Elşad Səmədzadə: Qlobal pandemik çağırışlar və davamlı inkişaf
Qlobal pandemik çağırışlar və davamlı inkişaf
Qlobal pandemik çağırışlar və davamlı inkişaf. Bəşəriyyət XXI əsr üçün əsas məqsəd kimi davamlı inkişafı təsbit edib.
Lakin davamlı inkişaf üçün daim təhlükələr olur. Qlobal təhlükələri: təbiətin və cəmiyyətin yaratdıqlarına bölmək olar. Bu təhlükələrdən biri də pandemiyalardır. Pandemiya yunan dilində “bütün xalq” deməkdir. Təhlilimiz göstərir ki, eramızdan 600 il əvvəl mövcud olan infeksion xəstəlik törədiciləri hələ də insanlar arasında yaşayır. Onlar arasında Bizans imperiyasının süqutuna əhəmiyyətli təsir edən malyariya da var, XX əsrdə 300-500 milyon həyat aparan təbbi çiçək də.
Bu, bəşəriyyəti çox ciddi düşündürməlidir. Təəssüf ki, koronavirusa yoluxanların sayı 13 milyonu üstələyir və bu rəqəm artmaqda davam edir.
Yoluxucu xəstəliklərin yayılma sürətinin artması qloballaşmanın fəsadıdır.
Səbəblər:
1918-20-ci illərdə 50-100 milyon insanı qurban edən qripin növü - ispanka I Dünya müharibəsindən sonra oldu. Bəs, indi qlobal miqyasda infeksion xəstəlik üçün ciddi səbəb varmı? Koronovirusun təbiətin yaratdığını düşünənlər də var, onun bioloji silah olduğunu fikirləşənlər də. Təbiətin insanlardan qisası versiyasının tərəfdarları planet resurslarının istismarının, ətraf mühitin çirklənməsinin amansız həddə çatmasına cavab olaraq pandemiyanı sunami, qasırğa, zəlzələ kimi hadisələrindən sayır. Bu prosesdə insan əli olması versiyasının tərəfdarları isə onu musiqi klipi, bədii əsərlərdə, filmlərdə müxtəlif işarələr verildiyini əsas göstərərək, Ələddinin sehirli çırağından çıxan cinə bənzədir.
2019-cu ildə İsraildə Eurovision müsabiqəsinin bağlanışında “Gələcək” adlı musiqi nömrəsində Madonnanı əleyhqazla müşayiət edənlər, eləcə də ABŞ yazıçıları Silviya Braun (Shoemaker) və Harrison Lindseyin “Peyğəmbərlik” ədəbi əsərində 2020-ci ilin təsviri təəccüb doğurur. Belə ki, 2004-cü ildə nəşr olunan bu kitabda yazılıb: “2020-lərdə ağciyərlər və bronxlara ciddi şəkildə təsir edən və müalicəyə tabe olmayan pnevmoniyaya bənzər bir xəstəliyin partlaması səbəbindən, əməliyyat maskaları və plastik əlcəklərdən istifadə edən çoxlu insanı görəcəksiniz ”.
Tarixdə süni yayılan xəstəliklər barədə misallar var. Məsələn, ispan müstəmləkəçiləri XVI əsrdə geyimləri təbii çiçək virusu ilə yoluxduraraq hindulara bağışlayıb - bioloji silahla aborigenləri qıraraq Amerikaya sahib olub. Bəlkə əsrlər sonra ispanka təbiətin hindulara görə qisasıdır?!
İnsan sayının azaldılması fikri ingilis keşişi və iqtisadçısı Thomas Malthusun (1766-1834) nəzəriyyəsinə uyğun ərzağın ədədi, insanların isə həndəsi silsilə ilə artması və nəticədə yer üzündə aclığın olacağı düşüncəsi ilə bağlıdır. Lakin bu fikirlərə qarşı müqəddəs Quran kəlməsi dayanır: “İnsan dünyaya gəlməmiş Allah Təala onun ruzisini göndərir”. Yer kürəsində yaşamağa kifayət qədər ərazi var. Məsələn: əhali sıxlığı Rusiyada Çindən 17.1 dəfə azdır.
(1 km2-ə 146.8/ 8.57 nəfər düşür. 1.1.2020).
Səfərbərlik: Pandemiya ilə bağlı milli dövlətlər və müvafiq beynəlxalq təşkilatlar, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tibbi, inzibati, iqtisadi resurları mübarizəyə səfərbər edib. Bu meqa hadisə insan fəaliyyətinin bütün sahələrində dərin iz qoyur. İnsanların müdafiəsi sahəsində pandemiya dövlət/transmilli şirkət nüfuz nisbətini dövlət xeyrinə dəyişdi. İngilislərin dediyi kimi: “Mənim evim, mənim qalam” kəlamına uyğun evə çəkilən insanlara türklər: “Ev həyat dolu, həyat evə sığar” dedi. Cəmiyyət üçün antik fəlsəfədən gələn 2 fikir faydalı oldu: “Mümkün olmayan hadisənin baş verməsi mümkündür” - Aqafon və “Başqalarının qanundan qorxaraq etmədiklərini mən dərk edərək etmədim” - Sokrat. Bu kimi fikirlərə Süleyman padşahın üzüyündə yazılmış “Bu da keçər” ifadəsi də qoşulur.
Pandemiya dərsi. Dövlətlər və vətəndaşlar müdafiə tədbirlərinə hər zaman hazır olmalıdır. Dövlət ehtiyatlarında, müəssisələrdə yanğınsöndürmə avadanlığı olduğu kimi, tibbi maska və dezinfeksiya vasitələri saxlanılmalıdır. Sərhəddə hamını yoxlamaq imkanı olmalıdır. Nəbatət də köməyə gələ bilər. Yol boyu, xəstəxana, yaşayış məntəqəsi ətrafı əkilən juniperus kolları havaya fitonsid (sarımsaq-soğan elementi ) buraxaraq virus əleyhinə təsir edər.
İqtısadiyyatda nələr baş verir?
Virus hücuma keçir: Maddi nemətlərin yaradılması, mübadiləsi, bölgüsü və istehlakı ilə məşğul olan iqtisadiyyatda struktur dəyişir. Yoluxma və karantinin doğurduğu fəsadlar nəticəsində məcmu tələb və məcmu təklif kəskin azalıb - dünya iqtisadiyyatının həcmi kiçilir. Enerji qiymətləri azalır.
Böhranın nəticəsi olaraq qızılın qiyməti artır. 2020-ci ilin 19 mart-8 iyul tarixlərində bu metalın 1 troya unsiyasının qiyməti 1466 ABŞ dollarından 1794-ə qalxıb, yəni 22.4% artıb.
Pandemiyadan (total qlobal karantindən) zərər çəkən sahələr:
- Energetika, xüsusilə bu dövrdə həm də OPEC çərçivəsində uğursuz danışıqlardan zərbə alan neft sənayesi;
- Xarici ticarət;
- Nəqliyyat;
- Turizm, otelçilik, ictimai iaşə;
- Bərbərxana - gözəllik salonu, fitnes, idman, kino və s. mədəniyyət və əyləncə sahəsi;
- Qeyri-yaşayış sahələrinin icarəsi.
Lakin iqtisadiyyat əks hücumdadır:
Ümidlər var. Azərbaycan atalar sözü:
“İgid odur, hər zəhmətə qatlana,
İgid odur, atdan düşə, atlana”.
Pandemiyadan (total qlobal karantindən) xeyir görən sahələr:
- IT; е-ticarət, kompüter oyunları; mobil telefoniya;
- Ərzaq və hazır qida;
- Təbabət, dərman və tibbi ləvazimatın istehsalı və satışı;
- Media;
- Bank kart prosessinqi;
- ASAN xidmət;
- Əməyin qeydiyyat sistemi.
Gələcək iqtisadiyyat. Düşünürəm:
1. Fərdi izolyasiya tədbirləri çərçivəsində hərəkətdə fərdi vasitələrin payı və buna yönəlik infrastruktur artacaq: at, velosiped, skuter, moped, motosiklet, avtomobil, yaxta, biznes (kiçik) təyyarələr, yaxın gələcəkdə sərnişin daşıyan dronlar. İctimai nəqliyyatda fərdi guşələr, sürücüsüz taksilər, təyyarələrə alternativ kimi sürət qatarları - onun yeni növləri sistemin tərkibinə qatılacaq. Dəniz səyahətçiləri; kruiz layner həvəskarlarının müdafiəsinə görə xəstəxana-gəmilər inşa ediləcək.
2. Fərdi həyətlərdə hovuzlar, kiçik idman-sağlamlıq guşələri yaradılacaq. Şəhər mərkəzindən şəhər kənarına, şəhərlərdən regionlara, binalardan həyət evlərinə keçid (rəqabət aparmaq üçün bina kompleksi lüks rahatlıq - təchizat və dezinfeksiya təmin etməlidir) və buna uyğun yeni nəqliyyat xətlərinin açılışı olacaq.
3. İş yerlərinin yaşayış yerlərinə yaxınlığının təmini vacib istək olacaq.
4. Smartfon və ağıllı saatlar həyat göstəriciləri: hərarət, təzyiq, ürək döyüntüsü sayı, mineral-vitamin miqdarı, immunitetin avtomatik rejimdə normadan kənarlaşmasını bildirən proqramlarla təmin olunacaq. Tibbi testlərin tam təhlükəsizliyinə inam da formalaşdırılmalıdır.
5. Sığorta şirkətləri koronavirusdan xüsusi sığorta növü təklif edəcək.
6. İzolyasiyanın maraqlı olması üçün əhali, xüsusilə yaşı 65-dən çox olan qrup üçün TV-də şəxsiyyət vəsiqələri nömrələri əsasında lotereyalar keçirilməsi faydalı olar.
7. Pandemiya dövründə davranış qaydaları orta məktəb dərsliklərində yer alacaq. Tədris müəssisələrində təkrarçılığa yol verməmək üçün bəzi onlayn dərsləri birləşdirən ehtiyat e-cədvəllər tərtib olunacaq.
İqtisadiyyat Nazirliyinin gücü sahibkarlara bağlılığındadır. ÜDM-in 80%-dən çoxunun özəl sahədə yaradılması bu münasibətləri mütləq zərurət edir. Ona görə hər bir sahibkarın inkişafı ilə bağlı tələblər öyrənilməli və ictimai mənafeyə uyğun olanlar gerçəkləşdirilməlidir.
İqtisadi təhlükəsizlik milli sərhədlər, ya da regional çərçivədə təmin olunmalıdır. Səmərəli istehsal üçün bütün resurslardan istifadə və bütün lüzumsuz manelərin aradan qaldırılması zəruridir. Biznesin dayanıqlığı üçün dövlətə yaxınlıq lazımdır. Daha çox şirkətin dövlət satınalmalarına cəlbi aktuallaşır.
Qlobal tənzimləyicilər mövzu barədə.
BMT baş katibi Antoniu Quttereş: “Qlobal ÜDM-in 10%-i pandemiya fəsadlarını aradan galdırmağa gedə bilər.” BMT 2021-ci ilin sonuna qədər dünya iqtisadiyyatı barədə proqnoz bildirib: Bu il qlobal təsərrüfatın 3,2% azalacağı, 2 ilə bu itkinin 8,5 trilyon dollar təşkil edəcəyi gözlənilir (müəllif qeydi - lakin biz, təəssüf ki, itkilərin daha böyük olacağını düşünürük). Bu, Böyük depressiyadan sonra ən kəskin azalmadır. Pandemiya aşağı ixtisaslı işçilərə və Afrika qitəsinə daha çox zərbə vuraraq yoxsulluğu artırır, varlı və kasıb nisbətini dərinləşdirir. BMT bu fəsadın təsirlərini qlobal əməkdaşlığın yeni keyfiyyət mərhələsinə qalxması ilə dəf etməyi mümkün sayır. Böhrandan sonra bərpa prosesində təlatümlərə daha dayanıqlı iqtisadi model qurmaq lazımdır. Həmçinin, resursları səhiyyə sisteminin möhkəmləndirilməsi və sosial müdafiə, yaşıl texnologiyalardan istifadə və iqlim dəyişiklikləri ilə mübarizəyə yönəltmək lazımdır. Dünya əhalisinin 1/6-nin işsiz qalma ehtimalı var.
Yoluxmuş iqtisadiyyat.
CRB indeksinə əsasən, əksər birja mallarının qiymətinin azalması müşahidə olunur. G20 ölkələri 26 martda onlayn toplantıda dünya iqtisadiyyatına monetar və fiskal alətlər vasitəsilə 5 trilyon dollar həcmində dəstək verəcəyini bildirib. BVF-nin icraçı direktoru Kristalina Georgiyeva deyir ki, 80-dən çox inkişaf etməkdə olan ölkə fonddan ümumən 2,5 trilyon dollar məbləğində borc istəyib. Bu qəribə virus 50 ildən əvvəl dünyanı bürümüş honkonq qripi kimi ölümcül deyil, lakin iqtisadiyyatları bir-bir silkələyir, çökdürür. Dünya iqtisadiyyatının uzun müddət mühərriki olan Çin sənayesi 13,5% itirdi, ötən ilə nisbətən sərmayələr 1/4 qədər, satış 1/5 azaldı. Beləliklə resurlara tələbat aşağı düşür və neft-qaz ixracatçılarının büdcə planları pozulur, valyuta məzənnələri təzyiqlə üzləşir.
Azərbaycanın mövqeyi daha yaxşıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş və reallaşan neft strategiyası nəticəsində Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Ölkənin Mərkəzi Bankı və Dövlət Neft Fondunda 47.7 milyard dollardan artıq vəsait var.
(ARDNF 41.3495 və AMB 6.3938 milyard dollar 1.4.2020)
Pandemiyanın texnologiyalara təsiri.
Tarixə qayıdaraq iqtisadiyyat üçün pozitiv potensial axtaraq:
XIV əsrin ortalarında Avropanı bürümüş vəba pandemiyasının ədəbi təsviri Şerlok Holmsun müəllifi olan Artur Konan Doyla məxsusdur: “1348-ci ildə Avropaya ölüm genuyalıların ticarət gəmilərində Şimali Qara dəniz sahillərindən gətirilib. Onunla əsas mübarizə üsulu karantin, hakimiyyətin ilk işi ərzaq ehtiyatı yaratma olub. Ölüm 20%-ə çatıb.
Pandemiya sonrası dövrdə mülk qiymətləri azalıb, əmək və biliyin qiyməti qalxıb. İngilis kralı Pis ləqəbli III Eduard şikayətləri nəzərə alaraq, daha yüksək əməkhaqqı istəyən fəhlələri azadlıqdan məhrumetmə barədə fərman imzalayıb. Əmək qiymətinin qalxması daha az işçi saxlamağa imkan yaradan yeni texniki qurğuların ixtirasını təşviq edib. Beləliklə, vəba texnoloji inqilabın əsasını qoyub. Rusiyada isə əhali sıxlığının azlığı xəstəliyin geniş yayılmasına mane olub.” Tarixə əsaslanaraq deyə bilərik ki, indi də pandemiya yeni ixtiralara təkan verəcək.
Nəticə
Bu, düşünmək və dəyərləri yenidən qiymətləndirmək üçün vaxtdır. Dünya onlayn sistemə daha çox öyrəşir. Kompüter satışı ötən illə müqayisədə 3,1 dəfə artıb. Online video əlaqələri təmin edən Zoom şirkətinin səhm qiymətləri ilin əvvəlindən 200% yüksəlib. Onlayn total nəzarət artır. Mühafizə tədbirlərini görərək, tərəqqiyə doğru getmək zəruridir. İnternetə çıxış asanlaşmalı, xidmət keyfiyyəti göstəriciləri yaxşılaşmalıdır. FOREX daha da fəallaşıb, kapitalı milli bazarlardan xaricə çıxartmaq istəyir. İmtahanlar üçün sifəti tanıma sistemlərindən istifadə yaranır. Fransızların düzəltdiyi jilet işçilər bir-birinə yaxınlaşanda vibrasiya edərək, məsafə saxlamağı yada salır. Kompüterlə çox məşğul olan gözün güclənməsi üçün kök, göbələk, balıq istehlakının artması, rəqəmsallaşan dünyadan daha çox bəhrələnmək üçün xarici dillərin öyrənilməsinə həvəsin artması müşahidə olunur. Günəşin və dənizin faydası.
Böhran qlobal səhiyyə sisteminin də zəif nöqtələrini göstərir. O, son dövrlər mürəkkəb və bahalı xəstəliklərin müalicəsinə istiqamətlənmişdi. İnfeksion xəstəliklərlə kütləvi mübarizə sistemi isə tələblərə cavab vermir. Sürətli qidalanma kimi sürətli tibb sistemi formalaşıb. Çarpayı sayı az olan sistem. Nəticədə qəza vaxtı “Titanik”dəki kimi hamıya xilas qayıqlarında yer yoxdur.
Antiböhran idarəetmənin növü olan pandemiya menecmenti formalaşır. Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi arasında fasiləsiz onlayn dialoq və razılaşdırılmış qərarlar olmalıdır. Açıq havada işlər təşviq edilməlidir. Xarici İşlər Nazirliyi ölkəmizin xarici ölkələrdəki səfirlikləri vasitəsilə dünyada vəziyyəti və mübarizə üsulları barədə məlumatı mütəmadi operativ qərargaha çatdırsın.
Təminat rahatladır.
Sosial təminatı olan insan karantinə daha rahat riayət edir. İnsanlar düşünür: ödənilməyən kirayə haqqı, kredit borcu, telefon rabitəsi və internetə güzəşt olacaqmı? Dövlət güzəştə gedir, evdə qal müqabilində ödəmələr edir, bəs, özəl sektor necə?
- Müharibə haqqında kitab, filmlərin populyarlıq səbəbi bir də ona görədir ki, müharibə dövründə bütün resurslar səfərbər olunur. Sonra bu temp dinc quruculuğa xidmət edir. Demək, postpandemiya dövrü sürətli inkişaf üçün zəmindir.
- Təklif edirəm Bakı konvensiyası qəbul edilsin. Buna əsasən hər hansı xəstəlik müəyyən yoluxma sayını keçdikdə milli dövlətlər dərhal ÜST-ə məlumat versin.
Hazırda dünyada 2 milyard adam su və sanitariyaya görə əziyyət çəkir. Demək, yoluxucu xəstəlik törədiciləri üçün münbit şərait var. BMT 2005-2015-ci illəri su dekadası adlandırıb. Lakin problem böyüyür.
ABŞ-ın sabiq prezidenti Bill Klintonun sözünü yada salaq: “Afrikadakı aclara göz yummaqla biz Amerikanın gələcəyini təhlükədə qoyuruq.”
Fransız fizioloqu Klod Bernar isə deyirdi: “Mikrob heç nədir, mühit əsasdır”. Çinlilərin, “Meşədəki tikanların hamısını çıxartmaq olmaz, ora başmaqla get” atalar sözünə uyğun maska taxmaq zəruridir.
2019-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (ABŞ) M.Kremerin “Vaksinlər üçün bazarlar yaratmaq” kimi əsərlərin olması iqtisadiyyatın səhiyyəyə təkcə maliyyə deyil, həm də intellektual dəstək verdiyini göstərir.
Koronavirus bioloji silahdırsa, demək artıq dərman da var, vaksin də. Bir qalır onun bazara çıxması. O da pandemiya dövründə tapılmış dərman - vaksin bazara gələndə üzə çıxacaq.
Bu, 1940-cı ildə yaponların Perl Harbora hücum edərək, ABŞ hərbi dəniz donanmasının 1/3-ni məhv etməsi, lakin qəfillik üstünlüyünün itirilməsinə bənzəyir. Dövlətlərin hazırlıq səviyyəsi artıb.
Sonda “Danışıqlar dahisi” kitabından sitat gətirirəm. Ən güclü danışıq Allah və Musa Peyğəmbər arasında olub:
- Allah: Siz mənə şərik, qızıldan büt düzəltdiniz, mən obanızı yerlə yeksan edərəm.
- Musa Peyğəmbər: Əlbəttə, sən buna qadirsən, amma orada bir mömin yaşayır.
- Allah: Mən o, bir möminin xətrinə yeri yaşadaram.
Yüz milyonlarla möminin xətrinə dünya yaşayar!
P.S. Məqaləmi pandemiya dövründə, 22 aprel - Yer Kürəsi günü ərəfəsində
yazmağa başladığımdan onu belə tamamlayıram:
Yaşa Planet, yaşa,
insanlığı yaşat, planet, yaşa!
Elşad Ziyad oğlu Səmədzadə,
i.f.d., Azərbaycan
İqtisadçılar İttifaqının sədr müavini,
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti,
Beynəlxalq Menecment
Akademiyasının müxbir üzvü