Nanotexnologiyalar istehsalatda yeni cığır açır
Eldar Şahbazov Rusiyanın “Təbii Elmlər Akademiyası”-nın və Ukrayna “Neft-Qaz Akademiyası”-nın üzvü, 150 elmi əsərin o cümlədən kitabların, monoqrafiyaların və məqalələrin, 12 patent və ixtiranın, eləcə də nanotexnologiyaların problemləri, enerji təhlükəsizliyi və risklər üzrə bir sıra monoqrafiyanın müəllifi, texnika elmləri doktoru professordur. Hazırda “Nanotexnologiyalar” Elmi İstehsalat Mərkəzinin direktoru vəzifəsində çalışır.
“Nanotexnologiyalar” Elmi İ s tehsalat Mərkəzinin yaradılması dünya elminin aktual sahəsi olan nanotexnologiyaların istehsalatda tətbiqi istiqamətində yeni nailiyyətlərin qazanılmasına yol açır. Yeni texnologiyanın yaranması müasir həyatımızda əsasən də neft sahəsində problemlərin aradan qaldırılmasına kömək edir, onların daha asan və az məsrəfsiz yolla həll olmasına imkan yaradır.
Neft sənayesində nanotexnologiyalar 2004-cü ildən başlayaraq mərhum Azad Mirzəcanzadənin ideyası əsasında yaranmışdır. Alınmış uğurlu nəticələrin əsasında ARDNŞ-nin neftçi alimləri X.Yusifzadə, R.Qurbanov və E.Şahbazovun rəhbərliyi ilə 2010-2015-ci illəri əhatə edən “Nanoneft” proqramı işlənib hazırlanmışdır ki, bunun da əsasında “Nanotexnologiyalar” Elmi İstehsalat Mərkəzində işlər “NANOHASİLAT”, “NANOQAZMA”, “NANONEFTKİMYA” və “EKONANONEFT” istiqamətlərində həyata keçirilir. Əsas məqsəd “Nanoneft” proqramında əks olunan problemləri, o cümlədən neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış, eləcə də çətin istismar edilən yataqlardan karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azalmasına nail olmaqdır.
İlk dəfə Azərbaycanda akademik Xoşbəxt Yusifzadə və professor Eldar Şahbazovun rəhbərliyi ilə neft sahəsində nanotexnologiyaların işlənməsinin və tətbiqinin eksperimental və təcrübi əsasları işlənib hazırlanmışdır. Dünya qazma praktikasında ilk dəfə olaraq “kiçik konsentrasiya effekti” və kiçik konsentrasiyalarda “super kiçik konsentrasiya effekti” yaradılmışdır ki, bunların da əsasında sulaşmış və çətin istismar edilən quyularda nanotexnologiyalar tətbiq olunmaqdadır.Texnika elmləri doktoru, qazma üzrə tanınmış alim E.Kazımovun bilavasitə rəhbərliyi ilə artıq 32 quyu qazılıb lahiyə dərinliyinə çatdırılmış, qəzasız, mürəkkəbləşmələrsiz həyata keçirilmişdir. Məlum olmuşdur ki, yaradılmış nanosistemlər yüksək kolloidal qazma məhlullarının reoloji və kolloid - kimyəvi xassələrini tənzimləmək məqsədi ilə istifadə olunan bahalı kimyəvi reagentlərin istifadəsini kəskin şəkildə azaldır, bu sistemlər “nano yaddaşa” malikdir və onun təsiri qazma prosesində xətti sürətin artmasına, erkən turbulentliyə hidravilik müqavimət əmsalının azalmasına və enerji qənaətinə səbəb olur. Qazma prosesi zamanı suyun səviyyəsinin azalması, hasilatın artması müəyyən edilərək, multiplikator effekti alınmışdır ki, bu da neft sənayesində səmərəliliyin inkişafına zəmin yaradır.
Neft sənayesində və nanotexnologiyaların tətbiqində dəyərli araşdırmaları ilə şöhrət qazanmış alim Eldar Şahbazov, irəli sürdüyü bütün fikirlərində elmi faktlara əsaslanır. Onun tərəfindən “Xausdan nizamlanmaya” və hiper təsadüf prosesinin riyazi modelləri təklif olunub. Həmçinin nano mühit “quyu-lay” sisteminə nano təsir edilərək NANO+NANO effekti müəyyən edilib. Belə ki, nano metal hissəciklərin təsiri zamanı atomların molekullardan ayrılma prosesi baş verir, xaus pozulur, molekullar nizamlanaraq kristal qəfəs əmələ gəlir. Bu zaman rabitələr dəyişərək yeni struktura keçir, yeni quruluş alınır. Hazırda aparılan tədqiqatlar nəticəsində metalların aşınmasına, dağılmasına və korroziyasına qarşı da elmi əsaslandırılmış nəticələr alınmışdır. Bu dəniz şəraitində işləyən özüllərin maşın və mexanizmlərin dağılmaya qarşı nanoörtük kimi istifadə olunması artıq gündəmdədir. Dərin təfəkkürün və geniş düşüncənin məhsulu olan ideya elmi-nəzəri cəhətdən böyük əhəmiyyət kəsb edir. Hazırda yeni nano sistemlərin yaradılması məqsədiylə bir çox təcrübələr həyata keçirilir. Mərkəzin bir qrup mütəxəssisləri texnika elmləri namizədi Hacan Hacıyev, kimya elmləri namizədi Famil Vəliyev və Elbəy Babayevin apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın bəzi bölgələrində nanosistem quruluşlu gillər aşkarlanmışdır. Belə gillər əsasən Qazax, Xızı, Şamaxı, Lerik dağlarında Daşdil gölünün ətrafında müəyyən olunmuşdur. Nümunələr dağ süxurlarının və vulkanik süxurların parçalanması prosesində yaranmış gillərdən ibarətdir. Əsas tərkibini kaolinit, montomorillont minerallar təşkil edən gil nümunələri udma, şişmə və məsaməlik qabiliyyətinə malik olub, vizual görünüşünə görə 6 müxtəlif rəngə bölünür. Demək olar ki, onların rəng çalarları mineral tərkibindən asılı olaraq dəyişir. Əsasən mavi rəngli gillərdən tərkibində radioaktiv maddələr saxladığından geniş şəkildə istifadə olunur. Götürülmüş nümunələrin analitik cihazlar vasitəsi ilə mineraloji tərkibinin analizi aparılmış, kristalların ölçüləri fiziki-kimyəvi metodlarla müəyyən edilmişdir. Məlum olmuşdur ki, tətbiq olunan nümunələrdə kristalların ölçüləri nano ölçülüdür və onların orta qiyməti 32,8 nm-dir. Reoloji göstəricilərinə əsasən nano hissəciklərin təsiri nəticəsində parametrlərini dəyişmiş gillərin neft sənayesinin hansı istiqamətlərində istifadə olunacağı mütəxəssislər tərəfindən araşdırılır.
Əgər gilin 70-75%-dən çoxunu montomorillonit təşkil edirsə bu bentonit adlanır. Mütəxəssislərin bildirdiyinə görə gillər içərisində bentonit öz yararlı xassələrinə görə daha əlverişlidir. Aparılan araşdırmalarda bentonitin suda hazırlanmış suspenziyalarında nanomühit və nanoölçülüyü müəyyən edilmişdir. Mərkəzin mütəxəssisləri tərəfindən qazmada tətbiq edilə bilən “Nanobentonit”in praktiki və nəzəri aspektləri işlənib hazırlanmışdır. Nano hissəciklərin kiçik təsir effekti nəzəriyyəsinə əsasən bentonitə əlavəsi nəticəsində nanobentonit məhsulu alınır ki, bu da qazma prosesində qəza və mürəkkəbləşmələri xeyli azaldır. Qeyd edək ki, nanobentonit və eləcə də nanosistemlərin istehsalı üçün xüsusi qurğuların quraşdırılması nəzərdə tutulur. İstehsal olunacaq məhsulların yalnız Azərbaycanın daxili bazarında deyil, həm də xarici bazara satışa çıxarılması nəzərdə tutulur.
Artıq bir çox gil nümunələri əsasında NanoMay, NanoQudron, NanoYağ, NanoNeft, NanoBitum tərkibli qazma məhlulları hazırlanıb. Bu da qazma prosesində müsbət nəticələr verərək realoji göstəricilərin yaxşılaşmasına gətirib çıxarır. Aparılan tədqiqatlar göstərmişdir ki, bu gillər əsasında hazırlanan qazma məhlulları “kiçik konsentrasiyalar” və “superkiçik ölçülərdə kiçik konsentrasiyalar” effektləri əsasında sinergetik prinsiplərin yaranmasına imkan verir.
Bizi əhatə edən ətraf mühitdə bir çox maddələr var ki, müəyyən olunmuş müxtəlif effektlərin təsirinə əsasən onların tərkibini dəyişməklə istənilən xassəli maddələr almaq olur. Belə maddələrdən biri də polimerdir. Polimer əsasən soyuğa və istiyə davamlı olmadığından istifadəyə yararsız sayılır. Lakin mütəxəssislər nanohissəcikləri əlavə etməklə onun tərkibinin dəyişməsini təsdiq etmişlər. Belə ki, nanohissəciklər çox aktiv hissəciklər olub ayrılıqda birləşərək lazımsız bir maddə əmələ gətirir. Lakin kiçik təsir effekti nəzəriyyəsinə əsasən nanohissəciklərin köməyi ilə polimer öz tərkibini dəyişir və yeni struktur, yəni yeni xassəli nano kompozisiyaya çevrilir.
Qısa bir müddətdə fəaliyyətə başlamış “Nanotexnologiyalar” Elmi İstehsalat Mərkəzində aparılan elmi-tədqiqat işləri öz bəhrəsini verməkdədir. Gələcəkdə Mərkəzin fəaliyyətinin daha da genişlənməsi nəzərdə tutulur. Təcrübələrin intensiv surətdə aparılması məqsədiylə laboratoriya müasir tələblərə cavab verən cihazlarla təchiz olunmaqdadır.
Qeyd edək ki, professor Eldar Şahbazov bir qrup alim və mütəxəssislərlə birgə neft sahəsinə gətirdiyi elmi yeniliklərə və əldə etdiyi nailiyyətlərə əsasən YUNESKO-nun “Nanoelm və Nanotexnologiyanın inkişafında töhfəsinə görə” medalının laureatı olmuşdur. Onun bu yaxınlarda yeni nəşrdən çıxmış «Научные основы системы «НАНОПАВ» для бурения и добычи нефти и газа» adlı kitabında nanotexnologiyanın köməyi ilə maye sistemlərin əsas reoloji göstəricilərinin yaxşılaşdırılmasının yeni metodları təhlil edilmişdir. “Kiçik konsentrasiya” və “super kiçik hissəciklərdə kiçik konsentrasiya” effektini «НАНОПАВ» sistemində effektiv prosesin nəzəri əsasları təqdim edilib, qazma prosesində “nanoyaddaş”ın işləmə prinsipi göstərilmişdir. İrəli sürülən elmi fikirlər və əldə olunan müsbət nəticələr Azərbaycanın neft sənayesində mənfəətə, iqtisadiyyatda isə səmərəyə gətirib çıxarır.
|