MƏQALƏLƏR

İşəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır.

  • 27.01.2011

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun tələbləri barədə iş adamları məlumatlandırılıb.

Bildirilib ki, hər il dünyada 2,3 milyon insan istehsalatda bədbəxt hadisələr nəticəsində dünyasını dəyişir. Azərbaycanda isə 2009-cu ildə istehsalatda 250 bədbəxt hadisə baş verib, 69 nəfər dünyasını dəyişib, 218 nəfər əmək xəsarəti alıb. Qanunla iş prosesində işçi əlini belə yaralayarsa, Əmək Müfəttişliyinə məlumat verilməlidir. Əks halda müəssisəyə 2 min manat cərimə tətbiq olunmalıdır. Əgər işçi bir gündən artıq əmək qabiliyyətini itirirsə tədqiqat aparılmalıdır və dəymiş zərər müəssisə tərəfindən işçiyə ödənilməlidir. Qeyd edilib ki, tətbiq olunacaq cərimələr hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və xarici dövlətin hüquqi şəxs qismində yaradılan bütün müəssisələrinə şamil ediləcək.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun qüvvəyə minməsi müəssisəni bu xərclərdən azad edəcək və xərcləri sığorta şirkəti ödəyəcək. Ödəniləcək məbləğ də zərərin dərəcəsindən asılı olacaq. İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır. Hazırda Azərbaycanda bu sığorta növünü “Atəşgah Həyat” və “Qala Həyat” sığorta şirkətləri tətbiq edir.

Qeyd edək ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” qanunu bu ilin iyul ayının 3-də qüvvəyə minib.

Seymur Yunusov