MƏQALƏLƏR

Müvəffəqiyyətin 11 ili

  • 10.02.2011

MÜVƏFFƏQİYYƏTİN 11 İLİ

 11 ildə Azərbaycanın vergi sistemi dinamik inkişaf və tərəqqi yolu keçmişdir

Fevralın 11-i Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılmasının 11-ci ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır.

Vergilər Nazirliyi ümummilli lider Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli 281 nömrəli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında yaradılmışdır. Azərbaycan Respublikasında vergi xidməti işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 1 fevral 2005-ci il tarixdə imzaladığı müvafiq sərəncamla hər il 11 fevralda qeyd olunur.

Vergilər Nazirliyi fəaliyyətinin 11 ili ərzində əsaslı inkişaf yolu keçmiş, vergi münasibətlərini tənzimləyən qanunvericilik bazası yaradılmış, vergi inzibatçılığı xeyli təkmilləşmiş, maddi-texniki bazası möhkəmlənmiş, vergi və tədiyyələrin büdcəyə daxil olması dəfələrlə artmışdır.

Vergilər Nazirliyi yaradıldıqdan sonra vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı işlərə başlanılmış, yekunda vergi orqanlarının funksional əsasda fəaliyyət göstərən strukturun tətbiqinə üstünlük verilmişdir.

Struktur islahatlarına paralel olaraq qanunvericilik bazası formalaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanı ilə 1 yanvar 2001-ci il tarixdən Vergi Məcəlləsi qüvvəyə minmişdir. Sonrakı illərdə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ölkədə sabit vergi mühitinin yaradılmasına, vergi yükünün azaldılmasına, vergi dərəcələrinin aşağı salınmasına, vergi güzəştləri sisteminin tətbiq edilməsinə, azad sahibkarlığın stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunmasına xidmət edən müddəalar Vergi Məcəlləsinə daxil edilmişdir.

Vahid normativ-hüquqi bazanın yaradılması ilə yanaşı, vergi orqanlarının tərkibində təhqiqat və istintaq aparan, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurum yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli Fərmanı ilə Vergilər Nazirliyinə təhqiqat və istintaq aparılması səlahiyyətləri verilmişdir.

2000-ci ildə MDB-yə üzv dövlətlər arasında ilk dəfə olaraq respublikamızın yerli vergi orqanlarında məlumatlandırma şöbələri yaradılmışdır. Vergilər Nazirliyinin funksional idarəetmə mexanizminin təkmilləşdirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması və vergi təbliğatı tədbirlərinin gücləndirilməsi, yerli vergi orqanlarında xidmət işinin yüksək səviyyədə təşkilinin təmin olunması məqsədilə 2002-ci ilin sonunda nazirliyin mərkəzi aparatında Vergi ödəyicilərinə xidmət idarəsi təşkil olunmuşdur.

2000-ci ildə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi yaradılmışdır ki, onun vasitəsilə qanunvericilikdə baş verən dəyişikliklər, vergilərə dair normativ aktlar operativ qaydada vergi ödəyicilərinə çatdırılır.

2001-ci ildə vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi yaradılmışdır.

Həmçinin 2001-ci ildə iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrlə münasibətlərin daha səmərəli qurulması üçün İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament (hazırda Xüsusi Rejimli Vergi Xidməti Departamenti) yaradılmışdır.

2002-ci ilin sonunda vergi sistemində geniş struktur islahatları həyata keçirilmişdir. Sistemlilik, çeviklik, operativlik, koordinasiya olunma və güclü təşkilati-idarəetmə mexanizminin tətbiq edilməsi məqsədilə respublikanın ərazisində ümumilikdə 54 rayon və şəhər vergi orqanları ləğv edilmiş, onların əvəzində hər biri bir neçə rayon və şəhəri əhatə edən 12 Ərazi Vergilər idarələri yaradılmışdır. Paytaxt üzrə isə Bakı şəhərinin Baş Vergilər İdarəsi və 11 rayonu üzrə vergi idarələri ləğv edilərək onların əvəzində Bakı Şəhər Vergilər Departamenti və hər biri bir neçə rayonu əhatə edən 3 filial təşkil edilmişdir.

Vergi inzibatçılığının müasirləşdirilməsinin digər istiqaməti kimi, vergi ödəyicilərinə keyfiyyətli və operativ xidmətin göstərilməsi məqsədilə 2003-cü ildə Vergilər Nazirliyi tərəfindən «195» vahid telefon-məlumat xidməti təsis edilmişdir. Hazırda bu xidmət 2006-cı ilin may ayının 1-dən etibarən respublikanın bütün ərazisini əhatə edir.

2005-ci il vergi xidməti üçün keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olmuşdur. Vergi xidmətində «Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsinin Dövlət Proqramı (2005-2007-ci illər)»nın icrasına başlanmış, üç il ərzində 5 əsas strateji istiqaməti əhatə edən 39 irimiqyaslı tədbir reallaşdırılmışdır. Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsinə nail olunmuş, vergidən yayınma halları ilə mübarizə gücləndirilmiş, vergilərin məcburi ödənilməsi sistemi təkmilləşdirilmiş və vergi borclarının yaranmasının qarşısı alınmış, vergi orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə sistemi inkişaf etdirilmiş, müasir informasiya-kommunikasiya sistemləri yaradılmışdır. 2006-cı ildən başlayaraq Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” (AVİS) tətbiq edilir. 2007-2009-cu illərdə AVİS vasitəsilə yerinə yetirilən iş prosesləri genişləndirilmişdir.

ƏDV inzibatçılığının təkmilləşdirilməsi və bu sahədə aparılan əməliyyatlara daha səmərəli nəzarətin təşkili zərurəti ilə əlaqədar olaraq, 1 yanvar 2008-ci il tarixdən ƏDV üzrə vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə, 2010-cu il yanvarın 1-dən etibarən elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Həmçinin 2010-cu ildə “Elektron vergi hesab-fakturaları” və “on-line kargüzarlıq” sistemlərinin tətbiqinə başlanılıb.

Azərbaycanın vergi sisteminin ötən 11 ildə əldə etdiyi uğurlardan biri də beynəlxalq vergi sisteminə inteqrasiyasıdır. Digər ölkələrin vergi orqanları ilə ikitərəfli və çoxtərəfli əsaslarda qurulan əməkdaşlıq, vergi sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla hərtərəfli işgüzar əlaqələr Azərbaycanın beynəlxalq inteqrasiya siyasətinə uyğun həyata keçirilmişdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf xəttini müəyyən edən iqtisadi islahatların tərkib hissəsi olan vergi sisteminin yenidən qurulması ölkənin davamlı inkişaf prosesində onun aparıcı rolunu müəyyənləşdirmişdir. Bütün bunların məntiqi nətisəsi olaraq bazar münasibətlərinə adekvat, çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara uyğun vergi sistemi yaradılmışdır. Vergi sistemində şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergi ödəyiciləri və dövlətin maraqlarının tarazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsində, Azərbaycanın regionun iqtisadi cəhətdən ən qüdrətli dövlətinə çevrilməsində mühüm rol oynamışdır.

“İqtisadiyyat” qəzetinin kollektivi Vergilər Nazirliyinin yaradılmasının 11-ci ildönümü  və vergi xidməti işçilərinin peşə bayramı münasibətilə, başda nazir Fazil Məmmədov olmaqla, bütün vergi xidməti əməkdaşlarını təbrik edir və Azərbaycanın sosial-iqtisadi qüdrətinin artırılması kimi şərəfli işlərində uğurlar arzulayır.

 

 “İQTİSADİYYAT”