MƏQALƏLƏR

Səbzəli Cavadov. Tibb elmləri doktoru, professor, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, Amerika Birləşmiş Ştatları Puerto-Riko Universitetinin professoru.

  • 27.01.2011

Səbzəli Cavadov. Tibb elmləri doktoru, professor, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, Amerika Birləşmiş Ştatları Puerto-Riko Universitetinin professoru. Professor Cavadov 1983-cü ildə Moskvada Rusiya Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 1986-cı ildə Rusiya Kardioloji Elmi Mərkəzində namizədlik, 1992-ci ildə Moskva Dövlət Universitetində doktorluq elmi dərəcəsi almışdır. 1993-2003-cü illərdə o, Azərbaycan Respublikası Prezidentn yanında Ali Attestasiya Komissiyasının (AAK) sədr müavini işləmişdir. Cavadov paralel olaraq Azərbaycan Tibb Universitetinin professoru kimi həm respublikada, həm də xarici ölkələrin - Almaniya, Fransa, Macarıstan, Kanada və İngiltərənin tanınmış universitetlərində elmi ezamiyyətdə olmuş və bu ölkələrin alimləri ilə müştərək elmi işlər aparmışdır. 1997-2001-ci illərdə ardıcıl olaraq S. Cavadov dörd dəfə Böyük Britaniya Kral cəmiyyətinin elmi qrantına layiq görülmüş və bu ölkənin Oksford və Bristol Universitetlərində işləmişdir. O, eksperimental kardiologiya, o cümlədən, ürək çatışmazlığının molekulyar və hüceyrə mexanizmlərinin öyrənilməsi sahəsində tanınmış alimdir. S. Cavadov 100-dən çox elmi məqalələrin, bir sıra  beynəlxalq və Amerika Birləşmiş Ştatları elmi cəmiyyətlərinin üzvüdür.

Professor hazırda  həm ABŞ, həm də Böyük Britaniya və Kanada alimləri ilə müştərək elmi tədqiqatlarını davam etdirir. Müxbirimiz Yeganə Məmmədova bu günlərdə Azərbaycanda qısamüddətli səfərdə olan həmyerlimizlə görüşmüş və ondan müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

-   Səbzəli müəllim, xoş gəlmisiniz vətənə. Son illər İngiltərə, Kanada və ABŞ universitetlərində çalışırsınız. Azərbaycanlı alimlərin xarici ölkələrin aparıcı universitetlərində işləmələrinə və ümumiyyətlə, “beyin axıntısı” probleminə münsaibətiniz necədir?

-   Təşəkkür edirəm! Bəli, mən 2003-cü ildən İngiltərənin Bristol və Kanadanın Qərbi Ontario universitetlərində çalışmışam və 2009-cu ildən ABŞ-da Puerto-Riko Universitetinin professoru vəzifəsində çalışıram. Azərbaycanlı alimlərin dünyanın müxtəlif aparıcı elm və təhsil mərkəzlərində universitetlərdə işləməsi çox müsbət və fərəhləndirici haldır. Avropa və Amerika universitetlərində dəqiq elmlər, təbiət elmləri, humanitar və ictimai elmlər sahəsində bir çox Azərbaycan alimləri çalışır. Bunu mən heç də “beyin axıntısı” kimi qiymətləndirmək istəməzdim. Azərbaycanlı alimlər birmənalı olaraq Azərbaycanın xaricdə nümayəndəsi və elçisi sayılırlar və ölkəmizi layiqincə təmsil edirlər. Hesab edirəm ki, mövcud vəziyyətdə azərbaycanlı alimlərin respublikadan kənarda işləməsi ölkəmiz üçün daha önəmli ve əhəmiyyətli sayila bilər. İqtisadi böhrana baxmayaraq, ABŞ-da elmə hazırda 500 mlrd. dollardan artıq vəsait ayrılır. Dünyanın ən yüksək təhsil verən 100 aparıcı universitetlərinin 50 %-dən çoxu ABŞ-da yerləşir. Bu universitetlərdə çalışan, eləcə də tələbə kimi təhsil alan azərbaycanlıların sayı ildən-ilə çoxalır. Əlbəttə, yaxşı olardı ki, xarici ölkələrdə çalışan və təhsil alan azərbaycanlıların elmi və akademik potensialından Azərbaycanda maksimum dərəcədə istifadə edilsin. Təəssüflər olsun ki, bu sahədə respublikamızdakı vəziyyət heç də ürəkaçan deyil. Avropa ve Amerika universitetlərində təhsil almış məzunlardan və bu universitetlərdə çalışan professor və müəllimlərdən respublikamızda elm və təhsilin inkişafı və dünya dövlətləri səviyyəsinə inteqrasiya etməsi uçun geniş istifadə olunmalıdır.

-   Yeri gəlmişkən, Siz 1993-2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasinin (AAK) sədr müavini vəzifəsində işləmisiniz. Elm və təhsil işçilərinin attestasiyasına rəhbərlik etmiş şəxs kimi Azərbaycanda elmin inkişafında hansı islahatların aparılmasını istərdiniz?

- Bu çox mürəkkəb məsələ olsa da, çalışacağam ki, heç olmazsa əsas məqamları və fikirlərimi yığcam şəkildə bildirim. Respublikamızda elmi-tədqiqat işlərinin təşkilində və nizamlanmasında böyük problemlər var və sözsüz ki,  bu sahədə dövlət tərəfindən planlaşdırılmış radikal islahatlara  böyük ehtiyac duyulur. Hesab edirəm ki, Azərbaycanda, ilk növbədə ölkəmizin milli və dövlət mənafeyinə lazım olan elm sahələrinin inkişaf etdirilməsi ön plana çəkilməli və bu sahələrə məqsədyönlü dövlət nəzarəti lazımdır. Misal üçün, neftin ve neft texnologiyalarının öyrənilməsi, ekologiya, informasiya, regional xəstəliklərin öyrənilməsi və digər sahələri göstərmək olar. Hər bir ölkənin elmi potensialı heç də elmlər namizədlərinin və doktorların sayı ilə ölçülmür. Çünki elmdə kəmiyyət heç vaxt keyfiyyətə çevrilmir, başqa sözlə, bilik və savad riyazi toplantıya məruz qalmır. Elmdə tərəqqi alimlərin dünyanın yüksək təsir faktoruna (ingliscə: impact factor) malik elmi jurnallarda çap olunan məqalələrin sayı ilə ölçülür. AAK-da işlədiyim müddətdə apardığımiz tədqiqatlar göstərirdi ki, respublikamızda fəaliyyət göstərən bir çox institutlar və universitetlər tərəfindən təsir faktoru 2-3-dən çox olan jurnallarda bir dənə də olsun məqalə çap olunmur. Belə elm və təhsil ocaqlarını “institut” və ya “universitet” adlandırmaq düzgün deyil. Neçə illərdir aparılan səylərə baxmayaraq, Elmlər Akademiyasının statusu bəlli deyil və bu qurumun daha geniş islahatlara ehtiyacı var. Akademiyanın, universitetlərin və sahə elmi-tədqiqat institutlarının elmi fəaliyyətində vahid qrant sisteminin tətbiq olunması zəruridir. Bu baxımdan, dövlət və müstəqil təşkilatların və şirkətlərin qrant təşkilatlarının (cəmiyyətlərinin) təşkil olunması, qrantların elmi rəqabət şəklində verilməsinin dövlət tərəfindən tənzim olunması ən vacib məsələlərdən biridir. Azərbaycan alimləri beynəlxalq qrant insitutlarının müsabiqələrində lazımi dərəcədə iştirak etmirlər. Bəlkə də model olaraq ilk mərhələdə qrantla işləyən kiçik eksperimental laboratoriyaların təşkil olunması daha məqsədəuyğundur. Xarici ölkələrlə müştərək elmi laboratoriyaların yaranması, elmi işçilərin və doktorantların mübadiləsi ölkədə elmin inkişafına təkan verə bilər. Təəssüflə qeyd etməliyəm ki, alimlik öz yüksək statusunu itirmiş, müxtəlif elmi və elmi-pedaqoji rütbələr, adlar həqiqi elmi potensialdan çox-çox kənarda qalmışdır. Hesab edirəm ki, bilavasitə tam ştatla elmlə məşğul olan alimlər yüksək imtiyazlara malik olmalıdır. Elmi dərəcələrə (elmlər namizədi və elmlər doktoru) görə dövlət tərəfindən nəzərdə tutulmuş imtiyazlar yalnız bilavasitə elmlə məşğul olan insanlara şamil edilməlidir. Yüksək dərəcəli elmi kadrların-doktorantların (keçmiş aspirantların) hazırlanması yalnız əyani təhsil (doktorantura) yolu ile həyata keçirilməli və qiyabi doktorantura, dissertantlıq yolu ilə elmi dərəcə almaq praktikası ləğv olunmalıdır. Bununla da, elmdən uzaq olan iş adamlarının, məmurların və digər bilavasitə elmlə məşğul olmayan adamların elmi dərəcə almasına və ”alimliyinə” son qoymaq olar.

-   Təhsil sahəsində yığılmış problemlərin həlli ilə bağlı nə deyə bilərdiniz?

-   Təhsil hər bir ölkənin sosial və iqtisadi inkişafının əsasını təşkil edir. Son illər bu sahədə müəyyən işlərin görülməsinə baxmayaraq, ibtidai, orta və ali təhsilin bugünkü vəziyyəti o qədər də ürəkaçan deyil. Dövlət büdcəsindən böyük miqdarda pul ayrılmasına baxmayaraq, ölkəmizdəki təhsilin səviyyəsi beynəlxalq standartlar baxımından aşağıdır. Ali məktəblərin təşkilində və fəaliyyətində kəmiyyətdən keyfiyyətə keçmək daha yaxşı olardı. Belə ki, bu gün Azərbaycanda fəaliyyət göstərən 50-dən çox ali təhsil məktəblərinin (universitet və akademiyaların) olmasına heç bir ehtiyac yoxdur. Dünyada hər bir milyon əhalinin sayına düşən ali məktəblərin sayına görə bizim respublikamız birincilərdəndir. Məsələn, İngiltərədə 70 milyonluq əhaliyə cəmi 30-a yaxın universitet var. Dünyanın 500 tanınmış universitetləri siyahısında Azərbaycanın bir dənə de olsun universiteti yoxdur. Universitetlərin birləşdirilməsi və oxşar ixtisasların və fakültələrin ixtisar olunması labüddür. Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda ali təhsil ocaqlarının və burada hazırlanan gələcək mütəxəssislərin sayının 4-5 dəfə azaldılması respublikanın iqtisadiyyatına, təhsilinə və elminə heç bir təsir göstərməz. Bununla yanaşı, gənclərin orta təhsilli ixtisas-peşə məktəblərinə ve kolleclərə yönəldilməsi daha mühüm və əhəmiyyətli ola bilər. Bu baxımdan gələcək orta və yüksək ixtisaslı mütəxəssislərin bilavasitə dəqiq sosial sifariş əsasında hazırlanması prinsipinə keçmək lazımdır. Birbaşa müəssisə-ali məktəb qarşılıqlı əlaqələri inkişaf etdirilməli, gələcək məzunlar ali (orta ixtisas) məktəblərindən müvafiq müəssisələrlə (təşkilatlarla) bağlanmış müqavilə əsasında işə ötürülməlidir. Bunu bugünkü real vəziyyət tələb edir. Elə sahələr də vardır ki, kadr hazırlığı orta təhsil deyil, ali təhsil məktəblərində keçirilməlidir. Misal üçün, tibb bacısı bütün Avropa və Amerikada ali məktəblərdə hazırlanır. Əlbəttə, Azərbaycanda bu kadrların Tibb universitetində hazırlanması məqsədəuyğundur. Təhsillə bağlı universitet və akademiyaların fəaliyyətinin qiymətləndirilməsində (sertifikasiya almasında) bu ali məktəblərdə elmin nə dərəcədə inkişaf etməsi əsas göstərici və meyar kimi ön plana çəkilməlidir. Təəssüf ki, belə yanaşma ölkəmizdə hələ də inkişaf etdirilməmişdir.

-   Səbzəli müəllim, siz 10 il AAK-ın sədri mərhum akademik Azad Mirzəcanzadənin müavini işləmisiniz. Azad müəllim haqqında nə deyə bilərdiniz?

- Mərhum Azad Mirzəcanzadə ensiklopedik biliklərə malik olan ve neft və digər mayelərin mexanikasının öyrənilməsi sahəsində keçmiş SSRI-də və eləcə də dünyada tanınmış alimlərdən biri olmuşdur. Azərbaycanda Azad müəllim səviyyəsində idrak və analitik qabiliyyətə malik ikinci alim tanımıram. Məhz onun dəvəti ilə 1993-cü ildə AAK-a gəlmiş və 10 ilə yaxın sədr müavini vəzifəsində çalışmışam. Bəlkə də, idarə etməkdə böyük təcrübəsi olmasa da, onun elmin bütün sahələrini bilməsi, güclü analitik təfəkkürü və prinsipiallığı alimlərin attestasiya olunmasında, onların elmi və təhsil potensiallarının araşdırılmasında və qiymətləndirilməsində mühüm rol oynayırdı. Əlbəttə, “elmi adlar ve dərəcələr yalnız layiq olan alimlərə verilirdi” demək yanlış olardı, çünki AAK-a daxil olan çoxsaylı sənədlərin içərisində alimlik adına layiq olmayanların sayı çox idi, və ümumi daxil olan işlərin yalnız 15-20 faizi AAK-dan mənfi rəy alırdı. Hesab edirəm ki, həqiqətdə bu faiz 45-50% olmalı idi. Azad müəllim AAK-da attestasiya prosesinə və elmi ekspertizaya respublikanın tanınmış alimlərini cəlb etmişdi. Bu gün böyük məmnuniyyətlə 1993-2003-cü illərdə bilavasitə Azad müəllimin rəhbərliyi altında AAK-ın rəyaset heyətinin üzvlərini – tanınmış professor və akademikləri - Adilə Namazovanı, Ziyad Səmədzadəni, mərhum Yaşar Garayevi, mərhum İlham Məmmədovu, mərhum Ələkbər Süleymanovu,  Rafiq Mehdiyevi, Leyla Məmmədovanı, Süleyman Əliyarovu, Rövşən Xəlilovu, Bəhram Əsgərovu və Fəxrəddin Veysəlovu yada salıram. Bu alimlərin Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda elmi və pedaqoji kadrların attestasiyasında oynadığı rol çox böyük və əvəzolunmazdır. Attestasiya prosesində yaranmış gərginlik, xüsusilə AAK-dan elmi ad ve dərəcələri almayanların böyük narazılığı və müxtəlif dövlət və hökumət orqanlarına saysız-hesabsız şikayəti mənim AAK-da keçirdiyim bu dövrü çox mürəkkəb və əsəbi bir dövr kimi yadda saxlamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, AAK-dakı bu 10 illik fəaliyyətimi Azərbaycanın müstəqilliyinin ilk illərində respublikanın dövlətçiliyinə xidmətin bir hissəsi kimi qiymətləndirirəm. Bu gün də Azad müəllimin hər bir azərbaycanlı üçün örnək olası bir mülahizəsi öz aktuallığını itirməyib. O deyirdi ki,  hamı soruşur - “Azərbaycan mənim üçün nə edib?”,  lakin hər bir azərbaycanlı özündən soruşmalıdır: “Mən Azərbaycan üçün nə etmişəm?” AAK-la bərabər Azad müəllim həm də eyni müddətdə - 1993-2003-cü illərdə Dövlət Elm və Texnika Komitəsinin sədri işləyirdi. Iki mühüm dövlət vəzifəsindən başqa o, ADNA-da kafedra müdiri və müxtəlif ictimai təşkilatlarda fəaliyyət göstərirdi. Qeyd etməliyəm ki, AAK-ın fəaliyyəti və Azad müəllimin mövqeyi mərhum prezident Heydər Əliyev tərəfindən birmənalı dəstəklənir və yüksək qiymətləndirilirdi.   

-   Səbzəli müəllim, Siz Azərbaycandan məkanca çox uzaqda olsanız da, Ziyad muəllimdən daim xəbər tutmağınızı kənardan müşahidə etmişəm, onun sevincinə, kədərinə həmişə şərik olmağınızın şahidiyəm. Haradan gəlir bu dostluqmu deyim, yaxınlıqmı deyim... Ziyad müəllim də hər dəfə Sizin adınızı eşidəndə üzünə xoş təbəssüm qonur, dərhal hiss olunur ki, siz bu ailə ilə yaxınsınız. Bunun bir tarixçəsi varmı?

-   Sirr deyil  ki, akademik Ziyad Səmədzadə Azərbaycanda həm elm və təhsilin, həm də ölkə iqtisadiyyatının və dövlətçiliyimizin inkişaf etməsində mühüm rolu olan ziyalıdır. Onun Azərbaycanda olan elmi ve ictimai fəaliyyəti həm Sovetlər birliyi, həm də müstəqillik illərində daimi inkişafda olmuş və indi de olmaqdadır. Onlarla kitabların və 500-dən çox elmi məqalələrin və dərs vəsaitlərinin müəllifi kimi Ziyad müəllim həm keçmiş SSRİ məkanında, həm də uzaq xaricdə, o cümlədən Asiya, Avropa ve Amerikada tanınan Azərbaycan alimidir. Yuxarıda qeyd etdiyim kimi, AAK-ın Rəyasət heyətinin tərkibində Ziyad müəllim de iştirak edirdi. O, iqtisadiyyat elmləri üzrə komissiyaya daxil olan elmi ad və dərəcələrin attestasiyasına, o cümlədən bu elmlər üzrə respublikada fəaliyyət göstərən müdafiə şuralarının və AAK-ın ictimai elmlər üzrə ekspert komissiyasının işinə nəzarət edirdi. Ziyad müəllimdə elm və təhsillə yanaşı, musiqiyə və incəsənətə olan böyük həvəs, eləcə de onun yüksək insani keyfiyyətləri bu ziyalını AAK-ın Rəyasət heyətinin və komissiyanın bütün kollektivinin sevimlisinə çevirmişdi. Böyük alim və Azad müəllimin dərin hörmət bəslədiyi bu insan elmi işlərin ekspertizasında ciddi mülahizələri ilə paralel, Rəyasət heyətinin ən gərgin anlarında böyük məharətlə xoş atmosfer yarada bilirdi. Sonralar bizim ailəlik dostluğumuz göstərdi ki, Ziyad müəllimdə əsl alim və ziyalıya xas olan keyfiyyətlərin formalaşmasında onun valideynləri və böyüyüb başa çatdığı ziyalı mühitlə bərabər, onun ailəsinin, ilk növbədə həyat yoldaşı mərhum Firuzə xanımın böyük rolu olmuşdur. Firuzə xanımla tanışlıq və yaxın ünsiyyət bu insanın əsl ana, həyat yoldaşı, qohum və dost olmasını nümayiş etdirdi. Onun bir həkim və azəri qadınına xas olan son dərəcə incə, nəcib, xeyirxah olması,  hər bir məsələyə ədalətli və realistik yanaşması onu dostları və qohumları, o cümlədən ailəsi önündə həmişə yüksəklərə ucaldırdı. Və çox təəssüf edirəm ki, tale Firuzə xanımı onu sevən insanlardan vaxtından çox tez ayırdı. Ziyad müəllimlə bu yaxınlardakı görüşümüz Firuzə xanımsız çox qəmgin keçdi. Mən görüşümüz boyu hiss edirdim ki, dostumuz üzüyünün Firuzə daşını həmişəlik itirmişdi...

-   Allah ona qəni-qəni rəhmət eləsin. Mən təsəvvür edirəm, Firuzə xanım sizi necə qarşılayardı... Bu da bir tale yazısı imiş bəlkə... Səbzəli müəllim, gəlin söhbətimizi xoş notlarla yekunlaşdıraq. Vətənə bu səfəriniz sizə nə verdi? Bakıda, regionlarda oldunuz. Hansı hisslərlə vətəni tərk edirsiniz? Bu barədə bir qədər.

-   Azərbaycan, sözsüz ki, son illər çox inkişaf etmishdir. Ölkə rəhbərliyinin respublikanın sosial və iqtisadi inkişaf sahəsində apardığı siyasət nəticəsində Bakıda və Azərbaycanın rayonlarında görülmüş quruculuq işləri digər ölkələrdən bura səfərə gələn hər bir insanın diqqətini cəlb edir. Həyatda hər bir insan üçün 2 məfhum əbədidir: ana və vətən. Odur ki, xarici ölkələrdə illərlə yaşamalarına baxmayaraq, hər bir azərbaycanlı bu ölkəyə səfəri ana ocağına və ulu torpağa ziyarət kimi həyata keçirir. Mən Azərbaycanda olduğum bu qısa müddətdə bir sıra dostlarım, həmkarlarım ilə görüşdüm, çox sevdiyim və böyüyüb başa çatdığım Xaçmaz rayonunda oldum. Çox böyük ülvi və xoş hisslərlə vətəni tərk edib ABŞ-a yola düşürəm. İnanıram ki, Azərbaycanın gələcəyi parlaq olacaq.

-   Səbzəli müəllim,  geniş müsahibəyə görə sağ olun!

-   Yeganə xanım, sizə və “Iqtisadiyyat” qəzetinin bütün kollektivinə təşəkkür edir və yaradıcılıq uğurları, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzu edirəm!

P.S. Bu yazı qəzetimizdə dərc olunanda yəqin ki, Səbzəli müəllim vətəndən çox uzaqda olacaq. Redaksiyaya gəlişini, söhbətlərini, həvəslə müsahibə verməsini xatırlayıram. Vətən sevgisi, gələcək üçün narahatlığı hər sözündə, hər cümləsində sezilirdi. Bu təəssübkeş, mehriban insanın gülərüz çöhrəsi həmişəlik yaddaşımıza həkk olundu. Ümid edirəm Səbzəli müəllimin səsini dünyanın mötəbər kürsülərindən eşidəcəyik, sorağı uzaq-uzaq ellərdən xoş müjdələrlə gələcək. 

 

Həmvətənimizə yeni yaradıcılıq uğurları arzusu ilə,

Yeganə Məmmədova, “İQTİSADİYYAT”.