MƏQALƏLƏR

BİR KƏNDİN TARİXİNDƏN

  • 04.02.2011

BİR KƏNDİN TARİXİNDƏN

 Abşeron özünün zəngin sərvətləri ilə Avropada və Asiyada tanınan qədim  bir diyardır. Hələ çox uzaq əsrlərdən onun duzu, zəfəranı, üzüm bağları, balıq sərvəti, nəhayət nefti, Xəzərin sahilində yerləşən çimərlikləri məşhurdur. Belə təbii xəzinədə memarlıq abidələri ilə zəngin olan Abşeron kəndləri içərisində Buzovnanın xüsusi yeri var. Abidələr bu kəndin vizit kartıdır. Buzovna kəndi abidələri milli mədəniyyətimizin ayrılmaz hissəsi olub onun adət-ənənələrini yaşadan bir məskəndir. Burada Böyük səlcuqlar dövrünün çoxəsirlik nişanələri, Şirvanşahlar sülaləsinin parlaq inkişaf dövrü, Bakı xanlarının idarəçiliyi və Abşeron kəndlərində insanların fəaliyyətinin bütün sahələrində dərin izlər qoymuş kapitalizmin kiçik fraqmentləri mərkəzləşmişdir. Şəhərdən aralı olmasına baxmayaraq Buzovna bir çox bakılıların ata-baba mülklərinin yerləşdiyi məskən olub, həm müəyyən dərəcədə iqtisadi baxımdan, həm də qohumluq əlaqələrinin sıxlığı ilə fərqlənir. Buzovna eyni zamanda yarımadanın ən şimal istehkamlarındandır.

Kəndin adının mənası ayrı-arılıqda müxtəlif variantlarda, versiyalarda açıqlanır. Bəzi tədqiqatçılar bu toponimii  qədim fars dilinin məhəlli ləhcələrindən olan tatca «buzov», «puzov» və s. sözlərlə izah edir, «suya girən burunda yerləşən kənd» (yəni coğrafi mənada) kimi söyləyirlər. Kəndin adının eyni zamanda türkdilli  oğuzların «bozaq» tirəsinin adından götürüldüyü  də bildirilir. Yerli əhali arasında qədimlərdə Buzovna adının vaxtilə xalq təbabətində işlədilmiş bir bitkinin adından götürülməsi, həmçinin bağlı-bağatlı bir məkan kimi «Bəzanə» adı ilə adlandırılması ehtimalları da mövcuddur. Lakin heç bir elmi əsası olmadığına görə bu fərziyyələr qəbul edilmir.

Buzovna toponimi barədə söylənilən fikirlər içərisində Azərbaycanın tarixi, memarlığı, etnoqrafiyası barədə dəyərli tədqiqatlar aparmış Kazan və Peterburq universitetlərinin professoru İlya Nikolayeviç Berezin Buzovna kəndi haqqında Bakı qəzasının ən yaraşıqlı və abad kəndlərindən biri kimi danışır. Alim 1845-ci ildə yazdığı «Abşeron yarımadasına səyahət» əsərində ilk dəfə olaraq bu kəndin tarixi, etimoloji mənşəyi və s. İlə əlaqədar dəyərli fikirlər söyləmiş və göstərmişdir ki, «Buzovna adının mənası Boz oğuzlarla əlaqələndirilir». Buzovna Bakı kəndləri içərisində öz etnik tərkibinin sabitliyi ilə fərqlənmişdir. O, həmçinin qeyd edilirdi ki, «Buzovna kəndinin əhalisi başdan-başa türkdillidir».

Onun fikirlərini təsdiq edən bir mənbə də vardır ki, bu da «Məcməüş-şüəra» ədəbi məclisinin rəhbəri, klassik Azərbaycan şairi qədim dilləri və tarixi mükəmməl bilən buzovnalı Məşədi Azərin «Oğuznamə» əsəridir. Başqa bir mənbə Azərbaycan alimi Vilayət Quliyevin «Abşeron XIX əsrdə» elmi məqaləsi bu kəndin adının məhz «Boz oğuz» olmasını əsaslı surətdə təsdiq edir.

Hələ qədimlərdən Boz oğuz (Boz oq) adı ilə tanınmış bu kəndin adı işğalçı I Pyotrun Şərqə yürüşləri, Xəzər dənizini ələ keçirmək siyasəti ilə bağlı olaraq təhrif edilmiş, əcnəbilərin dilinə yatmayan Boz oğuz adı həmin təhrif nəticəsində «Boz oni», «Boz oqi» kimi işlədilərək müasir şəklə düşmüşdür.

XIX əsrin əvvəllərində Şərqə səyahət etmiş fransız yazıçısı  Aleksandır Düma (ata) Hacı Əliyar bəyin günlərlə qonağı olmuşdur, onun şərəfinə zəngin ziyafətlər verilmiş və şeir-musiqi məclisləri təşkil edilmişdir. O, xatirələrində kəndimiz və onun adamları barədə yazmışdır: «Azərbaycanın heç yerində belə şirinkəlam şairlərə, peşəkar sazəndə və xanəndələrə, ziyafətlərə rast gəlməmişdir». Buzovna kəndinin tarixi, mədəniyyəti, incəsənəti qədimdən bir sıra tədqiqatçıların diqqətini cəlb etmişdir.

Bu tədqiqatçılar sırasında İ.N.Berezin, N.V.Xanıkov, Y.A.Paxomov, Dom kimi alimlərin xüsusi yeri var. Onların yazdıqları elmi işlərdə göstərilir ki, Bakı quberniyasının qədim yaşayış yeri olan Buzovnada tikilmiş bürc-qalada Şirvanşahların yay iqamətgahı varmış. Bu bürc-qala yaxın kəndlərdən olan Mərdəkan, Qala, Nardaran, Ramana bürc-qalaları vasitəsilə şəhərin Qız qalası ilə əlaqə saxlardı. Axtarışlar nəticəsində bir müəllif yazır: «Bu qalada yazılmışdır ki, o, 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilmişdir». 1853-cü ildə Buzovna bürc-qalasının daş kitabəsi rus şərqşünası Xanıkov tərəfindən Buzovnadan aparılıb Peterburqdakı «Asiya muzeyi»nə təhvil verilmişdir. Buzovnada «Xan bağı» kimi məşhur olan bir məkanda 1758-1759-cu illərdə I Hacı Mirzə Məhəmməd xanın tikdirdiyi Bakı xanlarının sarayı varmış.

Bəşər tarixinin ən qədim dövrlərindən sayılan Tunc və Dəmir dövrlərinə aid (e. ə. 4-9-cu əsrlər) Buzovna (Boz oğuz) kəndində tapılmış maddi nemətlərlə fəxr edən buzovnalılar öz kəndlərinin qədim dünyanın sivilizasiyalı məskənlərindən biri olması ilə öyünürlər. Arealına görə Abşeron yarımadasında yerləşən Buzovna haqqında bir çox elmi mənbələrdə, məsələn, Həmdullah Qəzvininin «Nühzət ül - qülub», Hacı Zeynalabdin Şirvaninin «Səyahətnamə», Hacı Abbasqulu Ağa Qüdsi Bakıxanovun  «Gülüstani-İrəm» və b. əsərlərdə məlumatlara və xronoloji təsvirlərə rast gəlinir.  Hələ XI əsrdə Şirvanşah I Axsitanın hakimiyyəti illərində qədim Buzovnada (Boz oğuzköydə) mədəniyyət, sənəkarlıq xeyli inkişaf etmiş hətta sonrakı əsrlərdə də öz simasını saxlaya bilmişdir.

XVII əsrdə inşa edilmiş «Seyyid Qasım», «Xəlifə Əli və Mühəmməd Mömin» türbələrinin xarabalıqları bu günə qədər qalmaqdadır. Bunlar usta Pərviz tərəfindən tikilmişdir. Buzovna tarixi-memarlıq abidələrinin rəngarəngliyi, özünəməxsusluğu ilə fərqlənir. Burada II-XIX əsrlərə aid məscidlər, «Qum (Dərə), «Məşhəd Qərib» tipli türbələrin, hamamların olması buna parlaq sübutdur. «Qəni», bəzən də «Aşağı məscid» kimi tanınan «Sahib əz – zaman» məscidini XVIII əsrdə Abbasqulu Ağa Bakıxanovun ulu babası, Bakı xanı Hacı Məlik Məmmədxan tikdirmişdir; məscid buzovnalı usta Məhərrəm tərəfindən inşa edilmişdir. Buzovnanın ən böyük tarixi – memarlıq abidəsi olan Came, Cümə məscidi mühafizə olunan memarlıq kompleksinə daxildir. XIX əsrin 50-60-cı illərində inşa edilmiş, lakin tamamlama işləri başa çatdırılmamışdır. Came uzun illərdi ki, öz bərpasını gözləyirdi. 1987-1989-cu illərdə Qafzaqın şeyxi Hacı Allahşükür Paşazadənin köməyi ilə məscidin təmirinə başlandı. YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondu tərəfindən məscid əsaslı surətdə təmir edilmişdir.

Ən qədim pir «Qarapaltar piri» hicri tarixi ilə 706-cı ilin Məhərrəm ayında (miladi 1306-cı il, iyul-avqust), Buzovnanın köhnə qəbiristanlığında yerləşən Mövlanə Əlaəddin məqbərəsi hicri 1034-cü ildə (miladi 1625-ci il), Mövlanə Məhəmməd Salih Bin Məhəmməd məqbərəsi hicri 1051-ci ildə (miladi1641-ci il)  inşa edilmişdir. Əliayağı ziyarətgahı XIII əsrdən pir kimi qeyd olunur.

Bakı xanlarının hakimiyyəti illərinə aid bir neçə maraqlı rəvayətlər vardır. Buzovnada «Xəşov» adlı məkanda dəniz sahilində hündür bir yerdə «Aslan qayası» adlanan bir qaya var. Rəvayətə görə bu əfsanə Bakı xanı Hüseynqulu xanın qızı Mahnigar ilə Aslan şahın məhəbbətindən bəhs edir. Yazıçı-jurnalist Seyid Hüseyn bu barədə belə yazır: «Rus kazakları ilə onların arasında öylə bir fasilə qalmamışdır. Onlara təslim olub əsir düşmək təklifi ediliyordu. Ağ atın qaçacaq yolu yalnız Quzğun dəniz (Xəzər dənizi) idi. Dənizin ağ və munis suları onları özünə tərəf çağırırdı. Aslan şah sevgilisi Mahnigarın əlini tutdu. O da öz qolunu Aslanın boynuna saldı. Beləliklə, hər ikisi Ağ ata əmr verdilər ki, dənizə atılsın. Artıq Quzğun dəniz onları öz müşfiq ağuşuna çəkmiş idi».

İndi həmin vaqiyədən bir əsrdən çox zaman keçmişdir. Buzovnada dəniz kənarında həmin yer indi də mövcuddur. Xalq o yeri tanıyır. Bu hadisəni əbədiləşdirməkdən ötrü xalq qayalardan birinə «Aslan qayası», digərinə isə «Mahnigar qayası» ya da «Muynigar qayası» adı vermişdir.

Buzovnada bir çox qədim məhəllələr var: Dəniz məhəlləsi, Daşlı məhəllə, Nəsrani məhələlsi, Aşağı məhəllə (Balağan), Yuxarı məhəllə, Kilsə məhəlləsi, Pir məhəlləsi, Püstə ağacı məhəlləsi, Tavalıq məhəlləsi, Hamam ağzı məhəlləsi, Naxır bulağı və s. Buzovnada Mir Möhsünzadələrin, Rəsul Rzanın, Məmməd Səid Ordubadinin, Məmməd Rahimin, Mustafa Topçubaşovun bağları vardır. Seyyid Əzim Şirvaninin oğlu Seyyid Mir Cəfərin məzarı Buzovnada Nəsrani qəbiristanlığındadır.

 

Azərbaycan Milli Ensiklopediyasının

Elmi Mərkəzinin Böyük Elmi Redaktoru,

Oğuz Nəşriyyatının Klassik İrs

şöbəsinin müdiri İmaməliyeva Validə