MƏQALƏLƏR

Forex əməliyyatları

  • 21.10.2011

Forex əməliyyatları

İnformasiya texnologiyaları sahəsinin inkişafına paralel olaraq sərmayə alətlərinin virtual  mühitdə alqısı-satqısı hər gün artmaqdadır. Bunlardan biri də Forex bazarlarında aparılan əməliyyatlardır. 

Bu gün ölkəmizdə də beynəlxalq birjalarda valyuta məzənnələrinin artıb-azalmasından qazananlar - birja ticarətçiləri (treyder) ordusu formalaşmaqdadır. Ölkəmizdə foreks ticarəti adlandırılan bu fəaliyyət növü ilə 2000-ci ildən məşğul olmağa başlamışlar. Hazırda bu sahədə bir sıra şirkətlər fəaliyyət göstərir ki, bunardan ən tanınmışları “Forex-az”, “İnForex”,“LiderForex” və “Muğanbank Forex” şirkətləridir. Bu şirkətlərin işi ticarətə qoşulmaq istəyənlərə təhsil  vermək və müştərilərinə kredit dəstəyi göstərməkdir.

 

Forex dünyada ən böyük və ən sürətlə inkişaf edən bazarlardan biridir. Dünya üzrə ümumi dövriyyəsi 3 triliyon dollardan çox olan foreks bazarının konkret ünvanı yoxdur. Bu bazar xüsusi bir proqram quraşdırılmış və internetə qoşulmuş kompüterlərin arxasıdır. Yaradılmış xüsusi sistem gecə-gündüz çalışır. Sistemin çalışma formasına gəldikdə isə bu belədir: Tutaq ki, Yaponiya bankı 1 milyard funt sterlinq alırsa, hec kim həmin pulları təyyarəyə dolduraraq, xüsusi mühafizə altında Brityaniyadan gündoğan ölkəyə göndərmir. Bunun mənası da olmazdı. Çünki bir muddətdən, ola bilər bir neçə dəqiqədən, ola da bilər bir neçə gündən sonra Yaponiya bankı həmin pulu məsələn, avroya dəyişəcək. Həmin milyard funt sterlinqi alan Almaniya bankı isə onu ABŞ dolları ilə mübadilə edəcək. Onlara qalan bu mübadilə prosesindən əldə etdikləri gəlir olur. Hazırda foreks bazarında təkcə banklar iştirak etmir. Dünyanın müxtəlif ölkələrindən yüz minlərlə fərdi insanlar bu ticarətə qoşulurlar.

 

Gündəlik həyatımızda tez-tez valyuta məzənnələrinin dəyişdiyini eşidib və görürük. Məsələn, 1 avro 1.3838 dollara alınır və 1.3840 dollara satılır. Forex ticarətində satışa “Bid” alışa isə “Ask” deyilir. Satış və alış arasındakı fərq (“Bid” ilə “Ask” arasındakı fərq) spred adlanır və valyutanın alınıb-satılması ilə məşğul olanın (brokerin) gəlirini əmələ gətirir. Satış və alış qiymətlərinin artıb-azalmasının ölçü vahidi bənd adlandırılır. Birja dilində “punkt” deyilən bu artıb-azalmanı belə başa düşmək olar, məsələn, satış qiyməti 1.3838 ilə alış qiyməti 1.3840 arasındakı  0, 0002 olan fərq 5 punkt deməkdir. 1 punkt 0,0001 baza valyutası, yəni avro, dollar, rubl və sairədir. Ümumiyyətlə, valyuta birjalarında 1 “punkt” dəyişmə 10 000 baza valyutasında (tutaq ki, 10 000 avro) 1 baza valyutası (1 avro) gəlir və ya ziyan deməkdir.

Birjalarda  ticarət əməliyyatlarının həcm ölçüsü lotdur (partiya). Belə ki, 1 lot 100 000 baza valyutası kimi qəbul olunub. Yenə misalımızdakı məzənnəni əsas götürərək 100 000 avro almaq istəsək  138400  123140 dollar ödəmək lazım olacaq. Bir müddət sonra (bir saat, bir gün və ya bir ay) avronun alış qiyməti dəyişib tutaq ki, 139400 dollar olarsa bu zaman alınmış 100 000 avronu satıb 139400 dollara çevirə bilərik. Bu zaman 139400  dollar ilə  138400  dollar arasındakı 1000 dollar  (139400 -138400) müsbət fərq  qazanc olacaqdır.

Qeyd edim ki, birjalarda ticarətə qoşulmaq üçün bu qədər məbləğə ehtiyac yoxdur.  Broker şirkətlərinin köməyi ilə kiçik məbləğlərlə də ticarətə qoşulmaq olar. Bəs necə? Qayda belədir ki, seçdiyiniz broker şirkətində açdığınız hesaba, tutaq ki, 25 dollar pul qoyursunuz. Həmin şirkət hesabınızdakı pulu 50, 100 və ya 200 dəfə (1:50, 1:100, 1:200) böyüdə  bilir. Əvvəlki misalımıza qayıtsaq broker şirkətinin 1:100 kredit dəstəyi sayəsində həmin əməliyyat üçün tələb edilən vəsaitin 1%-i, başqa sözlə, 1383 dollar kifayətdir (1.383x100).

Hazırda ölkəmizdən də foreks bazarında uğur qazananlar var. “Maximus” ləqəbi ilə tanınan 24 yaşlı Lətif Baxışov belələrindəndir. 500 dollarlıq mini-hesab açmaqla, hər həftə təxminən 500 dollar qazanc götürən bu treyder deyir ki, treyderlik etməklə dolanmaq olar. Bunun üçün səbr, özünə əminlik və təlaşa yol verməmək lazımdır. Treydinqin qumara, lotereyaya, at yarışına bənzədilməsinin səhv olduğunu deyən Lətif Baxışov  treydinqin bəxt oyunu deyil, bir ticarət olduğunu söyləyir. “Mən düşünürəm ki, insan nə qədər ağıllı, savadlı olsa, treydinqdə bir o qədər uğur əldə edər,”- deyən Lətif Baxışov onu da bildirdi ki, günlərlə indikatorları, osillyatorları araşdırmaqdansa, ölkələrin iqtisadiyyatını araşdırmaq lazımdır: “Misal üçün, Yaponiya ixracatını hansı valyuta ilə aparır? Növbəti aylarda hansı ölkələr arasında iqtisadi sövdələşmələr nəzərdə tutulur?”

Digər müvəffəqiyyət qazanmış fərdi treyderlərimizdən olan Çingiz Hacızadə də qeyd edir ki, səbrli olmaq foreks ticarətində çox vacibdir. O, deyir ki, foreksdə depozitini itirmək təhlükəsi həmişə var. Əgər siz öz işinizi peşəkar şəkildə bacarmırsınızsa risk çox böyükdür, peşəkarlar üçün isə təhlükə varsa da, minimumdur.

Foreksdən söhbət düşmüşkən onu da əlavə edək ki, bu ticarət növünün halal yoxsa haram olması geniş müzakirə olunur. Foreks bildiyimizə görə valyuta ticarətidir. Yəni burada əmtəə (mal) müxtəlif dövlətlərin valyutasıdır. Foreksdə  müxtəlif valyutaların dəyərinin enməsi və ya qalxması ilə bu valyutaların ticarəti ilə məşğul olanlar gəlir əldə edir. Ancaq burada bu valyutaların qiyməti ümumi bir qanunauyğunluqla tənzimlənmir. Gözlənilməz hər hansı bir iqtisadi və yaxud siyasi hadisə valyutanın qiymətinə təsir edir. Bu baxımdan foreks ehtimal ifadə edir. Bəli, burada müəyyən analitik proqnozlar nəticəsində hərəkət edilsə də, bunlar qətilik ifadə etmir.  Bu baxımdan əsas irəli sürülən fikir budur ki, foreksdə  iştirak etmək ən azından islam dini baxımından  şübhəlidir.

Bütün bunlara baxmayaraq Forex çox riskli sahədir.  Bu sahədə risk nə qədər çox olarsa qazanc və itki  də o bir qədər yüksək olar. Bu sahədə əməliyyatlara qatılmağa qərar verən şəxs mütləq öz iqtisadi vəziyyətini yaxşı analiz etməlidir.

Seymur Yunusov