MƏQALƏLƏR

İnkişafın Azərbaycan modeli: qeyri-neft sektorunun inkişafı

  • 06.01.2011

Hər bir mərhələ üçün qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilərək müasir dövrün tələblərinə cavab verən çevik iqtisadi siyasətin həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə çoxşaxəli inkişaf strategiyasının reallaşdırılması, infrastrukturun bütün sahələrdə müasirləşdirilməsi Azərbaycan iqtidarının qarşıya qoyduğu məqsədlər sırasında mühüm yer tutur. Modernləşməyə əsaslanan bu strategiya respublikanın milli inkişaf modelinin əsasını təşkil edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi səmərəli nəticələrə yol açmışdır. Yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır. Bütün bunların nəticəsidir ki, Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşması ilə bağlı başlanmış müzakirələr son dövrlər daha da intensivləşmişdir. Aparılan müzakirələr zamanı ölkənin insan amilini əsas tutan sosialyönümlü siyasəti milli inkişaf modelinin prioritet xətti kimi xüsusi vurğulanır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə işıq üzü görmüş "İnkişafın Azərbaycan modeli" kitabı milli inkişaf modelinin özünəməxsus cəhətlərinin elmi tədqiqi və konseptual şərhi istiqamətində uğurlu təşəbbüslərdən biri kimi dəyərləndirilir. "Azərbaycan" qəzetinin Abşeron Rayon İcra Hakimiyyətində keçirdiyi səyyar "dəyirmi masa"da sözügedən əsər ətrafında səmərəli müzakirələr aparılmış, eyni zamanda insan amilinin yüksəlişinə xidmət edən sosial-iqtisadi siyasətin son illərdə rayonun həyatına gətirdiyi mühüm yeniliklərdən, uğurlardan söhbət açılmışdır. Tədbirdə rayonun fəalları, habelə ayrı-ayrı idarə və struktur rəhbərləri, bələdiyyə sədrləri iştirak etmiş, müxtəlif sahələr üzrə əldə olunan nəticələr barədə məlumat vermişlər. "Dəyirmi masa"nı giriş sözü ilə açan Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV demişdir: - Hər bir ölkənin milli inkişaf yolunun müəyyənləşməsində milli lider amili müstəsnalıq təşkil edir. Bugünün özündə də əksər ölkələr öz liderlərinin müəyyənləşdirdikləri yolla irəliləyir, böyük iqtisadi uğurlara imza atırlar. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz lider amili ilə şərtlənir. Ümummilli lider Heydər Əliyev yeni dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli iqtisadi inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirdi. Müasir Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu inkişaf strategiyasının yalnız demokratik idarəetməyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini bəyan etdi. Ulu öndər Heydər Əliyev göstərirdi ki, keçmiş sovet dövründən miras qalmış iqtisadi münasibətlər sisteminin xarakterini dəyişmədən, torpaqları kəndlilərə paylamadan, dövlətsizləşdirmə - özəlləşdirmə proqramlarını gerçəkləşdirmədən, ən başlıcası, özəl sektorun inkişafı yolu ilə istehsal potensialı yaratmadan həqiqi demokratiyaya, iqtisadi azadlığa, səmərəli təşəbbüskarlığa, sabitliyə və əmin-amanlığa qovuşmaq mümkün deyildir. Məhz ulu öndərin əzmkar səyləri ilə yeni neft strategiyasının hazırlanması və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması hərtərəfli inkişaf üçün yeni mərhələnin əsasını qoydu. 1996-cı ildən etibarən isə dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanıldı. Özəl sektorun inkişafı istiqamətində atılan addımlar həm də insanların şüurunda, həyat tərzində kardinal dəyişikliklərə səbəb oldu. Bu mərhələdən ölkədə həyata keçirilən özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etməyə, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edirdi. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı prinsiplərinin sürətlə formalaşmasına imkan yaratdı. Ölkənin xarici iqtisadi əlaqələri yüksəldi, dünya təsərrüfat sisteminə uğurlu inteqrasiya təmin edildi. Bir çox postsovet respublikalarından fərqli olaraq aqrar islahatlar da uğurla başa çatdırıldı. Bu proses tamamilə obyektiv şəkildə həyata keçirildi, heç bir ictimai narazılıq doğurmadı. Torpaq əsl sahibinə - kəndliyə qaytarıldı. Bütün bunların nəticəsi olaraq 1996-cı ildən ölkə iqtisadiyyatında tənəzzül meyillərinin qarşısı alındı. 1998-ci ildən isə iqtisadiyyatda müsbət meyillər özünü qabarıq göstərməyə başladı. 90-cı illərin ortalarından həmçinin ölkədə struktur islahatları aparıldı, çevik idarəetmə sistemi formalaşdırıldı. Bu mükəmməl inkişaf strategiyası 2003-cü ilin oktyabrından inamla davam etdirilir. Xüsusən də son illər respublikada elmi əsaslara söykənən liberal iqtisadi sistemin qurulması istiqamətində mühüm addımlar atılır. Vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilir, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı dəstəklənir. Zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsi ölkəyə ciddi iqtisadi dividend gətirməklə yanaşı, respublikamızın Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirir. Bu və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləyib. Bir sıra aparıcı Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa müddətdə adlayaraq iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan artıq Cənubi Qafqaz regionunda mühüm rolu, mövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilib. Respublikamız 2008-2010-cu illərdə qlobal dünya iqtisadi böhranına mətinliklə sinə gərib. Eyni zamanda iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. "Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları uğurla həyata keçirir. Davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi strategiya kompleks inkişafın əsasını təşkil etməklə yanaşı, həm də respublikamızın milli iqtisadi inkişaf modelinin tam formalaşmasını təmin edib. Xüsusi vurğulamaq istərdim ki, son illərdə cəmiyyət üçün əhəmiyyətli və aktual olan məsələlərlə bağlı sanballı elmi araşdırmalar aparan Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin ideya və ön söz müəllifliyi ilə işıq üzü görən "İnkişafın Azərbaycan modeli" kitabında da məhz milli inkişaf modelinin səciyyəvi xüsusiyyətlərindən geniş bəhs olunur. Kitabla tanışlıq zamanı bir daha məlum olur ki, Azərbaycanın iqtisadi inkişaf modeli bütün mahiyyəti ilə sırf insan və vətəndaş amilinin yüksəlişinə xidmət edir. Biz bu saf niyyəti dövlət başçısının son illər paytaxtın və bölgələrin inkişafı məqsədi ilə imzaladığı fərmanlardan, sərəncamlardan, dövlət proqramlarından daha aydın görürük. Cənab İlham Əliyev ilk gündən inkişaf prosesində tarazlığın və davamlığın təmin edilməsi, hər bir bölgənin faydalı məşğulluq ənənələrinin bərpasını strateji məqsəd kimi qarşıya qoydu. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramı bu istiqamətdə ilk fundamental sənədlərdən oldu. Həmçinin dövlət başçısı ayrı-ayrı iqtisadi rayonların inkişafı ilə bağlı əlavə olaraq 17 sərəncam imzaladı. Bütün sahələrdə sosialyönümlü infrastruktur layihələri həyata keçirildi, rayonların işıq, su, qaz problemi həllini tapdı. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində atılan kompleks tədbirlər nəticəsində ölkədə 900 mindən çox yeni iş yeri yarandı, yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə endi. Dövlət başçısının 2009-cu ilin aprelində imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət Proqramı isə bu sahədə əlavə tədbirlərin həyata keçirilməsinə imkan yaratdı. Hazırda icrası davam etdirilən dövlət proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Xüsusi vurğulamaq istərdim ki, proqramda Azərbaycanın mühüm iqtisadi-inzibati mərkəzlərindən sayılan Abşeron rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı da kompleks tədbirlər nəzərdə tutulub. Bugünkü "dəyirmi masa"nın bütün sahələrdə inkişaf edən Abşeron rayonunda keçirilməsi də, bu mənada, təsadüfi deyildir. Hesab edirəm ki, burada aparılan müzakirələr, səslənən məlumatlar milli iqtisadi inkişaf modelində insan və vətəndaş amilinə qayğı siyasətinin də prioritet məsələ olduğunu əyani surətdə göstərəcəkdir. İlk olaraq sözü Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova verirəm. Zakir FƏRƏCOV: - Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi iqtisadi siyasət ölkəmizin sosial-iqtisadi yüksəlişini təmin edən başlıca amildir. Bu siyasi xətti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin elmi əsaslara söykənən iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə nəinki MDB məkanında, eləcə də bütövlükdə Şərqi Avropa ölkələri arasında liderliyini qoruyub saxlayır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi və təşəbbüsü ilə işıq üzü görən və respublikamızın son 17 ildə keçdiyi tərəqqi yolunun xronoloji ardıcıllığını əks etdirən kitabın "İnkişafın Azərbaycan modeli" adlandırılması bütövlükdə bu sanballı əsərə münasibətin obyektiv qiyməti hesab edilə bilər. Kitabda iqtisadi inkişafın Azərbaycan modelinin təməl prinsipləri, mülkiyyətin çoxnövlülüyü, azad bazar mexanizmləri, sosial inkişafın Azərbaycana xas xüsusiyyətləri və digər məsələlər dolğun əksini tapmışdır. "İnkişafın Azərbaycan modeli" kitabında ölkənin iqtisadi qüdrətinin artırılmasını təmin etmiş fərmanlar, sərəncamlar, qanunlar, qərarlar, dövlətlərarası ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər, Azərbaycanın bərabərhüquqlu tərəf kimi qoşulduğu beynəlxalq konvensiyalar və digər mühüm aktların tarixi əhəmiyyətinin şərhi diqqəti çəkir. Bütövlükdə ölkəmizin iqtisadi qüdrətinin yüksəlişi təbii ki, hamımızda qürur hissi doğurur. 2005-ci il avqustun 11-də mənə yüksək etimad göstərərək Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edən möhtərəm Prezident İlham Əliyev rayonun sosial-iqtisadi göstəricilərinin orta respublika səviyyəsindən kəskin surətdə aşağı olduğunu, Abşeronun ötən əsrin 70-80-ci illərdəki şöhrətinin çoxdan itirildiyini, ölkənin paytaxtının giriş qapılarından sayılan bu rayonda abadlıq-quruculuq işlərinin unudulduğunu bütün kəskinliyi ilə vurğuladı. Həmçinin, qısa müddətdə bütün sahələrdə dönüş yaradılması, yaşayış məntəqələrinin çoxdan həllini gözləyən sosial problemlər məngənəsindən çıxarılması vəzifəsini qarşıya qoydu. Respublikamızın hər yerində geniş vüsət almış quruculuq əhval-ruhiyyəsinin Abşeronda canlanması istiqamətindəki təşkilati tədbirlərimiz təsirsiz ötüşmədi. İlk növbədə, bütün yaşayış məntəqələrində yerli ziyalılarla, nüfuzlu ağsaqqallarla görüşüb mövcud durumu müzakirə etdik. Hər yerdə oxşar şikayətlərlə qarşılaşdıq: əhali elektrik enerjisi, təbii qaz və içməli su sarıdan ciddi korluq çəkirdi. Eyni zamanda ictimai binalar, o cümlədən məktəblər, uşaq bağçaları, səhiyyə və mədəniyyət ocaqlarının yerləşdiyi binaların böyük əksəriyyətinin qəzalı vəziyyəti, küçə və yolların bərbadlığı, icra strukturlarının bu problemlərə biganə münasibəti təxirəsalınmaz tədbirlər görülməsini tələb edirdi. Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında təxirəsalınmaz tədbirlərin konkret vaxt çərçivəsində icrasını təmin etmək barədə xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlar verildi. Yaşayış məntəqələrinin, ilk növbədə, əsas küçə və yolların abadlaşdırılmasına dair proqram müəyyən edildi. Sosial problemlərin ardıcıl həlli diqqət mərkəzində saxlanıldı, rayon iqtisadiyyatının gücləndirilməsini təmin edəcək iri layihələrin reallaşması üçün investisiya qoyuluşuna münbit şərait yaradıldı. Qısa müddətdə iri istehsal müəssisələri tikilərək işə salındı. "Mətanət-A", "Azbentonit" MMC-lər, "Ay qida", "Aysu", "Səhliyalı" kimi sənaye müəssisələri, Masazır "Duz", Qobu, Aşağı Güzdək, Məmmədli kərpic zavodları və digərləri rayon iqtisadiyyatının güclənməsində, eyni zamanda məşğulluğun təmin edilməsi və yoxsulluğun azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Rayonda son beş il ərzində 12 mindən çox yeni iş yeri açılmışdır. İnkişafın Azərbaycan modeli ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin olunmasının aydın perspektivlərini müəyyən edir. Qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi aqrar sferanın yüksəlişinə dövlət dəstəyi daim artırılır. Respublika Prezidentinin rəhbərliyi altında həyata keçirilən siyasətin məntiqi nəticəsi olaraq, iqtisadi inkişafda, ümumi daxili məhsul istehsalında aqrar sektorun çəkisi yüksəlir. Bunu rayonumuzun nümunəsində də aydın görmək olur. Bütövlükdə respublikamızın digər regionlarında olduğu kimi, əvvəllər rayonumuzda da büdcə xərclərinin cəmi 10-15 faizi yerli gəlirlər hesabına ödənildiyi halda, bu nisbət artıq 85 faizi ötmüşdür. Həm də bu göstərici yüksələn xətt üzrə inkişaf etməkdədir. Rayonda qeyri-neft sektoru sahəsində iqtisadiyyatın sürətli artımı genişmiqyaslı abadlıq və quruculuq layihələrinin reallaşdırılmasına imkan yaratmış, yaşayış məntəqələrimizin siması tanınmaz dərəcədə dəyişmişdir. "Abadlıq yoldan başlanır" prinsipi ilə son beş ildə yaşayış məntəqələri arasındakı yollara, daxili küçə və meydanlara 310,0 min kubmetr qırmadaş tökülüb bərkidilmiş, 2,8 milyon kvadratmetrdən artıq asfalt örtük çəkilmişdir. Müqayisə üçün bildirək ki, bu rəqəm eni 6 metrlik 432 km uzunluqda avtomagistralın çəkilişinə bərabərdir. Piyada səkilərinin nəqliyyatın hərəkət zolağından ayrılmasını təmin etmək üçün 35 min metrdən artıq uzunluqda bardür quraşdırılmış, səkilərin 3,1 min kvadratmetrinə tamet döşənmişdir. Şəhər, qəsəbə və kəndlərin əsas küçə və yolları boyunca yaşayış evləri, ictimai binalar, özəl obyektlər və hasarların üst-üstə 40,0 min kvadratmetrlik fasadları təbii bərk süxurlardan hazırlanmış mozaik örtüklər, müasir üzlük materiallar, əhəng daşlarından yonulmuş milli ornamentlərlə bəzədilmişdir. Rayonun elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında illər uzunu yığılıb qalmış problemlərin aradan qaldırılması istiqamətində də xeyli iş görülmüşdür. Yaşayış məntəqələrində 400-dən çox müxtəlif gücə malik transformator quraşdırılmış, 1200 km-dən çox hava elektrik ötürücü xətləri çəkilmiş, şəbəkədaxili 183,2 km uzunluqda özünü izolyasiya örtüklü kabel xətləri çəkilərək sayğaclaşdırma başa çatdırılmışdır. Xırdalan şəhərindəki Əliağa Vahid elektrik yarımstansiyası yenidən qurulmuş, Masazırda 50 meqavolt amperlik yeni yarımstansiyanın tikinti-quraşdırma işləri tamamlanmışdır. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq rayonun qaz təsərrüfatı da əsaslı surətdə yenidən qurulur. Təkcə bir faktı - 633 km daşıyıcı qaz xəttinin çəkilməsini qeyd etmək kifayətdir ki, bu sahədə görülən işin həcmi barədə əyani təsəvvür yaransın. Eyni zamanda 114,7 km yeni su xətləri çəkilmiş, 20,2 km korroziyaya uğramış xətt bərpa olunmuş, mövcud kanalizasiya şəbəkəsi xeyli genişləndirilmişdir. Qəsəbə və kəndlərdə qar-yağış sularını kənarlaşdırmaq üçün 18,5 km arx tikilmiş, 80,1 km kanalizasiya xətləri çəkilmişdir. Uzun illər qəza vəziyyətində istismar olunan 4,2 km uzunluqda qoşa xətli Xırdalan təzyiqli kanalizasiya nasosxanasının 820 mmd boru kəməri əsaslı qaydada bərpa olunub istismara verilmişdir. 1982-ci ildən 2005-ci ilədək rayonun ərazisində nəinki ümumtəhsil məktəbi tikilməmiş, hətta mövcud məktəblərin əsaslı təmiri belə təmin olunmamışdı. Möhtərəm Prezidentin böyük qayğısı və ümumiyyətlə, ölkədə təhsilin kökündən yaxşılaşdırılması problemlərinə diqqətini rayonumuzda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsində, məktəb şəbəkəsinin genişləndirilməsində bir daha yaxından gördük. Rayonda "təhsil ili" elan etdiyimiz 2006-cı ilin 12 sentyabrında Abşerona tarixi səfəri çərçivəsində Xırdalan şəhərində 1296 yerlik orta məktəbin təməlini qoyan möhtərəm Prezident İlham Əliyevin xeyir-duası ilə 2006-2007-ci illərdə rayonda 12 yeni orta ümumtəhsil məktəbi tikilib istifadəyə verildi. 1660 şagird yerlik 83 əlavə sinif otağından ibarət tədris korpusları inşa olundu. 2008-2009-cu dərs ili ərəfəsində daha iki orta məktəbin tikintisi başa çatdırıldı. Qısa müddətdə rayonda səhiyyə xidmətinin kökündən yaxşılaşdırılması üzrə proqram uğurla həyata keçirildi. Daxili imkanlar və müvafiq bələdiyyələrin maliyyə dəstəyi ilə Novxanı, Mehdiabad, Masazır, Hökməli, Aşağı Güzdək, Güzdək, Ceyranbatan, Qobustan, Görədil və Məmmədli yaşayış məntəqələrində müasir standartlara cavab verən həkim ambulatoriyaları tikilib istifadəyə verildi. Xırdalan şəhərində, Saray və Qobu qəsəbələrindəki stasionar müalicə ocaqları əsaslı təmir olundu, müasir tibbi avadanlıq, nəqliyyat vasitələri və zəruri inventarlarla təchiz edildi. 2006-cı ildən başlayaraq mədəni-maarif müəssisələrinin uzun illərin baxımsızlığı ucbatından ciddi aşınmaya məruz qalmış binalarının əsaslı təmiri, yenilərinin tikilib istifadəyə verilməsi ilə bağlı proqramın icrasına 9,5 hektarlıq şam meşəsinin ərazisində ulu öndərin adına Mədəniyyət və istirahət parkının salınmasından başladıq. Qısa müddətdə burada Heydər Əliyev abidə kompleksi, Heydər Əliyev muzeyi tikildi, bir neçə yerdə fəvvarələr, əyləncə guşələri yaradıldı. Parkın ərazisindəki Tarix-diyarşünaslıq Muzeyi əsaslı qaydada yenidən quruldu, əlavə eksponatlarla zənginləşdirildi. Eyni vaxtda şəhər mədəniyyət sarayının yararsız hala düşmüş nəhəng binasının əsaslı təmiri və bom-boş çölə bənzəyən ətrafının abadlaşdırılması davam etdirildi. 2006-cı ilin 12 sentyabrında dövlət başçısının iştirakı ilə abşeronluların müqəddəs ziyarətgahı və mənalı istirahət məkanı olan "Heydər parkı"nın izdihamlı mitinqlə müşayiət olunan təntənəli açılışı sürətli sosial-iqtisadi inkişafının yeni mərhələsinin başlanğıcı kimi Abşeron rayonunun tarixinə yazıldı. Rayon ərazisində cəmi bir il ərzində həyata keçirilmiş abadlıq və quruculuq işlərinə möhtərəm Prezident İlham Əliyevin verdiyi yüksək qiymət rayonda start götürmüş qurub-yaratmaq mühitinin daha da şaxələnməsində güclü stimul oldu. Bir-birinin ardınca dövlət başçısının rayonumuzla bağlı imzaladığı sərəncamlar səylərimizi birə beş artırmağa sövq etdi. Xüsusilə rayon mərkəzinə şəhər statusunun verilməsi, 43 il əvvəl itirdiyi 416 hektarlıq ərazisinin yenidən Xırdalanla birləşdirilməsi, vaxtilə rayonun sosial-iqtisadi inkişafında xidmətləri olmuş abşeronluların orden və medallarla, fəxri adlarla təltif olunması rayonda sonsuz razılıq və minnətdarlıqla qarşılandı. Bu gün Xırdalan ərazisində ucaldılmış çoxmərtəbəli yaşayış evləri, göz oxşayan park və xiyabanlar, əzəmətli təhsil, səhiyyə və mədəniyyət ocaqları, idarə, müəssisə və təşkilatların ofisləri, ticarət, iaşə və məişət xidməti obyektləri, yaşıllıqlarla əhatə olunmuş abad prospekt və küçələr şəhərimizin simasını tanınmaz dərəcədə dəyişmişdir. İnkişafın Azərbaycan modelinin bundan sonra da uğurlu tədqiqinin hər sahədə sürətli irəliləyişimiz üçün geniş imkanlar açacağına möhkəm inanırıq. Başa çatmaqda olan 2010-cu ili sosial-iqtisadi sahədə yeni nailiyyətlərlə əlamətdar etmək üçün il boyu qüvvə və səylərimizi səfərbərliyə almışıq. Möhtərəm Prezidentin 2006-cı ilin 12 sentyabrında dediyi "Bir halda ki, abşeronlular belə yaxşı çalışırlar, deməli, gələcəkdə daha böyük işlər görəcəklər" sözləri artıq hər bir abşeronlunu qurub-yaratmağa səsləyən səfərbəredici şüara çevrilmişdir. Bəxtiyar SADIQOV: - Azərbaycanın özünəməxsus inkişaf modeli olsa da, respublikamız digər ölkələrin də təcrübəsini daim öyrənir, mütərəqqi iş üsul və vasitələrini tətbiq etməyə çalışır. Prezident İlham Əliyev hələ bir neçə il bundan əvvəl Nazirlər Kabinetinin iclasında xarici ölkələrin memarlıq və şəhər təsərrüfatı sahəsindəki təcrübəsinin öyrənilməsi vacibliyi ilə bağlı icra strukturlarına tövsiyələrini vermişdir. Abşeron rayonu da səmərəli beynəlxalq əlaqələr qurmaqla, bu istiqamətdə uğurlu nəticələr əldə etməyə çalışır. Bu mövzuda məruzə etmək üçün söz Abşeron Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini İradə Gülməmmədovaya verilir. İradə GÜLMƏMMƏDOVA: - İslahatlar prosesi dərinləşdikcə, Azərbaycanın beynəlxalq əlaqələri də genişlənir, dünyanın bir çox ölkələri ilə dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılıb inkişaf etdirilir. Respublikanın beynəlxalq əlaqələrinin genişləndirilməsində rayonun fəal mövqeyi hər bir abşeronluda haqlı iftixar hissi doğurur. Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Misir Ərəb Respublikasına səfəri zamanı bu ölkənin Prezidenti Hüsni Mübarəklə işgüzar danışıqlar aparmış, ölkələrimiz arasında dostluq və qarşılıqlı əməkdaşlığın uğurlu təməlini qoymuşdur. Bu əlaqələr dövlət başçısı İlham Əliyevin 2007-ci ilin mayında MƏR Prezidenti Hüsni Mübarəkin dəvəti ilə dost ölkəyə işgüzar səfəri çərçivəsində daha da genişləndirilmişdir. Bir çox sahələri əhatə edən dövlətlərarası saziş, müqavilə və memorandumla təsdiq olunmuş sənədlər paketinə Misir Ərəb Respublikasının Qəlyubeya quberniyası ilə rayonumuzun dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlığına dair ayrıca memorandum daxil edilmişdir. Təbii ki, bu, dövlət başçısının Abşeron rayonunda genişmiqyaslı quruculuq layihələrinin uğurla həyata keçirilməsinə verdiyi yüksək qiymətin, rayon rəhbərliyinə göstərdiyi yüksək etimadın ifadəsidir. Bu etimadı əməli işdə doğrultmaq üçün ona nail olmalı idik ki, Abşeron rayonu beynəlxalq müstəvidə əsl dostluq və əməkdaşlıq məkanına çevrilsin. Bu məqsədlə rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə 14 nəfərdən ibarət nümayəndə heyətinin 2008-ci il fevral ayında Misir Ərəb Respublikasına səfəri zamanı ölkənin paytaxtı Qahirə şəhərinə bitişik beş milyon nəfərə yaxın əhalisi olan Qəlyubeya quberniyasında dostluğumuzun təməl sənədi olan memorandum detallaşdırıldı. Tərəflər arasında ikitərəfli əlaqələrin perspektivlərinin müəyyən edilməsi barədə razılığa müvafiq protokol imzalandı. Səfər proqramı çərçivəsində işgüzar görüşlər keçirdik. Təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, sənaye, nəqliyyat, emal müəssisələrinin fəaliyyəti, qədim mədəniyyətə malik Misirin tarixi abidə və muzeyləri ilə tanış olduq. Ən başlıcası, dost ölkənin sakinlərində Azərbaycan haqqında mümkün qədər geniş təsəvvür yaratmaq üçün nümayəndə heyətinin üzvləri misirli həmkarlarını xalqımızın adət-ənənələri, ölkəmizin iqtisadiyyatı, Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə məlumatlandırdılar. İlk səfərin yekununda tərəflər arasında razılıq əldə olundu ki, Qəlyubeya şəhərinin mərkəzində 7 hektar ərazidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına park salınacaq, onun mərkəzində ulu öndərin heykəli ucaldılacaq, mərkəzi küçələrdən birinə Azərbaycan adı veriləcəkdir. Qarşılıqlı olaraq Xırdalan şəhərində "Azərbaycan-Misir Dostluğu" parkının salınması, burada Hüsni Mübarəkin heykəlinin ucaldılması, şəhərin mərkəzi küçələrindən birinin "Qəlyubeya" adlandırılmasını öhdəmizə götürdük. Xalqlarımız arasında dostluğun rəmzi olan, hər iki xalqın ümummilli liderlərinin adını daşıyan parkların təntənəli açılışı münasibəti ilə izdihamlı mitinqlərdə geniş tərkibli qarşılıqlı nümayəndə heyətlərimiz iştirak etdilər. Misirli dostlarımız Qəlyubeya şəhərində 1600 nəfər şagirdin təhsil alacağı nəhəng məktəb kompleksinə Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adının verilməsi barədə qərar qəbul etdiklərini, məktəbin açılışında iştirak etmək üçün rayonumuzun nümayəndə heyətinin 3 oktyabr 2009-cu il tarixdə dost diyara səfərini arzuladıqlarını bildirdilər. Dəvəti məmnuniyyətlə qəbul etdik və məktəbin təntənəli açılışı münasibətilə mitinqdə iştirak etdik. Biz də Xırdalan şəhərində təməli möhtərəm Prezident İlham Əliyev tərəfindən qoyulmuş 1296 şagird yerlik 9 saylı orta məktəbə Misirin birinci xanımı Suzen Mübarəkin adının verilməsi barədə qərarımızı bildirdik. Suzen xanımı məktəbimizə dəvət etdik. Əvvəlcədən ərəb dili təmayüllü bu məktəbdə Misirin qədim tarixini və bugününü fotolarda əks etdirən xüsusi guşə, Suzen Mübarəkin adından məktəbə hədiyyə olunmuş əyani vəsait və dərslik nümunələrindən ibarət daim fəaliyyət göstərən məktəb dostluq muzeyi yaradıldı. Suzen xanım 26 sentyabr 2008-ci il tarixdə məktəbin qonağı oldu və bu görüş unudulmaz təəssüratla yadda qaldı. Qəlyubeya quberniyası ilə iqtisadi əlaqələrimiz də inkişaf etməkdədir. Rayon ərazisində müasir dərman preparatları zavodunun misirlilər tərəfindən tikintisinə 4,0 ha torpaq sahəsi ayrılmışdır. Artıq layihə-smeta sənədləri hazırlanır. Yaxın gələcəkdə Abşeronda daha bir iri müəssisənin - mərmər zavodunun tikintisi barədə dostlarımızın müraciətinə RİH-də baxılıb müsbət cavab verilmişdir. Beynəlxalq əlaqələrimiz təkcə Misir Ərəb Respublikasının Qəlyubeya quberniyası ilə məhdudlaşmır. Xırdalan şəhəri ilə Türkiyənin paytaxtı Ankaranın Yıldır bələdiyyəsi arasında dostluq, qardaşlıq və qarşılıqlı əməkdaşlıq sazişi imzalandığı gündən ikitərəfli əlaqələr çərçivəsində bir sıra yaddaqalan tədbirlər həyata keçirilmişdir. Ulu öndərin xalqlarımızın sarsılmaz dostluğunun zərb məsəli kimi dillər əzbəri olmuş "Biz bir millət, iki dövlətik!" kəlamı Abşeron-Yıldır əlaqələrinin leytmotivinə çevrilmişdir. Azərbaycana, ulu öndər Heydər Əliyevin dahi şəxsiyyətinə böyük sayğı və ehtiramlarını nümayiş etdirən türk qardaşlarımız şəhərin ən görməli ərazisində təbii mənzərəsi göz oxşayan 21 hektarlıq sahədə Heydər Əliyevin şərəfinə unikal park yaratmış, mərkəzində ümummilli liderin möhtəşəm abidəsini ucaltmışlar. Parkın təntənəli açılış mərasimində iştirak edən nümayəndə heyətimiz qardaş Türkiyədə türk dünyasının böyük oğlu Heydər Əliyevə, Azərbaycana və azərbaycanlılara sonsuz dostluq və qardaşlıq duyğularının şahidi olmuşlar. Bəxtiyar SADIQOV: - Azərbaycanın inkişaf modelinin səciyyəvi xüsusiyyətlərindən biri də qeyri-neft sektorunun inkişafı məqsədi ilə sahibkarlığın yüksək dinamizmlə inkişaf etdirilməsidir. Dövlət başçısı İlham Əliyevin indiyə qədər imzaladığı mühüm fərman və sərəncamlar, dövlət proqramları özəl sektorun ümumi daxili məhsul istehsalında xüsusi çəkisini əhəmiyyətli dərəcədə artırmışdır. Abşeronun bu sahədə əldə etdiyi nəticələr də rayonun ümumi inkişafı baxımından maraq doğurur. Bu sahədə qazanılan nəticələr barədə danışmaq üçün söz Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Mirzəbala Aslanova verilir. Mirzəbala ASLANOV: - Rayonda həyata keçirilmiş kadr islahatları Abşeronun üzləşdiyi problemlərin həllində keyfiyyətcə yeni mərhələ açmış, iqtisadi tənəzzül prosesinin qarşısı alınmışdır. Etiraf etməliyik ki, uzun illər rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının istehsalı 5 il əvvələcən ildən-ilə kəskin surətdə azalırdı. 2005-ci ildə əvvəlki ilə nisbətən meyvə istehsalı 997 ton, o cümlədən zeytun istehsalı 905 ton, badam 107 ton, innab 20 sentner azalmışdı. Yerli gəlirlər hesabına büdcə xərcləri vur-tut 10-12 faizi ödənilirdi. İqtisadiyyatın son dərəcədə zəifliyi üst-üstə yığılıb qalmış sosial problemlərin aradan qaldırılmasına imkan vermirdi. Bütün bunlar ölkə rəhbərliyini də qayğılandırdığından, rayonun rəhbərliyi möhkəmləndirildi, qarşıda təxirəsalınmaz vəzifələr qoyuldu. Ən başlıcası, ölkədə bərqərar olunmuş yeni tipli iqtisadiyyatın Abşeronun yüksəlişində əsas amilə çevrilməsi üçün təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinə başlandı. Rayona investisiya qoyuluşlarına, kiçik və orta sahibkarlığın genişlənməsinə şərait yaradıldı. Bir-birinin ardınca iri sənaye müəssisələri tikilib işə salındı, aqrar sahənin dirçəldilməsinə qayğı artırıldı. 2005-ci ilə nisbətən ötən dövr ərzində rayon üzrə orta illik ümumi daxili məhsulun həcmi 8 dəfə artırılaraq 1 milyard 104 milyon manata, sənaye məhsulları istehsalı 3 dəfə artırılaraq 394,2 milyon manata, kənd təsərrüfatı məhsulları istehsalı 2,4 dəfə artırılaraq 185,7 milyon manata çatdırılmışdır. Son beş il ərzində əsas kapitala yönəldilən investisiyalar 12,4 dəfə artırılaraq 376,2 milyon manata yüksəlmişdir. Yeni müəssisələrin yaradılması hesabına 2004-2010-cu illər ərzində 12 mindən çox iş yeri açılmışdır. Rayonda iqtisadiyyatın sürətli artımı dövlətin qeyri-neft sektorunun inkişafına yönəlmiş strategiyasının ardıcıl həyata keçirilməsi ilə üzvi surətdə bağlıdır. Bu siyasət həm də əhalinin rifah halının yaxşılaşdırılmasına şərait yaradır. Həyata keçirilən sosial proqramların icrası ölkədə olduğu kimi, rayonumuzda da yoxsulluğun kəskin surətdə azalması, əməkhaqlarının, pensiya və müavinətlərın artması ilə müşayiət olunur. Şəhərdə, qəsəbə və kəndlərdə infrastruktur layihələrinin reallaşması əhalinin güzəranın yaxşılaşmasında mühüm rol oynayır. Bu isə daha genişmiqyaslı quruculuq və abadlıq layihələrinin həyata keçirilməsinə imkan verir. Məlumdur ki, yol infrastrukturunun inkişafı gərgin zəhmət və böyük məbləğdə maliyyə vəsaiti tələb edir. Son beş ildə rayonun ərazisində yaşayış məntəqələri arasındakı yollara, şəhər, qəsəbə və kəndlərin küçə və meydanlarına 2 milyon 800 min kvadratmetr asfalt örtük çəkilmiş, yeni yaşayış məhəllələrinin küçələrini gələcəkdə asfaltlamaq məqsədilə 260 min kubmetr çınqıl döşənib bərkidilmişdir. Əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatındakı problemlərin aradan qaldırılması məqsədilə şəbəkələrdə iri həcmli təmir-bərpa işləri aparılmış, mövcud şəbəkələr 1,5-2 dəfə genişləndirilmişdir. Ərazidə sənayenin getdikcə daha çoxşaxəli inkişafı deməyə əsas verir ki, rayonun iqtisadiyyatının güclənməsi uğurla davam edəcəkdir. Son illər aqrar sektorun sənaye əsasında inkişafı daha sürətlə gedir. Yeni-yeni fermer təsərrüfatları yaranır, il boyu tərəvəz istehsalına imkan verən istixanalar şəbəkəsi genişlənir. Ət və süd, digər heyvandarlıq məhsullarının istehsalının artımı ilə yanaşı, kiçik və orta emal müəssisələri işə salınır. Rayonda iş adamlarına, azad sahibkarlığa yaradılan şərait, onlara güzəştli kreditlərin ayrılmasındakı şəffaflıq yeni-yeni sənaye, yeyinti, ticarət müəssisələrinin, tikinti kooperativlərinin yaranmasına rəvac verir. Maddi durumu yaxşılaşan hər bir sakin, fəaliyyətini genişləndirməklə gəlirini artıran hər bir iş adamı təbii ki, bütövlükdə rayonun ictimai həyatının, aparılan quruculuq işlərinin - son nəticədə sosial-iqtisadi inkişafın fəal iştirakçısı olur. Təşkilatçılıq fəaliyyətimizin prioritet istiqamətlərindən biri də hər bir abşeronlunun dövlətə və dövlətçiliyə sədaqət ruhunu, ölkəmizin qüdrətinin artırılmasına şəxsi töhfəsini vermək əzmini möhkəmləndirməkdir. Bəxtiyar SADIQOV: - Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusilə aktuallıq kəsb edir. Yarandığı gündən bu ali missiyanı qarşıya məqsəd qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 6 illik fəaliyyətilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikanın bütün bölgələrində həyata keçirilən mühüm təhsil və səhiyyə layihələrini abşeronlular da yüksək razılıqla qarşılayırlar. Fondun xəttilə rayonda gerçəkləşdirilən layihələr barədə danışmaq üçün söz Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayevə verilir. Nadir AĞAYEV: - İftixar hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyev böyük cəsarət və iradə nümayiş etdirərək milli mənafelərin qorunması uğrunda əzmlə çalışır. Təqdirəlayiq haldır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da Heydər Əliyev siyasi irsinin fundamental prinsiplərinə sadiq qalaraq Azərbaycan mədəniyyətinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Abşeron rayonunda üst-üstə 980 şagird yeri olan 3 orta ümumtəhsil məktəbi tiklib istifadəyə verilmiş, həmin təhsil ocaqları ən müasir tədris vasitələri, avadanlıq və inventarla təchiz olunmuşdur. Həmin məktəblər rayonda uzun müddət mövcud olmuş şagird sıxlığının aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Məhz Fondun vəsaiti hesabına Xırdalan şəhərində və Novxanı kəndində hər biri 240 şagird yerlik 2 məktəb, Digah və Görədil yaşayış məntəqələrində 16 sinif otağından ibarət olan iki yeni tədris korpusu 2006-2007-ci tədris ilində tikilib istifadəyə verilmişdir. Fondun hesabına ilk dəfə məktəbə qədəm qoyan minlərlə I sinif şagirdinə içi məktəb ləvazımatı ilə dolu, üstündə müstəqil dövlətimizin rəmzləri təsvir olunmuş yaraşıqlı çantalar hədiyyə edilmişdir. 2008-2009-cu dərs ili ərəfəsində memarlıq baxımından bəlkə də analoqu olmayan 500 şagird yerlik möhtəşəm 3 saylı Masazır kənd orta məktəbi ərsəyə gəlmiş, təhsil ocaqlarının arasında yaşıllıqla əhatə olunmuş ərazisi, özünün müasir idman kompleksi, stadionu, beynəlxalq standartlara cavab verən tədris imkanları ilə diqqəti cəlb edir. Bu günlərdə hamımız Heydər Əliyev Fondunun təşəbbüsü ilə başdan-başa əsaslı qaydada təmir olunmaqla yenidən qurulmuş Saray qəsəbəsindəki 7 saylı internat evinin açılışının şahidi olduq. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı bir daha sübut etdi ki, insana, Azərbaycanın hər bir vətəndaşına qayğı onun əsas amallarından biridir. Azərbaycanın birinci xanımı dekabrın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş 3 saylı orta məktəbdə yaradılmış şəraitlə tanış olmuş, "Şən yuva" uşaq bağçasının açılışında iştirak etmişdir. Fondun xeyirxah təşəbbüsləri əsasında Abşeron rayonunda da gənc nəslin təlim-tərbiyəsi, istedadlı uşaqların erkən aşkar edilməsi və onların xüsusi qayğı ilə əhatə olunması, məcburi köçkün həyatı yaşayan, valideyn himayəsindən məhrum olan uşaqların normal təhsil alması üçün ardıcıl iş aparılır. Rayonda 34 orta, 2 əsas ümumtəhsil məktəbində 27 min nəfərədək şagirdin təlim-tərbiyəsi ilə 2762 nəfər müəllim məşğuldur. 23 məktəbəqədər uşaq müəssisəsində 1800 nəfərdən çox körpə tərbiyə olunur. Son 5 ildə uzun müddət istilik sistemləri tamamilə sıradan çıxmış, binaları ciddi aşınmaya məruz qalmış məktəblər əsaslı qaydada təmir olunmuş, istilik sistemləri bərpa edilmiş, inventarları təzələnmiş, onların hamısında müasir kompüter sinifləri yaradılmışdır. Fondun "Təhsilə dəstək" layihəsinə uyğun olaraq rayonun məktəbəqədər uşaq müəssisələri əsaslı təmir olunmuş, bir qayda olaraq uşaq bağçalarının istilik sistemləri bərpa edilmişdir. Beş yaşayış məntəqəsində, o cümlədən Qobu qəsəbəsində hər biri 4 qrupluq 2 uşaq bağçası, Fatmayı kəndi və Aşağı Güzdək qəsəbəsinin hərəsində 2 qrupluq 1 uşaq bağçası, Novxanı kəndində dörd qrupluq yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir. Dövlətin təhsilə, təhsil işçilərinə ildən-ilə artan qayğısı müqabilində məktəblərdə və məktəbəqədər təhsil ocaqlarında təlim-tərbiyənin keyfiyyəti yüksəlir, elmi biliklərin şagirdlər tərəfindən mənimsənilməsi güclənir. Əgər beş il əvvəl rayonun məzunlarının ali məktəblərə qəbul üzrə keçirilən test imtahanlarında 15-20 faizi keçid balı toplayırdısa, 2010-cu ildə bu göstərici 40 faizə yaxınlaşmışdır. Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet sahələrindən biri də əhalinin, xüsusilə gənc nəslin sağlamlığı ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılmasıdır. Bu baxımdan rayonda həyata keçirilən tədbirləri qənaətbəxş hesab etmək olar. Sağlamlığın rəhni olan gənclər arasında idmanın kütləviliyinə diqqət son illər xüsusilə artmışdır. Hər yerdə sadə idman qurğuları yaradılmış, məktəblərin idman zalları lazımi idman avadanlıqları ilə təchiz edilmişdir. İdmançı gənclərimiz son beş ildə beynəlxalq və respublika yarışlarında 14 idman növü üzrə 104 qızıl, 69 gümüş, 98 bürünc olmaqla 271 medal qazanmışlar. Məktəblilərin və gənclərin asudə vaxtlarının səmərəli təşkili də daim diqqət mərkəzindədir. Xırdalan şəhərində 3 il əvvəl istifadəyə verilmiş "Gənclər evi"nin ikimərtəbəli geniş binasında müxtəlif maraq klubları, tətbiqi incəsənət dərnəkləri fəaliyyət göstərir. Abşeronluların sağlamlığının keşiyində 348 yüksək ixtisaslı həkim, 442 orta tibb işçisi dayanır. Xırdalan şəhərində Mərkəzi rayon xəstəxanası, poliklinika və ayrıca Uşaq Poliklinikası ilə yanaşı, daha bir özəl tibb mərkəzi əhaliyə səhiyyə xidməti göstərir. Saray və Qobu qəsəbələrindəki sahə xəstəxanaları əsaslı qaydada yenidən qurulduqdan sonra ən müasir tibbi avadanlıq və nəqliyyat vasitələri ilə təmin olunmuş, müayinə və müalicənin səviyyəsi yüksəlmişdir. 2007-2008-ci illərdə iri yaşayış məntəqələri olan Mehdiabad, Novxanı, Masazır, Hökməli qəsəbələrinin hər birində 16 otaqdan ibarət ikimərtəbəli həkim ambulatoriyaları, Aşağı Güzdək, Ceyranbatan və Güzdək qəsəbələrində, Qobustan kəndində tibb məntəqələri üçün binalar tikilib istifadəyə verilmişdir. Rayonda aparılan genişmiqyaslı quruculuq mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini də əhatə edir. Xüsusilə şəhər Mədəniyyət sarayının əsaslı qaydada təmir olunub yenidən qurulması, ətrafının abadlaşdırılması və yaşıllaşdırılması, istilik siteminin bərpa edilməsi burada mədəni-kütləvi tədbirlərin, vaxtaşırı konsert və tamaşaların keçirilməsinə imkan yaratmışdır. Yerlərdə də mövcud mədəniyyət evləri təmir olunmuşdur. Qobu və Ceyranbatan qəsəbələrində 200-220 tamaşaçı zalları və müxtəlif təyinatlı əlavə otaqları olan mədəniyyət evlərinin tikintisi davam edir. Bəxtiyar SADIQOV: - Abşeron çoxəsrlik tarixi dövründə bir çox kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük uğurlar əldə etmişdir. Rayonun məşhur üzüm sortları, ənciri, zəfəranı, zeytunu, badamı və digər məhsulları respublika hüdudlarından kənarda da məşhurdur. Son illər rayonda kənd təsərrüfatının tənəzzüldən çıxarılması və yüksək tepmlə inkişaf etdirilməsi istiqamətində atılan addımlar müsbət nəticələr verir. Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Qara Qurbanov bu barədə ətraflı məlumat verəcəkdir. Qara QURBANOV: - Son illərdə Abşeron rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı aparıcı mövqeyini bərpa edir. Hazırda 3131 hektar torpaq çoxillik əkmələr altındadır. Əkin və dincə qoyulmuş torpaq sahələri cəmi təhkim edilmiş torpaqların 6,8 faizini, çoxillik əkmələr altında olan torpaq sahələri isə 1,4 faizini təşkil edir. Rayona təhkim edilmiş torpaqların 8,2 faizi, başqa sözlə 18621 hektarı əkinə yararlıdır. Əkinə yararlı torpaqların qeyri-münbitliyi, suvarmaya tələbatın yüksək olduğunu da nəzərə alsaq, burada əkinçiliklə məşğul olmağın nə dərəcədə çətin və çox zəhmət tələb etdiyi məlum olar. Məhz bu çətinliklər Abşeron kəndlisini təsərrüfatın spesifik sahələri ilə məşğul olmağa vadar edir. Ötən əsrin 90-cı illərində, ölkənin hər yerində olduğu kimi, Abşeronda da kənd təsərrüfatı istehsalı tənəzzülə uğramış, suvarma sistemi bərbad vəziyyətə düşmüş, hətta bu diyarın özünəməxsus nemətləri olan zəfəran, zeytun, məşhur Hövsan soğanı, dəmyə şəraitdə yetişdirilən Zirə qarpızı, yüksək şəkərliyi ilə seçilən Bilgəh kökü və sair nadir bitkilərin əkilib-becərilməsi unudulmağa doğru gedirdi. Bu vəziyyətin aradan qaldırılması üçün ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə normativ-hüquqi sənədlərin hazırlanmasına başlandı. 1995-ci il fevral ayının 18-də "Aqrar islahatın əsasları haqqında", 1996-cı il iyulun 16-da isə "Torpaq islahatı haqqında" mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahənin inkişafı ilə əlaqədar 100-dən çox normativ-hüquqi akt qəbul olunmuşdur. 2003-cü ildən sonra kənd təsərrüfatı istehsalçılarına dövlət yardımı məqsədi ilə qəbul edilmiş qərarlar Abşeron rayonunda kənd təsərrüfatı sahəsində canlanmaya səbəb olmuşdur. Rayonun aqrar islahat aparılmış kənd təsərrüfatı müəssisələri bazasında yeni mülkiyyət formasına əsaslanan kollektiv, özəl və dövlət kənd təsərrüfatı müəssisələri yaranmışdır. Son on ildə rayonda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi həcmi 39.608 min manat təşkil etmişdir və bu da 2000-ci ildəkindən 2,28 dəfə çoxdur. Həmin dövrdə ət istehsalı 780 tondan 2.072 tona, süd istehsalı 24.322 tondan 32854 tona, yumurta istehsalı 31.714 min ədəddən 150.043 min ədədə çatmışdır. Başlıca diqqət Abşeron rayonu üçün kənd təsərrüfatının ənənəvi sahələrdən hesab olunan bağçılıq və tərəvəzçiliyin, bu diyarın nadir nemətlərinin istehsalının bərpasına yönəldilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-1013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda zeytunçuluğun inkişafı ilə əlaqədar xüsusi tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin nəticəsidir ki, zeytun bağlarından məhsul istehsalı ilbəil artır. 1999-cu ildə rayonda cəmi 489 ton zeytun məhsulu toplanmışdısa, bu rəqəm 2009-cu ildə 1200 tona çatdırılmışdır. Abşeron rayonu üçün ənənəvi sayılan, bu diyarın nadir neməti olan zəfəranın əkin sahəsi də ildən-ilə azalmış, 1980-ci ildəki 159 hektardan 1998-ci ildə 18 hektara enmişdi. Aqrar sahənin inkişafı ilə əlaqədar respublikada qəbul edilmiş qanunların, təsdiq edilmiş dövlət proqramlarının icrası sayəsində görülmüş tədbirlər nəticəsində zəfəran bitkisinin məhv olmasının qarşısı alınmış, bu sahə ilə məşğul olan "Zəfəran" kəndli-fermer təsərrüfatının gücü və imkanları hesabına onun əkin sahəsi artırılaraq hazırda 23 hektara çatdırılmışdır. Heyvandarlıq sahəsində nail olunmuş irəliləyiş, ilk növbədə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının nəticəsidir. Hələ 2001-ci ilin əvvəlində Niderland hökumətinin dəstəyi ilə rayonumuzun ərazisində mal-qara arasında süni mayalama şəbəkəsi təşkil edilmişdir. Müddəti bir il olan layihənin tətbiqindən keçən dövr ərzində süni yolla mayalanmış inəklərdən 13549 baş buzov alınmışdır. "Heyfer" beynəlxalq layihəsinin reallaşması 2002-2005-ci illərdə Pirəkəşkül kəndində davarların sayının xeyli artmasını təmin etmişdir. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə xüsusi layihə əsasında rayonun ərazisində uzunmüddətli icarəyə götürülmüş torpaq sahəsində daha bir sahibkar tərəfindən 80 hektar zeytun bağı salınmışdır. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlar dövlət tərəfindən göstərilən güzəşt və yardımlardan səmərəli bəhrələnirlər. Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən, abşeronlu kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına 269 min 334 manatlıq yardım edilmişdir. Bəxtiyar SADIQOV: - Uzun illər taleyi Abşeronla bağlı olmuş, burada işləmiş şəxs kimi deyə bilərəm ki, son dövrlərdə rayonun siması əsaslı dərəcədə dəyişmiş, yaxşı mənada tanınmaz olmuşdur. Rayonun küçə və parkları abadlaşmış, yolları yüksək səviyyədə təmir olunmuş, bir sözlə insanların firavan yaşayışı üçün kompleks tədbirlər həyata keçirilmişdir. Bu barədə məlumat vermək üçün söz Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədova verilir. Eldar ƏHMƏDOV: - İftixar hissi ilə deyə bilərik ki, dövlət başçısı cənab İlham Əliyevin rayon rəhbərliyi qarşısında müəyyənləşdirdiyi vəzifələrin icrasında yerli idarəetmə orqanları da fəallıq göstərirlər. Şəhər bələdiyyəsi üzərinə düşən vəzifələrin inamla yerinə yetirilməsi istiqamətində mövcud imkanlardan yetərincə yararlanmağa çalışır. Bu gün tam arxayınlıqla deyə bilərik ki, bələdiyyə əhalinin sosial sifarişlərinin icrası ilə məşğul olan əsas qurumlardan birinə çevrilmişdir. Əhalinin sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi üçün son illərdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış, mədəni-kütləvi istirahət guşələri yaradılmışdır. Xırdalanın mərkəzi kücələrindən birində bələdiyyə büdcəsi hesabına ikimərtəbəli "Gənclər evi" inşa olunmuş, gənclərin asudə vaxtlarının səmərəli təşkili təmin edilmişdir. Şəhərin mərkəzində ümummilli liderin adını daşıyan möhtəşəm park salınmış, burada yaşlıların, gənclərin və uşaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmış, uzunluğu 5,4 kilometr olan Heydər Əliyev prospekti əsaslı təmir olunmuşdur. Prospektin asfalt örtüyü dəyişdirilmiş, yol boyunca səliqə-sahman işləri aparılmış, ictimai-yaşayış binalarının fasadları qaydaya salınmışdır. Bələdiyyə imkansız ailələrin vəziyyətinin yaxşılaşdırılmasına da öz köməyini əsirgəmir. Son illərdə şəkər xəstələrinin pulsuz dərmanla təmin olunmasına, zirzəmilərdə dezinfeksiya işlərinin aparılmasına da vəsait ayırmışdır. Şəhərdən məişət tullantılarının daşınması üçün bir ədəd traktor və yük maşını alınaraq müvafiq idarələrə verilmişdir. Şəhərdaxili küçələrin asfalt örtüyünün təzələnməsi, məhəllələrdə abadlıq işlərinin aparılması da diqqət mərkəzindədir. Ötən beş ildə bu məqsədlə 200 min kvadratmetrdən çox asfalt örtüyü çəkilmiş, bir çox küçələrdə divarlar qaya daşları ilə bəzədilmiş, minlərlə ağac, bəzək kolları, güllər əkilmişdir. Xırdalan şəhərinin bir çox küçələrinin, "Ana" abidə kompleksinin, "Ana və uşaq" parkının yenidən qurulması, Abşeron Rayon İcra Hakimiyyətinin 3 mərtəbəli yeni inzibati binasının inşası, 20 metrlik qüllədən asılmış dövlət bayrağımız, rayonun müxtəlif yerlərində quraşdırılmış musiqili fəvvarələr, küçələr boyu quraşdırılmış yeni elektrik fanarları şəhərin abadlığını təmin etmiş, gözəlliyini birə-beş artırmışdır. Xırdalan şəhəri Bakı-Şamaxı və Bakı-Quba magistral yolunun arasında yerləşir. Belə mühüm coğrafi ərazidə yerləşməsi istər-istəməz yerli idarəetmə təşkilatlarının məsuliyyətlərini xeyli artırır. Şimal istiqamətindən respublika paytaxtına təşrif buyuran xarici qonaqlar Bakını görmədən öncə Xırdalanı görurlər. Buna görə də magistral yolun Xırdalan ərazisindən keçən hissəsində xüsusi abadlıq və yaşıllaşdırma işlərinin aparılması vacibdir. Sevindirici haldır ki, son zamanlarda adıçəkilən ərazidə xeyli iş görülmüş, əvvəlki xoşagəlməz görüntülərdən əsər-əlamət qalmamışdır. İndi Bakı-Şamaxı və Bakı-Quba yolunda hərəkət edən nəqliyyat vasitələri yolda hər hansı maneə ilə rastlaşmır, insanlar şəhərimizin uzaqdan diqqəti cəlb edən gözəl mənzərəsini həvəslə seyr edirlər. Bəxtiyar SADIQOV: - Bələdiyyələr demokratiyanın, iqtisadi və siyasi müstəqilliyin, təşəbbüskarlığın bərqərar edilməsi baxımından çətin, eyni zamanda, məsuliyyətli idarəetmə formasıdır. Bu təsisat müəyyən ərazidə məskunlaşmış əhalinin hüquq və azadlıqlarının qorunmasını, habelə yerli problemlərinin həllini təmin edən müstəqil, kollegial idarəetmə forması olmaqla, Azərbaycan təcrübəsində də özünü doğrultmağa çalışır. Abşeronun kənd və qəsəbələrində bələdiyyələrin xətti ilə həyata keçirilən tədbirlər bu barədə əminliklə danışmağa imkan verir. "Dəyirmi masa"da iştirak edən Masazır bələdiyyəsinin sədri Siyənfər Əliyev yəqin ki, bizə son illər kəndin inkişafı üçün görülən sosialyönümlü tədbirlər barədə ətraflı məlumat verəcəkdir. Siyənfər ƏLİYEV: - Dövlət başçısı cənab İlham Əliyevin Abşeronda aparılan quruculuq və abadlığı, sosial-iqtisadi inkişafı yüksək qiymətləndirməsi, dəyərli məsləhətləri, tövsiyələri abşeronluların qüvvə və səylərinin maksimum səfərbər olunmasında güclü stimula çevrilmişdir. Bunu getdikcə müasir şəhər görkəmi alan Masazır kəndinin nümunəsində daha aydın görmək olar. Son beş ildə əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 15 ədəd elektrik transformatoru quraşdırılmış, 6800 metr elektrik xətti, kənddaxili şəbəkədə 35000 metr "SİB" kabel xətti çəkilmiş, 2200 ədəd elektrik sayğacı quraşdırılmış, 270 ədəd elektrik dayaqları dəyişdirilmişdir. Kəndin su təchizatını yaxşılaşdırmaq məqsədilə beş il ərzində 8260 metr uzunluğunda müxtəlif diametrli plastik və polad borularla su xətləri çəkilmişdir. Kəndin kanalizasiya sisteminin yaradılması da qarşıda duran əsas problemlərdən biridir. İndiyə kimi 10430 metr kanalizasiya xətti çəkilmiş, eləcə də kəndin abadlaşdırılması məqsədilə küçə və yollara son beş ildə 149000 kvadratmetr asfalt salınmış, uzunluğu 39600 km olan mərkəzi Əliağa Vahid küçəsinin mənzərəsi tamamilə dəyişmişdir. Həmin küçədə yaşayış və inzibati binaların fasadlarının 350 kvadratmetrinə alkopon üzlük çəkilmiş, 55 fərdi yaşayış evinin darvazası rənglənmiş, 800 kvadratmetr hasar çəkilmiş, 9970 kvadratmetr hasara çay daşından istifadə etməklə mozaik üzlük çəkilmişdir. 620 kvadratmetr hasar və bina divarlarına milli memarlıq üslubunda cilalanmış əhəng daşından üzlük çəkilmiş, küçənin nəqliyyat hərəkəti hissəsi daha 3 metr genişləndirilmiş, sağ tərəfinə ümumi sahəsi 7000 kvadratmetr məsafədə səki salınmışdır. Kəndin "Qurtuluş-93" adlanan yaşayış massivindən yeni inşa olunmuş Masazır duz zavodu istiqamətində uzunluğu 5 km, eni isə 10 metr olan yeni asfalt yol çəkilmiş, habelə müasir tipli, beynəlxalq standartlara cavab verən bir çox sosial-mədəni obyektlər tikilib istifadəyə verilmişdir. Bələdiyyə büdcəsi hesabına kənddə 2 mərtəbəli, 16 kabinetdən ibarət müasir tipli poliklinika tikilmişdir ki, hazırda burada 55 nəfər tibb işçisi kənd sakinlərinə xidmət göstərir. 2005-ci ilədək kənddə 800-dək fərdi yaşayış evi var idisə, hazırda onların sayı 5500-ü ötmüşdür. Ərazidən məişət tullantılarının vaxtında daşınıb zərərsizləşdirilməsi məqsədi ilə bələdiyyə tərəfindən bir ədəd "MAN" markalı xüsusi zibildaşıyan avtomobil alınmışdır. Respublikamızda 2010-cu ilin "Ekologiya ili" elan olunması Masazır sakinləri tərəfindən də razılıqla qarşılanmış, ümumilikdə, son beş ildə kənddə 100000-dən çox ağac tingi, minlərlə dekorativ kol əkilmişdir. Həmin yaşıllıqlara qulluq üçün xüsusi su daşıyan avtomobil də alınmışdır. Ölkədə yerli özünüidarəetmə qurumu yeni yarandığından biz qardaş Türkiyə Respublikası və digər ölkələrin bələdiyyə orqanları ilə də əlaqə saxlayır, onların təcrübəsini öyrənir, işimizdə tətbiq edirik. Zakir FƏRƏCOV: - Bugünkü "dəyirmi masa"da konkret Abşeron rayonunun timsalında bir daha aydın göründü ki, hər bir vətəndaşa yüksək diqqət və qayğı ölkə rəhbərliyinin sosial-iqtisadi siyasətinin əsas qayəsini təşkil edir. Hesab edirəm ki, Abşeron rayonunun da son illərdə əldə etdiyi yüksək inkişaf göstəriciləri, ilk növbədə, möhtərəm Prezident İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Bu diqqətin nəticəsi kimi rayonun yol infrastrukturu əsaslı dərəcədə yaxşılaşmış, habelə işıq, qaz problemlərinin həlli istiqamətində mühüm tədbirlər