Sahibkarlıq: Lisenziyalar
Sahibkarlıq: Lisenziyalar
Elə sahibkarlıq növləri vardır ki, həmin sahələrdə işləmək üçün xüsusi razılıq almaq tələb olunur. Əgər xüsusi razılıq (lisenziya) yoxdursa, həmin fəaliyyət qanunsuzdur, belə hallar üçün qanunvericilikdə cərimələr və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır. Əvvəllər ölkədə 240-dan çox fəaliyyət növünə lisenziya alınması tələb olunurdu. Lisenziya qısa müddətə (2 ilə) verilirdi. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi icazə əsasında fəaliyyəti və lisenziyanın qısa muddətə verilməsi, faktiki olaraq, sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir etmiş, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıların huquqlarının qorunması sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngələ çevrilmişdir. Lakin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanından sonra lisenziyalaşdırma sistemi xeyli təkmilləşdirildi. Fərmanda lisenziya alınması məcburi olan 57 fəaliyyət növü öz əksini tapdı. Həmçinin “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ı və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təsdiq edildi.
Lisenziya nə deməkdir?
Lisenziya təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir. Lisenziya hər bir fəaliyyət növu üçün ayrıca verilir. Ərizəçinin fəaliyyəti çoxprofilli olduqda, o bir neçə lisenziyaya malik ola bilər. Ərizəçi yalnız lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məsğul ola bilər. Lisenziyanın sahibi ona verilən lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Verilmiş lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən basqa şəxslərə şamil edilmir.
Lisenziya kim tərəfindən verilir?
Fəaliyyətin növündən asılı olaraq lisenziya müvafiq dövlət orqanı tərəfindən verilir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi tütün məmulatlarının istehsalı və idxalı üçün, Nəqliyyat Nazirliyi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, Səhiyyə Nazirliyi əczcaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün, turizm fəaliyyəti üçün isə lisenziya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilir və s.
Lisenziya üçün ödənilən dövlət rüsumu
Lisenziyanın alınmasına görə dövlət büdcəsinə qanunvericiliklə müəyyən olunmuş məbləğdə rüsum ödənilir. Fəaliyyət növündən asılı olaraq dövlət rüsumunun məbləği 110 manatdan 22 000 manatadək ola bilər. Ən aşağı dövlət rüsumu avtomobil nəqliyyatı ilə şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşınması üçün lisenziyanın alınmasına görədir. Bu fəaliyyət növü üçün rüsumun məbləği 110 manatdır. Lisenziya üçün ən yüksək dövlət rüsumu isə sığorta fəaliyyəti və banklar üçün nəzərdə tutulub (22000 manat). Qeyd edək ki, Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilati-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenziyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.
Lisenziya hansı müddətə verilir?
Lisenziya 5 il müddətinə verilir. Lakin alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı üçün lisenziya müddəti 3 il, idxalı üçün isə 1 il təşkil edir.
Lisenziya almaq üçün hansı sənədlər tələb olunur?
Lisenziya almaq ucun ərizəçi (lisenziya alan) lisenziya verən dövlət orqanına aşağıdakıları təqdim edir:
1.Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
-hüquqi şəxslər üçün-adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
-fiziki şəxslər üçün-adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
3. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
4. ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
6. fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.
Ərizəyə baxmaq üçün müddət müəyyən olunubmu?
Lisenziya almaq üçün təqdim edilən sənədlər lisenziya verən dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas fəaliyyət növündən və icazənin xarakterindən asılı olaraq qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.
Lisenziyanın verilməsindən hansı hallarda imtina edilir?
Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina edilə bilər. İmtinanın əsaslarından biri də təqdim olunmuş sənədlərdə çatışmazlıqların aşkar edilməsi və həmin çatışmazlıqların ərizəçi tərəfindən aradan qaldırılmaması ola bilər. Lisenziyanın verilməsindən imtina üçün qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Lisenziyanın qüvvədəolma müddəti necə uzadılır?
Lisenziyanın qüvvədə olma müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiq edən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, lisenziyanın uzadılması üçün dövlət rüsumu eyni məbləğdə yenidən ödənilməlidir.
Lisenziyanın fəaliyyəti dayandırıla və ya ləğv edilə bilərmi?
Ümumi olaraq, lisenziyanın dayandırılması və ya ləğv edilməsi lisenziya sahibinin öz arzusu əsasında və ya məcburi qaydada lisenziya sahibi qanunvericiliyin tələblərini pozduğu halda baş verir. Qanunvericiliyə əsasən, lisenziyanın ləğvinin digər əsaslarına məhkəmənin qərarı, hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxsin vəfat etməsi və s. daxil ola bilər.
Lisenziyasız məşğul olduqda hansı cəza növləri tətbiq edilir?
Sahibkarlıq fəaliyyəti ilə lisenziyasız məşğul olmaq inzibati və ya cinayət məsuliyyəti ilə nəticələnir. Belə ki, inzibati məsuliyyət 10 manatdan 160 manatadək olduğu halda, cinayət məsuliyyəti vurulan ziyanın dərəcəsindən asılı olaraq 1 000 manatdan 5 000 manatadək cərimənin ödənilməsi və ya 3 ilədək azadlığın məhdudlaşdırılması, həmçinin 5 ilədək azadlıqdan məhrum edilməsi formasında ola bilər.
Lisenziya elektron qaydada veriləcək
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən bildirilmişdir ki, yaxın zamanlarda elektron formada lisenziya və sertifikatların verilməsinə başlanılacaq.