MƏQALƏLƏR

Qanunsuz idman və mərc oyunları keçirənlərə qarşı sərt cəza tədbirləri görüləcək

  • 13.10.2011

Qanunsuz idman və mərc oyunları keçirənlərə qarşı sərt cəza tədbirləri görüləcək

Son zamanlar qanunsuz mərc oyunları keçirənlərə qarşı dövlət  səviyyəsində həyata keçirilən tədbirlər sərtləşdirilir. Xüsusən Vergi­lər Nazirliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq həyata keçirilən operativ nəzarət reydləri zamanı qanunsuz fəaliyyət­lə bağlı faktlar aşkar edilir, qanunu pozanlar məsuliyyətə cəlb olunurlar.

Uzun müddət qeyri-leqal fəaliyyət sahəsinə çevrilmiş totalizator oyunlarına nəza­rət etmək üçün son vaxtlar bu oyunlar rəsmiləşdirilmiş, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edilmiş, vahid qaydalar təsdiq olunmuş, qanunla əldə edilən gəlirin 4,2%-nin ölkədə idmanın inkişafına yönəldilməsi qərara alın­mışdır. İnzibati Xətalar Məcəlləsinin 309-cu maddə­si yenidən işlənərək qumar oyununda iştiraka görə cərimənin məbləği artırılmış­dır. Bundan sonra qumar oyununda iştirak edənlər oyun ləvazimatı, onlara qoyulmuş pul vəsaitləri və digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək cərimə olunacaqlar. Halbuki, əvvəllər bu məbləğ 15-20 manat təşkil edirdi. Bu dəyişiklik qanunla müəyyən edilmiş qaydada keçirilən lotereya­lara və idman mərc oyunla­rına şamil olunmur. İnzibati Xətalar Məcəlləsinə edilmiş digər dəyişikliklərə əsasən, qanunsuz lotereya­ların və idman mərc oyunla­rının (stimul­laş­­dırıcı lote­reya­lar istis­na olmaq­la) hü­qu­qu olmayan şəxs tərəfin­dən təşki­linə görə təşkilatçı 1500 manatdan 2000 ma­na­tadək cə­rimə ödə­yə­cək. Bunula əlaqədar Cinayət Məcəlləsinə də əlavə və dəyişik­liklər edilib. Qanunsuz olaraq lotereya və idman mərc oyunla­rının keçiril­mə­sinə görə bu əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurulduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfin­dən törədildikdə, vurul­muş ziyanın üç misli miqdarın­da cərimə və ya bir ildən beş ilədək azad­lıqdan məhrum­etmə ilə cəzalandırılacaq.

Qumarxana üçün yer təşkil edən və həmin yeri saxlayanlar 2 ilədək müddə­tə islah işləri və ya üç ilədək azadlıqdan məhrum­etmə ilə cəzalandı­rılacaq. Eyni əməl­lər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs - mütəşəkkil dəstə tərəfindən törə­dil­dikdə 3 ildən 6 ilədək müd­dətə azadlıqdan məh­rum­­etmə ilə cəzalan­dırı­lacaq.

İdman mərc oyunlarını həyata keçirmək üçün hüquqi şəxsin akkredita­siyası necə həyata keçirilir?

Xatırladaq ki, cari ilin yanvar ayından «Topaz» brendi altında ölkədə ilk rəsmi bukmeyker oyunlarına start verilmişdir. İdman mərc oyun­larının keçirilməsi qaydaları isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında tənzimlənir. Qaydalar ölkədə idman mərc oyunlarının dövlət struktur­larında rəsmi qeydiyyatdan keçən hüquqi şəxs tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Totalizator oyununu Gənclər və İdman Nazirliyi tərəfindən 10 il müddətinə akkreditasiya olunan hüquqi şəxs həyata keçirə bilər. Yəni sənəd verən istənilən hüquqi şəxs qeydiyyata alınmır, akkreditasiya üçün müəyyən texniki tələblər irəli sürülür. Məsələn, idman mərc oyun­larını keçirmək üçün hüquqi şəxs, ilk növbədə, müvafiq texniki bazaya və maliyyə resurslarına malik olmalıdır. Akkreditasiya olunmaq üçün hüquqi şəxs və ya onun təsisçilərindən biri 3 il ərzində hər il orta hesabla ən azı 1 virtual və 1000 stasionar satıcı şəbəkəsi vasitəsilə idman mərc oyunlarının keçirilməsi üzrə təcrübəyə malik olmalı və an azı 500 milyon manat  həcmində risk idarəetməsini həyata keçirməlidir. Hüquqi şəxs idman mərc oyununu keçirmək üçün 3 ildən az təcrübəyə malik olduqda və ya bu oyunları həyata keçirmək üçün lazımi maliy­yə resurslarına malik olma­dıq­da hüquqi şəxsin qeydiyyata alınmasından imtina edilə bilər. Akkreditasiya üçün irəli sürülən digər tələb idman mərc oyunları­nın vahid mərkəzdən idarə olunması üçün mərkəzi mərc sisteminin və satıcı şəbəkəsinin qurulmasıdır. Mərkəzi Mərc Sistemi 1000 ədəd terminalla yanaşı, 1 ədəd virtual satıcıya xidmət göstərmək imkanına, eyni zamanda minimum 100.000.000 kuponu yad­daşın­da saxlamaq qabiliyyə­tinə və həftədə minimum 1.000.000 kuponu işləyə biləcək gücə malik olmalıdır. 

İdman mərc oyunlarının vergitutma bazası

Ölkədə bukmeyker fəaliy­­yətinin leqallaş­dırılması nəticədə vergitutma baza­sının genişlən­dirilməsinə və dövlət büd­cəsinə ödənişlərin artma­sına imkan yaradır. İdman mərc oyunlarından əldə edilən gəlirin vergitutma bazası «Vergi ödəyi­cisinin mənfəətini birbaşa müəy­yən etmək mümkün olma­dığı hallarda mən­fəətin hesab­lan­ması Qay­da­ları»na əsasən müəyyən edilir. Qeyd edək ki, idman mərc oyun­larının keçiril­mə­sindən əldə edilən gəlirin 6%-i vergi kimi tutulur.

 Arzu İBRAHİMOVA