Sahibkarlıq: Biznes kreditləri
Sahibkarlar çox vaxt bizneslərini genişləndirmək və ya istehsalın davamlılığını təmin etmək üçün banklardan kreditlər cəlb edirlər. Bəs Azərbaycanda kredit imkanları nə səviyyədədir? Dövlət və özəl kredit təşkilatları sahibkarlara hansı kreditləri təklif edirlər?
2011-ci il iyul ayının 1-nə ölkəmizdə bank əməliyyatları aparmaq üçün 158 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 44-ü bank, 114-ü bank olmayan kredit təşkilatlarıdır. Azərbaycanda demək olar ki, bütün kredit təşkilatları kreditlərin verilməsilə məşğul olurlar. Kreditlərin arasında biznes kreditləri xüsusi yer tutur.
Banklar və bank olmayan kredit təşkilatları sahibkarlara kreditlərilə kömək etməyə hazır olduqlarını bildirirlər. Gəlin onların bir neçəsinin kredit şərtləri ilə yaxından tanış olaq.
AccessBank – işgüzar fəaliyyətini mikro, kiçik və orta sahibkarlara maliyyə xidmətlərin göstərilməsinə yönəldən bir təşkilatdır. Bank 100 ABŞ dolları/AZN/AVRO-dan 3 000 000 ABŞ dolları/AZN/AVRO-dək məbləğdə kredit almaq imkanı təqdim edir. Hər ay 7 000-ə yaxın sahibkar AccessBank-dan kredit alır. Sadə prosedurlar, çevik sənədləşmə prosesi, sənədlərin maksimum qısaldılmış siyahısı (məsələn, biznes-plan tələb olunmur), əlavə xərclərin az olması, girovlar üzrə ədalətli tələblər, biznes vəziyyətinə uyğun məbləğ və müddət, daim təkmilləşən kredit şərtləri sayəsində uzunmüddətli partnyorluq üçün əlverişli şərait-AccessBank-ın biznes kreditlərinin cazibədar tərəfləridir.
AccessBank biznes kreditlərini maksimum 60 aya qədər, aylıq 1,5% - 2,75%-lə verir (illik 18-33%-lə). Bank kredit üzrə 1% - 2% komissiya haqqı tələb edir. Daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev əşyaları, mal və ya zamin girov qismində çıxış edə bilər. Ödəniş ayda bir və ya iki həftədə bir dəfə bərabər hissələrlə aparılmalıdır və kreditin faizi yalnız qalmış məbləğdən ödənilir.
Yaxşı kredit tarixçəsi olan müştərilər AccessBank-da uzun müddətli kredit xətti aça bilər ki, bu da eyni zamanda bir neçə kreditin alınması və ya müxtəlif şərtlərlə kreditlərin paralel alınmasını mümkün edir. Kredit xətləri bank və müştəri arasında uzunmüddətli əməkdaşlıq üçün əsas yaradır.
DəmirBank da kiçik, orta və iri sahibkarlığın inkişafı üçün biznes kreditləri təklif edir. Bankın saytında göstərilir ki, Azərbaycan respublikasının vətəndaşı və daimi qeydiyyatı olan, minimum 3 ay stabil biznes fəaliyyəti olan, istehsalat, ticarət və təsərrüfatla məşğul olan fiziki və hüquqi şəxslər DəmirBankdan kredit əldə edə bilərlər. Mikro və kiçik kreditlər 36 ayadək 500 - 100 000 AZN və valyuta ekvivalentində illik 25%-dən (aylıq 2,1%-dən) başlayaraq verilir. Orta və iri məbləğli kreditlər isə 48 ayadək 100 001 AZN məbləğindən başlayaraq, faiz dərəcəsi bank tərəfindən fərdi qaydada müəyyən edilərək ayrılır.
“Bank of Baku” Alman - Azərbaycan Fondunun kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramı üzrə, Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramı üzrə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun proqramı üzrə və bankın daxili vəsaitləri hesabına 100 000 ABŞ dolları və daha iri məbləğdə biznes kreditləri təklif edir. Kreditlər Sahibkarlığa Kömək Milli Fondunun proqramı üzrə 60 aya qədər illik 7% - ə qədər, digər proqramlar üzrə isə 36 aya qədər illik 24 %-lə verilir.
TBC Kredit Azərbaycanda fəal bank olmayan kredit təşkilatlarından biridir. Biznes kreditləri TBC Kredit-in əsas fəaliyyət istiqamətlərindəndir. Təşkilat 20 000 - 500 000 ABŞ dolları məbləğində, 60 ayadək illik 18% - 24% -lə biznes krediti təklif edir.
Bəs əslində bankların təklif etdikləri kreditlər onların qeyd etdiyi kimi əlverişlidir?
Kiçik araşdırmamızın nəticəsi göstərir ki, kredit şərtləri sahibkarların “belini qırır”. Hətta bəzən kredit təşkilatlarının verdikləri kreditlərə görə müəyyən etdikləri faizlər kreditdən istifadə edənlərin əldə etdikləri mənfəət normasından yüksək olur.
Məsələn, Azərbaycan banklarından illik 21 %-lə, 36 ay müddətinə 50.000 manat kredit götürüldükdə müddətin sonuna qədər 67.815 manat ödənilməlidir. Yəni, 3 il ərzində sahibkarın kassasından faiz üçün 17.815 manat artıq pul çıxır.
Kredit götürən sahibkarın “dərdi” bununla bitmir. Kredit rəsmiləşdirilən zamanı xidmət haqqı, sənədləşdirmə, nağd vəsaitin verilməsi adı altında kredit götürəndən kredit məbləğinin 2-3 faizi həcmində komisyon da alınır. Hətta elə bank var ki, 5-7 faiz komisyon tələb edir (dəhşətdir). Belə deyək, yuxarıdakı misalımıza qayıtsaq, 50.000 manata görə 2-3 faiz hesabı ilə banka 1000-1500 manat da kredit götürülən zaman nağd ödənilməlidir. Bu ona bənzəyir ki, ərzaq mağazasının sahibi malın üstündə qazanmaqla bərabər, satıcısının alıcıya mal satdığına görə də əlavə xidmət haqqı istəyir. Elə bank kreditlərinin üzərindəki faiz ona görədir ki, banklar xidmət, icarə, əmək haqqı və s. kimi xərclərini ödəyə bilsinlər və gəlir əldə etsinlər. Görünür bizim banklar bütün kredit faizinə təmiz gəlirləri kimi baxırlar, digər xərclərini kredit götürənlərə ödədirlər.
Kredit götürən sahibkarın xərci yuxarıda göstərilənlərlə yekunlaşmır, qiymətləndirmə xidmətinə görə də haqq ödənməlidir. Girov qoyulan əmlakın qiymətindən asılı olaraq qiymətləndirmənin xərci 250-700 manat civarında dəyişir.
Beləliklə, bankdan 50.000 manat kredit götürmüş sahibkar sonda kreditə görə faiz və digər xərclər daxil olmaqla əlavə 20.000 manat ödəyir. Bir sözlə, sahibkara 50.000 manat məbləğində olan biznes krediti 70.000 manata başa gəlir.
Yuxarıda göstərilən hesablama 21%-lə aparılıb, amma elə banklar var ki, 33 %-lə də biznes krediti verirlər. Belə olan halda isə kredit götürənin itirdiyi məbləğ daha yüksək olur.
Ədalət naminə qeyd edək ki, banklar krediti annuitet adlanan qayda ilə hesablayırlar. Başqa sözlə, banklar krediti 21%-lə deyirlər, yekunda 12%-ni alırlar. Yəni faiz kreditin qalıq məbləğinə tətbiq edilir. Əgər bankdan götürülən məbləğə bir başa faiz tətbiq edilib aylar üzrə bölünsəydi, bu halda faizə görə daha artıq vəsait ödəniləcəkdir. Məsələn, 50.000 manatın illik 21%-i 10.500 manat edir, bu da 3 il müddətində 31.500 manat deməkdir. Lakin yuxarıda göstərildiyi kimi, banklar 3 il müddətində 50.000 manat üçün faizə görə 17.815 manat tələb edirlər. Yekunda müştəri kreditin 12 faizi həcmində artıq vəsait ödəyir.
Bəs nə üçün Azərbaycanda kredit faizləri yüksəkdir? Banklar və mütəxəssislər bu barədə fərqli düşünürlər. Banklarda hesab edirlər ki, Azərbaycanda kredit vermək daha riskli olduğundan faizlər yüksəkdir. Gələcəkdə qaytarılmayacaq krediti bərpa etmək üçün müştərilərə yüksək faizli kredit verilir. Həmçinin banklar kreditin baha olmasının səbəbini əmanətlərin faizinin yüksək olmasında və verilən hər bir kreditə görə məcburi 2% ehtiyat ayırmasında görürlər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, kreditlərin yüksək olmasının səbəbləri Mərkəzi Bankın kommersiya banklarına ayırdığı kreditlərin az olması və yerli bankların xarici banklardan cəlb etdikləri vəsaitləri tez bir zamanda qaytarmaq istəmələridır.
Qeyd edək ki, Mərkəzi Bank qlobal iqtisadi böhranın davam etdiyi dövrlərdə uçot dərəcəsini davamlı olaraq azaldaraq 2% səviyyəsinə endirmişdi. Amma inflyasiyanın artması meyilləri güclənildiyindən Mərkəzi Bank 1 mart 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 5%-ə qaldırılması barədə qərar qəbul etdi. Həmçinin kreditlərin ucuzlaşdırılması üçün Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini12 faizə endirmişdir. Bankların daha ucuz maliyyə vəsaitləri əldə etmələri üçün verilmiş bu qərarın yüksək kredit faizlərinə təsiri hələ də ciddi hiss edilmir.
Seymur Yunusov
|