Yoxsulluğa doğru aparan 10 vərdiş haqqında
Pulun çoxluğunu heç də xoşbəxtlik anlayışı ilə eyniləşdirmək düzgün deyil. Lakin məhz var-dövlət insanlara özlərini dəyərli, hörmətli, nüfuzlu hiss etməyə, ən əsası isə onlara atdığı hər addımda azad hərəkət etməyə imkan verir. Gəlin bu mövzuya digər tərəfdən yanaşaq və yoxsulluğa doğru aparan vərdişləri araşdıraq.
- 1. Özünə qarşı təəssüf hissi ilə yanaşmaq
Yoxsulluğa köklənən insanlar özlərinə qarşı yazıqlıq hissi ilə yanaşırlar və belə hesab edirlər ki, var-dövlət sahibi olmaq onların bəxtlərinə yazılmayıb. Kimsə qadın olduğuna görə (çünki kişilərin pul qazanmaq imkanı daha çoxdur), kimsə bədən quruluşunun qənaətbəxş olmamasına görə (incə bədən quruluşuna malik insanlar daha yaxşı iş yerlərinə sahib olurlar), kimsə öz boyuna, milliyyətinə, dərisinin rənginə, əcdadlarının dininə görə, bəziləri ailə həyatı qurmadıqlarına görə, o biriləri boşanma ştampına görə heyfslənir. Cavanlar problemlərin mənbəyini təcrübəsizlikdə görür, yaşlılar isə - yaşlarının çox olmasında. Necə fikirləşirsiniz, əgər insan bütün günü hansısa fakta görə özünə yazığı gəlsə və fikrini onun üzərində cəmləşdirsə, onu əhatə edən insanlar necə reaksiya verəcəklər? Özünə qarşı yazıqlıq hissi – təkmilləşmənin qarşısını almaq və əbədi yoxsulluğu təmin etmək üçün gözəl vasitədir. Özünə qarşı yazıqlıq hissi - ən az maaşı olan işi axtarmaq üçün ən yaxşı metoddur.
- 2. Xəsislk
“Endirim” sözünün hər zaman mağazaların şüşəsində və etiketlərdə axtarılması, övladlarının yaxşı təhsil alması üçün pul verməmək (çünki sizə də heç kim kömək etməmişdi), firmanızın əməkdaşlarını aşağı əmək haqqı ilə çox işlətmək – bu yoxsulluğun mövcudluğunu sübut edən 2-ci əlamətdir. Total qənaətliliyə meyl etmək heç də müdriklik əlaməti deyil, əksinə, bu sizin gəlirlər və xərclərinizin arasındakı disbalansın yaranmasının indikatorudur və sizin bu problemi düzgün olmayan tərzdə həll etmənizin göstəricisidir. Var-dövlət əldə etməyə proqramlaşdırılmış insan əşyaları öz real qiyməti ilə alan və işçilərinin əməyini ürəkaçıqlıqla qiymətləndirən, başqalarından da bunu gözləyən insandır.
- 3. Xoşlamadığınız işlərlə məşğul olmaq
Kimsə qab yumağı xoşlamır, heç kim də ona kömək etmək istəmir. Kimsə rüblük hesabatı tərtib etmək istəmir, amma ondan başqa bu işi bacaran işçi yoxdur. Birinin auditor işləməkdən heç xoşu gəlmir, lakin yalnız bu yolla keçən yay əldə etdiyi maşının kreditini ödəyə bilir. Bu insanların hamısı uğursuzluqlara və yoxsulluğa hazırdır – buna səbəb xoşa gəlməyən işlərin yerinə yetirilməsindən yaranan hisslərdir. 3-cü vərdişdən azad olmağın yolu – “nə vacibdirsə onu etmək” yox, “maraqlı və zövq verən” işlərlə məşğul olmaqdır. Yalnız belə etdikdə siz ən yüksək nəticələri əldə edə bilərsiniz !
- 4. Uğurun pulla ölçülməsi
Yoxsul insan əmindir ki, yalnız lazım olan məbləğ ona sevinc hisslərini yaşada bilər. Məhz bank hesabındakı müəyyən miqdarda pul ona brend geyimləri almaq, səyahət etmək, gözəl villaya sahib olmaq, həyat yoldaşından asılı olmamaq və ya iş yerini tərk etməmək kimi xoşbəxt anları bəxş edə bilər. Amma təcrübə göstərir ki, xoşbəxtlik bundan sonra da gəlmir. Müvəffəq insan xoşbəxtliyi dollar, manat, avro-dan da dəyərli olan məfhumlarla ölçür. Məhz hansı məfhumlarla – bunu artıq hər kəs özü qərarlaşdırır.
- 5. Mümkün olandan daha çox pulun xərclənməsi
Kredit kartları və bankın gülərüz işçiləri sizin “borca düşməyinizə” asanlıqla kömək edə bilərlər. Çünki müvəffəq olmayan insan heç vaxt şəxsi binzesin təkmilləşməsi üçün əldə edilən xeyirli kreditlə dəbdəbəli villa və ya xarici avtomobil üçün götürülmüş məhvedici ssudanın arasındakı fərqi anlamaq arzusunda olmayacaq. Bu zaman çoxları “ayağını yorğanına görə uzat” misalını unudur.
- 6. Ani mənfəət seçimi
Hər şeyi birdən və maksimum əldə etmək – yoxsul insanların xüsusiyyətidir. Belə insanlar başa düşmürlər ki, sanballı şirkətdə orta əmək haqqı olan vəzifəyə qəbul olunduqda növbəti ay alacağı əmək haqqı üzərində diqqəti cəmləşdirməkdənsə, bir neçə il sonra daha çox şey əldə etmə perspektivlərini düşünmək daha yaxşıdır. Oxumaq arzusunda olmayan tələbələr isə həmişə universitetin onların vaxtlarını aldığını, itirilən vaxtı külli miqdarda mənfəətin əldə edilməsinə sərf edə biləcəklərinin mümkünlüyünü qeyd edirlər.
7.Narazılıq
Həyat ağırdır? Lap dəhşətdir? Sizi yalnız diskriminasiya, korrupsiya, kobudluq əhatə edir, ona görə də siz uğur qazana bilmirsiniz? Bunların hamısı ilə bütün potensial uğursuz insanlar razılaşır. Bu vərdişi yox etməyin yolu – kreativlikdir. Ətraf mühitdəki çətinliklərdən qalib kimi çıxmağı, yeni ideyalarla başqalarından fərqlənməyi bacarın!
- 8. Özünü digərləri ilə müqayisə etmək
Kimsə belə düşünür ki, o bütün sinif yoldaşlarından yaxşıdır, çünki 8-ci sinifi “əla” qiymətlərlə bitirən yeganə odur. Kimsə düşünür ki, o, bütün dostları arasında ən pisidir, çünki yay tətillərində ondan başqa hamı işləyir. Başqası isə kiminsə aldığı xarici markalı bahalı avtomobili görüb özünə nifrət edir. Bütün bu insanlarda uğursuz insanların 8-ci vərdişi – özünü digərləri ilə müqayisə etmək xüsusiyyəti vardır. Düşünün: bu vərdiş sizə lazımdır, yoxsa xarici mühitin sizin daxilinizi nəzarət altına almasına imkan verməmək daha yaxşıdır?
- 9. Var-dövlətin pulla ölçülməsi
Əsl varlı insanlar nəinki xoşbəxtlik və pul işarələri arasındakı əlaqəni (yoxsulluğun 4-cü vərdişindən qurtularaq) qırmışlar, həm də “bank hesabındakı məbləğ = var-dövlət” bərabərliyini bərabərsizliyə çevirmişlər. Əsl var-dövlət – pulları cəlb etmək, boş yerdə pul əmələ gətirmək, yeni növ biznes yatarmaq bacarığıdır, o zaman sizdə nə vergilər, nə oğurluqlar, nə də kredit kartlarınızın oğurlanmış nömrələri narahatlıq hissi yaratmayacaq. Əsl müvəffəq insan öz pul kisəsinin həcmindən asılı deyil.
- 10. Öz-özünü ailədən təcridetmə
Dahi uğursuz insanlar ailə üzvlərinin çətin anlarda borc verməkdən imtina etmək, dəstəkləməmək, anlamamaq və s. kimi addımlarını misal göstərərək ailələrindən uzaqlaşırlar. Onlar anlamırlar ki, ailə - həyatın başqa sahələrində problemlər olduqda daxili dəstəyin əsas mənbəyidir. Yalnız doğmaların sevgisi heç bir ümid qalmadıqda ayaqüstə durmağa kömək edə bilər.
Beləliklə, bu kiçik yazıda yoxsulluğa doğru aparan vərdişləri araşdırmağa çalışdıq. Nəzərə alsaq ki, hər bir insana fərdi yanaşmaq lazımdır, o zaman deyə bilərik ki, çox şey insanın özündən asılıdır. Lakin bu məsləhətləri də unutmayın, onlar sizə irəliyə doğru addımlamaqda və uğur qazanmaqda köməkçi ola bilər.
Könül Əzizova
|