«MADE İN GERMANY»
«MADE İN GERMANY»
Alman avtomobillərinin növbəti ailəsi: Volkswagen
Alman brendləri barədə söhbəti davam etdiririk. Bu dəfə Sizi daha bir brend ilə tanış edəcəyik.
Global Top-100-lükdə 83-cü yerin sahibi – Volkswagen. Bu brendin dəyəri 7 mlrd. dollardır.
Tarixə nəzər:
Volkswagen-in tarixi 1934-cü ildə Volfsburq şəhərindən başlanır. Bu əfsanəvi dünya avtomobil istehsalçısının başında məşhur alman konstruktoru və mühəndisi Ferdinand Porşe durmuşdur. Porşe ömrünün düz 4 ilini ilk «xalq avtomobili»nin (almanca «volk» - xalq, «wagen» -avtomobil deməkdir) yaradılmasına həsr etmişdir.
1936-cı ildə Volfsburqda avtomobil zavodunun tikintisinə başlamaq qərara alınmış, bir ildən sonra artıq 30 ədəd «VW30» istehsal olunmuşdu. Bu avtomobillərdən hər biri konstruktiv nöqsanları aşkar etmək üçün bir milyon kilometrdən çox yol getməli idi.
Maraqlıdır ki, bu avtomobillər faşist liderlərinin xoşuna gəlirdi. Hitlerin özü də Volkswagendə gəzirdi.
1944-cü ilə qədər sabit inkişaf yolu keçən bu zavod müharibə vaxtı Amerika aviasiyası tərəfindən tamamilə dağıdıldı.
Uçuş
Müharibədən sonrakı illərdə İngiltərə hökuməti zavodun bərpasını öz üzərinə götürdü və 1945-ci ildə ilə Volkswagen şirkətinə 20.000 avtomobil sifariş verdi. Beləliklə, Volkswagen öz populyarlığını qaytardı və «alman iqstiadi möcüzəsi»nin parlaq nümunəsini nümayiş etdirdi. İkinci Dünya müharibəsindən 27 il sonra «Ford Model T» modelinin buraxılışı ilə Volkswagen dünya üzrə ən çox satılan avtomobil oldu.
Dünya şöhrəti tapmış avtomobillər istehsal edən Volkswagen 1948-ci ildə xarici bazarlara 50 min avtomobil ixrac etmiş, daxili bazarda 15 mindən artıq maşın satmışdır. Bu dövrdə zavod tamamilə ingilis müttəfiqlərindən azad oldu və bütövlükdə Almaniya Federativ Respublikasına verildi. Volkswagen yeni inkişaf dövrünə qədəm qoydu.
1950-ci ildə 100 min, 1951-ci ildə isə 500 min avtomobil istehsal edildi. 1955-ci il avqustun 5-də milyonuncu Volkswagen buraxıldı. Həmin il almanların Volkswagen-lə bağlı ən populyar sözü «Volkswagen ailəmizin üzvüdür» oldu.
50-ci illərin əvvəllərindən Volkswagen bütün dünyada satış şəbəkəsini genişləndirmək məqsədilə qız müəssisələrini açdı. 1955-ci ildə zavodun konveyerindən ilk «Juk»lar buraxıldı.
1974-cü ildə Volfsburqda sonuncu «Juk» buraxılır. Belə ki, bu modelin istehsalı Meksikaya keçirilir. Həmin il Volkswagen Golf modelini buraxmaqla, avtomobilqayırma tarixində yeni dövrün başlanğıcını qoyur. Golf-sinfin bu avtomobilləri dərhal bazarlara yol tapır. Onlar tezliklə təkcə Almaniyada deyil, bütün Avropada əks-səda doğurur.
1995-96-cı illərdə Avropada satışların sayına görə Golf III lider olmuşdur. 1997-ci ildə avtomobil həvəskarlarına yeni GolfIV təqdim edilir və bir neçə gündən sonra həmin avtomobilə 60 min sifariş qeydə alınır.
1998-ci ildə Passat, Polo və Golf-IV modellərinin prezentasiyasından sonra Volkswagen bazara daha bir yeni mini-model –Lupo, Bora sedanı və New Beetle təqdim edir. sonuncular ABŞ-da böyük rezonans doğurur. Elə həmin ildə Volkswagen özünə «lüks» sinfində yer təmin etməklə, Bugatti, Lamborghini, Bentley və Rolls-Royse markalarını alır.
Polo markasının debütü 1975-ci ildə olmuşdur. Lupo meydana çıxana qədər o, Volkswagen ailəsinin «ən balaca» avtomobili olmuşdur. Polonun ilk nəsilləri öz populyarlıqları üçün yüksək yığılma keyfiyyətinə, çoxlu modifikasiyalara və mühərriklərinin geniş qammasına borcludur.
Passat modellərinin 5-ci nəsildən olan ailəsi 1996-cı ildə nümayiş etdirilmişdir. 1988-ci il istehsalı olan maşınlardan fərqli olaraq, yeni modellər eynitipli Audi modelləri olan A4 və A6 tiplərinə yaxınlaşdırılmışdı.
1999-cu ildən çox rahat olan BORA sedanı buraxılır.
Maşınlar şəhəri
Volkswagen avtoştadtı Volfsburqda yerləşir. Bu, özünəməxsus istirahət parkı və müştərilərə xidmət mərkəzidir. 2002-ci ilin sonunda Volkswagen Avtoştadtda yerləşən 9 markanı təmsil edirdi. Volfsburqa gələn hər kəs pavilyonları gəzib bu gözəl avtomobil markalarının sehrli aləminə düşə bilər.
Konsernin bütün markaları eyniadlı pavilyonlarda yerləşdirilmiş, 48 metrlik avtoqüllələr isə artıq Volfsburqun rəmzinə çevrilmişdir. Volkswagen AG bu gün müxtəlif çeşidlərdə minik və yük avtomobilləri, mikroavtobuslar istehsal edir.
Hazırda Volkswagen dünyanın 150 ölkəsində satılır. Onun dünyanın 15 ölkəsində, o cümlədən Cənubi Afrika Respublikasında, Meksikada, Avstraliyada qız müəssisələri vardır. 5 Volkswagen ticarət markası altında (Volkswagen, Audi, Skoda, SEAT) məhsul istehsal edir. 1998-ci ildən «Rolls-Royse» markası da Volkswagenə məxsusdur. Konsernə Volkswagen AG, Audi AG, SEAT C.A., Şkoda automobilova, Volkswagen-Saksoniya QmbX daxildir. Bu yaxınlarda isə yeni model – Touareg avtomobil həvəskarlarını texnologiya, dizayn ilə heyran etmişdir. Bu model ilk Volkswagen avtomobilidir ki, 8 silindrli iynəli benzin mühərriki ilə təchiz olunmuşdur. Gücü 350 at gücü, maksimum fırlana an 440 N-lidir. Yanacaq sərfi 100 km-ə 13,8 litrdir.
Onu da qeyd etmək maraqlı olar ki, hazırda Hollivud ulduzlarının çoxu Volkswagen avtomobillərində səyahətə çıxırlar.
Volkswagen layiqli olaraq dünyanın ən yaxşı avtomobil istehsalçılarından sayılır. Danılmaz alman keyfiyyəti, son dərəcə gözəl dizayn, əla mühərriklər və yetərli qiymətlər - bütün bunlar Volkswagen avtomobillərini potensial alıcılar üçün avtomobil bazarlarında rəqabət qabiliyyətli edir.
YEGANƏ MƏMMƏDOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü