MƏQALƏLƏR

Azərbaycan alimləri Mərmərə Universitetində Simpoziumda 2011-ci il oktyabrın 21-də Türkiyənin Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda “Yükselen ekonomilerde finansman: fırsatlar, sorunlar ve çözümler” mövzusunda “10-cu Beynəlxalq Maliyyə” simpoziumu keçirilmişdir.

  • 28.10.2011

Azərbaycan alimləri Mərmərə Universitetində Simpoziumda

2011-ci il  oktyabrın  21-də Türkiyənin Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda “Yükselen ekonomilerde finansman: fırsatlar, sorunlar ve çözümler” mövzusunda  “10-cu Beynəlxalq Maliyyə” simpoziumu  keçirilmişdir.  Simpoziuma Azərbaycandan da  nümayəndə heyəti qatılmışdır.  Ölkəmizi simpoziumda iqtisad elmləri doktoru, professor Zahid Fərrux  Məmmədov və “Standart Sığorta” ASC-nin vitse-prezidenti,  hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Mustafa Abbasbəyli təmsil etmişlər.

 Simpozium haqqında  maraqlı fikirlərini bizimlə bölüşən  professor Zahid Fərrux Məmmədov  qəzetimizə bu barədə məlumat verdi:

-          Simpozium yüksək səviyyədə təşkil olunmuşdu. Konfransda bir çox maraqlı çıxışlar oldu,  əsasən də Türkiyənin  Baş nazirinin keçmiş  müavini, keçmiş  millət vəkili, İstanbul Ticarət Universitetinin rektoru professor  Nazim Ekremin də simpoziumdakı çıxışı böyük  maraq doğurdu. Mən və Mustafa Abbasbəyli də  məruzə ilə çıxış etdik. İlk olaraq, “Standart Sığorta” ASC-nin vitse-prezidenti  hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Mustafa Abbasbəyli “Qlobal maliyyə böhranından sonra Azərbaycanda  sığorta bazarı” mövzusu ilə bağlı çıxış etdi.   O, iştirakçıların diqqətinə çatdırdı ki, qlobal maliyyə böhranı dövründə Azərbaycanda sığorta bazarı  özünün inkişafını qoruyub saxlaya bilmişdir.

Zahid müəllim, sizin çıxışınızın  mövzusu nədən ibarət idi?

-          Mən MDB ölkələrində böhran və antiböhran siyasəti, Azərbaycana tətbiq olunan antiböhran modeli  haqqında çıxış etdim. Qeyd edim ki, çıxışım çox böyük marağa səbəb oldu. Belə ki, protokol qaydalarına görə mənə 10 dəqiqəlik çıxış vaxtı ayrılmışdı, buna baxmayaraq ünvanlanmış  sualların çoxluğundan çıxışım 1 saatdan artıq davam etdi.  Mən öz çıxışımda belə bir fikir səsləndirdim:  Bu gün iqtisadi problem nədədir?  Əvvəllər iqisadiyyatı xəstələnmiş ölkələrə Amerika “resept” yazırdı. Bu gün isə həkim özü, yəni ABŞ  xəstələnib. Onu müalicə edəcək həkim kim olacaqdır? Günümüzün əsas problemi də elə budur. Bu fikrim simpoziumda çox böyük alqışa səbəb oldu.

Zahid müəllim, tədbirdə daha kimlər  iştirak edirdilər?

-          Tədbirdə İstanbul Fond Birjasının əməkdaşları da iştirak edirdilər. Onlar əsasən Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki şirkətlər və onların fəaliyyətləri haqqında maraqlandılar. Biz onlara  bu mövzular barədə geniş məlumat verdik. Əsasən qiymətli kağızlar bazarı, özəlləşdirmə prosesi, Bakı Fond Birjasının listinq qaydaları haqqında çoxlu suallar oldu.

 Zahid müəllim, hazırda qardaş Türkiyənin bir çox universitetlərində təhsil alan gənclərimiz var. Səfərləriniz zamanı onlarla təmasda olursunuzmu?

-          Həqiqətən, bu gün xaricdə  təhsil alan tələbələrimizin sayı getdikcə artır. Bu   simpoziumda da Türkiyədə təhsil alan 20-dən  artıq azərbaycanlı tələbə fəal şəkildə iştirak edirdi. Onların ünvanladıqları suallardan belə qənaətə gəlmək olar ki, onlar böyük dünya görüşünə sahib, ağıllı və savadlı Azərbaycan gəncliyidir. Xüsusilə vurğulamaq istəyirəm ki, Mərmərə Universitetində təhsil alan Cəfər Bağırov simpoziumda fəallığı ilə seçilirdi . Onun bizə qarşı olan qonaqpərvərliyi, köməyi həqiqətən tərifəlayiqdir. Biz belə qərara gəldik ki, həmin tələbələr  Azərbaycanda sığorta üzrə  təcrübə keçsinlər. Bu məqsədlə onlar yay aylarında “Standart Sığorta” ASC-də staj keçəcəklər.

Eşitdiyimizə görə bu mötəbər məclisdə sizin son kitabınızın təqdimatı olmuşdur. Bu barədə nəyi oxucularla bölüşmək istərdiniz?

-          Doğrudur, konfransdan sonra “Bank fəaliyyətinin əsasları” adlı kitabımın təqdimatı keçirildi. Kitabım gözləmədiyim səviyyədə marağa səbəb oldu. Təqdimat mərasimində professor Eriş Hayati kitab haqqında geniş məlumat verdi. Onu da qeyd edim ki,  müəllifi olduğum kitabın türk dilinə tərcümə edilərək çap edilməsi ilə bağlı  “DER” nəşriyyatı ilə müqavilə imzaladım. Həmçinin Mərmərə Universitetinin professoru Hayati Eriş Mustafa Abbasbəylidən  Sığorta bazarı barədə kitab hazırlamağı da xahiş etdi”.

-           Zahid müəllim, ölkəmizi yüksək səviyyəli tədbirdə layiqincə təmsil etdiyinizə görə sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə  uğurlar arzulayırıq.

Haşiyə:  professor Məmmədov Zahid Fərrux oğlu «Maliyyə, pul-kredit siyasəti» sahəsində tədqiqatlar aparır. Azərbaycan Milli Elmlər  Akademiyasının Rəyasət Heyətinin yanında iqtisadçı alimlərdən ibarət  “işçi qrupu”nun koordinatoru Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının iqtisadiyyat üzrə problem şurasının üzvü,  Banklar və Dövlət maliyyəsi haqqında Normativ – hüquqi aktlar toplusunun elmi redaktoru və məsləhətçisidir. Z.F.Məmmədov Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin yayın orqanı – “Öngörü” jurnalının beynəlxalq elmi şurasının üzvü və RF Hökuməti yanında maliyyə Akademiyasının “Вестник Финансовой Академии» beynəlxalq elmi nəşrin redaksiya heyətinin üzvüdür. Azərbaycan dövlətin tətbiq etdiyi iqtisadi siyasət mövzusunda tez-tez müxtəlif televiziya proqramlarında  ekspert statusunda iştirak edir (100-dən yuxarı çıxış və müsahibələri vardır). 150 еlmi əsərin müəllifidir.

Müsahibəni hazırladı:

Günel Zeynalzadə