Zülfü İLYASOV: Suvarma sisteminin yüksək texnologiyalar əsasında qurulması qarşıda duran ən zəruri vəzifələrdəndir
Suvarma sisteminin yüksək texnologiyalar əsasında qurulması qarşıda duran ən zəruri vəzifələrdəndir
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik və bunun əsas sütunlarından biri sayılan uğurlu iqtisadi siyasət Azərbaycanın dayanıqlı və davamlı inkişafını təmin etmişdir. Respublikamızda istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində aqrar bölmə xüsusi çəkiyə malik olmuş, real sektorda çalışanların az qala yarısı bu sahənin payına düşmüşdür.
Kənd təsərrüfatının bugünkü uğurlarından danışarkən, bunu təmin edən iki amil mütləq nəzərə alınmalıdır: birincisi, ulu öndər tərəfindən 1998-ci ildə uğurla gerçəkləşdirilən torpaq islahatları, ikincisi, tikintisi neftdən əldə olunan gəlirlərin digər sahələrlə bərabər, kənd təsərrüfatına yönəldilməsi. Hər iki amil kənd təsərrüfatının bazar prinsipləri əsasında inkişafına, sahibkarlıq zümrəsinin təşəkkül tapıb formalaşmasına yeni yol açmışdır. Ümummilli fikrin layiqli davamçısı İlham Əliyev prezident seçildikdən sonra 2004-cü ildən başlayaraq respublikamızın sürətli və sıçrayışlı sosial-iqtisadi inkişafı təmin edilmişdir.
Ölkəmizdə aqrar sahənin inkişafı bir sıra aqrotexniki amillərlə yanaşı, həm də meliorasiya və su təchizatı sistemlərinin yüksək səviyyədə təşkilindən asılıdır.
Azərbaycanda uzun illər suvarma əkinçiliyi mövcud olmuş, bir çox hallarda bu sahədə çətinliklər yaranmışdır. Respublika ərazisinin yalnız 52,3 faizi kənd təsərrüfatına yararlıdır ki, bu ərazinin də böyük qismini üzümlüklər, çay plantasiyaları, otlaqlar və biçənəklər təşkil edir. Cəmi 1 milyon 674 min hektar ərazi şum altında istifadə olunur. Suvarılan torpaqlar yararlı torpaqların üçdə birini əhatə etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizi bu torpaqların payına düşür.
Azərbaycanda suvarma əkinçiliyinin tarixi XX əsrin əvvəllərinə gedib çıxır. İstər Çar Rusiyası, istərsə də sovet hakimiyyəti illərində, konkret olaraq ötən əsrin 50-ci illərində Azərbaycanda torpaqların yarısı, yəni 49,5 faizi bu və ya digər dərəcədə şoranlaşmaya məruz qalmışdı.
1969-1989-cu illərdə həyata keçirilən genişmiqyaslı meliorasiya tədbirləri nəticəsində həm suvarma və kollektor-drenaj şəbəkəsi yaradıldı, həm də torpaqların hamarlanması, kimyəvi yuyulması işləri aparıldı. Həmçinin, torpaqlara mineral gübrələr verməklə və digər aqrotexniki tədbirlər görməklə onun münbitliyi artırıldı.
Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin səyi və gərgin əməyi sayəsində mümkün olmuşdur. 90-cı illərdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar torpaqların meliorativ vəziyyəti pisləşmiş, bu isə şoranlaşmanın sürətlənməsinə zəmin yaratmışdır.
1989-2000-ci illər ərzində suvarılan torpaqların şorlaşma dinamikası göstərir ki, 11 ildə torpağın 1 metrlik üst qatındakı duzların həcmi çoxalmış və şorlaşmış torpaqların miqdarı 4 faiz artmışdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə yenidən qayıdışından sonra aqrar bölmədə aparılan köklü islahatlar, torpaqların özəlləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması və bu sahəyə investisiyaların yönəldilməsi, dövlətin maliyyə dəstəyinin genişləndirilməsi kənd təsərrüfatının inkişafında ciddi dönüşə gətirib çıxarmışdır.
Xarici investisiyalar hesabına Baş Mil-Muğan kollektorunun II və III növbələri tikilib istifadəyə verilmiş, Tərtər, Bərdə, Şəmkir və Biləsuvar rayonlarının ərazisində suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xətti ilə Dünya Bankının maliyyə dəstəyi əsasında “Suvarma paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi layihəsi”, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə İFAD təşkilatının maliyyə dəstəyi əsasında suvarma drenaj şəbəkəsinin bərpası, yenidən qurulması yekunlaşmış və hazırda 14 min hektar sahədə işlər başa çatdırılmaq üzrədir.
Respublikanın 500 min hektar suvarılan ərazisində duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Muğan kollektorunun III hissəsi başa çatdırılaraq, Mil-Qarabağ kollektoru ilə birləşmişdir.
2000-2016-cı illər arasında suvarılan torpaqlarda şoranlaşmanın vəziyyəti göstərir ki, bu müddət ərzində şorlaşma 52 faizdən 45 faizə enmişdir. Burada da şiddətli şorlaşmış torpaqlar cəmi 8 faiz təşkil etmişdir.
Təkcə son iki ildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nəzdində fəaliyyət göstərən “Azdövlətsutəslayihə” İnstitutu tərəfindən hazırlanan layihələrin siyahısına baxsaq, həyata keçirilən tədbirlərin həcmi və miqyasının necə böyük olduğunu görərik. Bunlar aşağıdakılardır: Yuxarı Mil kanalının tikintisi, 19205 hektarı suvarma suyu ilə təmin edəcək Neftçala magistral kanalının nasos stansiyasının tikintisi, Şəmkir, Maşın kanalının I növbədə tikintisi, Şabran Aqroparkında infrastruktur meliorasiya tədbirləri, Goranboy və Samux ərazisində Aqroparkın suvarma suyu ilə təmin edilməsi, Qax rayonu ərazisində yaradılan Aqropark ərazisinin suvarma suyu ilə təmin edilməsi, əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı sahələrin suvarma suyu ilə təmin edilməsi, əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, Ağsu rayonunda yerləşən Cavanşir su anbarında tikinti bərpa işlərinin aparılması...
Hazırda aşağıdakı layihələrin hazırlanması və icra olunması üzərində iş gedir: Şəmkir Maşın kanalının II növbəsinin tikintisi, əhalisi 592 236 nəfər olan 38 şəhər və rayonun 249 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyatyanı sahələrin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezian quyusunun layihələndirilməsi və qazılması, 3300 hektar torpaq sahəsini əhatə edəcək Xəzər-Pirallahı və Xızı rayonlarının əkin sahələri və badam salınacaq plantasiyaların suvarma suyu ilə təminatı, 5600 hektar sahəni suvarma suyu ilə təmin edəcək Hacıqabul rayonu ərazisində suvarma-meliorasiya tədbirlərinin görülməsi, 12 000 hektar sahəni əhatə edəcək, Şəki və Oğuz rayonlarının ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi, 5268 hektar sahəni suvarma suyu ilə təmin edəcək Araz çayının yeni qolu vasitəsilə suvarılan sahələrin istifadəyə verilməsi. Həmçinin, bu tədbirlərlə paralel olaraq sel və daşqın təhlükəsi olan çayların zərərli təsirlərinə qarşı mühafizə tədbirləri, suvarma sistemlərində qəza vəziyyətinin aradan qaldırılması və digər tədbirlərin layihə-smeta sənədləri hazırlanır.
Şübhəsiz ki, belə irimiqyaslı meliorasiya tədbirlərinin görülməsinə böyük miqdarda maliyyə vəsaitləri tələb olunur. Artıq 15 ildir ki, ardıcıl olaraq istər Azərbaycan hökuməti, istərsə də beynəlxalq maliyyə qurumları, bank təşkilatları tərəfindən meliorasiya və su təchizatı sisteminin yaxşılaşdırılmasına, yenidən qurulmasına və modernləşdirilməsinə maliyyə vəsaitləri, güzəştli kreditlər və investisiyalar yönəldilir. Yuxarıda sadalanan layihələr, görülən tədbirlər bütün işlərin hamısını tam şəkildə əks etdirmir. Çünki reallıqda həyata keçirilən irili-xırdalı tədbirlərin sayı çoxdur. Ölkədə kənd təsərrüfatı sürətlə inkişaf edir, bir-birinin ardınca aqropark kompleksləri tikilib istifadəyə verilir, yaxın müddət ərzində onların sayı 52-ə çatdırılacaq. Kənd təsərrüfatında intensiv bağçılıq, bostançılıq tədbirləri həyata keçirilir, əkin sahələrinin damcı və yağdırma üsulu ilə suvarılmasının tətbiqinə başlanılıb və bu şəbəkənin genişləndirilməsi hədəf götürülüb. Bütün bunlar həm sudan qənaətlə istifadə edilməsinə və məhsulun keyfiyyətinin yüksəldilməsinə, həm də istehsalın həcminin və ixrac imkanlarının artırılmasına təkan verəcək.
Azərbaycanın kənd təsərrüfatı sahəsində zəngin təcrübəsi vardır. Ölkəmizdə yetişdirilən üzümün, narın, əncirin, almanın, heyvanın, yüz çeşiddə dadlı-ləzzətli bostan və tərəvəz bitkilərinin şöhrəti dünyaya yayılıb. Azərbaycan brendi altında məhsullar xarici bazarlarda özünə yer alıb. Lakin zaman dəyişib, ixrac imkanlarını genişləndirmək yeni standartlar və innovativ yanaşmalar tələb edir. Suvarma sistemlərinin müasir texnologiyalar əsasında qurulması aqrar bölmənin qarşısında duran ən zəruri vəzifələrdən biridir.
Zülfü İLYASOV,
bölgə müxbiri