MƏQALƏLƏR

E-qeydiyyat fiziki şəxslərin işini asanlaşdırıb

  • 13.10.2011

E-qeydiyyat fiziki şəxslərin işini asanlaşdırıb

Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli «Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanında qarşıya bir sıra vacib vəzifələr qoyulmuşdur.  Fərman:

· mərkəzi icra hakimiyyəti orqanlarının elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılmasını;

· elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsini;

· elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsini;

· göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsini nəzərdə tutur.

Vergilər Nazirliyi tərəfindən iyulun 1-dən fiziki şəxslərin elektron qeydiyyatına başlaması sözügedən fərmanın icrası ilə əlaqədar görülmüş mühüm işlərdəndir. Bu xidmətin tətbiqi ilə sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa onlayn rejimində qeydiyyata alınmasına başlanmışdır. Sistemin imkanlarından 18 yaşı tamam olmuş və şəxsiyyət vəsiqəsi almış Azərbaycan Respublikasının vətəndaşları istifadə edə bilərlər.

Əvvəllər fiziki şəxslər qeydiyyata dayanarkən  öncə VÖEN almaq üçün ərizə doldurmalı, daha sonra ərizəni vergi orqanına təqdim etməli  olurdular.  Məlumatlar yoxlanıldıqdan sonra ərizənin məlumat baza­sına işlənilməsi, şəhadətnamə hazırlanırdı. Bütün bu proses  2-3 günə yekunlaşırdı. Fiziki şəxslərin e-qeydiyyatı vasitəsilə isə fərdi sahibkar VÖEN almaq üçün vergi orqanının qapısını döymədən cəmi 2-3 dəqiqə ərzində öz biznesinə başlaya bilir. Bu proses sahibkarlıq fəaliyyətinə başlayanların işini asanlaş­dır­maqla yanaşı, ödəyi­cilər ilə vergi orqanı əməkdaş­larının birbaşa təmaslarını da məhdudlaşdırır.

İndi bu sistemdən istifadə edərək e-qeydiyyatdan keçən­lərin sayı gündən-günə artır. 3 ay ərzində 4711 fiziki şəxs e-qeydiyyatdan keçib. Elektron qeydiyyatdan keçən fiziki şəxslərin sayında müəyyən dinamika müşahidə olunmaqdadır. Maraq doğuran cəhətlərdən biri də ölkəmizin bölgə­lərində e-qeydiyyata mara­ğın artma­sıdır: ilk ayda e-qeydiyyatdan keçənlərin sayı paytaxtda daha artıq olduğu halda, sonrakı aylarda ərazi vergilər idarə­lərində elektron qeydiyyatdan keçən fiziki şəxslərin sayı kəskin şəkildə artmışdır.

Yeri gəlmişkən, ölkəmiz­də hüquqi şəxslərin də onlayn qeydiyyatına hazırlıq görülür: artıq bu sahədə digər ölkələrin təcrübələri təhlil olunur. Ölkə­mizdə hüquqi şəxslərin onlayn rejimdə qeydiyyatı elektron imzanın tətbiqinin baş­lan­ma­sı ilə mümkün olacaq.

 

 Aytən NƏBİYEVA