MƏQALƏLƏR

Şirkətin uğur əldə etməsində loqotipin rolu

  • 21.10.2011

Şirkətin uğur əldə etməsində loqotipin rolu

Bəzən yerli şirkətlərin istehsal etdiyi yeni mallar və ya təqdim etdiyi xidmətlər ya çox tez unudulur, ya da məşhurlaşa bilmir. Bunun səbəbi kimi şirkət rəhbərlərinin “xəsisliyini” və ya marketinq, PR menecerlərinin büdcədən səmərəli istifadə etməməsini və ya sadəcə “reklam” adlı sahəyə lazımınca diqqət ayırmamağı misal göstərmək olar. Lakin onu da etiraf etmək lazımdır ki, mallar və xidmətlər üçün düzgün seçilməmiş adlar da buna səbəb ola bilər. Sadalanan bütün  hallarda həmin şirkət və ya təşkilat qınaq mənbəyinə çevrilə, ən pis halda isə “müflisə” ola bilər. Bu cür problemlərin qarşısını tam olmasa da, qismən almaq üçün aşağıdakı məqaləni Sizlərə təqdim edirəm.

Müasir dövrdə hər hansı şirkətə, onun mallarına və xidmətlərinə maraq oyatmaq üçün orijinal reklamdan istifadə etmək lazımdır. Bu reklam öz növbəsində cəlbedici, əlvan olmalı, digər reklamlara bənzəməməlidir. Yalnız bu halda o, istehlakçıların diqqətini müəyyən məhsul və xidmətlərə yönləndirə bilər. Şirkətin öz reklamı üçün nəzərdə tutulmuş maliyyə büdcəsindən asılı olmayaraq tanınan brend, mal və ya ticarət nişanı olmalıdir. Buna məhz brendin reklamı kömək edir.

Beləliklə, brendin reklamı malın brend kimi formalaşmasına, bazarda tanınmasına, prestijliliyini təmin etməsinə və brendin bazar tələblərinə uyğun xüsusiyyətlərinin aşkar edilməsinə yönəlmiş və  monitorinq xarakteri daşıyan bir fəaliyyətdir. Brendinqin əsas vəzifəsi müəyyən mala və ya xidmətə müştərilərin diqqətini cəlb etmək və onları bu barədə məlumatlandırmaqdan ibarətdir. Ticarət nişanının sahibinə gəldikdə isə onun üçün brendin prestij səviyyəsinin yüksək olması  istehlakçıya təqdim olunmuş, xüsusi keyfiyyətə malik olmayan digər malla müqayisədə prestijli malın daha rəqabətqabiliyyətli və bahalı olması deməkdir. İstənilən brendin uğurlu fəaliyyəti və inkişafı üçün vacib şərtlərindən digəri – şirkətin obrazının vizual və məzmun cəhətdən vahidlik təşkil etməsidir. Məhz şirkətin xüsusi üslubu brendin inkişafı və tanınması üçün vacib atribut sayılır. Xüsusi üslubun elementləri isə: loqotip, malın adı, xüsusi adlandırma, ticarət nişanı, şüar, xidmət nişanı, xüsusi rənglər, şirkət əməkdaşlarının geyimlərinin xüsusi rəngi, həmçinin stili və digər atributlardır. Xüsusi üslubun düzgün seçilməsi mütləq şirkətin məşhurluğuna səbəb olacaqdır. Nəticədə düzgün qurulan və inkişaf etdirilən brend yalnız alıcılar arasında deyil, təşkilatın əməkdaşları arasında da məşhurluq qazanacaqdır. Beləliklə, şirkətin işləri daha uğurla gedəcək,  kollektivdə atmosfer daha mehriban olacaq, maliyyə göstəriciləri isə hər bir işdə brend reklamının əvəzolunmazlığının  vacibliyini bir daha əks etdirəcək. Əgər Siz də xidmətlərinizin, mallarınızın və ya şirkətinizin tanınmasını və seçilməsini istəyirsinizsə, o zaman şirkətiniz üçün xüsusi üslub yaradacaq və məşhurluq gətirə biləcək brendinq şirkətinə müraciət etməyiniz tövsiyə olunur!