MƏQALƏLƏR

"İqtisadiyyat hamı üçün"

  • 04.02.2011

"İqtisadiyyat hamı üçün"

Yeni kitab.

Dinamik sürətlə tərəqqi edən Azərbaycanın uğurlu inkişaf göstəricilərini səciyyələndirən ən mühüm, yadda qalan cəhətlərdən biri iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması prosesi oldu. Yeni iqtisadi formasiyada inkişafını davam etdirən respublika planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid zamanı iqtisadi-sosial yüksəliş sahəsində möhtəşəm nailiyyətlərə imza atmış, bu sahədə daim təkmilləşən mükəmməl baza yaratmışdır. İqtisadi sahədə keçid dövrünü arxada qoyan və bununla öz tərəqqisində tamamilə yeni bir mərhələ açan ölkə iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, kontekstdə iqtisadi tranzitologiyaya nəzər salınması, müvafiq tədqiqat işlərinin aparılması günün vacib məsələlərndən biri kimi çıxış edir. Çünki cəmiyyətin bütün üzvlərinin ölkə iqtisadiyyatında baş verən hadisə və proseslərin mahiyyətini dərk edib, əməli fəaliyyətində tətbiq edə bilmələri üçün elmi cəhətdən əsaslandırılmış və sadə dillə yazılmış, dərk olunması asan olan iqtisadi ədəbiyyata böyük ehtiyac duyulurdu. "İqtisadiyyat hamı üçün" kitabı bu istiqamətdə atılan ilk addımlardan biri kimi səciyyələndirilməlidir. Kitab bazar iqtisadiyyatı məntiqi nəzərə alınaraq respublikada gedən islahatların sürətləndirilməsi kontekstində iqtisadi biliklərin geniş səpgidə yayılması üçün nəzərdə tutulmuşdur.

Kitabda iqtisadiyyatın real və maliyyə bölmələrinin əsas problemləri tədqiq olunur - iqtisadi sabitlik, davamlı mühiti səciyyələndirilir, onun əsas meyilləri müəyyən olunur, dünya iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrin problemləri zəngin ədəbiyyat mənbələri əsasında izah edilir, maliyyə mühitinin transformasiyası, beynəlxalq maliyyə axınları, xarici borc problemləri, dünya valyuta bazarında əməliyyatlar, ÜDM-in orta illik artım sürəti, dünya iqtisadiyyatını səciyyələndirən göstəricilərin bir-birilə qarşılıqlı əlaqəsi və təsirinin dəyişməsi meyilləri nəzərdən keçirilir. Müəyyən edilir ki, dünya iqtisadiyyatının müasir təsvirində daşıyıcı yeniliklər liberallaşmanın kəskinləşməsində təzahür edir. Bütün bu faktlar özünü əmək bazarının fəaliyyətində daha ciddi hiss etdirir. Müəlliflərin qeyd etdikləri kimi, "son vaxtlar əmək resursları çox güclü surətdə dəyişilmişdir" (səh.256). Lakin bu çatışmazlıqlar və ziddiyyətlər mütləq bir məna kəsb etmir. Həmkarlar ittifaqları və menecerlər başa düşürlər ki, öz xüsusi maraqları naminə sülhə gəlmələri daha çox iş yerləri yaratmağa və əmtəələrinin xarici bazarlarda rəqabət qabiliyyətini yüksəltməyə imkan verir.

Kitabda daha çox diqqət cəlb edən cəhət ondan ibarətdir ki, araşdırılan hər bir bölmə sonda hamının başa düşə biləcəyi konkret nəticə ilə yekunlaşır. Hər bir fikir və mülahizə dünyanın tanınmış iqtisadçılarının, siyasətçilərinin, həmkarlar ittifaqları nümayəndələrinin, hüquqşünaslarının əsərlərindən gətirilmiş istinadlarla zənginləşdirilir, həmçinin Azərbaycanın tanınmış iqtisadçılarının münasibətləri əks etdirilir, oxucuya əlavə məlumat almaq üçün istiqamət göstərilir və tövsiyələr verilir. Məsələlərin mahiyyətinin araşdırılmasına, nəticələrin əldə olunmasına bu mövqedən yanaşma respublikada çap olunan iqtisadi ədəbiyyatlarda ilk dəfə rast gəlinir desək, yəqin ki, yanılmarıq. Müəlliflər kitabda məsələlərin qoyuluşu ardıcılığı və həlli gedişində müəyyən metodoloji əsaslara və məntiqə söykənir, ümumidən xüsusiyə keçid məntiqini əsas götürürlər.

Müasir dövrdə idarəetmənin mühüm prinsipi onun çevikliyidir. Bir çox böyük idarəetmə strukturlarının bu və ya digər fəaliyyət sferalarında bu prinsip heç də həmişə ödənilmir. Bu, xüsusilə qapalı tipli təşkilatlara aiddir ki, onlarda minimum kooperasiya əlaqələri hesabına ötüşməyə çalışırlar. Belə təşkilatlarda yeni məhsul istehsalına keçid ağır sınaqdır, çünki bu vərdiş və adət edilmiş ritmlərin pozulmasına gətirib çıxarır.

Təbiətin, cəmiyyətin və iqtisadiyyatın öz qanunları var. Kimsə bu qanunların əleyhinə çıxanda nizam pozulur, neqativ hallar baş qaldırır. Cəmiyyətdə və iqtisadiyyatda insanlar mövcud obyektiv qanunları pozduqda yaranmış problemləri həll etmək üçün dövlət və cəmiyyət çox böyük maneələri aşmalı olur. İqtisadi liberalizm real bazarın formalaşmasının əsasında dayanan yanaşma tərzidir. Yəni, onsuz bazar iqtisadiyyatına keçid baş tuta bilməz. Nəzərə alsaq ki, inkişaf birdəfəlik akt deyil, bütöv bir prosesdir, keçicidir, dayanıqlıq nöqteyi-nəzərindən "sürüşkəndir", eləcə də inkişafın sürətliliyi öz-özlüyündə yeni problemlər doğurur, onda araşdırılan məsələnin daim gündəmdə saxlanılması zəruriliyini qəbul etmək məcburiyyətində qalacağıq. Beləliklə, həqiqi olanın təsdiqi problemləşən məsələlər kompleksinin həlli yollarını öz-özlüyündə ehtiva etmək iqtidarında deyildir. Real vəziyyətin keyfiyyət çalarlarını üzə çıxarmadan, istənilən halda nəzəri müddəalarla yüklənən emprik faktların məhz məqsədyönlü ümumiləşdirilməsi olmadan gerçəkliyin dərki mümkün deyil. Kitabın müəllifləri məhz qismən təsvir etdiyimiz metodoloji platformadan çıxış etməyə çalışmışlar.

Ölkədə real bazar münasibətlərinin formalaşması prosesi davam etməkdədir. Bu baxımdan iqtisadi demokratiyanın formalaşması subyektlər arasında ədalətli mənafe tarazlılığının qərarlaşması (makroiqtisadiyyatın sabitliyinin başlıca şərti) sferasında problem yaradan proseslərin aradan qaldırılması, heç də asan məsələ deyildir. Fərdi-korporativ-ümummilli mənafelərin uzlaşdırılması probleminin birdəfəlik həlli imkanlarının yoxluğu, yəni sözügedən üçlükdə qarşılıqlı əlaqənin yaradılmasının daim təkrarlanan xassəyə malikliyi araşdırılan problemlərə bir növ əbədilik, dinamiklik statusu verir.

İnkişaf prosesinin pərakəndəliklə bir araya sığmaması, həmçinin kapitalın təmərküzləşməsinin obyektiv səciyyə daşıması və s. sözügedən konseptual yanaşmanın təməl prinsipləri kimi səciyyələndirilə bilər.

Kitabda göstərilir ki, bazar hər şeyi öz yoluna qoyan iqtisadi prosesləri, əlaqələri, makroiqtisadi və makromaliyyə proporsiyalarının avtomatik tənzimləmə xassəsinə malik deyildir. Müəlliflər iqtisadiyyatın dövlət tənzimlənməsinin bazar iqtisadiyyatına alternativ olmadığını əsaslandırırlar. Onlar təsərrüfatçılıq fəaliyyətinə aid faktiki materiallardan misal gətirməklə sübut edirlər ki, dövlətin tənzimləmə funksiyalarını işə salmaqla bir çox iqtisadi prosesləri, idarəetmə, tənzimləmə, sahələrarası və sahədaxili struktur dəyişikliklərini həll etmək mümkündür.
Müəlliflər inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində belə dövlət tənzimlənməsi olmadan fəaliyyətin mümkünsüzlüyünə dair fikirlərini əsaslandırmaq üçün zəruri dəlillər gətirirlər. Bunula yanaşı göstərilir ki, iqtisadiyyatın dövlət tənzimlənməsinin rolu nə qədər güclü olsa da onlar bazar iqtisadiyyatı prinsiplərini, metodlarını və mexanizmlərini əvəzləməməlidir.
Bütün bunlarla yanaşı, bir çox hallarda inkişaf uğurlarından irəli gələn mənfi meyillərin, iqtisadiyyata inflyasiya təzyiqinin artması, onu doğuran xarici və daxili səbəblərin qarşısının alınması üçün görülən tədbirlərin aktuallığına kitabda xüsusi diqqət yetirilir, əməli əhəmiyyəti olan nəticələr çıxarılır.

Dövlət büdcəsi ölkədə yeridilən iqtisadi siyasətin gerçəkləşməsində güclü alət rolunu oynayır. Kitabda ölkəmizdə pul kütləsinin ÜDM-ə nisbəti göstəricisinin tələb olunan səviyyədən bir qədər aşağı olduğunu qeyd etməklə, vaxtilə zəruri olan manat məzənnəsini sabit saxlamaq siyasətinə hazırda fərqli yanaşmanın zəruriliyi əsaslandırılır. Dövlətin iqtisadi funksiyalarını reallaşdırmaqda pul-kredit və büdcə-vergi siyasətinin təkmilləşdirilməsi dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması, bölgüsü və istifadəsi sistemi kimi büdcə prosesi, pul-kredit siyasətinin başlıca konturları, meyarları və istiqamətləri ilə birgə müəyyənləşdirildiyi və reallaşdırıldığı şəraitdə yüksək səmərə verə bilər. Vergi siyasətini iqtisadi inkişafın mühüm aləti kimi səciyyələndirən müəlliflər göstərirlər ki, əlverişli investisiya mühiti yaratmaq, vergi ödəyicilərinin hüquqlarını genişləndirmək, sərbəst rəqabətə meydan açan vergi rejimi formalaşdırmaq, reklamların inkişafını stimullaşdırmaq hazırkı vergi siyasətinin mühüm istiqamətlərindəndir.
Kitabda sosial-iqtisadi inkişafın meyilləri bu inkişafda tərəqqi, formalaşma və reallaşma cəhətləri diqqət mərkəzinə çəkilməklə açıqlanır. Ümumiyyətlə, kitab gərgin əməyin, zəngin elmi-nəzəri və praktik araşdırmaların nəticəsidir, dili səlist və oxunaqlıdır.

Bütövlükdə, "İqtisadiyyat hamı üçün" kitabını müstəqil Azərbaycan Respublikasının iqtisad elminə, ümumilikdə cəmiyyətə layiqli tövhə kimi qiymətləndirmək olar. Kitab adından göründüyü kimi hamı, yəni orta məktəb şagirdləri, ali məktəb tələbələri, magistrlər, doktorantlar, iş adamları və digər mütəxəsislər, həmçinin iqtisadiyyat üzrə biliklərini artırmağa çalışanlar üçün çox qiymətli bir mənbədir.


Ağasəlim ƏLƏSGƏROV,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor,

AMEA-nın müxbir üzvü,

Veysəl ƏYYUBOV,

Mingəçevir Politexnik İnstitutunun

tədris-elmi işlər üzrə prorektoru,

"İqtisadiyyat" kafedrasının müdiri, iqtisad elmləri namizədi