Elektron qutu” xidməti
“Elektron qutu” xidməti Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin Monitorinq şöbəsinin rəisi Azər Şirinovla müsahibə - Elektron hökumət quruculuğu baxımından Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin əhəmiyyəti nədən ibarətdir? - Məlum olduğu kimi, 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları özrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq olunmuşdur. Bununla əlaqədar son illərdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində əhəmiyyətli addımlar atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmışdır. Vergilər Nazirliyi də qeyd olunan istiqamətdə bir sıra mühüm layihələr həyata keçirərək bu sahədə lider təşkilatlardan birinə çevrilmişdir. Bunun nəticəsidir ki, son illərdə nazirlik tərəfindən vergi ödəyicilərinə təqdim olunan elektron xidmətlərin sayı və keyfiyyəti gündən-günə artır. Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS), elektron bəyannamə sisteminin, elektron vergi-hesab fakturalarının digər yeniliklərin tətbiqi həm vergi inzibatçılığı baxımından əsaslı dəyişikliklərə səbəb olmuş, həm də vergi ödəyiciləri üçün dünya təcrübəsində tətbiq olunan müasir xidmətləri təqdim etmək imkanları yaratmışdır. Elektron-bəyannamə sisteminin tətbiqi vergi ödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, bəyannamənin tərtibinə və düzgünlüyünün yoxlanılmasına proqram təminatı vasitəsi ilə nəzarət etmək, bəyannamələri elektron formatda saxlamaq, ödəyicinin öz şəxsi hesab vərəqəsinə “real vaxt” rejimində baxmaq imkanları vermişdir. "Elektron bəyannamə" sistemi, həmçinin, vergi orqanı ilə vergi þdəyiciləri arasında əlaqələrin tamamilə şəffaflaşmasına gətirib çıxarmışdır. - Nazirlik vergi ödəyicilərinə onlayn müraciət etmək və cavab almaq imkanı - fərdi elektron qutu yaratmışdır. Bu xidmət haqqında məlumat verməyiniz xahiş edirəm. Onun üstünlüyü nədədir? 2010-cu ilin mart ayından “onlayn kargüzarlıq” sistemi tətbiq olunmağa başlamış, vətəndaşlar və vergi ödəyiciləri üçün “İnternet Vergi İdarəsi”ndə (www.e-taxes.gov.az) onlayn rejimində müraciət etmək imkanı - fərdi elektron qutu yaradılmışdır. “Onlayn kargüzarlıq” vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən müasir bir sistemdir. Bu sistemin tətbiqində əsas məqsəd sənəd dövriyyəsinin daha da sürətlənməsi, şəffaflığın təmin olunması, sənəd qeydiyyatının mərkəzləşdirilməsi, işçilərin əmək məhsuldarlığının yüksəldilməsi və vergi ödəyicilərinin müraciətlərinə daha operativ cavab verilməsidir. İstifadəçi şifr-parol və kod vasitəsilə www.e-taxes.gov.az saytındakı “on-line kargüzarlıq” altsisteminə daxil ola və “gələnlər və göndərilənlər” qutusundan özünə aid məktubları oxuya bilər. Bundan başqa, istifadəçi vergi orqanına göndəriləcək müraciətin mətnini hazırlaya, gərək olduqda bura qoşma fayllar əlavə edə bilər. Uzun illər vergi orqanları ilə ödəyicilər arasındakı yazışmalar mürəkkəb və çoxlu vaxt aparan prosedurları əhatə etmişdir. Vergi ödəyicisi hər hansı məlumatı əldə etməkdən ötrü bir neçə məktub yazmalı, onun cavabını günlərlə gözləməli idi. Elektron qutunun tətbiqi bu yazışmaları keyfiyyətcə yeni mərhələyə keçirir. Çünki vergi ödəyiciləri vergi sisteminə aid istənilən məlumat tipli sənədi bu qutu vasitəsilə tez bir zamanda əldə edə bilirlər. Hətta bəzi normativ tipli məlumatlar ödəyicinin sorğusu olmadan belə onun elektron qutusuna göndərilir. Daha bir üstünlük ondadır ki, vergi ödəyiciləri öz aralarındakı yazışmalarda da elektron qutudan istifadə edə bilərlər. Vergi orqanlarından istifadəçilərə və vergi ödəyicilərinin bir-birlərinə ünvanladıqları məktublar və cavablar həmin anda ünvana çatacaq, istifadəçilərə məxsus olan qutuya toplanacaq və məktublara internet vasitəsilə istənilən yerdən baxmaq mümkün olacaq. - “Onlayn kargüzarlıq” sisteminin istifadəyə verilməsindən ötən dövr ərzində ilkin göstəricilər necədir? - Mən sizin diqqətinizə bir neçə rəqəmi çatdırmaq istəyirəm. Təhlillər göstərir ki, 2006-cı ildən indiyədək vergi orqanları arasında ümumi sənəd dövriyyəsi təxminən 2 dəfə artaraq 3,9 milyon sənəd sayına çatmışdır. Elektron qutu kimi innovasiya xarakterli xidmətlərin tətbiqi nəticəsində inzibati idarəetmə təkmilləşdirilmiş, təkcə 2010-cu ildə 98 ton kağıza və izafi dəftərxana xərclərinə qənaət olunmuşdur. - Vergi ödəyiciləri elektron qutudan kifayət qədər səmərəli istifadə edə bilirlərmi? Məktubların oxunma səviyyəsi necədir? - Məlum olduğu kimi, bu xidmət ötən ilin mart ayından tətbiq olunur. Ötən dövr ərzində dinamika hər gün dəyişir. Bəyannamə təqdim edən vergi ödəyicilərinin 93,7 faizi şifr-parol və kod alsalar da, ilk vaxtlar onların çoxu fərdi elektron qutusuna göndərilən məktubları açıb oxumadıqlarından bu məktubların oxunması arzuolunan səviyyədə olmayıb. Ötən ilin sonunda bu göstərici cəmi 25 faiz təşkil edirdi. Bu istiqamətdə aparılan təbliğat və məlumatlandırma işlərinin nəticəsidir ki, hazırda elektron qutulara göndərilən məktubların 70 faizdən çoxu vergi ödəyiciləri tərəfindən aktiv şəkildə açılıb oxunur. Bir məsələni qeyd edim ki, vergi ödəyiciləri elektron-qutudan hesabat dövründə daha fəal istifadə edirlər. Aralıq vaxtlarda elektron-qutunun ödəyicilər tərəfindən açılıb oxunması səviyyəsi nisbətən aşağı olur. E-qutuya göndərilmiş sənədlərin vergi ödəyicisi tərəfindən oxunma səviyyəsinə internetə çıxışın olub-olmaması mühüm təsir göstərir. Bakı şəhərində fəaliyyət göstərən ödəyicilər bu baxımdan daha fəaldırlar. Bölgələrdə isə kompüter texnologiyalarının tətbiqi səviyyəsi o qədər də yüksək deyil. Bu isə elektron qutudan istifadə imkanlarını məhdudlaşdırır. İnternetə çıxışı olmayan şəxslər elektron qutudan Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət terminallarından istifadə edə bilərlər. Xatırladıram ki, terminallarda göstərilən bütün xidmətlər pulsuzdur. Əlbəttə, ödəyici yaxınlıqda olan istənilən internet klubdan da elektron qutuya məlumat göndərə bilərlər. Ümumiyyətlə, vergi ödəyicisi bilməlidir ki, əgər onun fərdi elektron qutusunda oxunmamış sənədlər varsa, o, yubanmadan həmin məlumatlarla tanış olmalıdır. Bunun üçün Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq geniş məlumatlandırma və təbliğat işləri aparılır. “Onlayn kargüzarlıq”, fərdi elektron qutu və ondan istifadə, sənədin onlayn göndərilməsi və vergi orqanından göndərilən hər hansı sənədin oxunması qaydası vergi ödəyicilərinə izah edilir, bir çox halda prosesin vizual şəkildə nümayişi təmin olunur. Mən bir daha bütün vergi ödəyicilərinə demək istəyirəm ki, sizə göndərilmiş sənədlərlə müntəzəm tanış olun. Siz “onlayn kargüzarlıq sisteminin “Axtarış” bölməsi vasitəsilə oxunmamış sənədlərin siyahısını əldə edə bilərsiniz. Bu sənədlərlə vaxtlı-vaxtında tanışlıq sizin hər birinizə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrinin həyata keçirilməsində yardımçı olacaqdır. Ərazi Vergilər Idarələrinə metodiki kömək göstərilir Vergilər nazirinin 5 oktyabr 2010-cu il tarixli əmri ilə təsdiq edilmiş "2010-cu ilin iyul-avqust aylarında keşirilmiş zona müşavirələri və vergi ödəyiciləri ilə görüşlərdə qaldırılmış problemlərin həllinə yönəldilmiş Tədbirlər Planı"nın 10-cu bəndində 2010-cu ilin 4-cü rübündə yerli vergi orqanlarında vergi ödəyiciləri ilə münasibətlərin hüquqi müstəvidə qurulması, onlarla rübdə bir dəfə müvafiq görüşlərin təşkil olunması öz əksini tapmışdır. Tədbirlər Planında Vergilər Nazirliyinin funksional nəzarəti həyata keçirən müvafiq idarələrinin vəzifəli şəxslərinin iştirakı ilə vergi ödəyicilərinin mövcud problemlərinin yerində həlli, fəaliyyət sahələri üzrə yerli vergi orqanlarına əməli köməyin və metodiki rəhbərliyin gücləndirilməsi, fəaliyyətlərin yerli vergi orqanları ilə əlaqəli şəkildə qurulması, bu məqsədlə zəruri hallarda yerli vergi orqanlarına əməkdaşların ezam edilməsi üçün tapşırıqlar müəyyənləşdirilmişdir. Həmin tapşırıqlardan irəli gələrək, Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin, həmçinin Vergi ödəyicilərinə xidmət, Vergi borclarının məcburi alınması işinin təşkili və Operativ nəzarət idarələrinin əməkdaşlarından ibarət işçi qrupu 2, 3 11 və 12 saylı ərazi vergilər idarələrinin əhatə dairəsindəki bölgələrdə olmuşlar. Səfər zamanı ərazi vergilər idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi, vergi ödəyiciləri tərəfindən qaldırılan məsələlərin və problemlərin ətraflı araşdırılması və cavablandırılması, vergi ödəyicilərinin nəzarət kitabçaları ilə təmin olunması və bu kitabçalarda vergi ödəyicilərində aparılan vergi yoxlamalarının qeydiyyatı mövzusunda izahat işləri aparılmış, fəaliy-yətlərin yerli dövlət və qeyri-dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsi və struktur daxilində şöbələrarası koordinasiyanın gücləndirilməsi ilə bağlı ƏVİ-lərin vəzifəli şəxslərinə tövsiyələr verilmişdir. Görüşlər zamanı elektron xidmətlərin, o cümlədən "Onlayn kargüzarlıq" vasitəsilə fərdi elektron qutusu olan vergi ödəyiciləri ilə yazışmaların elektron formada aparılmasının üstünlükləri vurğulanmışdır. Vergilər Nazirliyinin Telefon Mərkəzində yaradılmış "mesaj xidməti" vasitəsilə vergi ödəyicilərinin məlumatlandırılmasının səmərəliliyinin artırılması məqsədilə vergi ödəyicilərinin telefon nömrələrinin mütəmadi olaraq yenilənməsi, standartlara uyğun olmayan və səhv nömrələrə bazada düzəliş edilməsi istiqamətində işlərin aparılması tövsiyə edilmişdir.
"VERGİLƏR"
|