MƏQALƏLƏR

Azərbaycan içkilərinə dünyada tələbat böyükdür

  • 10.02.2011

Azərbaycan içkilərinə dünyada tələbat böyükdür

Ölkəmizdə qeyri-neft sektorunun ən inkişaf etmiş sahələrindən biri qida sənayesidir.  Hazırda bir çox qida məhsulları üzrə daxili tələbat yerli istehsal hesabına tam və ya xeyli dərəcədə ödənilir.

 Qida sənayesində spirtsiz  və spirtli içkilər istehsalı yüksək inkişaf etmiş sahələrdən biridir. Mineral sular, meyvə şirələri, şərab istehsalı üzrə onlarla müasir istehsal müəssisələri fəaliyyət göstərməkdədir. Bu müəssisələrin məhsulları daxildə istehlak olunmaqla bərabər xarici ölkələrə, hətta ən uzaq xarici ölkələrə belə ixrac olunur. Dəfələrlə yerli içkilərdən beynəlxalq yarışlarda və sərgilərdə qızıl medala layiq görülənləri olub.

Azərbaycanda çıxan mineral suların dünyada tayı-bərabəri yoxdur. Uzun günəşli günləri, bərəkətli torpağın yetişdirdiyi meyvələrdən əldə edilən şirələrin dadına dad çata bilməz. Məhsuldar üzüm sortlarından alınan şərabları içənlərin damaqlarından dadı getmir. Üstəlik bu nemətlər ən müasir avadanlıqlarla təchiz olunmuş avadanlıqlarda, yüksək texnologiya əsasında istehsal edilir və istehlakçıların zövqünü oxşayacaq şəkildə qablaşdırılır.

İçkilər istehsalına sərmayələr artır

Ölkəmizdə içkilər istehsalına iş adamlarının marağı ilbəil artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2005-2009-cu illər ərzində içkilər istehsalına 113 milyon manat investisiya yönəldilmişdir. 2005-ci ildə bu sahəyə 3,2 milyon manat həcmində investisiya yönəldilmişdirsə, 2008-ci ildə bu məbləğ 42,1 milyon manat təşkil etmişdir.

Sərmayələr istehsalı da artırıb

Spirtli və spirtsiz içkilər istehsalına yönəldilən investisiyalar artdıqca bu sahədə məhsul istehsalı da nəzərəçarpacaq dərəcədə artmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2005-ci ildə 13,4 milyon dkl, 2006-cı ildə 17,6 milyon dkl, 2008-ci ildə isə 20,6 milyon dkl spirtsiz içkilər istehsal olunmuşdur. Mineral sular istehsalı da artmaqdadır. Əgər 2005-ci ildə ölkəmizdə 1,2 milyon dkl mineral sular istehsal olunmuşdursa, 2009-cu ildə istehsal həcmi artaraq 5,7 milyon dkl-ə çatmışdır. Həmçinin spirtli içkilər istehsalı da artmaqdadır. Araq, üzüm şərabı, konyak və pivə istehsalı 2005-ci ildə qeydə alınmış 3,48 milyon dkl-dən 2009-cu ildə 5,81 milyon dkl-ə yüksəlmişdir.

İxrac olunan içkilərin 60%-dən çoxu Rusiyaya göndərilib

Son illər onlarla yeni mineral və təbii sular, meyvə şirələri və şərab istehsalı müəssisələrinin fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın xeyli bir hissəsini ödəməklə bərabər, ixrac üçün də imkanlar açmışdır. Məsələn, ölkəmiz 2009-cu ildə 17,2 milyon dollar dəyərində meyvə şirələri, 10,9 milyon dollar dəyərində isə üzüm şərabı, konyak və digər spirtli içkilər ixrac etmişdir. Spirtli və spirtsiz içkilər əsasən Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Türkiyə, Estoniya, Litva, ABŞ və Belarusa satılmışdır. Məhsulların ixracının 60 faizdən çoxu Rusiyanın payına düşmüşdür.

Dünyada ən çox portağal və alma suyu sevilir

Spirtli və spirtsiz içkilərin dünya  ticarətinə nəzər salsaq görərik ki, spirtli içkilər ticarətinin böyük bir hissəsi inkişaf etmiş ölkələr arasında həyata keçirilir. “International Trade Centre”-in məlumatlarına görə dünyada ən çox şərab ixrac edən ölkələr Fransa, İtaliya və Avstraliyadır. Ən çox şərab idxal edən ölkələr isə İngiltərə, ABŞ, Almaniya, Yaponiya, Belçika və Lüksemburqdur.

Meyvə suları sahəsində isə dünyada ən böyük ixracatçı ölkələr Braziliya, Belçika, Almaniya və Hollandiyadır.  İdxalatda isə Almaniya, ABŞ, Belçika və Hollandiya ön sırada gəlir.

Dünya meyvə suyu ixracatında portağal (25%) və alma suyu (20%) ən çox paya malikdir. Alma suyu, digər meyvə və tərəvəz suları (15%) dünya ticarətində öndə gedən meyvə şirəsi növləridir. Dünya HS Kodu (Harmonized System Code) əsasında istehsal edilə bilən tək tərəvəz suyu pomidor suyudur. 2007-ci ildə dünya pomidor suyu ixracatı 51 milyon dollar təşkil etmişdir.

Hər avropalı orta hesabla 23 litr meyvə suyu içir

“Datamonitor”-un  məlumatlarına görə  dünya meyvə və tərəvəz suyu bazarı 2008-ci ildə əvvəlki illə müqayisədə 3,4 faiz artaraq 63,8 milyard dollara çatmışdır. Bazarın 2013-cü ildə 75,4 milyard dollara çatması gözlənilməkdədir.

Bir məlumatı da diqqətinizə çatdıraq ki, Avropa Birliyi ölkələrində il ərzində adambaşına 23 litr meyvə suyu içilir. Bu göstərici Almaniyada 39 litr təşkil edir.

Sənaye istiqamətli meyvəçilik inkişaf etdirilməlidir

Azərbaycanın içkilər  (spirtli və spirtsiz içkilər) sektorunun keyfiyyət baxımından Avropadan heç bir əskiyi yoxdur. Ancaq sənaye istiqamətli meyvə istehsalının  inkişaf etməməsi beynəlxalq bazarlarda rəqabət gücümüzü azaldır. Bu səbəbdən  sənaye istiqamətli meyvəçiliyin inkişaf etdirilməsi, sektorun dövlət tərəfindən də təşviq edilməsilə ölkəmizin içkilər sektorunun daha da dirçəldilməsinə və bu sahədə ixracın artırılmasına nail olmaq olar. Sənaye yönümlü meyvəçilik inkişaf etdirilməzsə, yüksək xammal qiymətləri üzündən meyvə suları və şərab bazarlarını itirmiş olarıq. Mütəxəssislər daha tez böyüyən və çox meyvə verən meyvə ağaclarının tezliklə  becərilməsinə  başlamağı tövsiyə edir.

Eyni zamanda spirtli və spirtsiz içkilərin dünya bazarına çıxarılması üçün ixrac proseslərinin daha da sadələşdirilməsi və stimullaşdırılmasına ehtiyac duyulur.

Yerli istehsalçılar

Yerli mineral sular istehsalçılarından “Sirab” ASC, “Badamlı Mineral Sular”  MMC,    meyvə şirələri istehsalçılarından “Qəbələ Konserv Zavodu”, “Göyçay Konserv Zavodu”, “Balakans” MMC şərab istehsalçılarından isə Tovuz-Baltia LTD, “Vinagro” MMC və «Aqro-Azərinvest» MMC-nin adlarını çəkmək olar. Şərab məhsullarının böyük bir hissəsini Rusiya və Ukraynaya ixrac edən «Aqro-Azərinvest» MMC şərab istehsalı üçün əsas xammal  olan üzüm istehsalına xüsusi diqqət yetirir. Müəssisənin respublikanın müxtəlif rayonlarında 700 ha-dan artıq üzüm bağı var. Bunun 500 hektarı peyvənd edilmiş texniki sortlar, 200 ha süfrə sortları, o cümlədən 116 ha kişmişi sortlardır. Müəssisənin əsas məqsədi Azərbaycanda üzümçülük və şərabçılığının bu sahədə ən yeni dünya nailiyyətlərini nəzərə almaqla, keçmiş şöhrətini bərpa etməkdən ibarətdir.

 

Seymur Yunusov