Musiqi dinləyən və televizora baxan inəklər çox süd verir
Nənələrimizin çoxdan bildiklərini indi rus alimləri kəşf sayırlar.
Rusiyanın paytaxtı Moskvanın kənarındakı əyalətlərdən birində yerləşən südçülük fermasında elm adamları maraqlı nəticələr əldə ediblər. Daha əvvəl musiqi dinləyərək inəklərin süd verimini artıran elm adamları, indi də inəklərə televizor seyr etdirir. Fermada 10 inək üçün plazma televizorlar yerləşdirilib və onların dağ-çəmənlik mənzərələrini izləmələri təmin edilib. 10 inək isə televizorsuz bir mühitdə saxlanılıb. Nəticədə elm adamlarına məlum olub ki, televiziya seyr edən inəklər seyr etməyənlərə nisbətən təqribən 3 litr daha çox süd verir.
Əziz oxucular, mən bu xəbəri oxuyandan sonra görün nə yadıma düşdü: Kənddə yaşayanlar, analarının, nənələrinin inək sağdığını görənlər yaxşı bilirlər ki, onlar inək sağan zaman zümzümə edir, hətta heyvanı sığallayırlar. Rus alimlər özlərini çox öyməsinlər ki, onların bu gün kəşf saydığını nənələrimiz çoxdan kəşf ediblər.
Seymur Yunusov