AZƏRBAYCANIN MİLLİ MARAQ VƏ MƏNAFELƏRİNİ LAYİQİNCƏ TƏMİN EDƏN SİYASƏT
AZƏRBAYCANIN MİLLİ MARAQ VƏ MƏNAFELƏRİNİ LAYİQİNCƏ TƏMİN EDƏN SİYASƏT
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Prezident İlham Əliyev respublikamızın yüksəlişinə xidmət edən siyasi kursunu böyük qətiyyətlə, müdrikliklə, uzaqgörənliklə həyata keçirir.
Ötən ilin sonlarından yayılan COVİD-19 infeksiyası bəşəriyyəti yeni çağırışlarla üz-üzə qoyub. Bu mənada koronavirusun yayılmasının qarşısının alınması, iqtisadi geriləmənin aradan qaldırılması, insanların sağlamlığı və təhlükəsizliyi kimi məsələlər indi bütün sivil ölkələri düşündürən qlobal problemlərdəndir.
Azərbaycan dünyanın bir parçası olduğundan yaranmış vəziyyət respublikamızı ciddi sınaq qarşısında qoydu. Lakin bu gün dünyada koronavirusla qətiyyətli mübarizə aparan ölkələrin arasında Azərbaycanın adı birincilər sırasında gəlir. Eyni zamanda, respublikamız COVİD-19-la qlobal mübarizəyə də mühüm töhfələr verir.
Vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyinin təmin olunması əsas vəzifədir
COVID-19 infeksiyasının yaratdığı pandemiya reallığı ilə əvvəllər heç bir ölkə qarşılaşmayıb. Odur ki, koronavirus pandemiyası indi hamımız üçün ümumi bəla və imtahan sayılır. Hazırda bu vəziyyət bütün bəşəriyyət üçün təhlükə mənbəyi olmaqda davam edir. Genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb. Bəzi mütəxəssislərin haqlı olaraq qeyd etdiyi kimi, bu, sadəcə pandemiya deyil, bəşəriyyətə qarşı başlanmış silahsız, əsgərsiz bir müharibədir. Amansızlığı ilə dünya müharibələrindən heç də geri qalmayan qeyri-adi bir müharibə. Artıq son statistikaya görə, bütün dünyada bu infeksiyaya yoluxanların sayı 11 milyonu, vəfat edənlərin sayı ilə 500 mini ötüb. Təxminən altı ay ərzində bu qədər insan itkisinin olması virusun kifayət qədər təhlükəli olduğunu göstərir.
Virus ölkəmizdən də yan ötmədi. Lakin həyata keçirilən səmərəli tədbirlər nəticəsində ilkin mərhələdə koronavirusla mübarizədə uğurlu nəticələr əldə edildi. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə ilk gündən həssas reaksiyaları, həyata keçirilən tədbirlər göstərdi ki, Azərbaycan dövləti insanların sağlamlığı üçün lazım olan bütün addımları atır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması, məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olan Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, xaricdən tibbi laboratoriyaların alınması, modul tipli xəstəxanaların yaradılması, qoruyucu tibbi maska fabriklərinin açılması, sahibkarlıq subyektində çalışan 600 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsinin dövlət tərəfindən ödənilməsi, işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi, ictimai iş yerlərinin yaradılması cənab İlham Əliyevin öz xalqının yanında olduğunu, öz vətəndaşının taleyinə son dərəcə diqqətlə yanaşdığını növbəti dəfə təsdiq etdi.
Təəssüf ki, may ayında karantin rejiminin yumşaldılmasına başlanılmasından sonra virusa yoluxma hallarında artım baş verdi. Vəziyyət xüsusən iyun ayında daha da pisləşdi ki, bunun da səbəbi məhz vətəndaşların özlərinin məsuliyyətsizliyi, karantin rejimi tədbirlərinə əməl etməmələridir. Vətəndaşlarımızın dövlətin pandemiyaya qarşı mübarizəsinə həsasslıqla yanaşması, prezidentimizin çağırışlarına və Operativ Qərargahın tövsiyələrinə ciddi dəstək nümayiş etdirmələri virusun yayılmasının qarşısının alınmasında əsas məsələlərdir. Mən hər bir vətəndaşımızı bu qaydalara əməl etməyə çağırıram. Əgər biz bu məsələdə həmrəylik nümayiş etdirsək, virusa uğurla qalib gələ biləcəyik.
Azərbaycan prezidentinin liderlik missiyası
Koronavirus insanların həyatını təhlükə altında qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı, qlobal, sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Yaxın dövrlər üçün üfüqdə ümidverici heç nə görünmür. Ən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz durumda qalıb.
Bu qlobal problem bir sıra şərtləri diqtə edir ki, onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurası bu məsələdə ortaya mövqe qoya bilməyiblər, dünyanın aparıcı dövlətləri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.
Bir daha təkrar edim ki, müharibə ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünütəcrid və fraqmentar xarakter daşıyan tədbirlərlə yanaşı, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.
Təsadüfi deyil ki, dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Ən əsası ilk gündən koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini bəyan edən Prezident İlham Əliyev bu məsələdə də qlobal liderlik missiyasını öz üzərinə götürüb.
Türk dövlətlərinin həmrəyliyinin güclənməsi zamanın tələbidir
Qlobal problemlə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının Zirvə görüşü oldu. Bu gün türk dövlətlərinin həmrəyliyinin güclənməsi zamanın tələbidir. Çünki ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin sıx və səmərəli əməkdaşlığı, həmrəy olmaları qloballaşan və sürətlə dəyişən dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Bu, türk dövlətlərinin qlobal təhdid və çağırışlara cavab verə bilmələri, daha da möhkəmlənmələri, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz maraqlarını müdafiə etmələri baxmından olduqca vacibdir.
Dünyanın koronavirus təhlükəsi ilə təhdid olunduğu bir vaxtda türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri, bu qlobal problemin mənfi təsirlərini azaltmaq üçün birgə səy göstərmələri xüsusilə aktualdır. Təsadüfi deyil ki, rəsmi Bakı məsələyə məhz bu prizmadan yanaşır. İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olub.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirdi. Bəli, Azərbaycan prezidenti indiki həssas durumda belə böyük siyasi qətiyyət nümayiş etdirərək, Türk Şurasının sədri kimi bu qurumun səmərəli fəaliyyətinə nail olur, eyni zamanda, qardaş və tərəfdaş ölkələrlə həmrəylik nümayiş etdirir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan prezidentləri və Macarıstanın Baş naziri ilə yanaşı, ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesusun konfransda iştirakı İlham Əliyevin koronvirusla mübarizə sahəsindəki təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin təsdiqi idi. Təsadüfi deyil ki, konfrans iştirakçısı olan bütün dövlət rəhbərləri, o cümlədən ÜST Baş direktoru Prezident İlham Əliyevə təşəkkürlərini ifadə etdilər. Çıxışlarda fövqəladə Zirvə görüşünün koronavirus pandemiyası ilə mübarizədə türkdilli dövlətlərin həmrəyliyini daha da möhkəmləndirəcəyi birmənalı bəyan olundu.
Azərbaycanda koronavirusla mübarizə sahəsində və problemin sosial-iqtisadi sferaya təsirini azaltmaqla bağlı müəyyən təcrübə formalaşıb. Respublikamız bu təcrübəni yaxın və tərəfdaş ölkələrlə bölüşməyə, onlara gərəkən yardımı etməyə də hazırdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində əsas niyyətlərdən də biri məhz bu olub. «Fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir», - deyə Prezident İlham Əliyev konfransdakı çıxışında bəyan edib.
Xatırladım ki, ötən ilin oktyabrında VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Azərbaycana keçib. İndiyə qədər Azərbaycan nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdalığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirib. Məsələn, respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir. Bütövlükdə Azərbaycan özünün şaxələndirilmiş nəqliyyat sistemi və logistika imkanları ilə həm də türk dünyasına öz töhfəsini verir.
Sədrlik dövründə isə rəsmi Bakının əsas məqsədi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə nail olmaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək. Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi respublikamızın bu istiqamətdə atdığı mühüm addımlardan biri oldu. Təbii ki, Zirvə görüşünün keçirilməsi və səslənən təkliflərin həyata keçirilməsi koronavirus təhlükəsinin səngimədiyi indiki dövrdə türkdilli dövlətlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Ən əsası isə odur ki, Azərbaycan prezidentinin təşəbbüsünün dəstəklənməsi və təqdir olunması türkdilli dövlətlər arasındakı həmrəyliyin möhkəm olduğunu və İlham Əliyevin qeyd etdiyi kimi, onların yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birinin yanında olduğunu göstərir.
Qoşulmama Hərəkatı pandemiyaya qarşı
Məhz Türk Şurasının fövqəladə Zirvə görüşündən sonra qlobal problemin mənfi təsirlərini azaltmaq üçün dövlətlərin birgə səy göstərmələri bütün dünyada aktuallaşmağa başladı. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu məsələdə baş sındırdıqları halda Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizədə qlobal həmrəyliyə həsr olunan növbəti beynəlxalq tədbir baş tutdu. Bu, mayın 4-də keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü oldu.
Bildiyiniz kimi, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının ötən ilin oktyabrında Bakıda keçirilən XVIII Zirvə görüşü Azərbaycanın olduqca mühüm beynəlxalq siyasi uğuru kimi tarixə düşdü. Çünki bu Zirvə görüşü ölkəmizdə müstəqillik illərində keçirilən ən böyük siyasi tədbir olmaqla yanaşı, həm də Azərbaycanın milli maraqlarının qlobal miqyasda dəstəklənməsi ilə yadda qaldı. Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisi idi. Başqa bir etimad ondan ibarətdir ki, Azərbaycan 2022-ci ilədək Qoşulmama Hərəkatına rəhbərliyi həyata keçirəcək. Hərəkatın sədri isə Prezident İlham Əliyevdir.
Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi. BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan təşkilatda 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirildi.
Zirvə görüşünə BMT-nin baş katibi Antonio Quterreşin, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyinə və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisi oldu.
Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı isə Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olub.
Bu tədbiri keçirməklə Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına Sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsi və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Eyni zamanda, Zirvə görüşü göstərdi ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Ən əsası isə Zirvə görüşü koronavirusla qlobal mübarizənin daha da güclənməsinə təkan verəcək. Prezident İlham Əliyev Zirvə görüşündəki yekun nitqində bu barədə deyib: «Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir».
Zirvə görüşü ilə bağlı başqa mühüm məqam ondan ibarətdir ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
Azərbaycanın COVİD-19-a qarşı mübarizədə göstərdiyi qlobal həmrəylik nümunəsi yalnız beynəlxalq tədbirlərin keçirilməsi ilə yekunlaşmadı. Belə ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə könüllü ianə ayırmaqla, 30-dan artıq dövlətə humanitar yardım etməklə beynəlxalq həmrəyliyə əməli töhfələr verdi. Həmin ölkələrin bir qismi Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının üzvləridir. Beləliklə, bütün dünya üçün önəmli vaxtda Azərbaycan əsl liderlik nümunəsi ortaya qoymuş oldu. Dünyada ikinci bir dövlət tapmaq çətindir ki, pandemiya dövründə Azərbaycan qədər humanitar yardım göstərsin.
Amma bir məsələni də unutmaq lazım deyil ki, dövlətlər inkişaf səviyyələrinə, daşıdıqları siyasi, mədəni, mənəvi və digər dəyərlərə, mənsub olduqları cəmiyyətlərin daxili tələbatlarına görə bir-birlərindən fərqlənirlər. Bu baxımdan hər bir ölkənin spesifikası fərdi yanaşma tələb edir. Ona görə koronavirusla mübarizədə qlobal həmrəyliyin nümayiş etdirilməsi hər ölkəyə eyni yanaşmanın tətbiqi anlamına gəlməməlidir. Məhz hər bir ölkənin tələb və xüsusiyyətlərinin nəzərə alınacağı təqdirdə qlobal milli həmrəylik öz müsbət nəticəsini verə bilər.
İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi iclası keçiriləcək
Məlum olduğu kimi, COVİD-19-un qlobal problem olduğunu nəzərə alaraq Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü.
Bundan sonra təklif Qoşulmama Hərəkatına üzv olan 120 ölkə arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Hərəkatın sədri kimi Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi may ayının 28-də Baş Assambleyanın “Prosedur Qaydaları”na uyğun olaraq, bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Prosedura əsasən, BMT-yə üzv azı 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Sevindirici haldır ki, müddətin bitməsinə qədər 130-dan çox dövlət təşəbbüsə dəstək verib.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Beləliklə, bu dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılacaq. 130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünü dəstəkləməsi bütün dünyaya məlum bir həqiqətə yeni işıq saldı.
Bu həqiqət isə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının beynəlxalq siyasi arenada ən yüksək nüfuza malik dövlət başçılarından biri olmasıdır. Bəli, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması prosedurunun uğurla yekunlaşması ilk növbədə dövlətimizin rəhbərinin beynəlxalq münasibətlər sistemindəki yüksək siyasi nüfuzunun təsdiqi oldu. Bu təşəbbüsün dəstəklənməsi həm də onu göstərir ki, İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir. Əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.
Torpaqlarımızın azad olunmasının hüquqi və siyasi əsasları möhkəmlənir
Son dövrlərin mühüm hadisələrindən biri də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirdiyi tədbirdə Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq və terrorçuluq siyasətini bir daha tutarlı faktlarla beynəlxalq ictimaiyyət qarşısında ifşa etməsi oldu. Bu Sammitdə Prezident İlham Əliyevin Azərbaycanın üzləşdiyi işğalla bağlı faktları diqqətə çatdırması Ermənistana növbəti siyasi-diplomatik zərbənin vurulması ilə nəticələndi. Hər dəfə olduğu kimi, beynəlxalq təşkilatların tədbirində söz alıb Prezident İlham Əliyevin fikirlərinə cavab vermək istəyən erməni baş nazir təcrübəli dövlət başçıları və siyasətçilər arasında bir daha tamamilə yad biri olduğu təsirini bağışladı. Eyni zamanda, Ermənistanın baş naziri söhbətə müdaxilə etmək istəyərkən əslində ölkəsinin işğalçılıq siyasətini ifşa etmiş oldu. Bunun ən bariz nümunəsi Paşinyanın beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” ifadəsini işlətməsidir. Məlum olduğu kimi, erməni rəsmi təbliğatı Qarabağı qondarma ifadə olan “Artsax” adlandırır. Hansı ki, bu ifadə heç erməni ictimaiyyətində də işlək deyil. Beynəlxalq səviyyədə isə “Naqornıy Karabagh” ifadəsindən istifadə olunur ki, buradakı «Karabagh» Azərbaycan dilində Qarabağ sözünün ingiliscə yazılışıdır. Paşinyan məhz bu sözü işlətməklə Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etmiş oldu və bununla həm də Ermənistanın işğalçılıq siyasətini ifşa etdi.
Paşinyan həm də növbəti yalana imza atdı. Əslində burda təəccüblü heç nə yoxdu. Çünki xəstə erməni təfəkkürü məhz yalan və saxtakarlıq üzərində qurulub. Erməni baş nazirin yalanı isə Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarı ilə bağlı oldu. Belə ki, Paşinyan yalan danışaraq iddia etdi ki, guya həmin qərarda Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyi barədə fikirlər yer alıb. Onun daha bir narazılığı isə Ramil Səfərovun Azərbaycana ekstradisiyası və qəhrəman kimi qəbul olunması idi.
Birincisi, Avropa İnsan Hüquqları Məhkəməsinin mayın 26-da çıxardığı “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar hər kəs üçün əlçatandır və göstərir ki, həmin sənəddə Paşinyanın iddia etdiyi kimi, Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirməsi ilə bağlı bir söz belə yoxdur. Eyni zamanda, bu qərarın çıxarılması ilə erməni tərəfi qarşıya qoyduğu əsas hədəfə nail ola bilməyib və Budapeşt şəhərində baş vermiş hadisəyə görə Azərbaycanın məsuliyyət daşıması barədə ermənilərin iddiası tamamilə iflasa uğrayıb.
Prezident İlham Əliyevin «Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim» sözləri isə cəmi bir neçə cümlə ilə Ermənistanın terrorçu siyasətinin ifşası oldu. İlham Əliyev erməni terrorçuluğunun yalnız bir epizodunu xatırlatdı. Erməni terroru ilə bağlı həqiqətləri kifayət qədər uzatmaq olar. Çünki onların həyata keçirdikləri qanlı cinayət əməllərinin sayı bir deyil, iki deyil, saysız-hesabsızdır. Bu hadisələr zamanı zərər çəkənlər həm də elə Avropa və Amerika vətəndaşları olublar.
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində baş verənlər Ermənistanın beynəlxalq səviyyədə ifşa siyasətinin uğurlu davamı idi. Prezident İlham Əliyevin səsləndirdiyi bütün fikirlər dünya ictimaiyyətinə bir daha ciddi mesaj oldu. Dövlət başçısı Azərbaycanın üzləşdiyi problemin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqla haqqın bizim tərəfimizdə olduğunu əsaslandırdı.
Bütün bunlar Azərbaycanın Ermənistan üzərində qələbəsini yaxınlaşdırır, işğal edilmiş torpaqlarımızın azad olunmasının hüquqi və siyasi əsaslarını möhkəmləndirir.
İqtisadiyyatımızın dayanıqlığı və ahəngdarlığı üçün bütün imkanlar səfərbər edilir
COVİD-19-un yeni çağırışlarla üz-üzə qoyduğu dünya dövlətlərini düşündürən əsas məsələlərdən biri iqtisadiyyatda baş verən geriləmələrdir. İstisnasız olaraq bütün inkişaf etmiş dövlətlərin iqtisadi durumu pisləşib. Almaniya, ABŞ kimi dövlətlərin iqtisadçıları ölkələrinin öz inkişaf tarixinin ən çətin dövrünü yaşadığını gizlətmirlər. Beynəlxalq iqtisadi qurumlar bildirirlər ki, qlobal iqtisadiyyatın pandemiyadan əvvəlki vəziyyətə qayıtması üçün müəyyən vaxt lazımdır.
Son illərdə yeni inkişaf göstəriciləri nümayiş etdirən Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyata əhəmiyyətli dərəcədə daxil olub. Ona görə dünyada baş verən təlatümlərin, risklərin milli iqtisadiyyatımıza təsir etməsi qaçılmazdır. Son onilliklərdə baş vermiş beynəlxalq maliyyə-iqtisadi böhranları da bunu təsdiq edir. Lakin bildiyiniz kimi, dövlətimiz həmişə bütün sınaqlardan üzüağ, alnıaçıq çıxıb.
Koronavirus infeksiyasının yayıldığı son aylarda Azərbaycan iqtisadiyyatında da azalmalar baş verdi. Təbii ki, buna dünyada neftin qiymətində baş verən kəskin azalma da əhəmiyyətli dərəcədə təsir etdi. Lakin Azərbaycan ümumilikdə dayanıqlıq nümayiş etdirib. İqtisadiyyatımızda baş verən azalma kritik səviyyədə deyil, xarici borclarımızda artım yoxdur, monetar siyasətdə heç bir dəyişiklik baş verməyib, inflyasiya proqnozlaşdırılan səviyyədədir.
Bunun da səbəbi təbii ki, respublikamızda yaradılmış möhkəm iqtisadi təməldir. Xüsusən son illərdə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən yeni iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində mühüm irəliləyiş baş verib, dövlət büdcəsinin formalaşmasında qeyri-neft gəlirlərinin səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Ona görə son aylarda neftin qiymətinin aşağı düşməsinə, ixracın azalmasına baxmayaraq, iqtisadiyyatımızda kəskin təbəddülatlar baş verməyib.
Onu da unutmaq lazım deyil ki, koronavirus təhlükəsi meydana çıxandan Azərbaycan dövləti iqtisadiyyatın deyil, məhz insanların təhlükəsizliyini prioritet edib. İqtisadiyyatı bərpa etmək olar, amma itirilmiş insan həyatını yox. Cənab Prezident iyunun 9-da modul tipli xəstəxanaların açılışında bu məsələyə olduqca müdrik münasibət bildirərək deyib: «Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik».
Koronavirus infeksiyasının yayılması göstərdi ki, insan həyatı olduqca qiymətlidir və təəssüf ki, bir sıra hallarda xəstəliyə yoluxanları həyata qaytarmaq mümkün olmur. İqtisadiyyatda baş vermiş azalmanı isə ən qısa müddətdə artımla əvəz etmək mümkündür. Cənab İlham Əliyev üçün ən həssas məsələ insanların sağlamlığıdır. Əlbəttə, pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərərin həcmi barədə danışmaq hələ ki tezdir. Amma görülən qabaqlayıcı tədbirlər iqtisadi fəallığın bərpası prosesinə kömək edəcək.
Beynəlxalq maliyyə institutları ilə milli maraqlar çərçivəsində əməkdaşlıq güclənir
Son dövrlərin bir reallığı da odur ki, Azərbaycan dövləti öz daxili imkanları hesabına lazım olan bütün layihə və proqramları yerinə yetirir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 17 ildə iqtisadi və sosial layihələrin böyük qismi heç bir kənar maddi dəstək olmadan həyata keçirilib. Yəni, ölkəmizə qoyulan sərmayələrin əsas hissəsi məhz daxili imkanlar hesabınadır.
Bununla belə, dövlətimiz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığa daim açıqdır. Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı indiyədək ölkəmizdə bir sıra layihələrin həyata keçirilməsində yaxından iştirak ediblər. Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərliyi ilə iyunun 1-də, Dünya Bankının rəhbərliyi ilə isə iyunun 17-də keçirdiyi videokonfranslarda səslənən fikirlər göstərdi ki, tərəflər əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə konkret layihələr də var.
Öncə onu qeyd edim ki, hər iki beynəlxalq təşkilat Azərbaycanın inkişafını daim obyektiv şəkildə qiymətləndiriblər. Məsələn, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edib. Həmçinin, Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə biznes mühitinin yaxşılaşması istiqamətində son illərdə həyata keçirilmiş tədbirlər də Dünya Bankının sonuncu “Doing Business” hesabatında yüksək qiymətə layiq görülüb və Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib. Dünyanın bir çox ölkələrini geridə qoymaqla Azərbaycan həm də Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Dünya Bankının Azərbaycanla əməkdaşlığına gəldikdə, qısa müddətdə bu əlaqələr qarşılıqlı etibar və etimada əsaslanaraq ardıcıl davam etmiş və çox yaxşı haldır ki, indiki mürəkkəb zamanda da proses səngiməmişdir. Təsadüfi deyil ki, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa başladığı dövr ərzində ölkəmizin iqtisadiyyatı 3 dəfə böyümüş, yoxsulluq problemi, demək olar ki, həll edilmişdir. Məhz bu kimi səbəblər üzündən keçən il Dünya Bankı ilə yeni milli iqtisadi inkişaf strategiyasının hazırlanması üzrə danışıqlara başlanıb. Hazırda tərəflər 2016-2020-ci illəri əhatə edən strategiya üzərində çalışırlar və onun müddəti məlum səbəblər üzündən 1 il artırılıb.
Ümumiyyətlə, indiyəcən ölkəmizin Dünya Bankı ilə müxtəlif sahələri əhatə edən birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılmışdır. Lakin Prezident İlham Əliyevin videokonfransda qeyd etdiyi kimi, gələcək üçün icra olunası layihələr, həyata keçiriləsi planlar hələ çoxdur: “Əlbəttə, bizim planlarımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq”.
Özünüməşğulluğun miqyası genişləndiriləcək
Qeyd edildiyi kimi, Azərbaycan dövləti öz daxili imkanları hesabına çoxsaylı sosial-iqtisadi layihələr həyata keçirir. Bununla bərabər, Azərbaycan beynəlxalq maliyyə qurumlarının ölkəmizin sosial-iqtisadi inkişaf tələblərinə uyğun təkliflərini də zaman-zaman dəyərləndirir.
Əldə olunmuş razılığa əsasən, Dünya Bankı Azərbaycana özünüməşğulluq proqramının həyata keçirilməsində dəstək verəcək. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2019-cu il yanvarın 22-də Davos Dünya İqtisadi Forumunda Dünya Bankının Baş icraçı direktoru Kristalina Georgiyeva ilə görüşü zamanı ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığa dair razılıq əldə olunmuşdu. Bununla əlaqədar olaraq Dünya Bankı və Azərbaycan hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb.
Dəstək çərçivəsində bank ölkəmizə təxminən 100 milyon dollar vəsait ayıracaq və bunun hesabına 15 minə yaxın adam sözügedən proqrama cəlb olunacaq.
Bankın rəhbər şəxsləri ilə videokonfransda Prezident İlham Əliyev buna görə təşəkkürünü ifadə edərək deyib: «Mən, həmçinin özünüməşğulluq proqramı ilə bağlı bizə dəstək göstərilməsinə dair müraciətimə dərhal cavab verdiyinə görə Dünya Bankına xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunmuşdu və bir ildən də az müddət ərzində biz artıq bütün hazırlıq işlərini tamamlamışıq. Mənə məlumat verilib ki, Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırırıq və əlbəttə ki, Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə yüksək qiymətləndirilir və alqışlanır».
Bu layihə ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsini və işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin həmin proqrama cəlb edilərək, onlar üçün Dünya Bankının vəsaitləri hesabına kiçik bizneslərin yaradılmasını nəzərdə tutur.
Suvarma və su təchizatında yeni texnologiyalardan istifadə zərurətə çevrilir
Müasir dünyada su həmişə aktual problemlərdən olub. Bu, Azərbaycanda da belədir, ona görə bu gün biz sudan daha səmərəli istifadə etməli, itkiyə yol verməməliyik. Suvarma ilə bağlı sahələr üzrə müasir texnologiyalara əsaslanan yeni infrastrukturun yaradılmasına ehtiyac var. Çünki vəziyyətin qiymətləndirilməsi nəticəsində hazırda respublikamızda çox böyük su itkiləri ilə üzləşirik. Buna görə də prezident tərəfindən müxtəlif nazirlərin təmsil olunduğu və Baş nazirin müavininin rəhbərlik etdiyi, digər nümayəndələrin iştirak edəcəyi xüsusi hökumət komissiyası yaradılıb. Komissiyanın araşdırmalarına əsasən, bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk.
Azərbaycanın Dünya Bankını və Asiya İnkişaf Bankını əməkdaşlığa dəvət etdiyi sahələrdən biri suvarma və su təchizatı ilə bağlıdır. Dünya Bankının rəhbərliyi ilə söhbət zamanı “Xüsusən ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin... Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilkin addımlarımızı bir və ya iki ay ərzində atmağı planlaşdırırıq”, - deyən Prezident İlham Əliyev onların bu sahədə ölkəmizlə əməkdaşlığının vacibliyini önə çəkdi.
Asiya İnkişaf Bankına gəldikdə, bu maliyyə institutu indiyədək Azərbaycanda dövlət və özəl sektorlarda 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, qrant və texniki yardım ayırıb. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrindədir. İndiyə qədər AİB tərəfindən Azərbaycana ayrılan kredit, qrant və texniki yardımların ümumi məbləği 3 milyard ABŞ dollarından çoxdur. Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında da birinci olub.
Asiya İnkişaf Bankının maliyyə dəstəyi nəticəsində Azərbaycanda 500 minə yaxın insan fasiləsiz içməli su ilə təchiz olunub, 240 min insan daşqın və subasmaların təsirindən müdafiə olunub, 100 min ev təsərrüfatı elektrik enerjisi ilə təmin edilib. 325 kilometrlik avtomobil yolları salınıb və ya təmir edilib. 400-dən artıq məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşıb, 4 məktəb bərpa olunub, məcburi köçkünlərə əksəriyyəti qadınlar olmaqla kiçik kreditlər verilib.
Hazırda bu bankla da yeni layihələr üzərində iş gedir. Bunlardan biri respublikamızda kənd təsərrüfatı torpaqlarında suvarma sistemlərinin yüksək texnologiyalar əsasında yenidən qurulmasıdır. Bu barədə Azərbaycanla Asiya İnkişaf Bankı arasında 2018-ci ildə razılıq əldə olunub. Bu razılıq əsasında Bankın mütəxəssisləri Naxçıvanda suvarma sistemlərinin inkişaf layihəsini hazırlamağa başlayıblar. Bu ilin yanvar ayında Asiya İnkişaf Bankı layihənin texniki əsaslandırılması məqsədilə 1,2 milyon dollar həcmində qrant ayırıb. Kreditin ümumi məbləği isə təqribən 100 milyon ABŞ dolları olacaq.
Həyata keçiriləcək yeni layihə su kanallarında yeni texnologiyaların tətbiqini, müasir idarəetməni, kanal istiqamətinin seçilməsində Coğrafi İnformasiya Sistemindən istifadəni əhatə edir ki, bu da suyun məhsuldarlığını artıracaq və itkiləri aradan qaldıracaq.
Prezident İlham Əliyev isə yeni texnologiyalara əsaslanan suvarma sistemlərinin bütün ölkə ərazisində yaradılmasında maraqlıdır. Təsadüfi deyil ki, Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşdə «Sizin bütün ölkə ərazisində suvarma ilə bağlı planlarımızı nəzərdən keçirməyinizi istərdim», - deyə Prezident İlham Əliyev bildirib.
Müasir innovasiyaların tətbiqi dairəsi genişlənir
XX əsrin son onilliyindən etibarən informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaq. Ona görə də müasir çağırışlar baxımından İKT-nin inkişaf səviyyəsi hər bir dövlətin sosial-iqtisadi, o cümlədən hərbi-siyasi potensialının göstəricilərindəndir. Amma hazırda planetin sakinlərinin çoxu bu texnologiyaların üstünlüklərindən istifadə edə bilmir. Hətta dünyada təqribən 4 milyard insanın internetə çıxışı belə yoxdur.
Regionun aparıcı dövlətlərindən olan Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizdə vətəndaşların internetin imkanlarından geniş istifadə etmələrinin təmin olunmasına, İKT infrastrukturunun yaradılmasına və gücləndirilməsinə, İKT xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Əksər sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Bu mənada təsadüfi deyil ki, bu gün İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artıb. İlk telekommunikasiya peyki “Azerspace-1”, yer səthinin müşahidə peyki “Azersky” və nəhayət, 2018-ci ildə üçüncü peykimiz orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı da genişləndirilib, həmçinin “elektron hökumət” üzrə xidmətlərin sayı və keyfiyyəti artırılıb.
İyunun 16-da Prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və şirkətin digər nümayəndələri ilə keçirdiyi videokonfransda səslənən fikirlər də göstərdi ki, Azərbaycan cəmiyyət həyatının bütün sahələrində yüksək texnologiyaların, innovasiyaların tətbiqinə və bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa daim maraqlıdır. Ən mühümü isə budur ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti bu sahədə nəzərdə tutduğu bütün tədbirləri sürətlə həyata keçirmək əzmindədir.
Prezident İlham Əliyevin videokonfransda bəyan etdiyi əməkdaşlıq prioritetləri göstərir ki, Azərbaycan çağdaş dövrün bütün çağırış və tələblərinə cavab verən mükəmməl siyasət yürüdür. «Hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır», - deyə cənab prezident bildirib.
Regional inkişaf siyasətinin təcəssümü
Azərbaycan prezidentinin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri də indiyədək əldə olunan sosial-iqtisadi uğurların davamlı olması və miqyasının daha da genişlənməsidir. Bu sırada regionların inkişafı, bölgələrin iqtisadi potensialının hərəkətə gətirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biri olub.
16 il əvvəl başlanan regionların inkişafı proqramları Azərbaycanın sosial-iqtisadi həyatına yeni nəfəs gətirməklə, bu istiqamətdə dövlət siyasətinin yeni müstəviyə qədəm qoymasını təmin edib. Həmin proqramların icrasının və yaradılmış potensialın nəticəsidir ki, dünyada iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Zaman göstərir ki, İlham Əliyev 2004-cü ildən başlayaraq bu dövlət proqramlarını təsdiq etməklə çox böyük uzaqgörənlik edib. Çünki onların nəticəsində Azərbaycanın imkanlarından səmərəli istifadə olunub, bütün iqtisadi potensial hərəkətə gətirilib ki, bunun da uğurlu nəticələri göz önündədir. Ümumi daxili məhsulun dəfələrlə artımı, qeyri-neft sektorunda, o cümlədən qeyri-neft sənayesində qürurdoğuran yüksəliş baş verib, Azərbaycan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövlətinə çevrilib.
Onu da qeyd edim ki prezidentin bölgələrə mütəmadi səfərləri və bu səfərlərin nəticəsi olaraq imzaladığı sərəncamlar dövlət proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verib.
Prezident İlham Əliyevin iyun ayının 24-25-də Gəncə, Samux və Mingəçevirə səfəri göstərdi ki, qlobal pandemiyanın çətinliklərinə, gəlirlərimizin azalmasına baxmayaraq, əvvəlcədən planlaşdırılmış bütün layihələrin, o cümlədən sosial proqramların həyata keçirilməsi yüksək templə davam etdirilir. Prezidentin bu səfəri regionların infrastrukturunun müasir standartlara uyğun qurulduğunun, rayonların iqtisadi potensialından səmərəli istifadə edildiyinin, yeni iş yerlərinin yaradılmasının dövlət siyasətinin prioritetlərindən olmasının növbəti təzahürü idi.
Pandemiya şəraitində iqtisadi fəallıq nümunəsi
Bu səfər zamanı Gəncə şəhərində Süni mərmər və qranit istehsalı zavodunun açılması Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı yürütdüyü siyasətin uğurlu nəticələr verməsinin təsdiqi idi. Eyni zamanda, ümumi dəyəri 46,5 milyon manat olan bu müəssisənin fəaliyyətə başlaması respublikamızda yaradılan azad sahibkarlıq mühitinin bariz nümunəsidir. Zavodda 300-dən çox yeni iş yerinin yaradılması isə ölkəmizdə işsizliklə mübarizəyə verilən böyük töhfədir. Olduqca mühümdür ki, zavodda məhsulların hazırlanmasında istifadə olunan xammal Daşkəsən, Şəmkir, Ağstafa və Qaradağ rayonlarından gətirilir ki, bu da öz növbəsində zəncirvari şəkildə ölkədə iqtisadi fəallığın güclənməsinə yol açır.
Bütövlükdə, cənab prezidentin son regional səfərinin mənzərəsi kifayət qədər əhatəlidir. Süni mərmər və qranit istehsalı zavodunun açılışından sonra Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanışlıq, 1 saylı Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun istifadəyə verilməsi , “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi, Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanışlıq, Gəncəçay çayı üzərində eyni vaxtda beş körpünün bərpadan sonra istifadəyə verilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışı, Gəncə İdman Sarayının tikintisi ilə tanışlıq, Samuxda məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi və “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanışlıq, Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışı göstərdi ki, Pr