MƏQALƏLƏR

İqtisad elminin layiqli nümayəndəsi

  • 30.07.2020

SƏMƏDOV AYDIN HİDAYƏT OĞLU

 

1951-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.
1968-1972-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC) Əmtəəşünaslıq fakültəsində təhsil alıb. 1979-cu ildə Kiyev Ticarət-İqtisad İnstitutunda iqtisad elmləri üzrə namizədlik dissertasiyası müdafiə edib.
1972-1989-cu illərdə AXTİ-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
1990-cı ildə Kommersiya fakültəsinin dekanı olub.
1992-ci ildə Moskva Kommersiya İnstitutunda doktorluq dissertasiya işini müdafiə edib, iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
1986-cı ildə dosent elmi adı, 1996-cı ildə professor elmi adı verilib.
1998-ci ildə Rusiya Federasiyası Kommersiya elmləri Akademiyasının müxbir üzvü; 2007-ci ildə həqiqi üzvü seçilib.
2000-2017-ci illərdə «Ticarət» və “Ticarət və gömrük işinin təşkili” kafedralarının, daha sonra “İqtisadiyyat” (rus dilində) kafedrasının professoru olub.
100-dən çox dərsliyi, elmi məqa­lələri, fənn proqramları, metodiki dərs vəsaitləri çapdan çıxıb.2020-ci il iyun ayının 27-də vəfat edib.

* * * *

Azərbaycan iqtisad elminə ağır itki üz verib. İyun ayının 27-də Azərbaycan iqtisad elminin görkəmli nümayəndələrindən biri, iqtisad elmləri doktoru, professor Aydın Səmədov 69 yaşında vəfat etmişdir. Uzun illər çalışdığı Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) iyulun 21-də videokonfrans formatında alimin anım saatı keçirilmişdir. Videokonfransda tanınmış iqtisadçı alimlər, mərhumun iş yoldaşları və qohumları iştirak edib.

* * * *

Elşad Məmmə­dov, iqtsad elm­ləri doktoru, professor
Aydın Səmədovun dünyasını dəyişməsi universitetimiz və şəxsən mənim üçün böyük itkidir. Hesab edirəm ki, Aydın müəllimin şəxsiyyətində həm yüksək insani keyfiyyətlər, ilk növbədə daxili mədəniyyət, həm də istedadlı alimə, elm xadiminə xas olan mühüm xüsusiyyətlər cəmləşmişdi. Aydın müəllimlə tanışlığım 30 ilə yaxın dövrü əhatə edir. Mən İqtisad Universitetinə qəbul olanda o, dekan vəzifəsində işləyirdi. Beləliklə, Aydın müəllim mənim dekanım, sonra müəllimim, daha sonra isə buraxılış və namizədlik dissertasiya işlərim üzrə elmi rəhbərim oldu. Tanıdığım 30 ilə yaxın vaxt ərzində Aydın müəllimin heç bir insana nəinki pislik etməsinin, səsinin belə ucaldılmasının şahidi olmadım. Əsl ziyalılıq insanı sadələşdirməli, onu insanlara daha da dəstək verməsinə istiqamətləndirməlidir. Bunun bariz misalı və sübutu kimi Aydın müəllimi, onun insanlara münasibətini göstərmək olar. Aydın müəllim elmi zirvələrə qalxdıqca bir qədər də sadələşir, insanlara dəstək olmağa çalışırdı. Onun necə insan olmasının ən bariz göstəricisi, dünyasını dəyişəndə tələbələrinin, işlədiyi kollektivin üzvlərinin bu itkiyə verdikləri reaksiya idi. Ölkədə tətbiq edilən karantin rejimi şəraitində sosial şəbəkələrdə Aydın müəllimin yüzlərlə tələbəsi, həmkarları göz yaşlarını saxlaya bilmirdilər və bu, onun dünya ilə vidalaşmağının sanki son akkordu idi... Bəyəm, bu müəllimin, alimin ictimai çəkisini və nüfuzunu xarakterizə etmirmi? Hesab edirəm ki, Aydın müəllim kimi ziyalıların, alimlərin getməsi Azərbaycan elmi üçün çox böyük itkidir.
Allah Aydın müəllimə rəhmət eləsin!

* * * *

Akademik Ziyad Səmədzadə
Respublikamızda iqtisad elmi xüsusilə ötən əsrin 70-ci illərində real həyatla daha sıx əlaqəli şəkildə inkişaf edirdi. Sərt sovet sistemi daxilində Azərbaycan xalqı inkişaf edir, onun sosial-iqtisadi həyatında böyük keyfiyyət dəyişiklikləri baş verirdi. O dövrdə elm, təhsil, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı görülən tədbirlərin miqyası da çox geniş idi. Biz yaddan çıxarmamalıyıq ki, Azərbaycan iqtisadiyyatı SSRİ kimi nəhəng bir dövlətin mərkəzləşdirilmiş planlaşdırma, inzibati-amirlik sisteminin tərkib hissəsi idi və bu sistemin məlum nöqsanları sosial-iqtisadi inkişafa da təsir edirdi. Keçmiş Sovetlər sistemində İttifaq mənafeləri üstünlük təşkil edirdi, yəni hər sey ilk növbədə vahid xalq təsərrüfatı kompleksi baxımından qiymətləndirilirdi. Bütün bunlara baxmayaraq, sovet rejimi şəraitində Azərbaycan xalqı əsrlərə bərabər böyük inkişaf yolu keçmişdir. Bu nailiyyətlərin əldə olunmasında elm faktorunun, o cümldən iqtisad elminin də müəyyən payı vardır. Azərbaycanda iqtisad elminin sütunlarından biri də Aydın Səmədov olmuşdur. Hazırda müasir iqtisad elmi bu sütunların üzərində dayanır. Aydın Səmədov bütün ömrünü bu sahəyə həsr edən insanlardan idi.
Aydın Səmədov elmi fəaliyyətini daim tədris fəaliyyəti ilə bərabər yerinə yetirmiş, müxtəlif illərdə institutda dekan, prorektor vəzifələrində çalışmış və tədris təşkilatçısı kimi də tanınmışdı.
A.H.Səmədovun həm Azərbaycan, həm də Rusiya kommersiya elmləri sahəsindəki xidməti, bu sahələrdəki elmi yenilikləri və elmi-tədqiqat nəticələri Rusiya Kommersiya Elmləri Akademiyası tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikasından ilk dəfə o, 1998-ci ildə Rusiya Kommersiya Elmləri Akademiyasının müxbir üzvü, 1999-cu ildə həqiqi üzvü seçilmişdi.
Yadımdadır, mən o vaxt Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor işləyirdim. Aydınla tez-tez görüşüb, söhbət edərdik. O dövrdə xarici ölkələrə getmək çətin idi. Yaxşı xatırlayıram, Aydın da Çexoslovakiyaya getməyə can atırdı. Onun həmin ölkəyə elmi ezamiyyyətə getməsinə dəstək oldum. Orada o, elmi-tədqiqat və tədris işləri ilə məşğul olurdu, müxtəlif səviyyəli elmi forumlarda iştirak edirdi. Bir çox elmi məqalələrini də məhz Praqada çap etdirmişdi.
1980-ci illərin əvvələri idi. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Bakı şəhərinin kompleks inkişaf proqramını hazırlamaq mənə həvalə edilmişdi. Bakı şəhər partiya komitəsi və Təhsil Nazirliyinin bərgə qərarı əsasında mənim rəhbərliyimlə institutun nəzdində Bakı şəhərinin sosial-iqtisadi inkişaf problemləri laboratoriyası yaradıldı. Mən bu işə tanınmış iqtisadçıları, o cümlədən Aydın Səmədovu cəlb etdim və o, Bakıda xidmət sahələrinin kompleks inkişaf məsələlərini araşdırmağa başladı. O vaxtlar mən bir daha Aydının zəhmətsevərliliyinin şahidi oldum.
Azərbaycanın çox görkəmli iqtisadçı alimləri var. Gənc nəsil onları tanımalıdır. Çox təəssüf ki, bu məsələ hələ də diqqət mərkəzində deyil. Gənc tədqiqatçılar elmi araşdırmalar apararkən əvvəlki nəslin iqtisadçı alimlərinin tədqiqatlarına diqqət verməlidir. Çünki onların kifayət qədər sanballı elmi tədqiqatları var. Müasir iqtisad elminin köklü, güclü əsasları var. Onlara kölgə salmağa heç kimin mənəvi haqqı yoxdur.
Aydın Səmədov bu gün aramızda yoxdur. Amma hər birimizin qəlbində özünəməxsus yeri var. Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Sonda bu videokonfransın təşkili üçün Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova və professor Elşad Məmmədova öz təşəkkürümü bildirirəm.

* * * *

Arif Şəkərəli­yev, AzDİU- nun “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, Əməkdar elm xadimi, i.e.d., professor
İqtisad elmləri doktoru, professor Aydın Səmədov Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi arasında böyük nüfuza, hörmətə malik olan alim və pedaqoq idi. Onun xatirəsi daima əzizdir.
Mən Aydın müəllimi 40 ildən artıq bir müddətdə tanımışam və onunla bir kafedrada çalışmışam. Aydın müəllim gözəl pedaqoq olmaqla yanaşı, həm də bacarıqlı təhsil təşkilatçısı idi. Uzun müddət dekan vəzifəsində hörmətlə işləmiş və tələbələrin sevimlisi olmuşdur. O, daima tələbələrə diqqətlə yanaşırdı, onların məişət məsələləri ilə maraqlanırdı. Onun elmi fəaliyyəti daha geniş idi. Keçmiş İttifaqın tanınan alimlərindən idi.
Aydın Səmədov iqtisad elmi sahəsində dərin bilik və zəkaya, əsl ziyalılıq, alimlik və vətəndaşlıq mövqeyinə malik olan, sadə, xeyirxah və müdrik insan idi. Aydın müəllim böyük alim, söz sahibi və şəxsiyyət idi. O, elmə həvəsi olan, bu sahədə qabiliyyətli bütün gənclərə elmin keşməkeşli yollarında yüksəlməkdə hər cür mənəvi və lazım gəldikdə maddi yardım göstərirdi. Bu görkəmli alimin bilavasitə rəhbərliyi ilə 30-dan artıq elmlər namizədi yetişmiş, onlara elmi məsləhətlər vermiş, çətin günlərində dayaq olmuşdur.
Aydın Səmədovun əsərləri ölkə xaricində də həvəslə oxunur. Onun tədqiqatları MDB məkanın­da öyrənilir və tədqiq edilir. Xüsusi olaraq Beynəlxalq tica­rət və onun təşkili, kommersiya sa­­hə­sində tədqiqatları diqqəti cəlb edir.
Professor Aydın Səmədov elmi ictimaiyyət, xüsusən iqtisadçı alimlər arasında böyük nüfuz sahibi idi. O, üzvü olduğu dissertasiya müdafiələrinin iclaslarında özünün prinsipial mövqeyi və xeyirxahlığı ilə də seçilirdi. Bu nüfuzu ona alim istedadı, elm yolu ilə gedənlərə təmənnasız köməyi, mübahisəli məsələlərdə prinsipial mövqe tutması qazandırmışdır. Alim özündən sonra zəngin elmi irs miras qoymuşdur. O, vaxtsız dünyasını dəyişmişdir.
Allh rəhmət eləsin, ruhu şad olsun.

* * * *

M.Səmədova, UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti, S.X.Muradova, müəllim
Görkəmli iqtisadçı alim və pedaqoq olan Aydın Hidayət oğlu Səmədov barəsində keçmiş zamanda danışmaq olduqca çətindir. O, həmkarlarının, tələbələrinin, bütün yaxınlarının ürəyində nəcibliyi, kamilliyi, böyüklüyü ilə əbədi yer tutmuşdur. Müdrik və xeyirxah insanlar mənən həmişə qəlblərdə yaşayır, onların həyatda yoxluqları isə son dərəcə ağrı və təəssüf hissi doğurur. Aydın müəllim o qədər alicənab, təvazökar, səmimi insan idi ki, özünü həyatda həddən artıq sadə aparırdı. Aydın müəllim, sözün əsl mənasında, ziyalı idi. 150-dən artıq elmi əsərin, o cümlədən 10-larla monoqrafiya və kitabın müəllifi olmuş, çoxsaylı elmlər namizədi və elmlər doktorunun yetişməsində əvəzsiz xidmətlər göstərmişdir.
Bir pedaqoq kimi Aydın müəllim tələbə və magistrlər arasında öz qayğıkeşliyi, peşəkarlığı, xeyirxahlığı ilə dərin hörmət qazanmışdır. Ömrünün böyük hissəsini Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarət” kafedrasındakı fəaliyyətə həsr etmiş professor Aydın Səmədovun bu sahənin inkişafında misilsiz xidmətləri, kafedranın aspirant və doktorantları üzərində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında kafedramızın bütün aspirant və dissertantları müdafiə edərək, elmi dərəcə almışlar. Professor A.Səmədov Azərbaycanın hüdudlarından kənarda da tanınırdı və xarici həmkarlarının da xüsusi sevgi və rəğbətini qazanmışdır.
Aydın müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.


* * * *

Sevinc Abba­sova, “İqti­sa­diyyat” kafed­rasının müdiri, dosent 

Deyirlər, hər insanın bu həyatda öz missiyası var. Tale belə gətirib ki, öz yorulmaz zəhməti ilə milli təhsilə və elmə böyük töhfə qazandıran, hamının sevimlisi - görkəmli alim, mükəmməl pedaqoq, professor Aydın Səmədov kimi dəyərli şəxsiyyətlə mən neçə illər bir yerdə çalışmışam.
Hər zaman iş prosesində, istər universitetimizin Metodiki Şurasında, yaxud Dissertasiya Şurasında işlə­yərkən, istərsə də kafedramızda, müxtəlif məsələlərin müzakirəsin­də Aydın müəllimin ətrafdakı in­sanlara yalnız xoş anlar, gözəl əh­val-ruhiyyə, sevincli məqamlar bəxş etmək, öz səmərəli və əzmkar fəaliyyəti ilə gənc nəsilə gözəl örnək, möhtəşəm nümunə olmaq, on­lara yaxşını pisdən seçməyi öyrətmək kimi missiyanı həyata keçirmək üçün dünyaya gəldiyini fikirləşirəm. Təvəzökar, müdrik, xeyirxah, əsl ziyalı, bizim üçün çox qiymətli olan, professor Aydın Səmədovun yeri kafedramızda hər zaman görünəcək.

* * * *

Natiq Hüseyn oğlu Qurbanov (RİM), i.e.n., dosent
Rəhmətlik Aydın müəllimlə tanış olub, özümə sonrakı ömrüm boyu fəxr etdiyim dost və qardaş qazandığıma görə öz talehimə və alimlər arasında işgüzar və dostluq münasibətləri yaradan ağsaqqalımız, akademik Ziyad Səmədzadəyə minnəttaram. Professor Aydın Səmədov öz adına layiq əsl aydın,səmimi insan və alim idi.Onu professor adı yox, o, özü professor adını yüksəklərə qaldırırdı. O, həmişə mənim qəlbimdə yaşayacaq.
Allah rəhmət eləsin!

* * * *

Zöhrə Mustafa­yeva, i.e.n., dosent; Sevər Məmmədova, dosent

Çox təəssüf edi­rik ki, bugünkü toplanmağımızın səbəbi olduqca kədərlidir, lakin Aydın müəllim o qədər dəyərli, çox nadir, yüksək səviyyəli, intellektual, əsl ziyalı, sadə, tərbiyəli və sevimli insan idi ki, onun xatirəsini yad etmədən, ürək sözlərimizi demədən düz olmaz. Azərbaycan Dövlət İqtisad Universitetinə, Rus iqtisad məktəbinə çox ağır itki üz vermişdir. Biz i.e.d., prof., Rusiya Akademiyasının müxbir üzvü AYDIN HİDAYƏT oğlu SƏMƏDOVU itirdik. Çox heyif, çox.
Mən Aydın müəllimi 30 ildir tanıyıram və onun 23 ilini biz Müdafiə Şuralarında birgə çalışmışıq. Aydın müəllim öz səliqəsi, konkret və lakonik çıxışları, dəyərli təklifləri ilə seçilən adam idi. O, hər zaman mənalı və sanballı təkliflərlə çıxışlarını tamamlayırdı. Mən hamıya, onun ailə üzvlərinə başınız sağ olsun deyirəm.
Allah rəhmət eləsin!

* * * *

Mansur Bar­xu­­darov, Rus di­lində Tədris Mərkəzinin direktoru, i.e.n., dosent
Əziz dostlar, iqtisad elminə ağır itki baş vermişdir. Şəxsiyyətinin çiçəkləndiyi və ziyasının ətrafını işıqlandırdığı bir çağda Azərbaycan xalqının dəyərli oğlu, i.e.d., professor Aydın Səmədov haqqın dərgahına qovuşdu.
İ.e.d., professor Aydın Səmədov özünü bütövlükdə iqtisad elminə həsr etmiş, böyük Azərbaycan alimidir. O, bir iqtisadçı alim olaraq, nəinki ölkəmizdə, habelə postsovet məkanında böyük nüfuz qazanmışdır. Rusiya Kommersiya Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş i.e.d., professor Aydın Səmədov ticarət iqtisadiyyatı elmi istiqaməti sahəsində söz sahibi olan Azərbaycan alimi idi. Onlarla kitab və yüzlərlə elmi məqalənin müəllifi olan Aydın müəllim, həm də onlarla iqtisadçı alim yetişdirmişdi. Aydın müəllimin öz səmimiyyəti ilə kollektivdə böyük hörmət qazanmışdı və kollektivin hər bir üzvü üçün doğma olan bir adama çevrilmişdi.
Mən 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətə başlayarkən prof. Aydın Səmədov mənim ilk dekanım olub. Tədrisin təşkili və idarə edilməsində Aydın müəllim öz xüsusi dəst-xətti ilə seçilirdi. Bir məsələni də həmişə müəllimlərin və tələbələrin qarşısında tez-tez vurğulayırdı: "Vaxt vardı, mən Mənsur müəllimin dekanı idim. İndi isə o, mənim dekanımdır". O, bu sözləri çox böyük sevinc hissi ilə deyirdi. Bu xüsusiyyəti isə onun ürəyinin böyüklüyünün və özünün sadəliyinin göstəricisi idi.
Biz, UNEC ailəsi və Rus iqtisad məktəbinin kollektivi olaraq, böyük bir iqtisadçı alimimizi və dəyərli dostumuzu itirdik. Onun yeri daim hiss olunacaqdır və xatirəsi əbədi olaraq qəlblərimizdə yaşayacaqdır!
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

* * * *

Professor Elşən Hacızadə
Biz Aydın Səmədovla uzun müddət bir universitetdə çalışmışıq. O, mütərəqqi baxışlı, müasir bilikləri özündə ehtiva edən qabaqcıl elm adamı idi. Aydın müəllimlə ünsiyyətdə olmaq, onu dinləmək, fikir mübadiləsi aparmaq hər zaman xoş təəssürat yaratmışdır.
Onunla təmaslarımız universitetin nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarında daha sıx olmuşdur. Aydın müəllim elmi kadrların hazırlanmasına bö­yük diqqət və həssaslıqla ya­naşırdı. O, mü­zakirə və dis­kussiyalarda həmişə yüksək təfək­kür nümayiş etdirir, idrakı və prinsipiallığı ilə fərqlənirdi. Əsl ziyali, peşəkar müəllim olaraq, dərin intellektli elm xadimi idi.
Nurlu təbəssümlü siması, xoş xasiyyəti, xeyirxahlığı və təvazökarlığı ilə fərqlənən Aydın müəllim iqtisad elminə böyük töhfələr vermişdir. Onu elmi ictimaiyyət görkəmli alim olaraq, bazar şəraitində ticarətin idarəedilməsi sahəsində respublikada elmi məktəblərin yaradıcılarından biri kimi tanımış və qəbul etmişdir.
Unudulmaz və görkəmli alimə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

* * * *

Rəsul Balayev, UNEC “Rəqəm­sal iqtisadiyyat və İKT” kafedrasının professoru

Professor Aydın Səmədov barədə keçmiş zamanda danışmağa çətinlik çəkirəm. O, ən yüksək insani keyfiyyətləri ilə yadımdadır. Postsovet məkanında Azərbaycan elmini layiqli şəkildə təmsil edirdi. Kitabları böyük auditoriyada oxunur. Bu əsərlərin tədqiqatçılar və iqtisadçılar üçün uzun zaman çox gərəkli və faydalı olacağına şübhə etmirəm. Aydın Səmədovun xarici akademiyalarda üzvlüyü və davamlı fəaliyyəti çox məhsuldar olub. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəaliyyəti professor-müəllim və tələbələrin gözəl xatirəsinə çevrilir.
Əminəm ki, Aydın Səmədovu tanıyan hər kəs üçün onun işıqlı xatirəsi əzizdir. Elmdə və pedaqoji fəaliyyətdəki uğurları, əsərləri və nurlu siması yadımızdan çıxmayacaqdır. Ruhu şad olsun.

* * * *

Səmədov Hida­yət Aydın oğlu
Hörmətli video­konfrans iştirakçıları, dəyərli qonaqlar!
Dünyada və həmçinin dövlətimizdə baş verən “Covid 19” pandemi­yası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin yanında yaradılmış operativ qərərgahın qərarına əsasən, yas mərasimlərinin təşkili müvəqqəti olaraq dayandırılmışdır.
“Covid 19” pandemiyası ilə mübarizəyə dəstək olaraq atamın yas mərasimi təşkil edilməmişdir. Söz veririk ki, bu yaxın zamanlarda mövcud olan qaydada qanunvericiliyə uyğun olaraq atamın - Səmədov Aydın Hidayət oğlunun yas mərasimi olacaqdır. Mənim bu çətin dövrümdə sizin onlayn qaydada vida mərasimini təşkil etməniz atamın sizlərə əziz olmasının, sizin gözünüzün önündə böyük hörmətə malik olmasının bariz göstəricisidir. Videokonfrans zamanı bir daha sübut olunmuşdur ki, cəmiyyətdə Aydın müəllimin qazandığı hörmət və uğurlarla ömrümün axırına qədər fəxr edəcəyəm. Ayrı-ayrılıqda hər birinizə, bütün videokonfrans iştirakçılarına, başda Ziyad müəllim olmaqla öz təşəkkürümü bildirirəm. Vaxtınızı ayırıb bu vida mərasiminə qoşulub atamı yad etdiyinizə görə sizlərə Allahdan can sağlığı diləyirəm.
Hər birinizə özümün və ailəmin adından dərin minnətdarlığımı bildirirəm.