MƏQALƏLƏR

ƏBƏDİYAŞAR RƏHBƏR HAQQINDA

  • 10.07.2020

ƏBƏDİYAŞAR RƏHBƏR HAQQINDA

 

Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli, əməli iş təcrübəsini ümumiləşdirərək şərh edib.

“İqtisadiyyat” qəzeti professor Vahid Novruzovun ümummilli liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri və dahi şəxsiyyətlə bağlı xatirələrini qələmə aldığı məqaləsini təqdim edir.

 

Bakıdan məktub
Uzaq 1969-cu ilin qızmar yay günlərində Azərbaycan Dövlət Universiteti tərəfindən bir qrup tələbə yoldaşımla Belarusun paytaxtı Minskə bir aylıq təcrübə keçmək üçün göndərilmişdik. Həmin dövrlərdə nəinki mobil telefonlar mövcud deyildi, hətta stasionar telefon da məhdud sayda idi, əsas əlaqə vasitəsi poçtla göndərilən məktublar idi. Yaxşı yadımdadır ki, iyul ayının 20-si ərəfələrində Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyan bacımdan məktub aldım. Məktubda qeyd olunurdu ki, Azərbaycana yeni rəhbər seçilib – Heydər Əliyev! Təbii ki, mən bu xəbəri öz tələbə dostlarımla bölüşdüm və qayğısız tələbəlik günlərimizi yaşamağa davam etdik. Heç birimiz düşünə bilməzdik ki, bu adi bir rəhbər dəyişikliyi yox, Azərbaycan xalqı üçün tarixi seçim, bəlkə də uca tanrı tərəfindən uzun illər üçün xilaskar bəxşi idi. Sonrakı onilliklər və yaşadığımız indiki dövr də düşündüklərimizin doğruluğunu sübut edir.


Dinamik inkişaf, milli qurtuluş və demokratiya yolunda
Faktlara müraciət edək.
Tale elə gətirmişdi ki, ulu öndər Heydər Əliyev həm ötən əsrin 60-cı illərinin sonunda, həm də dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda siyasi rəhbərliyə gələrkən respublikada cəmiyyət həyatının bütün sahələri aqoniya vəziyyətində olub, dövlət idarəetməsindən tutmuş mənəviyyat sahələrinə qədər hər yerdə dərin böhran hökm sürüb. Ümummilli lider Heydər Əliyev isə tarix üçün çox qısa olan zaman kəsiyi ərzində özünün dərin zəkası, heyrətamiz təşkilatçılıq və idarəçilik bacarığı, rəhbər qətiyyəti və titanik şəxsi zəhməti hesabına hər dəfə Azərbaycanı dinamik inkişaf və tərəqqi yoluna çıxarıb, millətimizin imzasını imzalara qatmağa nail olub.
Uzun illər keçmiş SSRİ-də əsasən “qara qızıl” diyarı kimi tanınan, lakin 60-cı illərin ortaları üçün neft hasilatında da artıq ittifaq dövlətinin ikinci, üçüncü dərəcəli regionuna çevrilən, ÜDM istehsalında nəsibi daha çox əl əməyinə əsaslanan kənd təsərrüfatı olan ölkəmizin 1969-1982-ci illərdə keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyev zəkasının genişliyinə, Azərbaycan oğlunun rəhbər məharətinin potensialına əyani sübut kimi onun daha geniş miqyasda - SSRİ adlı superdövlət miqyasında siyasi rəhbərliyə layiq görülməsinə də özgün zəmanət olmuşdu.
Sovet hakimiyyəti illərində ümummilli lider Heydər Əliyev təxminən 14 ilə yaxın müddət ərzində respublikaya rəhbərlik edib, həmin dövrdə onun fəaliyyətinin mühüm istiqamətlərindən birini iqtisadiyyatın səmərəli şəkildə təşkili və idarə edilməsi əsasında respublika əhalisinin maddi və mədəni həyat səviyyəsinin getdikcə yüksəldilməsi problemi təşkil edib. Məlum olduğu kimi, XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi və sosial inkişafında lazımi dönüş yaradılmayıb, respublikanın malik olduğu iqtisadi, elmi-texniki və humanitar potensialdan tam dolğun və səmərəli şəkildə istifadə edilməyib, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin o vaxtkı orta ittifaq göstəricilərindən aşağı olması ilə nəticələnib. Ağır iqtisadi və sosial şəraitdə 1969-cu il iyulun 14-də respublikada rəhbərliyə gələn ulu öndər Heydər Əliyev həmin vaxt üçün mövcud olan vəziyyəti siyasi uzaqgörənliklə düzgün qiymətləndirib, iqtisadiyyatda, sosial-mədəni və mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək, çox qısa zaman kəsiyində bütün əsas göstəricilər üzrə Azərbaycanın keçmiş SSRİ-də öncül mövqelərə çıxmasını təmin edib.
Maddi istehsalın bütün sahələrində, xüsusən sənayedə, kənd təsərrüfatında, tikintidə və digər sahələrdə aparılan dərin struktur-keyfiyyət dəyişiklikləri təkcə iqtisadiyyatda deyil, sosial sferada da nəzərə çarpacaq yüksəlişin əldə olunmasına zəmin yaradıb. Nəticədə 1970-ci illə müqayisədə 1982-ci ildə məcmu ictimai məhsul 2,32 dəfə, milli gəlir istehsalı 2,3 dəfə, bütün sənaye məhsulları 2,2 dəfə, ümumi kənd təsərrüfatı məhsulları 2,25 dəfə, o cümlədən bitkiçilik məhsulları 2,66 dəfə və heyvandarlıq məhsulları 1,62 dəfə, əsaslı vəsait qoyuluşu 1,86 dəfə, xalq təsərrüfatı üzrə mənfəət müqayisəli qiymətlərlə 2,74 dəfə, adambaşına real gəlir 1,51 dəfə, fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı 1,41 dəfə artıb. 1970-1982-ci illər ərzində adambaşına milli gəlirin artım sürəti 1961-1970-ci illərdəkinə nisbətən 2,7 dəfə, sosial sığorta və sosial təminat 2 dəfədən də çox, pərakəndə ticarət dövriyyəsi 79 faiz, mənzil tikintisinin həcmi şəhər yerlərində 13,4 milyon kvadratmetr artıb, kənd yerlərində ümumi sahəsi 4,8 milyon kvadratmetr olan yaşayış evləri, çoxlu məktəb, məktəbəqədər uşaq tərbiyəsi müəssisəsi, bütün respublikada ümumi ticarət sahəsi 2 dəfə genişlənib, əhaliyə göstərilən xidmətlərin həcmi 1975-ci ildəki 72,2 milyon manatlıqdan 1982-ci ildə 13,3 milyon manatlığa çatıb.
Bütövlükdə, 1970-1982-ci illər Azərbaycan Respublikası üçün böyük quruculuq illəri, iqtisadi inkişafla yanaşı, sosial sferanın da inkişafına böyük qayğı illəri olub.
Lakin ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyinə irəli çəkiləndən sonra Azərbaycanın sosial-iqtisadi inkişafında əldə edilmiş yüksək mövqelər nəinki möhkəmləndirilib, əksinə, tədricən itirilib, 1989-cu ildən etibarən isə tədricən tənəzzülə uğrayıb.
Yeni cəmiyyət quruculuğunun memarı və təşkilatçısı kimi ümummilli lider Heydər Əliyevin tarix və millət qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonrakı dövrə təsadüf edən təxminən 10 illik fəaliyyətini xüsusi dəyərləndirmək tələb olunur. Bu zərurət, hər şeydən əvvəl, ondan irəli gəlir ki, dövlət müstəqilliyimizin bərqərar olması və dönməz xarakter alması, müstəqil Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun möhkəm təməlinin qoyulması naminə işlənib hazırlanıb və uğurla həyata keçirilmiş daxili və xarici siyasət strategiyası məhz həmin dövrdə real məzmun və məna kəsb edib. Məhz ulu öndər Heydər Əliyevin həmin dövrdəki titanik fəaliyyətinin nəticəsi olaraq, tarixən qısa zaman kəsiyində məntiqi ardıcıllıqla Azərbaycanda vətəndaş müharibəsi alovları söndürülüb; baş qaldırmaqda olan separatçılıq meyillərinin kökü kəsilib və dövlətimiz dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edilib; iflic vəziyyətində olan hakimiyyət strukturlarının dolğun fəaliyyəti bərpa olunub; nizami ordu quruculuğuna başlanıb, Ermənistanın Azərbaycana qarşı hərbi ekspansiyası dayandırılıb və 1994-cü ildə atəşkəsin əldə edilməsinə nail olunub; böhran və tənəzzül içərisində olan milli iqtisadiyyatın maddi-maliyyə dayaqlarını əldə etmək üçün Azərbaycanın yeni neft strategiyası formalaşdırılıb və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə xarici investisiyaların ölkəmizə axını üçün möhkəm zəmin yaradılıb; iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafını təmin etmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsi və MDB-də misli bərabəri olmayan radikal aqrar islahatlar həyata keçirilib; bazar infrastrukturlarının formalaşması və azad sahibkarlığın hərtərəfli inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılıb; dövlət idarəetmə sistemində geniş islahatlar aparılıb; Azərbaycanın beynəlxalq birliyə intensiv inteqrasiyası təmin edilib.
Məhz ümummilli lider Heydər Əliyev siyasəti - onun demokratik hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf konsepsiyası siyasi-hərbi qeyri-müəyyənlikdən əmin-amanlıq və sabitliyə, sosial-iqtisadi tənəzzüldən dinamik inkişafa, tərəqqi və yüksəlişə qovuşdurub, nəticə etibarilə Azərbaycan Respublikasını Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dünya siyasətinin başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən dinamik surətdə inkişaf və tərəqqi edən bir diyara çevirib.


Ulu öndər barədə bir xatirə
Ümummilli lider Heydər Əliyev barədə dünyanın görkəmli siyasətçilərinin və dövlət başçılarının söylədikləri və hər bir azərbaycanlının ürəyini qürurla dolduran dəyərli fikirlər haqqında çox yazılıb, sənədli filmlər çəkilib və geniş yayılıb.
Mən isə bu səpkidən olan xatirələrimdən birini əziz oxucularla bölüşmək istərdim.
1998-ci ilin noyabr ayında Uruqvayın paytaxtı Montevideo şəhərində ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI-ın XXI Konqresində ölkəmizi Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndələri təmsil edirdilər. Konqresin proqramına Uruqvayın o vaxtkı Prezidenti Xulio Mariya Sanqinetti tərəfindən rəsmi qəbul və ziyafət də daxil edilmişdi.
Protokol qaydasına uyğun olaraq tədbirin əvvəlində ölkələrin nümayəndə heyətləri prezidentə təqdim olunur, o isə öz növbəsində qısaca “Xoş gəlmisiniz” deyirdi. Növbə bizə çatanda o, gülümsəyərək dedi: “Mən sizin prezidenti tanıyıram”. Sonra isə əlavə etdi: “Moskvada rəsmi səfərdə olarkən o vaxtkı SSRİ rəhbərliyinin iştirakı ilə mənim şərəfimə rəsmi ziyafət verilirdi. Masada digər təamlarla bərabər, balıq kürüsü də qoyulmuşdu. Ziyafət zamanı mən SSRİ-də nə qədər kürü istehsal olunması ilə maraqlandım. Hamı bir-birinin üzünə baxa-baxa qaldı. Gördüm ki, dəqiq cavab verməyə çətinlik çəkirlər. Bu zaman sizin prezident hansı ki, həmin dövrdə Kremldə çox yüksək vəzifə tuturdu mənim sualımı müfəssəl cavablandırdı. O, nəinki nə qədər kürü istehsal edildiyini, həm də hövzələr üzrə istehsal olunan qara və qırmızı kürü barədə dəqiq bilgi verdi və oradakıları çətin vəziyyətdən çıxardı. Sizin çox müdrik prezidentiniz, dövlət başçınız vardır. Xahiş edirəm, mənim salamlarımı çatdırın”.
Uruqvay prezidentinin bizim görüşə bu qədər vaxt ayırmasının səbəbi digər nümayəndə heyətləri üçün böyük maraq, bizdə isə sonsuz qürur doğurdu.
Xüsusi vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyev şəxsiyyətinin miqyası bizlərdə və dostlarımızda nə qədər fəxr hissi yaradırdısa, bir o qədər də bədxahlarımızda heyrət və qısqanclıq doğururdu.


Bədxahların etirafları
Yaxşı yadımdadır, uzun illər ərzində Ermənistanda məsul işlərdə çalışmış atam mərhum Tapdıq Novruzov həmişə bizə yüksək vəzifəli bir erməni tanışının etirafını nəql edərdi. Belə ki, Sovet dövrünün qəbul olunmuş adətlərindən biri də qonşu ölkə və rayon başçılarının qarşılıqlı səfər və görüşlərinin təşkili idi. Bir dəfə də Zaqafqaziya respublikaları rəhbərlərinin iştirakı ilə Yerevanda böyük toplantı keçirilərkən çıxış edənlərdən biri erməni xalqının milli qəhrəmanı timsalında qaniçən Andranikin adını çəkir, bütün zalda oturanlar və rəyasət heyəti ayağa qalxıb əl çalırlar. Əlbəttə ki, yalnız ümummilli lider Heydər Əliyevdən başqa. Onun bu hərəkəti, doğrudan da, ermənilərdə heyrət doğurmaya bilməzdi. Bu hadisəni nəql edən erməninin özü də ulu öndər Heydər Əliyevin böyüklüyünü və igidliyini istər-istəməz etiraf edirdi.
Buna bənzər xatirələr mərhum ziyalımız Zakir Sərdarovun “Heydər Əliyev və milli mübarizə tariximiz” kitabında da yer alıb. Onlardan bir neçəsini oxuculara çatdırmaq, məncə, yerinə düşərdi və Zakir müəllimin də ruhu şad olardı.
“Ermənistanın sovetləşməsinin 50-ci ildönümünün bayram şənliklərinə bütün respublikalardan nümayəndələr gəlmişdi. Rəhbərlər təbrik nitqi ilə çıxış edirdilər, Rusiya nümayəndəsindən bir az sonra Heydər Əliyev tribunaya qalxdı. O, həm tribunaya qalxarkən, həm də nitqini başa çatdırarkən zalda oturanlar ayağa qalxdılar, alqış sədaları kəsilmək bilmirdi. Bu alqışlar Rusiya nümayəndəsinə göstərilən ehtiramdan qat-qat yüksək və səmimi idi. Rəyasət Heyətində oturanların çoxu fasilə zamanı deyirdi: “Rusiyanı kölgədə qoyduq, ziyanını çəkməsək yaxşıdır”.
Ermənistanda ulu öndər Heydər Əliyev şəxsiyyətinə göstərilən bu cür yüksək qiymətin və ehtiramın səbəbi onun 1969-cu il avqust plenumundakı məruzəsi olmuşdu. Ermənistan KP MK-nın birinci katibi A.Koçinyan Heydər Əliyevlə oktyabrın 30-31-dəki görüşdən qayıtdıqdan sonra büro iclasında aldığı təəssüratlar haqqında xeyli danışdı. Ümummilli lider Heydər Əliyevin həm Azərbaycanın, həm də bütün SSRİ-nin vəziyyətini dərindən təhlil etdiyini, nöqsanları aradan qaldırmaq yollarını göstərdiyini, eyni zamanda, rus dilini çox yaxşı bildiyini qeyd etdi. “Heydər Əliyev mənə dərin zəkası, ağlı, biliyi olan, kəskin məntiqli, fikrinə müsahibini inandırmağı bacaran şəxs, rəhbər təsiri bağışladı. Sual verildi ki, bəs, torpaqlar məsələsini həll etdinizmi, o, dedi ki, Heydər Əliyevlə razılaşıb. Bir daha torpaq məsələsini qaldırmamalıyıq. Moskvada Heydər Əliyevin çox böyük nüfuzu var. Bununla hesablaşmamaq olmaz. Görünür, istəməsə də Əliyev qətiyyəti, Əliyev məntiqi Koçinyanı bunları deməyə məcbur etmişdi. Beləliklə, 1969-cu il mayın 7-də qəbul edilmiş qərar kağız üzərində qaldı və 1984-cü ilə qədər Ermənistanda bu məsələ qaldırılmadı. Heydər Əliyevin nə qədər böyük və güclü şəxsiyyət olduğunu ermənilər də yaxşı dərk edirdilər. Qorbaçovun yenidənqurma siyasəti başlanan kimi erməni siyasətbazları, daşnak ideoloqları Heydər Əliyevə qarşı təxribat fəaliyyətini genişləndirdilər”.

Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq istərdim: “Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar”.


Demokratiya ustadı
Ulu Öndər nəinki özü əsl demokratiyanın tərəfdarı idi, o həm də bunu başqalarına düzgün anlamağın yolunu çox ustalıqla göstərirdi. Yəqin, oxucularımız xatırlayarlar ki, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xüsusən də ölkə prezidenti kimi keçirdiyi görüşlərdən canlı reportajlar verilir, danışıqlar səsləndirilirdi.
1997-ci ilin avqust axşamlarından biri mənim hafizəmə ömürlük həkk olunub. Mənə telefonla xəbər verdilər ki, dünyanın böyük ölkələrindən birinin nümayəndə heyətinin üzvləri qəbul zamanı səndən ölkə prezidentinə şikayət etdilər. Təbii ki, mən bərk həyəcanlandım. Səbirsizliklə “Günün ekranı”nın gecə təkrarını gözlədim və doğrudan da, çox ciddi bir səhnənin şahidi oldum. Dünyaya demokratiya dərsi vermək iddiasında olan ölkənin sayılan bir təmsilçisi ulu öndərə müraciət edərək deyir: “Cənab prezident, Azərbaycan Auditorlar Palatasının sədri ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına ciddi mane olur”. Ani sakitlikdən sonra Azərbaycan prezidenti qarşı tərəfi susmağa, demokratiyanı sözdə yox, reallıqda dərk etməyə vadar edən və özünün yüksək şəxsiyyətinə böyük demokrat imici gətirən belə cavab verdi:
“Bilirsiniz, onlar müstəqil qurumdurlar, mən onların işinə qarışmıram!” Görüşdə şahmat oyunundakı “şah” və “mat” sonluğu müstəbeh qonaqları bir-birinin üzünə baxmağa vadar etdi.
Ədalət naminə qeyd edim ki, həmin nümayəndə heyətinin rəhbəri iki gündən sonra məktubla yanlış olduqlarını etiraf etdi və bizdən üzr istədi.


Güclü təfəkkürdən süzülən bir damla
Son olaraq bir fikrimi də bölüşməyi borc bilirəm ki, ulu öndər Heydər Əliyev dünya miqyaslı siyasətçi və dövlət başçısı olduğu qədər də güclü təfəkkürə malik iqtisadçı və hüquqşünas idi və müstəqil Azərbaycanın qanunvericilik bazasının banisi kimi tarixdə qalacaq. Sözlərimə çox konkret bir sübut kimi audit qanunvericiliyini göstərmək istərdim.
Prezident İlham Əliyev Auditorlar Palatasının 20 illiyi münasibətilə palatanın kollektivinə və üzvlərinə ünvanladığı məktubda qeyd edib:
“Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ-hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan yaradıb. Ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən həyata keçirilir. Auditorlar Palatasının fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqi reallaşdırılıb, daxili auditor xidmətinin korporativ idarəetmə sisteminin ayrılmaz elementinə çevrilməsi, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli iş görülüb. Palata beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası kimi çox nüfuzlu bir təşkilatda ölkəmizi layiqincə təmsil edir”.
Həqiqətən də, 1994-cü ildə ulu öndər tərəfindən imzalanmış “Auditor xidməti haqqında” Qanuna müəyyən əlavə və dəyişikliklər edilsə də, o, hələ də ölkəmizdə auditor fəaliyyətinin əsas hüquqi bazasını təşkil edir.
Əlamətdar olan isə odur ki, banisi ümummilli lider olan Azərbaycanın audit modeli nəinki Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilir, hətta ilk olaraq auditin tənzimlənməsinin qərb modelini şablon şəkildə götürən Rusiya, Belarus kimi ölkələrdə də tətbiq edilir.

Son söz əvəzi
Əlbəttə, bir məqalə çərçivəsində ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli, əməli iş təcrübəsini ümumiləşdirərək şərh etmək mümkünsüzdür. Bu baxımdan ulu öndər haqqında ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sözləri yerinə düşər: “Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”