MƏQALƏLƏR

Zülfü İLYASOV: Zaqatalada istehsal olunan fındıq məhsulu ölkənin ixrac strukturunda mühüm yer tutur

  • 24.10.2019

Hələ keçmiş sovetlər dönəmində ittifaq üzrə ilk fındıq zavodu Azərbaycanda – Zaqatala rayonunda istifadəyə verilib. Bu müəssisədə istehsal olunan fındıq və konserv məhsulları SSRİ-nin bütün respublikalarına, həmçinin xarici ölkələrə ixrac olunub. Zavodla yanaşı, ilk fındıqçılıq sovxozu da 1932-ci ildə Zaqatalada yaradılıb və burada fəaliyyət göstərən təcrübə stansiyasında tədqiqat işləri aparılıb. Keçən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan aqrar islahatlar da ilk olaraq məhz Zaqatala rayonunda həyata keçirilməyə başlayıb. Bunun nəticəsidir ki,  ötən onilliklərdə Zaqatala rayonunda fındıqçılıq, tütünçülük, baramaçılıq və gülçülük sıçrayışlı inkişaf yolu keçib. Son illər sözügedən sahələrə dövlət dəstəyinin gücləndirilməsi fındıq bağlarının,  eyni zamanda, emal müəssisələrinin həcminin artmasına və sonuc olaraq ixrac imkanlarının genişlənməsinə gətirib çıxarıb. Qonşu Türkiyədən yüksək standartlara cavab verən texnoloji avadanlıqların gətirilib rayonda quraşdırılması bu sahəsinin yüksəlişinə güclü təkan verib.

Görülən işlərin, həyata keçirilən tədbirlərin rəqəmlərlə ifadəsi belədir: bu gün ölkədə mövcud olan fındıq bağlarının və istehsal olunan məhsulun 30 faizi, fındıq məhsulunun ixracından respublikaya gələn gəlirin 80 faizindən çoxu Zaqatala rayonunun payına düşür.
Bu qiymətli məhsula görə Zaqatalanın şöhrəti dünyanı gəzib dolaşıb. Məhz bunun nəticəsi olaraq artıq üçüncü ildir ki, sentyabr ayında tədarük mövsümündə rayonda beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir. Bu ilin sentyabr ayının 28-də keçirilən festival da öz möhtəşəmliyi ilə yadda qalıb. Rayonun qədim tarixi meydanı – Dədə Qorqud meydanı həmin gün qonaqla dolu idi. Buraya 20-dən artıq xarici ölkə səfirliyinin, diplomatik korpusların, nazirlik və dövlət qurumlarının rəhbərləri, ziyalılar, mütəxəssislər, ictimaiyyətin nümayəndələri təşrif buyurmuşlar. Qonaqlar Zaqatalanın füsunkar gözəlliyinə, insanların qonaqpərvərliyinə, zəhmət-sevərliyinə heyranlıqlarını gizlətmirdilər. Hamı yenidən bu ecazkar məkana dönəcəklərini dilə gətirirdi.
Zaqatalada bu gün yaşanan coşqu və qələbəlik boş yerdən baş verməyib. Bunun təməlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar bölmədə həyata keçirdiyi köklü islahatlar, qeyri-neft sektorunun üstün mövqeyə çıxarılması və bu fonda bölgə iqtisadiyyatının, onun qabaqcıl sahəsi olan kənd təsərrüfatının dərin diversifikasiya məcrasına yönəldilməsi dayanır. Cənab prezidentin tapşırıq və göstərişlərinə uyğun olaraq Zaqatala rayonunda fındıqçılıq, tütünçülük, baramaçılıq və gülçülük yüksək inkişaf mərhələsinə daxil olmuşdur. Məlumat üçün bildirək ki, qarşıya fındıq bağlarını ikiqat artırmaq vəzifəsi qoyulmuş, 2015-ci ildə, yəni bu vəzifə qarşıya qoyulanda rayon üzrə fındıq sahələrinin həcmi 9675 hektar təşkil etmiş, cari ilin yazında da salınan bağlar daxil olmaqla ümumi fındıq bağlarının həcmi 19750 hektara çatdırılmışdır. Payız aylarında salınacaq yeni bağlar hesabına qarşıya qoyulan vəzifə tam yerinə yetiriləcəkdir.
Zaqatala rayonunda  2015-ci ildə cəmi 9283 ton fındıq istehsal olunmuşdursa, 2018-ci ildə bu göstərici 15069 tona çatdırılmışdır.
Cənab prezidentin Zaqatala rayonuna göstərdiyi diqqət və qayğı, bu qayğını özündə ehtiva edən maliyyə yardımları nəticəsində rayonun sosial infrastrukturu əsaslı şəkildə dəyişmiş, şəhər ərazisi, kənd və qəsəbələr abadlaşmış, müasirləşmişdir. Təbii gözəlliklərin üstünə insan əlinin vurduğu naxışlar, tikilib istifadəyə verilən yollar, körpülər, park və xiyabanlar, digər sosial obyektlər bu yerlərin simasını inanılmaz dərəcədə dəyişmişdir. Bütün bunlar sonucda rayon iqtisadiyyatının möhkəmlənməsinə, biznes mühitinin yaxşılaşdırılmasına öz real təsirini göstərmişdir. Axı, yol, elektrik enerjisi, təbii qaz, su təminatı zəif olduqda, digər zəruri infrastrukturlar yaradılmadıqda o yerin iqtisadi yüksəlişindən danışmaq yersizdir.
Məhz bu problemlərin yüksək səviyyədə, konkret plan və proqramlar çərçivəsində həll olunması, bütün rayonlarda olduğu kimi, Zaqatala rayonunun da iqtisadiyyatının davamlı və dayanıqlı inkişafına möhkəm zəmin yaratmışdır.
Fındıqçılığın inkişafında cənab Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq fındıq  pöhrələrinin alınaraq fermerlərə pulsuz paylanması mühüm rol oynamışdır. Bununla yanaşı, fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlərin ayrılması bu məhsulun istehsal və ixrac imkanlarının artmasında sahibkarlıq subyektlərinə əlavə stimul vermişdir.
Son bir neçə il ərzində aparılan güclü əkin işləri nəticəsində Azərbaycanda fındıq sahələri 74 min 944 hektara çatdırılıb. 2018-ci ildə respublika üzrə 52 min tondan çox fındıq məhsulu istehsal olunmuşdur. Ötən il ölkədə istehsal olunan məhsul 25-ə yaxın xarici ölkəyə ixrac edilmişdir. Hazırda respublikamızda fındıqçılıq sahələrində 25 mindən çox ailə-fermer təsərrüfatçıları çalışır.
2017-ci ilin oktyabr ayında yaradılan Assosiasiyanın əsas məqsədi respublikamızda fındıqçılığın inkişafına, eləcə də ixrac potensialının genişləndirilməsinə kömək göstərmək olmuşdur. Onu da qeyd etmək lazımdır ki, dünya bazarında fındıqçılıq sahəsində rəqabət kifayət qədər güclüdür. Hazırda Azərbaycan fındıq ixracında dünya bazarında üçüncü yeri qoruyub saxlaya bilmişdir. Dünyanın qabaqcıl şokolad istehsalçılarından biri olan İsveçrə şirkətlərinin  təmsilçiləri avqustun sonlarına təsadüf edən səfərləri zamanı əməkdaşlıq məsələlərini müzakirə etmiş, bu məqsədlə Zaqatalanın iki şirkətində olmuşlar. Onu da vurğulamaq yerinə düşərdi ki, sözügedən sahənin inkişafında dövlət dəstəyi ilə həyata keçirilən təşviq tədbirlərinin də böyük rolu olmuşdur. Belə ki, fındıqçılıq Assosiasiyası İqtisadiyyat Nazirliyi və AZPROMO ilə əməkdaşlıq edərək yeni təşviq mexanizmləri vasitəsi ilə "Made in Azerbaijan" brendinin tanıdılması ilə bağlı xeyli işlər görmüşdür. Assosiasiya, həmçinin xarici ölkələrdə keçirilən ixrac missiyalarında, o cümlədən sərgilərdə iştirak etmiş, yeni bazar və müştərilərin tapılmasına nail olmuşdur.
Zümrüd meşələr qoynunda yerləşən Zaqatalanın gözəlliyini vəsf etməklə qurtaran deyil. Bütün bunlar öz yerində. Lakin bu diyarda hökm sürən işgüzar atmosfer, tolerantlıq, mehribanlıq, səmimiyyət, qonaqpərvərlik insanın ovqatını anındaca dəyişir. Rayonun Pərzivan kəndi ərazisindəki fındıq bağlarına, "Karaca fındıq" MMC-nin fındıq emalı zavoduna, yollar boyu cərgələnən yüksək aqrotexniki qulluq görmüş fındıq, şabalıd kollarına, qoz ağaclarına və burada gecəni gündüzə qatıb çalışan sadə zəhmət adamlarına bir seyrçi kimi baxıb keçmək olmur. Hər addımda ayaq saxlayıb bu sehrli aləmlə baş-başa qalmaq istəyirsən...
Biz burada Zaqatala rayonunun iqtisadiyyatında aparıcı sahələrdən biri sayılan, ölkənin ixrac strukturunda mühüm yer tutan fındıqçılığın inkişafı ilə bağlı geniş söhbət açdıq. Aparılan müşahidələr, statistik rəqəmlər onu deməyə əsas verir ki, Zaqatala rayonunda fındıqçılıq yüksəliş illərini yaşayır. Həm məhsul verən bağlar, həm də yeni salınan plantasiyalar hesabına rayonun istehsal imkanları və ixrac potensialı yaxın illər ərzində bir neçə dəfə artacaq. Bu isə Zaqatala rayonunun, bütövlükdə regionun sosial inkişafına və tərəqqisinə, həm də insanların yaşam tərzinin və həyat səviyyəsinin yüksəlməsinə real imkanlar açacaq. Digər strateji məhsulların istehsalında da özünü göstərən yüksək inkişaf templəri zaqatalalıların qəlbində xoş ovqat və nikbin əhval-ruhiyyə yaradır.


Zülfü İLYASOV,
bölgə müxbiri