MƏQALƏLƏR

Vergilər Nazirliyində

  • 13.10.2011

Vergilər Nazirliyində "Müstəqil Azərbaycanın vergi sistemi" adlı tədbir keçirilib Fazil Məmmədov: Azərbaycanda vergi xidmətinin qanunvericilik bazası məhz Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə formalaşıb

Dünən Vergilər Nazirliyində  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycanın vergi sistemi" adlı geniş tədbir keçirilib. Tədbirdən öncə Vergilər Nazirliyinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Sonra nazirliyin inzibati binasının foyesində yenicə çapdan çıxmış "Müstəqil Azərbaycanın vergi sistemi" kitabının təqdimatı olub.

Müstəqil Azərbaycanın vergi sisteminin inkişafına həsr olunmuş filmin nümayişindən sonra çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi bir bayram olduğunu bildirib. O, ölkəmizin dövlət müstəqilliyinin çox mürəkkəb tarixi və siyasi şəraitdə bərpa edildiyini, yalnız xalqımızın təkidli tələbilə Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, 1993-cü ilin iyun ayından etibarən ölkədə formalaşmağa başlayan yeni siyasi kurs nəticəsində cəbhədə atəşkəsə nail olunduğunu, vətəndaş müharibəsi təhlükəsinin, separatçılıq meyillərinin qarşısının alındığını və dövlət quruculuğu sahəsində konkret addımların atıldığını bildirib. Azərbaycanda vergi xidmətinin qanunvericilik bazasının məhz Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə formalaşdığını vurğulayan nazir Vergi Məcəlləsinin hazırlanması prosesinin Ümummilli liderimizin birbaşa rəhbərliyi ilə aparıldığını, Məcəllənin layihəsinin dəfələrlə Heydər Əliyevin yanında keçirilən müşavirələrdə müzakirə olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ölkəmizdə yeni dövlət quruculuğu tarixinin son səkkiz ilinin  Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fədakar fəaliyyəti ilə bağlı olduğunu qeyd edən nazir bu illər ərzində vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, nazirliyin tətbiq etdiyi bir çox innovativ yeniliklər, müasir informasiya texnologiyalarına söykənən islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Gələcəkdə atılacaq addımlara gəlincə, F.Məmmədovun sözlərinə görə, Vergilər Nazirliyi gəlirlərə və əmlaka görə vergi münasibətlərində, həmçinin, ikiqat vergiqoymanın aradan qaldırılması üzrə dünyanın 17 ölkəsi ilə saziş imzalayacaq. Hazırda sazişlərin imzalanması üçün sənədlər hazırlanır.

Nazir deyib ki, ümumiyyətlə, nazirlik sözügedən sahələr üzrə dünyanın 41 ölkəsi ilə saziş imzalayıb. Vergilər Nazirliyinin əsas hədəfi Azərbaycandakı vergi sistemini dünyanın ən qabaqcıl vergi sistemlərinə inteqrasiya etməsinə nail olmaqdır.

F.Məmmədov onu da bildirib ki, bu ilin doqquz ayında 195 xidmətinə 189 mindən çox müraciət daxil olub: "Vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi sahəsində əhatə dairəsi operativliyi nöqteyi-nəzərindən 195 ən operativ xidmətlərdən biridir. Vergi sahəsində ilk dəfə bu xidmət postsovet ölkələri arasında Azərbaycanda təşkil olunub".

Nazir əlavə edib ki, 195 məlumat mərkəzinə 2005-ci ildə 122700 müraciət daxil olmuşdusa, bu rəqəm 2010-cu ildə 236 min, 2011-ci ilin 9 ayında isə 189 mindən çox təşkil edb. Belə artım onu göstərir ki, bu xidmət sahəsində vergi ödəyiciləri daha çox məlumatlandırılır və maarifləndirilir.

Müstəsna əhəmiyyət daşıyan layihələrdən biri də nazirliyin internet səhifəsinin yaradılmasıdır. F.Məmmədovun sözlərinə görə, əgər 2005-ci ildə sayta daxil olanların sayı 260 minə yaxın idisə, bu rəqəm cari ilin doqquz ayında 2,1 milyonu keçib.

Sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək, ölkəmizin son 20 ildə qazandığı nailiyyətlər, iqtisadi və sosial həyatın bütün sahələrində aparılan islahatlar barədə fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən millət vəkili, A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycanın müstəqilliyinin bərpası tarixi barədə iştirakçılara ətraflı məlumat verib, Ulu öndər Heydər Əliyevin və Onun siyasi varisi cənab Prezident İlham Əliyevin ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutması üçün həyata keçirdiyi işlərdən danışıb.