MƏQALƏLƏR

«E-audit: vergi islahatlarının uğurlu davamı»

  • 11.02.2011
 
 

«E-audit: vergi islahatlarının uğurlu davamı»

 «Elektron audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» Tvininq layihəsi ilə bağlı 2010-cu ilin may ayında Avropa Komissiyası tərəfindən tender keçirilmişdir. E-audit və onun başlıca özəlliyi ilə bağlı oxucularımıza geniş məlumat vermək məqsədilə layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədovla görüşdük.

 - Asəf müəllim, E-audit tvininq layihəsi üzrə tenderin keçirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Vergilər Nazirliyinin iri müəssisələrin audit yoxlamaları ilə məşğul olan müvafiq strukturlarının texnoloji, metodik, analitik və insan resurslarının gücləndirilməsinə, e-bəyannamələrin tətbiqi ilə yanaşı iri və orta müəssisələrdə mühasibatın elektron formatda aparılmasına və e-auditin tətbiqinə böyük ehtiyac var. Bu məqsədlə Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycanın Fəaliyyət Planından irəli gələn öhdəliklərə əsasən Vergilər Nazirliyinin benefisiarı olduğu «Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» adlı tvininq layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

2010-cu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin ofisində keçirilmiş tenderdə Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Hollandiya və Litvanın vergi administrasiyalarının nümayəndələri iştirak etmişlər. Tenderin nəticələrinə görə, Niderland Krallığının Vergi Administrasiyası qalib oldu.

Niderland e-auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik olan lider ölkədir. Bu ölkədə e-audit 1986-cı ildən tətbiq edilir.

Avropa Komissiyası ekspertlərinin və Niderland Krallığının Vergi Administrasiyası ekspertlərinin rəylərinə əsasən, bu layihənin reallaşdırılması nəticəsində Azərbaycan MDB ölkələrini qabaqlayaraq ən müasir e-audit sisteminin tətbiqinə nail olacaq.

- Tvininq layihəsi hansı komponentlərdən ibarətdir və hansı müddətə həyata keçiriləcək?

- Tvininq layihəsi üzrə iş planı benefisiar olan Vergilər Nazirliyi və onun tvininq tərəfdaşı Niderland Krallığının Vergi Administrasiyası tərəfindən 2011-ci il yanvarın 27-də imzalanıb. Niderland Krallığının Vergi Administrasiyası ilə tvininq kontraktı Avropa Komissiyası tərəfindən imzalandıqdan sonra, mart ayında layihənin həyata keçirilməsinə başlanacaq və layihə iki il ərzində həyata keçiriləcək.

Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və müqavilənin dəyəri bir milyon avrodur. Bu layihə özündə altı komponenti birləşdirir:

 E-auditin tətbiqi üçün zəruri olan hüquqi bazanın hazırlanması;

 E-audit üçün müvafiq proqram təminatının seçilməsi;

 E-audit üzrə məlumat bazasının yaradılması;

 E-audit metodologiyasının hazırlanması və e-auditorların treninqinin təşkili;

 E-audit sisteminə uyğun olaraq orta və iri müəssisələr arasında istifadə edilən e-mühasibat sistemlərinin tətbiqi praktikasının inkişaf etdirilməsi;

 E-audit sisteminin Azərbaycanda tətbiqi.

Layihə bitənə qədər sistemin tətbiqi prosesinə hər komponent üzrə xarici ekspertlər cəlb olunacaqlar. Layihə üzrə daimi rezident-müşavir olan Lendert Kers isə iki il ərzində Vergilər Nazirliyində yerli  tərəfdaşları ilə birgə işləyəcəkdir.

Hər komponent üzrə xarici ekspertlərlə birgə bizim mütəxəssislər də işləyəcəklər. Layihədə nəzərdə tutulub ki, texnoloji baxımdan ən vacib olan 3-cü və 4-cü komponentlər üzrə bizim mütəxəssislər stajçı kimi Niderland Krallığının Vergi Administrasiyasında bir ay müddətində xüsusi treininq proqramında iştirak edəcək və sonradan xarici ekspertlərlə birgə metodik rəhbərlik və təlimatlar hazırlayacaqlar.

- Elektron auditin tətbiqi gələcəkdə vergi nəzarətinin həyata keçirilməsi istiqamətində yeniliklərlə müşayiət olunacaq. Bu, xüsusilə vergi yoxlamalarının həyata keçirilməsində vergi orqanlarına böyük üstünlüklər qazandıracaq. Sizcə, bu sistemin tətbiqi şəffaflığın artırılması məsələsinə hansı yenilikləri gətirəcək?

- Layihə üzrə konkret nəticələr gözlənilir. Birinci komponent üzrə Niderland Krallığının Vergi Administrasiyasının ekspertləri e-auditin tətbiqi üçün Vergi Məcəlləsində və əlaqəli qanunvericilikdə lazımi əlavələr və dəyişikliklərin edilməsi barədə bizim mütəxəssislərlə birgə tövsiyələr hazırlayacaqlar. Layihənin həyata keçirilməsi müddətində vergi məqsədləri üçün tələb olunan mühasibat məlumatlarının müəssisələrdə elektron formada saxlanması və vergi əməkdaşlarının tələbi ilə bu məlumatın əldə edilməsi üçün qanunvericilikdə imkanların yaradılması da nəzərdə tutulur. Bu, xüsusilə vacibdir, çünki e-auditi tətbiq etmiş bütün ölkələrdə  qanunvericilikdə həmin tələblər əks olunub.

İkinci komponentə əsasən, e-audit üçün müvafiq proqram təminatının seçilməsi də əsas şərtlərdən biridir. Bu məqsədlə Avropa İttifaqına üzv olan ölkələrdə e-auditin tətbiqi ilə bağlı ən yüksək nəticələr göstərmiş proqram təminatı paketinin seçilməsi nəzərdə tutulur. Hazırda inkişaf etmiş ölkələrin çoxunda e-auditin həyata keçirilməsi üçün istifadə olunan ən geniş proqram təminatı «ACL»dir. Bu, e-auditin ən mükəmməl proqram təminatlarından biri hesab olunur. Onun vasitəsilə istənilən formatda hazırlanmış e-mühasibat sənədlərini yoxlamaq mümkündür. Biz də bu sistemdən yararlanmağı düşünürük. Bu məqsədlə «ACL»in praktiki tətbiqinin nəticələrinin öyrənilməsi üçün yaxın aylarda Avstriya və Niderlandda görüşlər keçirmək planlaşdırılır.

Digər bir məsələ isə e-auditin tətbiqi zamanı müvafiq məlumat bazasının yaradılmasıdır. Həmin bazada ayrı-ayrı iqtisadi fəaliyyət növləri üzrə e-audit üçün tələb olunan bütün analitik məlumatların toplanması nəzərdə tutulur. Artıq Vergilər Nazirliyində bu sahədə müxtəlif işlər həyata keçirilib və onlar layihə çərçivəsində davam etdiriləcəkdir. Bu bazada müxtəlif fəaliyyət növləri üzrə vergi fırıldaqçılığının xüsusiyyətlərinin müəyyən edilməsi üçün meyarlar, yayınma sxemləri, risk əmsalları və e-auditin proqram təminatına dəstək vermək məqsədilə risklərin və statistik göstəricilərin təhlillərinin aparılması üçün analitik məlumatlar toplanacaq. Vergilər Nazirliyinin mərkəzi məlumat bazasında olan informasiyaların və toplanması tələb olunan əlavə məlumat mənbələrinin müəyyən edilməsi, inteqrasiyası və onlardan istifadə qaydalarının hazırlanması da nəzərdə tutulur.

Layihənin başlıca məqsədi e-audit sahəsində auditorların hazırlanmasıdır. Layihəyə görə, e-audit üzrə metodologiyanın hazırlanması və auditorların treninqinin təşkili əsas amillərdən biridir. Bu məqsədlə müfəssəl e-audit metodologiyası, o cümlədən həmin metodologiyanın praktiki tətbiqi üzrə treninq proqramı və materiallar hazırlanacaq. Bundan sonra bir qrup (10 nəfər) auditor üçün Niderlandda treninqlər keçiriləcək. Sonradan bu auditorlar Azərbaycana qayıdaraq xarici ekspertlərlə birgə digər 50 mütəxəssisə e-audit sahəsində lazımi biliklərin və vərdişlərin ötürülməsini təmin edəcəklər.

Bundan sonra e-auditin tətbiqi məqsədilə iri müəssisələr üçün pilot layihə həyata keçiriləcək. Onun əsasında təhlillər aparılacaq və e-audit praktikası təkmilləşdirilərək digər orta və iri müəssisələrdə də tətbiq ediləcək.

- Elektron auditin tətbiqi yoxlamalar zamanı insan faktorunun müdaxiləsini minimuma endirəcəkdir. Vaxta qənaət etmək məsələsində də elektron audit xüsusi önəm kəsb edir. Bu məsələlərlə bağlı daha hansı yeniliklər olacaq?

- Ənənəvi yoxlamalardan fərqli olaraq, e-audit sisteminin tətbiqi səyyar vergi yoxlamalarının obyektivliyini artırır, vaxtdan və insan resurslarından daha qənaətlə istifadə etməyə şərait yaradır. Bizim mütəxəssislər, yeni terminlə desək, e-auditorlar gələcəkdə e-mühasibat məlumatlarını müəssisələrə getmədən tələb edəcəklər. Bununla da əvvəllər böyük vaxt tələb edən səyyar vergi yoxlamaları audit mütəxəssisləri tərəfindən ancaq riskli vergi ödəyicilərinin müəssisələrində həyata keçiriləcək və müvafiq proqram təminatı vasitəsilə aşkar edilmiş risklər faktiki əldə olunmuş nəticələrlə təhlil ediləcək.

E-audit proqram təminatı e-mühasibat sistemlərinin standartlaşdırılmasını tələb edir. Bu layihənin ölkəmizdə müfəssəl tətbiqi üçün orta və iri müəssisələrin beynəlxalq mühasibat standartlarına keçməsi və e-mühasibat sistemlərini mənimsəməsi tələb olunur.

- E-auditorların seçilməsində hansı mütəxəssislərə üstünlük veriləcək?

- İlk olaraq öz işində yaxşı nəticələr göstərən işçilər seçiləcək. E-auditor olmaq istəyən mütəxəssis yüksək savada malik olmaqla yanaşı, ingilis dilini də mükəmməl bilməlidir. Əsas mütəxəssislər audit işçiləri olacaqlar. Ölkəmizdə beynəlxalq mühasibat işlərini bilən mütəxəssislərin də bu sistemin tədrisi ilə bağlı kurslara cəlb olunacağı istisna deyil. Hesab edirəm ki, son illərdə vergi sistemində aparılan islahatlar nəticəsində bütün əməliyyatların elektron qaydada həyata keçirilməsi bu gün e-auditin tətbiqini zərurətə çevirir. Bu, Vergilər Nazirliyinin son illərdə gördüyü işlərin uğurlu davamıdır. İnanıram ki, yaxın gələcəkdə ölkəmizdə iri və orta müəssisələr beynəlxalq mühasibat standartlarına keçəcək və e-auditin tətbiqi yüksək nəticələr verəcək.

 Müsahibəni hazırladı:

Rüfət MƏRDANOV