər görməyə çalışır və bu istiqamətdə müəyyən uğurlara da nail olub. Atılan ən ciddi addımlardan biri kimi, 2006-cı ildə Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin tətbiq edilməsini göstərmək olar. AVİS sənədlərin dövriyyəsinin və məlumatların işlənməsinin sürətini dəfələrlə artırmaqla yanaşı, daha çevik vergi nəzarəti formalaşdırmağa imkan verdi, elektron xidmətlərin tətbiqi, bəyannamələrin elektron qaydada təqdim edilməsi, elektron vergi hesab-fakturaların qəbulu, elektron sənəd dövriyyəsinin təşkili və s. üçün əlverişli zəmin yaratdı.
Bu son yeniliklərin ən əsas nəticəsi isə ondan ibarətdir ki, Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər vergi ödəyicilərinin işini əhəmiyyətli dərəcədə asanlaşdırmışdır. Vergi bəyannamələrinin elektron şəkildə təqdim edilməsi vergi ödəyicilərinə onların düzgün tərtib olunmasına nəzarət etmək, bəyannamələri elektron formatda saxlamaq, real vaxt rejimində fərdi vərəqələri nəzərdən keçirmək imkanı yaratmışdır. Artıq bəyannamə təqdim etmək üçün vergi orqanlarına getməyə ehtiyac yoxdur. Vergi ödəyiciləri bunu özləri üçün rahat olan istədikləri vaxtda, istənilən yerdə elektron üsülla çox asan bir tərzdə həyata keçirə bilərlər. Nazirlik 2010-cu ilin mart ayının 1-dən tətbiq edilən «Onlayn kargüzarlıq» sistemi əsasında vergi ödəyicilərinə vergi orqanları ilə yazışmaları İnternet vasitəsilə həyata keçirmək imkanı da yaratmışdır. Bunun üçün www.e-taxes.gov.az internet ünvanı vasitəsilə hər bir istifadəçinin şəxsi elektron qutusu yaradılmışdır ki, bu qutunun köməyilə vergi ödəyiciləri qısa vaxt ərzində vergi sisteminə aid olan informasiya xarakterli istənilən sənədi əldə edə bilərlər. Bu yeniliyin tətbiq edilməsi, şübhəsiz ki, münasibətlərdəki şəffaflığı artırır və vergi orqanları ilə əhali arasındakı dialoqa müsbət təsir göstərir. Şəffafllığın təmin olunmasında elektron hesab-fakturaların tətbiq edilməsinin də mühim əhəmiyyəti vardır. Bu da nəticədə hesab-fakturaların saxtalaşdırılması kimi xoşagəlməz halların aradan qaldırılmasına imkan yaratmışdır.
Cari ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti «Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərman imzalamışdır. Bununla əlaqədar Vergilər Nazirliyinin kollegiya iclasında elektron hökumətin tədbiqinin sürətləndirilməsi ilə bağlı müvafiq tədbirlər planı təsdiqlənmişdir. İyul ayının 1-dən etibarən fiziki şəxslərin İnternet vasitəsilə elektron formada qeydiyyatdan keçirilməsi prosesinə başlanmışdır. Ötən 3 ay ərzində bu xidmətdən təxminən 4500 nəfər faydalanmışdır. Hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı işlər tamamlanmaq üzrədir, eləcə də real vaxt rejimində vergi ödəyicilərinin vergiləri, rüsumları və digər ödənişləri elektron formada ödəyə bilməsi üçün şərait yaradılması prosesi yekunlaşmaqdadır. Bu günlərdə nazirlik yeni xidmət növü- İnternet vasitəsilə, əvvəlcədən müəyyənləşdirilmiş vaxtda nazirliyin rəhbər işçiləri tərəfindən vergi ödəyicilərinin onlayn şəkildə video qəbulu layihəsini başa çatdırmışdır. Qəbul prosesi avtomatik şəkildə yazılaraq, arxivləşdirilir.
- Yeri gəlmişkən, vətəndaşların Vergilər Nazirliyinə müraciətlərinə baxılması ilə bağlı işlər nə yerdədir?
- Bu ilin mart ayında nazirliyin bu məsələyə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. Həmin iclasda nazir bəyan etmişdir ki, vətəndaşların müraciətlərinə baxılması vergi orqanları üçün ölkənin büdcəsinə vergi daxilolmalarının təmin edilməsi qədər əhəmiyyətli bir məsələdir. Düşünürəm ki, bu yanaşma bütün suallara aydınlıq gətirir.
Cari ilin doqquz ayı ərzində ölkənin vergi orqanlarına vətəndaşlardan 38.743 müraciət daxil olub. Onların 97,37%-ni ərizələr, 2,56%-ni şikayətlər, 0,07 %-ni vergi orqanlarının işinin təkmilləşdirilməsinə yönəlmiş təkliflər təşkil edir. Ərizələrin 43,56%-i bu və ya digər arayışların əldə edilməsi ilə əlaqədardır. Xarakterik haldır ki, müraciətlərin 78,85%-i tam və ya qismən təmin edilib, yalnız 5,99%-i əsassız hesab olunub. Daxil olan şikayətlərin sayı azalmaqdadır.
Bu ilin ötən ayları ərzində ölkənin istənilən yerindən, o cümlədən mobil telefonlardan pulsuz zəng etmək imkanı verən «195» telefon məlumat xidmətinə 189.058 müraciət daxil olmuşdur. Nazirliyin www.taxes.gov.az saytına daxil olmaların sayı 2.131.524 təşkil etmişdir. Hal-hazırda ölkədə 387 min vergi ödəyicisinin qeydiyyatda olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, nazirlikdə vergi ödəyiciləri ilə kifayət qədər geniş qarşılıqlı əlaqə mövcuddur.
- Beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunmaq yerinə düşərdi. Nazirliyin digər dövlətlərin vergi qurumları ilə münasibətlərini necə xarakterizə edə bilərsiniz?
- İşimizin əsas prioritetlərindən biri Azərbaycanın vergi sisteminin dünya vergi sisteminə inteqrasiyası məsələsidir. Biz vergi qanunvericiliyimizin təkmilləşdirilməsi, informasiya mübadiləsi, vergi borclarının yığılması prosesində qarşılıqlı yardım göstərilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması məqsədilə digər ölkələrlə bərabərhüquqlu və qarşılıqlı fayda verə biləcək əməkdaşlıq yaratmağa çalışırıq.
Son illər ikiqat vergitutmanın qarşısının alınması üçün müvafiq ikitərəfli müqavilələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Hal-hazırda 41 ölkə ilə saziş və müqavilələr imzalanmışdır, daha 17 ölkə ilə imzalanacaq sənədlər üzərində işlər davam etdirilir. Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA), MDB ölkələrinin vergi xidməti rəhbərlərinin Koordinasiya şurasının, vergi tədqiqatları orqanlarının Koordinasiya şurasının fəal üzvüdür. Bakıda dəfələrlə bu təşkilatların xətti ilə beynəlxalq seminarlar, konfranslar və digər tədbirlər keçirilmişdir. Bu ilin iyun ayında Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (İTİC) illik Avrasiya seminarı təşkil olunmuşdur. Seminarda vergi siyasəti və vergi auditinin, investisiya siyasətinin müxtəlif aspektləri, səmərəli və şəffaf biznes şəraitinin yaradılması məsələləri və s. müzakirə olunmuşdur. Seminar iştirakçıları ölkəmizdə vergi sahəsində aparılan islahatları yüksək qiymətləndirmişlər.
Əməkdaşlarımız, həmçinin, xaricdə keçirilən analoji tədbirlərdə də fəal iştirak edirlər. Bu yaxınlarda Azərbaycan Vergilər Nazirliyinin nümayəndə heyəti 2002-ci ildən bəri üzvü olduğumuz İOTA təşkilatının 15-ci Baş Assambleyasının iclasında, eləcə də MDB ölkələrinin vergi xidməti rəhbərlərinin Koordinasiya şurasının 18-ci iclasında iştirak etmişdir. Qeyd edim ki, MDB ölkələrinin vergi xidməti rəhbərlərinin Koordinasiya şurasının növbəti iclası gələn ilin ortalarında Azərbaycan paytaxtında keçiriləcəkdir.
Belə tədbirlərin keçirilməsi vergi xidmətinin hərtərəfli inkişafına və Azərbaycanın təcrübəsinin bütün dünyaya təqdim olunmasına da müsbət təsir göstərir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa İttifaqı ilə əməkdaşlığımızı xüsusilə vurğulamaq istərdim. Bu yaxında biz Bakıda Avropa İttifaqı ilə birlikdə «Kompüter əsaslı audit sistemi sahəsində Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» layihəsinin təqdimatını keçirdik. Layihə üzərində işlər iki il ərzində davam edəcək, nəticədə iri və orta müəssisələrin tədricən elektron əsaslı auditə keçirilməsi təmin olunacaq.
Azərbaycanın Vergilər Nazirliyi artıq bir neçə ildir ki, Avropa qonşuluq siyasəti çərçivəsində qəbul edilmiş fəaliyyət planını uğurla həyata keçirməkdədir. Ölkəmizin vergi qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması üçün işlər davam etdirilir.
|