MƏQALƏLƏR

İnformasiya magistralinda daha bir bələdçi – google

  • 27.01.2011

İnformasiya magistralinda daha bir bələdçi – google

Böyük uğurların sirri

Google-un əsası Stenford Universitetinin iki aspirantı – Larri Peyc və Sergey Brin tərəfindən  qoyulmuşdur. Onların başlıca işi məlumat massivlərində lazımi informasiyaların axtarışı olmuşdur.

1996-cı ildə onlar BackRuh axtarış serveri ilə əməkdaşlıq etməyə başlayırlar.  Google-un yaradıcıları belə fikirləşirdilər ki, bu sayt maraqlı və populyar olarsa, ona isnad edənlər, daxil olanlar da çoxalacaq.

Onlar 1998-ci ilin sentyabrında 1 milyon dollar investisiya toplayaraq, Google axtarış sistemini hüquqi şəxs kimi qeydiyyatdan keçirirlər. Bu zaman beta versiyasında olan sayt gündə 10 000 sorğu emal edirdi. Axtarış sisteminin gələcək inkişafı sürətinə görə raket uçuşunu xatırladır.

Google 1999-cu ilin fevralında gündə 500 000 sorğu emal edirdi. Onun bu nailiyyəti İnternet nəhəngi AOLNetscapeni cəlb edir və o, Google-u öz axtarış serveri seçir. Elə bu zaman Google gündə 3 milyon sorğu baryerini keçir.  İyunun 26-da Google və Yahoo! birgə əməkdaşlığa başlayırlar və emal edilən sorğuların sayı 18 milyona çatır. 2000-ci ilin sonunda bu rəqəm 100 milyonu ötür.

Həqiqətən, raket sürəti deyilmi?

Google interfeysi kifayət qədər mürəkkəb sorğu dilinə malikdir ki, axtarış sahəsini ayrı-ayrı domenlərlə, dillərlə, fayl tipləri ilə məhdudlaşdırmağa imkan verir. Məsələn, intitle: Google site:seoexp.com axtarışı bu resursda yerləşən və sərlövhəsində Google sözü olan bütün məqalələri aşkar edir.

Şirkətin aktivində iri İnternet korporasiyaları ilə sıx əməkdaşlıq, çoxlu mükafat vardır. Bir də istifadəçi sevgisi. Bunu isə qazanmaq hər şirkətə nəsib deyil.

Bəs bu axtarış sisteminin uğurlarının sirri nədədir?

Axtarışın son dərəcə relevant alqoritmi

Google digər axtarış sistemlərindən fərqli olaraq, meqa axtarış mexanizmi ilə işləyən proqramlardan istifadə etmir. O, hər web-səhifənin məzmununu, bütün verilmiş sözlərin şriftini və yerini təhlil edir. Əgər axtarışa söz deyil, ifadə verilərsə, sorğu mətnindən ayrı-ayrı sözlər olan məqalələrə deyil, saytın göstərilən mövzuya həsr edilmiş baş səhifəsinə isnad verilir.

İstifadəçilərə son dərəcə mehriban interfeys

Google axtarış sisteminin saytına ilk dəfə daxil olan istifadəçi axtarış sətrindən başqa heç nə görməyəcəyinə təəccüblənir. Bu, saytı rəqib axtarış sistemlərindən fərqləndirən yüksək sürəti ilə daha tez yükləməyə imkan verir. Müasir ənənələrə sadiq qalan Google hər bir istifadəçini proqram təminatının giriş mətni ilə tanış edir.

Google axtarış sistemi qeyri-kommersiya layihəsidir

Google-un yaradıcıları heç vaxt biznes-plan tərtib etməmiş və gəlirlərinin əsas maddəsi reklam olmamışdır. Google-un başlıca məqsədi axtarış üçün sonsuz nəhəng məlumat bazası yaratmaq olub və bu gün də olmaqdadır.

Google axtarış sistemi 2004-cü ilin avqustundan başlayaraq öz səhmlərini  fond bazarına  (İPO) çıxarmışdır. İlk gündən 1,67 mlrd. dollar məbləğində 20 milyon səhm satılmışdı. Google 1,2 mlrd. dollarlıq səhmə sahib olmuşdu. Şirkət özünə məxsus olan qiymətli kağızların heç də hamısını satmayaraq istədiyi vaxt onları reallaşdırır.

Google iki tip səhm buraxmışdır: adi (Class A, 33,6 mln. ədəd) - bunlar NASDAQ sistemində satılır, güzəştli səhmlər (Class B – 237,6 mln. ədəd) isə yalnız şirkət daxilində yayılır. Hər bir güzəştli səhm səsvermə zamanı adi 10 səhmə bərabərdir. 2004-cü il avqustun 30-da ixtisaslaşdırılmış hərraclar Google şirkətinin opsionlarının satışı ilə başlanmışdı.

İstifadəçilərin işini asanlaşdırmaq məqsədilə saytda yeni plaginlər və servislər yaradılır. Bunlardan bəziləri aşağıdakılardır:

-        İE üçün Google Toolbar  Bu plagin  Internet Explorer brauzeri üçün olub, Google axtarış servisinin panelini təşkil edir. Axtarışdan başqa o, brauzerə başqa faydalı funksiyalar da əlavə edir: web-formaların avtomatik doldurulması, açıq web-səhifədə tapılmış nəticələrin rəngli verilməsi, qrafika, musiqi, soft və s. kateqoriyaları üzrə axtarış və i.a.;

-        İE üçün Google Toolbar-ın rus versiyası;

-        Firefox üçün Google Toolbar; 

-      Google Deskbar.

-        LostGoogles – bu kiçik proqram ən populyar axtarış saytının funksiyalarını genişləndirir. O, daha çox informasiya verməklə,  axtarılan səhifələrin fotolarını da üzə çıxarır.

- Google Earth – Yer planetinin modelidir ki, peyk şəkillərinin köməyilə yaradılmışdır.

-        Picasa – rəqəmli fotoşəkillərlə iş üçün yaradılmışdır.  Adobe Photoalbum, Elements-in analoqudur, lakin fərq ondadır ki, pulsuz xidmət göstərir.

- Google Talk – internet-peycer və internet-telefondur.

- Google Maps — kartoqrafik servis olub, www.maps.google.com  Ünvanında yerləşir. Bu servisə bütün dünyanın xəritəsi və peyk fotoşəkilləri daxildir. Burada avtomobil yollarının xəritəsinə də rast gəlmək olar. Marşrutların axtarışına kömək edən bu servis ABŞ-ı, Kanadanı, Yaponiyanı, Honkonqu, Çini, Böyük Britaniyanı, İrlandiyanı və Avropanın bəzi rayonlarını əhatə edir.

Google axtarış saytının tarixi də hər hansı başqa şirkətin tarixində olduğu kimi, çoxlu sayda qalmaqallarla bağlıdır. Əlbəttə, onların əksəriyyəti sırf reklam məqsədləri güdür. Bu qalmaqallardan bəziləri virtual aləmdə böyük əks-səda doğurmuşdu. Təkcə bir il ərzində baş verən bəzi qalmaqalları qeyd etmək istərdik:

  • ·      2004-cü il yanvarın 29-da Google şirkətinin vəkilləri  «böyüklər üçün» yaradılmış Booble axtarış sisteminin sahiblərinə bu parodiya xarakterli servisi bağlamaq tələbi ilə məktub göndərirlər.Google nümayəndələrinin bu məktubunda göstərilir ki, Booble  Google-un müəllif hüquqlarını pozur. Bundan başqa, Booble-un interfeysinin tam dəqiqliyi ilə Google-un interfeysini təkrarlamağı azmış kimi, o erotik sayt və malların axtarış sistemi idi. Booble-un loqotipi də Google-u xatırladırdı.
  • ·      2004-cü il yanvarın 29-da ABŞ-da Google-un reklam texnologiyasına dair məhkəmə işi başlayır. Bu dəfə iddiaçı kimi American Blind and Wallpaper Factory divar kağızları və jalüz istehsalçısı çıxış edir. Bu şirkəti Google-un fəaliyyətində qane etməyən o idi ki, açar sözlərlə axtarış zamanı American Blind and Wallpaper Factory-nin adı ilə yanaşı, onunla rəqabət aparan şirkətlərin də adı çıxırdı.
  • ·      2004-cü il aprelin 7-də Google-un yeni poçt servisi işə başlayan kimi adı ilə bağlı iradlarla qarşılaşdı. Sən demə, Gmail brendi 2002-ci ildən bir ingilis şirkəti tərəfindən istifadə olunurmuş. Market Age şirkətinin nümayəndələri bildirirlər ki, bu brendi onlar 2000-ci ildən yaratmış və öz iddialarını məhkəmədə bildirəcəklərini bəyan edirlər. Google-un hüquqşünasları buna fikir vermirlər, belə ki, Gmail poçt servisini açmazdan əvvəl bütün qeydiyyat məsələlərini ciddi nəzərdən keçirir və bu adda heç bir brend aşkar etmirlər. Bu qalmaqal da Google-un fəaliyyətinə təsir etmir.
  • ·      2004-cü ilin mayında Amerika riyaziyyatçısı Edvard Kaznerin (google terminini ilk dəfə Kazner işlətmişdir) qohumları Google-a qarşı iddia irəli sürürlər. Xatırladaq ki, bu sözdəki «o» hərfləri sıfır kimi 100 dəfə işlədilə bilər.
  • ·      2004-cü il martın 23-də Kaliforniya sakini Maykl Bredli Google-dan fırıldaq yolu ilə külli miqdarda pul tələb etdiyinə görə şirkət onu məhkəməyə verir. O, axtarış nəhəngindən 100 min ABŞ dolları tələb edir və tələbi yerinə yetirilməzsə, Google-un reklam bannerlərində saxta kliklər olan proqramları spamerlərə göndərməklə hədələyirdi.
  • ·       2004-cü il iyulun 20-də Google-un sabiq əməliyyat direktoru Brayan Rid şirkəti yaş əlamətinə görə ayrı-seçkilikdə ittiham edir. Həmin ilin fevral ayında işdən azad edilmiş 54 yaşlı Brayan şirkətin cavanlardan ibarət kollektivinə uyğun olmadığına görə işdən çıxarılmışdı. İllik 200 min dollar məbləğində maaşı itirən menecer həmçinin 119 min opsionu (hər opsionu 1 ədədi 30 sent olan səhmə dəyişmək olurdu) itirmişdi. Nəzərə alsaq ki, Google-un səhmləri hərracda 108-135 dollar arasında satılır, bu, sözün əsl mənasında böyük itki idi. Brayan bütün bunları itirdiyinə görə məhkəməyə müraciət etmiş, öz iddiasında ona dəyən maddi və mənəvi zərərin şirkət tərəfindən ödənilməsini tələb etmişdir.
  • ·      2004-cü il iyulun 6-da  nəhəng axtarış sistemi Google-la proqram təminatı istehsalı üzrə Affanity Enganies firması arasında bəzi texnologiyalardan istifadə hüquqları uğrunda məhkəmə işi gərgin nöqtəyə çatır. Bu şirkətin sonradan Google-a keçmiş əməkdaşı Orkut Büyükkokten bir neçə il əvvəl Orkut.com şəbəkəsi üçün hazırladığı proqram kodundan Google-da istifadə etdiyinə görə ittiham olunur. Adıçəkilən servis Google üçün nəzərdə tutulmuş və onlayn ünsiyyət üçün istifadə olunur. Bu mübahisə indiyə qədər davam edir.

Bütün bu qalmaqallara baxmayaraq, təkzibedilməz bir fakt göz qabağındadır: Google bu gün İnternet lideridir. Şirkətin aktivində iri İnternet korporasiyaları ilə sıx əməkdaşlıq, çoxlu mükafat vardır. Bir də istifadəçi sevgisi...

 M.YEGANƏ