AND YERİMİZ QÜRUR MƏNBƏYİMİZ
Cavad xan şəxsiyyəti Azərbaycan xalqının qeyrət, namus və qəhrəmanlıq rəmzidir. 200 ildən artıq bir müddətdir ki, bu ad vətənpərvərlik və sücaət simvolu olaraq nəsillərin yaddasında yaşayır. Bizlər - Cavad xanın nəvə və nəticələri üçün onun adı and yeri, fəxr və qürur mənbəyidir.
1804-cü ilin soyuq yanvarında, ayın 3-dən 4-ə keçən gecə öldürülən Cavad xan yanvarın 5-də torpağa tapşırılanda Mirzə Bəyim öz sevimli həyat yoldaşının qəbri üstündə nitq söyləylib sədaqət andı içmişdir. M.F.Axundov adına Milli Kitabxanada bu çıxışın mıkrofilmi saxlanılır. İrandan Azərbaycana gətirilən həmin mikrofilmin məzmununa toxunmazdan öncə bir neçə kəlmə Cavad xanın şəxsiyyəti barədə. Cavad xan riskə getməyi bacarırdı və bu keyfiyyəti şəxsiyyətinin bütövlüyündə görürdü. O, idealsız və iradəsiz olaraq hər hansı mühitə uyğunlaşan fərdi şəxsiyyət saymamış, özünü də heç kəslə müqayisə etməmişdir. Gəncə xanı özünü heç kəsdən nə artıq, nə də əskik tutmamış, nə də başqa birinə bərabər saymışdır. O, bircə şeyi bilirdi: insan təbiətən mürəkkəb və əvəzedilməzdir, ona zəiflik yaraşmır. Zəif adam mübarizə apara bilməz. Həqiqəti heç nəyə qurban vermək olmaz, bunu görməmək mənəvi korluqdur. Həqiqət kiçik də olsa, əzəmətlidir. Həqiqətdə məsumluq deyil, məsuliyyət güclüdür. Bu baxımdan Cavad xanın qətli həqiqətdir, gerçəkliyin tarix tərəfindən təsdiqidir. Lakin bu gerçəkliyin məzmunundakı həqiqət, general Sisyanov tərəfindən Cavad xanın təntənəli dəfni siyasi hiyləgərlikdir. Çünki Cavad xanın ölümü Sisyanovu qorxutmuşdu. Bu cinayətin altından çıxmaq, qəzəblənmiş gəncləri ələ almaq lazım idi. Lakin o, bu barədə çox fikirləşmədi. Rus sərkərdəsi Kutuzovun Napoleona münasibətini xatırladı. Fransızlar Rusiyaya hücum edəndə rus qoşunları geri çəkilib Borodinoda dayanıb düşmənin yolunu gözləyirdi. Bir dəfə feldmarşal əsgərlərinin yanından keçəndə onlardan biri özünü şirin salsın deyə Napoleonun ünvanına təhqiramiz sözlər işlətmiş və bunu eşidən rus sərkərdəsi əsgəri yanına çağırıb demişdir: “Cavan oğlan sənə kim icazə verib ki, böyük sərkərdəni söyəsən, iki sutka qubbaxt, icra etməyə tələs!...” V.İ.Kutuzovun bu əhvalatını yadına salan Sisyanov çıxış yolu tapdığına sevindi və bölmə komandirlərinə tapşırıq verdi ki, Gəncə xanını dəfn etmək üçün hazırlaşsınlar... Xanın tabutu top lafedinə qoyuldu, böyük hərbi nəzakət və intizamla aparılıb son mənzilə çatdırıldı. Meyit məzara endiriləndə qara lent bağlanmış rus bayraqları aşağı endirilmiş, ehtiram əlaməti olaraq müşketlərdən atəş açılmışdır. Mərhum xanın arvadı, Bəyimxanım (Mələk-Nisə bəyim) matəmdə iştirak edən müsəlmanlara minnətdarlığını bildirmiş və nitq söyləmişdir. O, demişdir ki, bir qadın kimi iztirablarını, ürək ağrılarını qeyrətli Gəncə camaatı ilə bölüşməyi özünə borc bilir. Bəyimxanım çadrasız və üzüaçıq danışmaq üçün qabaqcadan Axund cənablarından icazə almış, şəhərin ağbirçək və ağsaqqallarından dönə-dönə üzr istəmişdir. Yerlərdən «danış, danış səsinə qurban, danış. Qəhrəman ərini, igid oğlunu itirən, Bəyim danış….», - deyə kütlənin razılığı eşidilmiş və o, sözə başlamazdan əvvəl həm də xahiş etmişdir ki, heç kəs ağlamasın. Vətən uğrunda ölənlər cənnətiməkandır. Cavad da doğma torpağını, Gəncəni qoruyarkən şəhid olmuşdur. Bəyimxanım səsinin tutulduğunu, qəhərdən boğulduğunu hiss edib danışığına ara verdi. Sonra o, Zeynəbin əlindən yapışıb balaca bir daşın üstünə qalxdı, üzünü xanın tabuta qoyulmuş meyidinə tutub dedi: Ey başımın tacidarı, qəhrəmanım, sərvərim, Cavadım! Ölümünlə ağzımda dilimi yandırdın. Kaş sənin müsibətini görməyəydim, dilim dönməyəydi kəlmeyi-şəhadətimi deməyə. Bu faciənlə gözümün işığını əlimdən aldın. Ya rəbbim! Qəhrəman Cavadımdan sonra, ölümünü məndən əsirgəmə… sənə deyəndə ki, daşı ətəyindən tök, başqa xanlar kimi get urusla dil tap razı olmayıb dedin ki, hansı xalq etiraz etmirsə, yalnız o xalqı əsarət altına alırlar. Huriyyəti mübarizə ilə, qılıncla, topla, tüfənglə alırlar. Buna görə də meydana atıldın. Allah səni behiştlik etsin!... Bu sözlər Cavad xanın şəxsiyyətini onun mübarizliyini anlamaq baxımından çox qiymətlidir. Nitqin dili qəliz olduğuna görə onu tam şəkildə verməyə ehtiyac duymuruq. Lakin onu deyə bilərik ki, Mələk-Nisə Bəyimin tarixin arxiv taxçalarına atdığı bu nitq əslində onun andı, gələcək nəsillərə nəsihətidir. Bu sanki uluların – Burla xatının, Səlcan xatının, Nigar xanımın, Sara xanımın, Məhsəti xanımın nəvə-nəticələrinə nəsihətidir. M.S. Ordubadi yazır ki, Bəyimxanımın nitqini o, rus mənbələrindən deyil, fars dilində olan bir məcmuədən götürüb Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan qadınının xarakterini, təmkin və qeyrətini göstərən, müasir dövrə qədər gəlib çıxan bu nitq Kərbəlayi Məhəmməd Hacı Ağazadə qələmə almışdır. Bir tarixi sənəd kimi bu nitqin məzmunundan da aydın olur ki, xanın dəfnində ruslar iştirak etmişlər. Bundan başqa «Müxtəsər Qafqaz tarixi»ndə Cavad xanın tabutunu məzara endirmək üçün top lafedində aparıldığı yazılmışdır. «Vətən və Huriyyət» kitabında isə Cavab xanın «Ey qan içən urus generalı! Bil və agah ol ki, Gəncə xanlığı düşmənə əl uzadıb onunla sülh bağlamağa razı olmağı özünə həqarət bilir. Bu niyyət o zaman baş tutar ki, bu qanlı döyüşdə mənim cəsədimin üstündən adlayıb keçəsən» sözləri də saxlanılır. İlk dəfə Qızıl Qaya döyüşündə məğlub olan Sisyanovun sülh bağlamaq, vaxt qazanmaqdan başqa çarəsi yox idi. Gəncə xanına buna görə məktub yazıb sülh istəmişdir. Cavad xan da generalın hiyləsini başa düşdüyü üçün ona qəti və sərt cavab göndərmişdir.
Belə mərd, qorxmaz və cəsur kişinin də aslan ürəkli həyat yoldaşı olmalıdır. Mələk-Nisə bəyim kimi. Tarixdə çox müharibələr, çox döyüşlər olub. Azərbaycan tarixi də belə səhnələrlə doludur. Lakin döyüşdə həlak olan ərinin məzarı üstə düşmənlə üz-üzə məğrur dayanıb, göz yaşı belə tökmədən alovlu nitq söyləyən, xalqını istiqlal mücadiləsinə səsləyən az qadın tapılar. Yerin behişt olsun, qəbrin nurla dolsun ulu nənəmiz!
Zülfü İLYASOV,
bölgə müxbiri
|