Distant təhsil: Problemlər, perspektivlər
DİSTANT TƏHSİL: PROBLEMLƏR, PERSPEKTİVLƏR
Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək. Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır.
Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.
İlham Əliyev.
Azərbaycan Respublikasının Prezidenti
Son vaxtlar təhsil ictimaiyyəti qiyabi təhsilin distant formada aparılması haqqında, bu sistemin yaradılmasına nə qədər vaxt lazım olması barədə müzakirələr aparır. Məqalədə məqsəd ölkədə distant təhsilin yaranması və inkişafı, universitetlərdə distant təhsilin təşəkkülü barədə fikirlərimizi bölüşməkdir.
1. DİSTANT TƏHSİL ÖLKƏ TƏHSİLİNİN İNKİŞAF GÖSTƏRİCİSİDİR
Dünyada gedən qlobal proseslər, biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı keyfiyyətli insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə saxlamağı tələb edir. Təhsilin modernləşdirilməsi zərurəti, respublikanın regionda İKT sahəsində lider dövlət olmaq məqsədləri üçün bu gün ölkədə virtual təhsil sistemini inkişaf etdirmək zəruridir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin təhsil sistemi qarşısında qoyduğu mühüm tələblərdən biri - “...Azərbaycanda virtual dərslər keçirilməlidir” kimi müəyyən edilmişdir. Bu tələb milli təhsil sisteminin perspektiv inkişaf vektorunu müəyyən edir. Bu səbəbdən bütün strateji təhsil sənədlərində respublikada vurtual təhsilin, distant təhsilin (DT) yaradılması və inkişafı xüsusi qeyd edilmişdir.
DT texnologiyalarının tətbiqi bu gün dünyada geniş vüsət almaqdadır. Bu sahənin inkişafı milli təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblər səviyyəsinə qaldırılması, qlobal informasiya təhsil məkanına inteqrasiya edilməsi baxımından da əhəmiyyətlidir.
DT informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq qloballaşmanın tələbidir.
İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları artıq DT sisteminə inteqrasiya olunmuş, vahid milli informasiya- təhsil məkanı yaranmışdır. Bu gün dünyada on milyonlarla insan DT texnologiyaları əsasında sistematik təhsil alır. DT auditoriyalara sığmayan, sərhədsiz, transmilli təhsil texnologiyasıdır. Təhsil yönümlü Beynəlxalq Təşkilatların, cəmiyyətlərin, o cümlədən YUNESCO-nun təhsil siyasətinin mühüm istiqamətlərindən biri DT sisteminin inkişafıdır. YUNESCO artıq qlobal şəbəkə universiteti yaratmışdır. MDB səviyyəsində isə 20 universitetin iştirakı ilə “Universitetlərin şəbəkə işbirliyi (əlaqələri)” adlı layihə reallaşır. Layihənin məqsədi MDB ərazisində DT texnologiyaları əsasında ali təhsilin inkişafını dəstəkləməkdir. Layihə çərçivəsində bu ilin əvvəlində YUNESCO-nun dəstəyi ilə “İnnovativ iqtisadiyyatın kadr təminatı üçün Universitetlərin şəbəkə əlaqələri” adlı beynəlxalq konfrans təşkil edilmişdir. Bu gün DT-nin yaradılması kütləvi və əlyetərli ali təhsili formalaşdırmaqla bərarər, iqtisadiyyatın kadr təminatı problemlərini operativ həll edir, ölkənin qlobal səviyyədə müsbət imicinin formalaşmasına dəstək verir.
Bu gün dünyada təhsil böyük bir bisnesdir. DT beynəlxalq təhsil xidməti bazarında təhsilin ixracının mühüm vasitəsi və texnologiyasıdır. ABŞ hər il DT texnologiyaları əsasında təhsil ixracından 7 milyard dollar, Avstraliya 3 milyard dollar mənfəət götürür. Qlobal məkanda DT bu gün elə bir templə inkişaf edir ki, proqnozlara görə 2015-ci ildə dünya universitetlərinin 80%-i bu texnologiya əsasında təhsil verəcəklər.
DT–təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya–təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir.
İnformasiya–təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir.
DT tələbə və müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. DT–nin əsas texnologiyaları aşağıdakılardır:
- Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi «keys» formasında komplektləşdirilir, müstəqil mənimsənilmə üçün tələbələrə göndərilir. Tələbə ilə məsləhətçi- müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır.
- TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
- Şəbəkə texnologiyası. Tələbələri tədris metodik materiallarla təmin etmək, həmçinin tələbə və müəllim arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir. Bu halda distant dialoq İnternet resursları vasitəsi ilə həyata keçirilir. Təlim ünsiyyətinin əsasını DT kursu şəklində tərtib edilmiş elektron tədris vasitələri təşkil edir.
Beynəlxalq təhsil məkanında belə bir vəziyyət müşahidə olunur: hansı ölkələrdə təhsilin ümumi səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi ya ümumiyyətlə olmur, ya da çox zəif inkişaf edir. Çünki, virtual təhsil real təhsil üzərində qurulur, inkişaf edir, təhsilin məzmunu hər iki halda eyni kriteriya ilə- milli təhsil standartları ilə müəyyən edilir. Əgər universitetin professor-müəllim heyəti keyfiyyətcə müasir tələblərə cavab vermirsə (bu vəziyyət əsasən professor-müəllim heyətinə az məvacib verilən ölkələrdə müşahidə edilir), bakalavr və magistrlər keyfiyyətli dərslik və tədris metodik komplekslərlə təchiz edilməyiblərsə, onda bu materialların elektronlaşmasının, pedaqoji heyətin virtual fəaliyyətinin səmərəsi olmaz (əgər pedaqoji heyətin ümumiyyətlə virtual iş vərdişləri varsa). Bu səbəbdən ali təhsilin ümumi səviyyəsinin aşağı olduğu ölkələrdə DT-nin yaradılması təhsilin məzmun və texnologiya baxımından köklü yeniləşməsini tələb edir. Bu iki işin az vaxt ərzində paralel aparılması əlavə problemlər yaradır, daha böyük resurslar tələb edir. Proses düzgün qurularsa, sinergetik qarşılıqlı təsir effekti yarana bilər. Bunun müəyyən faydası mümkündür, bu halda real təhsilin inkişafı DT-nin inkişafına və əksinə, DT-nin inkişafı real təhsilin inkişafına təkan verə bilər.
Real təhsili zəif olan ölkələr təhsilin məzmun yönümlü problemlərini həll etmədən öz “nailiyyəti”ni virtual aləmə keçirməklə heç nə qazana bilməzlər, olsa-olsa İnternet vasitəsi ilə öz təhsil “səviyyə”sini bütün dünyaya nümayiş etdirə bilərlər. Bu isə antireklamdır. Bu halda DT-in məzmunu və keyfiyyətini müəyyən edən elektron kontent keyfiyyətsiz olduğundan onun səmərəsi ola bilməz. Bu mənada virtual təhsil real təhsilin proyeksiyasıdır, nəticəsidir desək səhv etmərik.
Dünya təhsil təcrübəsində DT-in müxtəlif modelləri mövcuddur.
1. Distant Təhsilin Asiya modeli. Bu model açıq universitetlərin yaradılmasını nəzərdə tutur. Hindistan, Çin, Tailand, İndoneziya. Cənubi Koreya kimi ölkələr bu modeldən istifadə edirlər.
2. Distant Təhsil qiyabi təhsilin reallaşma modeli kimi. Bu halda yalnız qiyabiçi tələbələr distant texnologiyalar əsasında təhsil alırlar. Avstraliya, Yeni Zellandiya, Malayziya kimi ölkələrdə bu model tətbiq edilir.
3. Distant Təhsil əyani təhsilin reallaşma modeli kimi. Müəllimin auditoriya ilə audiovizual əlaqələri telekommunikasiyalarla reallaşır. Bu model Amerikada da tətbiq edilir.
4. Tədris materialı əsasında tələbənin müstəqil işinə əsaslanan distant təhsil modeli. Bu modeldə tədris kursları modullar formasında strukturlaşır. Bu modeldən Böyük Britaniyada istifadə olunur.
Bu gün bir çox ölkələrdə DT-in eyni zamanda müxtəlif modelləri tətbiq edilir. Bu modellərin tətbiqi ilə əlaqədar qərarı unuversitetlər özləri qəbul edirlər. Universitetin hansı model əsasında DT verməyə imkanı varsa, o modeli də seçir. Məsələn, Türkiyənin Anadolu Universiteti uzun müddətdir ki, açıq universitet formasında fəaliyyət göstərir. Anadolu Universiteti hal-hazırda 1,5 milyon tələbə ilə dünyanın 3-cü meqauniversiteti hesab edilir. 30 ildən artıq müddət ərzində Anadolu Universiteti müxtəlif texnologiyalar əsasında, bu gün isə müasir, yüksək texnologiyalar əsasında DT reallaşdırır. Türkiyənin başqa universitetləri isə digər DT modellərinə üstünlük verirlər. Bu gün Türkiyənin və Rusiyanın əksər universitetləri səmərəli DT sistemi yarada bilmişlər. DT sistemi resurslarından nəinki qiyabi, eksternat və distant formada təhsil alan tələbələr, eyni zamanda əyani təhsil alan tələbələr də səmərə ilə istifadə edirlər.
Bu gün universitetlər arasında olan qlobal rəqabət artıq virtual məkana keçmişdir. Məsələn, Rusiya ərazisində Amerika və Avropanın Distant Universitetlərinin bir çox nümayəndəliyi fəaliyyət göstərir. Minlərlə Rusiyalı gənc distant formada xarici ölkə universitetlərində təhsil alırlar. Bu həm ucuz, həm təhlükəsizdir (dünyanın indiki narahat vaxtında əksər valideynlər övladlarını gözlərindən uzağa göndərməyə risk etmirlər). Bu halda DT alan tələbələrin təhsillərini başa vurduqdan sonra vətənə qayıdıb-qayıtmaması kimi bir problem də yoxdur. Bu mənada bizim respublikadan dövlət hesabına xarici ölkələrə təhsil almağa göndərilən tələbələrin də xeyli hissəsini distant oxutmaq məqsədəuyğundur. Onlar bu halda vətəndə qalacaqlar, məzunun ölkəsinə qayıdış problemi olmayacaq, onların xaricdə müəyyən təsirlər altına düşmə ehtimalı olmayacaq, digər tərəfdən eyni məbləğə 3-4 dəfə artıq sayda tələbə oxutmaq mümkündür. Respublikada İKT sektorunun inkişaf səviyyəsi də bu məsələlərin həllinə real imkan verir. Biz bu təklifi hələ 3-4 il əvvəl, müvafiq dövlət proqramı müzakirə edilərkən irəli sürmüşdük.
Bu gün Anadolu Açıq Meqa Universitetinin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da nümayəndəliyi var, bizim ölkədən xeyli tələbə distant yolla bu universitetdə keyfiyyətli və müasir standartlara uyğun təhsil alır. Gələcəkdə digər açıq və virtual universitetlərin, distant universitetlərin də respublikamızda nümayəndəliyinin açılması mümkündür. Getdikcə bu proses vüsət alacaq, bunun ölkəmizdə insan kapitalının inkişafına yalnız xeyri ola bilər. Bu proses milli təhsildə beynəlxalq rəqabət mühitini gücləndirəcək. Bu prosesləri inzibati yollarla məhdudlaşdırmaq, qadağalarla qarşısını almaq mümkün deyil. Bu proseslər qloballaşmanın, Boloniya prosesinin, tələbə və müəllim mobilliyinin (hələlik virtual mobilliyin) addım səsləridir, bu addım səsləri ölkəmizdə getdikcə daha aydın eşidiləcəkdir. Çünki, bu qlobal informasiya təhsil məkanına inteqrasiyanın yeganə yoludur. Bu prosesin qarşısını almaq ölkədə İnternetə məhdudiyyət qoymaq, informasiya azadlığının qarşısını almaq, nəhayət vətəndaşların təhsil hüquqlarının məhdudlaşdırılması demək olardı. Görəsən təhsil sistemimiz, universitetlərimiz bu ciddi rəqabətə hazırdırmı? Zənnimizcə yox.
Bu gün respublikada bəlkə də yüzlərlə gənc virtual olaraq müxtəlif ölkələrin universitetlərində distant ali və əlavə təhsil alırlar. Yəqin ki, valideynlər də, tələbələr də təhsilin keyfiyyətindən və səviyyəsindən çox məmnundurlar. Gələcəkdə işə götürən təşkilatlar da bu kadrların hazırlığından məmnun qalacaqlar. Virtual məzunların alacaqları diplom da bizim milli diplomlardan fərqli olaraq bütün dünyada tanınacaq. Boloniya prosesi tələblərinə uyğun olaraq bu diplomlar bizim ölkədə də problemsiz tanınacaqdır. Gələcəkdə xaricdə virtual təhsil alan tələbələrimizin sayının sürətlə artması ehtimal edilir. Nəticədə milli universitetlərimizə tələbə axını xeyli azalacaq, universitetlər maliyyə problemləri ilə qarşılaşacaqlar. Ola bilsin ki, tələbə qıtlığı səbəbindən bugünkü 50 universitetimizdən çoxu fəaliyyətini saxlamalı olsun. Zənnimizcə, Təhsil Nazirliyinin strateji planları və tədbirləri belə perspektivlərə hazır olmalı, elmi əsaslarla, sivil yollarla, daha keyfiyyətli və səmərəli islahatlarla bu proseslərə cavab verməlidir.
Bu problemləri lazımi səviyyədə həll etmək üçün çox işlər görülməlidir, ilk növbədə isə təhsilə qoyulan investisiyalar dəfələrlə artmalıdır. Təhsil investisiyalarının 80-90%-i məhz təhsil prosesinə, onun məzmununa, keyfiyyətinə, pedaqoji heyətin inkişafına, proqram təminatının alınması və ya hazırlanmasına, elmi jurnalların dərcinə, elmi konfransların təşkilinə, xarici ölkələrə elmi ezamiyyələrə, bir sözlə təhsilə birbaşa aidiyyatı olan sahələrə yönəlməlidir. Təəssüf ki, təhsilin inkişafını təmin edən bu mühüm sahələrə uzun müddətdir ki, maliyyə vəsaiti ayrılmır. Təbii ki, belə şəraitdə universitetlərdə heç bir inkişaf mümkün deyil. Dünya səviyyəli universitetlər məhz təhsil prosesinə istiqamətlənən məqsədli investisiyalar hesabına inkişaf etmişdir.
2. AZƏRBAYCANDA DİSTANT TƏHSİL: OLSUN YA OLMASIN?
Strateji məqsədi qlobal informasiya- təhsil məkanına inteqrasiya olan milli təhsil sistemimizdə DT-in tətbiqi bu gün aktualdır. Bu sahədə qlobal inkişafdan təxminən 15 il geri qalsaq da, hər halda nə vaxtsa əməli işə başlamalı, bu geriliyi aradan qaldırmalıyıq. Çünki bu gün DT sistemi olmayan ölkələrin təhsilinin sabah heç bir perspektivi ola bilməz. DT təhsil innovasiyasıdır, informasiya cəmiyyətinin, innovasiya cəmiyyətinin təhsilidir.
Respublikada DT sistemi yaradıldığı halda dünya Azərbaycanlıların, o cümlədən diasporada yaşayan azərbaycanlıların öz ana dilində təhsil almaq imkanı yaranacaq. Bu yolla onların ailə üzvləri, uşaqları vətəndən uzaqda yaşasalar da, əcdadlarının dilini, mədəniyyətini, tarixini müstəqil öyrənə biləcəklər. Digər tərəfdən azərbaycanlıların kompakt yaşadığı ölkələrdə azərbaycandilli təhsil müəssisələrinin olmaması problemi də bu yolla tədricən həll edilə bilər.
Təəssüflə qeyd edək ki, bu günə qədər biz Azərbaycan dilini müstəqil öyrənmək istəyən əcnəbilər üçün heç bir elektron dərslik, distant təhsil resursu hazırlamamışıq. Amma Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan dilini öyrənən tələbələri üçün belə bir elektron dərslik artıq yaratmışdır (Azərbaycan dili bu universitetin regionşünaslıq ixtisası alan tələbələrinə tədris edilir). Bu istiqamətlərdə elektron resurslarımızı artırmalıyıq, bunun xalqın mədəniyyətinin təbliğində böyük imkanları var.
Bizim respublikada distant təhsilin inkişafı məsələsinə ilk dəfə 2000-ci ildə təhsilin təkmilləşdirilməsi ilə əlaqədar ölkə Prezidentinin məlum sərəncamında rast gəlinir. Sonralar daha bir neçə dövlət proqramlarında da DT-nin inkişaf etdirilməsi xüsusi qeyd edilmişdir. Təəssüf ki, bu illər ərzində qeyd edilən məsələlər praktik olaraq reallaşmayıb.
Əvvəlki “Təhsil Haqqında Qanun”da DT haqda heç bir maddə olmadığı səbəbi ilə bu texnologiyanın tətbiqi əsassız olaraq yubadıldı. Bütün dünyada bu gün DT texnologiya kimi qəbul edilir, çünki, onun təhsil forması kimi qəbul edilməsi bu texnologiyanın geniş tətbiqini əngəlləyə bilər. Amma DT-nin texnologiya kimi qəbul edilməsi ondan fasiləsiz təhsilin bütün səviyyələrində (orta, ali və diplomdan sonrakı mərhələlərdə), bütün formalarında (əyani, qiyabi, eksternat və s.) istifadəni mümkün edir. Bununla belə yeni “Təhsil Haqqında Qanun”da DT təhsil formalarından biri kimi qeyd edilir. Yəqin ki, DT sistemi respublikada formalaşdıqca, gələcəkdə bu məsələlərə təkrarən baxılacaq, qanunda müəyyən əlavə və dəyişikliklər ediləcəkdir.
Son vaxtlar təhsil ictimaiyyəti qiyabi təhsilin distant formada aparılması haqqında, bu sistemin yaradılmasına nə qədər vaxt lazım olması barədə müzakirələr aparır. Bu problemin praktik həlli çətin, masştabı geniş əhatəli, maddi məsrəfləri isə çox böyükdür. Çünki DT təhsilin kompleks informatlaşmasını tələb edir, bu isə heç də asan məsələ deyil. Təbii ki, böyük işlərin həlli asan olmur. Milli təhsil sistemimiz bu problemi yaxın 10 il ərzində həll edə bilsə, onun rəqabətqabiliyyətliyi, keyfiyyəti və reytinqi yüksələ bilər. Bütün inkişaf etmiş və inkişafda olan ölkələr kimi, biz də DT-nin köməyi ilə əlyetərli, keyfiyyətli və kütləvi fasiləsiz təhsil sistemi yarada bilərik.
Ölkədə DT-nin yaradılması və inkişafı üçün görülməli işləri şərti olaraq 4 səviyyəyə ayırmaq olar: ölkə səviyyəsində görülməli işlər; sahə nazirlikləri səviyyəsində görülməli işlər; təhsil sistemi səviyyəsində görülməli işlər; universitetlər səviyyəsində görülməli işlər.
Ölkədə DT-nin yaradılması və inkişafı üçün ilkin mərhələdə “Azərbaycan Respublikasında distant təhsilin yaradılması və inkişafı” strategiyası hazırlanmalıdır. Strategiyada hər bir səviyyənin görməli olduğu işlər istiqamətlər üzrə qeyd edilməlidir. Daha sonra bu strategiya əsasında xüsusi Dövlət Proqramı hazırlanmalıdır. Bu proqram çərçivəsində ölkə səviyyəli ümumi işlər icra edilməli, hüquqi-normativ baza, texniki, pedaqoji, təşkilati, standartlaşma və s. məsələlər həll edilməlidir.
Sahə nazirlikləri səviyyəsində isə hər bir nazirlik öz tabeliyində olan ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma, təcrübəkeçmə, kadrların attestasiyası, bir sözlə fasiləsiz əlavə təhsilin bu nazirliyə dair fəaliyyətini distant texnologiyalara transfer etməlidir. Bu iqtisadi cəhətdən, keyfiyyət və səmərəlik baxımından, insanların rahatlığı baxımından əlverişlidir. Regionlarda işləyən kadrların bu halda paytaxta uzunmüddətli və ya qısamüddətli kurslara ezam olunmasına ehtiyac olmayacaq. Bu mənada hər bir nazirliyin DT sisteminin yaradılması və inkişafına dair xüsusi proqramı olmalıdır.
Bu gün əksər ölkələrdə (o cümlədən bir çox MDB ölkələrində ) yaşlıların təhsili elektron formada, distant texnologiyalar əsasında reallaşır. Respublikada sahə nazirliklərinin insan resurslarının inkişafında, peşəkarlıq səviyyəsinin yüksəlməsində, kütləvi maariflənmə tədbirlərində distant texnologiyalardan faydalana bilməməsinin əsas səbəbi distant texnologiyaların hələ də təhsil sistemində praktik olaraq tətbiq edilməməsidir.
Respublika pedaqoji kadrların ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma kursları hələ də distant texnologiyalarla aparılmır (bir çox MDB ölkələri 10 ildən artıqdır ki, pedaqoji kadrların ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma kurslarını distant texnologiyalarla aparır). Bu iş respublikada əvvəlcə məhz təhsil sistemində yaradılmalı idi. Sonra isə sahə nazirlikləri bu nümunə əsasında sahə DT sistemlərini qurmaları, öz kadrlarını bu yolla təkmilləşdirmə və ixtisasartırma kurslarına cəlb etməli idilər.
DT-in inkişafı ilə əlaqədar qlobal problemlərə varmadan, təhsil sistemi səviyyəsində görüləcək bəzi işləri qeyd etmək istərdik. Təhsil sistemində təhsilin səviyyələri üzrə və peşə təhsili istiqamətləri üzrə DT-nin inkişafı üçün konkret layihələr reallaşmalıdır. Təhsil sistemində DT-nin inkişafı məqsədi ilə kadr təminatı, proqram-texniki təminat, kontent təminatı problemləri həll edilməli, ciddi investisiyalar cəlb edilməlidir.
Respublikada DT-nin inkişafı üçün bu gün real şərait var. İKT sektorunun respublikada prioritet sahə elan edilməsi, bu sektorun son illər sürətli inkişafı, o cümlədən İKT üzrə milli strategiyanın qəbul edilməsi, «Elektron Azərbaycan» Dövlət Proqramının, təhsil sisteminin informatlaşması üzrə 2 dövlət proqramının reallaşması bu sahənin real inkişafı üçün infrastruktur və texniki baza yaratmışdır. Digər tərəfdən ali təhsilin inkişafı üzrə, orta ixtisas təhsilinin inkişafı üzrə, texniki peşə təhsilinin inkişafı üzrə Dövlət proqramlarının hər birində DT-nin yaradılması və inkişafı məsələləri xüsusi qeyd edilmişdir. İstək olarsa, bu proqramlar çərçivəsində real iş görmək mümkündür. Bunun üçün bir sıra ciddi işlərin görülməsinə, o cümlədən hal-hazırda icra olunan bu proqramların əlaqələndirilməsi və DT-nin inkişafı məqsədləri ilə bir meqalayihə formasında icra edilməsinə, böyük həcmdə əlavə investisiya qoyulmasına ehtiyac var.
Hər bir sahədə olduğu kimi, DT-nin inkişafında da insan resursları, onların peşəkarlıq səviyyəsi həlledicidir DT texnologiyasının reallaşması üçün ilkin şərt hər bir universitetdə xüsusi hazırlıq keçmiş kadr heyətinin olmasıdır. Çünkü bütün elektron tədris resurslarının hazırlanması və tətbiqi, virtual təlimin təşkili və idarə edilməsi, yeni texnologiyalardan səmərəli istifadə məhz pedaqoji və texniki heyətin hazırlıq səviyyəsindən asılıdır. Kadr problemlərinin həlli maliyyə məsələsinə bağlıdır, bu günə qədər DT-nin yaradılması və inkişafı üzrə investisiya qoyulmadığından bu istiqamət üzrə kadr hazırlanmamışdır. Bu səbəbdən respublikanın demək olar ki, heç bir universitetində beynəlxalq standartlar səviyyəsində DT sistemi yarada bilən komanda formalaşmamışdır. Eyni vəziyyət ali təhsilin informatlaşması sahəsində də mövcuddur.
Universitetin DT texnologiyasını reallaşdırması üçün professor-müəllim heyəti, mühəndis-texniki və tədris–köməkçi personalı xüsusi hazırlıq kurslarına cəlb edilməlidir. Beynəlxalq təcrübə göstərir ki, bu tədris kurslarının həcmi 72 saatdan az olmamalıdır. DT sistemində fəaliyyət göstərən professor-müəllim heyəti informasiya-kommunikasiya texnologiyalarına da yaxından bələd olmalıdır.
Universitetlərdə DT-ni təşkilati baxımdan reallaşdırmaq üçün əlavə bir çox məsələlər həll edilməlidir. Əvvəla universitetin İnternetdə xüsusi kontentlə zəngin təhsil portalı olmalıdır (bunu informasiya portalı ilə qarışdırmaq olmaz). Hər bir ixtisas üzrə tədris planında olan fənlərdən normativlə müəyyən edilmiş sayda (təxminən tədris kurslarının 80-90%-i) elektron dərsliklər hazırlanıb portalda yerləşdirilməlidir. Bundan əlavə hər fənn üzrə elektron formada tədris–metodik kompleks hazırlanmalı və virtual formada onlara əlyetərlik təmin edilməlidir. Bu tədris kontentlərinin (məzmunun) idarə edilməsi LCMS tipli proqram sistemi ilə, tədris prosesinin idarə edilməsi isə LMS tipli proqram sistemi ilə həyata keçirilir. Bu iki sistem və DT portalı birgə DT platformasının özəyini təşkil edir. Ümumən DT platforması proqram kompleksi olub, xeyli sayda proqram modullardan ibarətdir. Bu modullar tədris prosesinin ayrı-ayrı servislərini virtual olaraq icra edir. DT platforması açıq və qapalı kodlu ola bilərlər.
Vaxtı ilə Təhsil Nazirliyi tərəfindən (2005-ci ildə) ali təhsilin bəzi istiqamətləri üzrə (məsələn, ali pedaqoji təhsil istiqaməti) distant texnologiyaların tətbiqi üçün konseptual və strateji əhəmiyyətli müəyyən sənədlər hazırlanmışdır. Bu sənədə müəyyən əlavələr etməklə, ali pedaqoji təhsili distant texnologiyalar əsasında reallaşdırması istiqamətində hazırlıq işlərinə başlamaq mümkündür. Növbəti mərhələdə universitetdə distant təhsilin reallaşması üçün müfəssəl texniki tapşırıq, strateji sənədlər və operativ tədbirlər planı hazırlanmalıdır. Universitetdə DT-nin yaradılması prosesini 5-10 illik böyük bir meqalayihə formasında reallaşdırmaq məqsədəuyğundur. Bu müddət ərzində mərhələlərlə, ayrı-ayrı ixtisaslar üzrə real təhsili tədricən distant texnologiyalar əsasında virtual formaya keçirmək olar. Bu sistemin istismarı (real olaraq tədrisdə tətbiqi) üçün paralel olaraq müəyyən infrastruktur yaradılmalıdır (məsələn, universitetin “Distant Təhsil Mərkəzi” və ya “Distant Təhsil” fakültəsi).
Hər hansı ixtisasın tədris planına uyğun olaraq fənlər üzrə elektron resursların hazırlanması (prosesin təşkili və maliyyələşməsi səviyyəsindən asılı olaraq) işi 2-4 il ərzində reallaşa bilər. Əgər tədris planında 40 fənn varsa, deməli, 30-35 fənn üzrə elektron dərslik və elektron tədris metodik kompleksi yaradılmalıdır. Bu işi paralel olaraq bir neçə ixtisas üzrə eyni zamanda reallaşdırmaq mümkündür. Bir universitetdə 5-6 ixtisas üzrə DT-nin həyata keçirilməsi üçün hazırlıq işi təxminən 5-6 il ərzində aparıla bilər. Bu halda 150-200 fənn üzrə elektron dərsliklər, mükəmməl test sistemi və digər tədris-metodik materialların elektron versiyaları hazırlanmalıdır.
Ölkə səviyyəsində ali təhsilin bütün mühüm istiqamətləri üzrə DT sistemini yaratmalı olsaq, minlərlə elektron dərslik hazırlanmalıdır. Bu işə 10 il vaxt və 150 milyon manatdan artıq vəsait lazım ola bilər. Bu məqsədlə təhsilin illik büdcəsindən hər il 1-2% vəsait ayrılarsa problem 10 il ərzində həll edilə bilər. İnkişaf etmiş və inkişafda olan bir çox ölkələr bu işi 10-15 il əvvəl və daha çox investisiya ilə həll etmişlər. Bu işin həcmini təsəvvür etmək üçün qeyd edək ki, respublikada 1995-2010-cu illər ərzində (elektron dərsliklər məhz 1995-ci ildən sonra təhsilə inikas etməyə başlamışdır) orta ümumtəhsil sistemi üzrə cəmi 4-5 adda elektron dərslik hazırlanmışdır. Ali təhsil sistemi üçün isə hələlik bir dənə də olsun elektron dərslik hazırlanmamışdır.
Göründüyü kimi DT sisteminin yaradılması çətin və böyük maliyyə tutumlu məsələdir. Belə olduğu halda, görəsən Azərbaycanda DT-nin yaradılmasına başlamağına dəyərmi? Görəsən Azərbaycanda DT sistemi olsun ya olmasın? Hesab edirik ki, daha vaxt itirməyə haqqımız yoxdur, onsuz da xeyli vaxt itirmişik. Milli DT sistemini hökmən yaratmalıyıq. Çünki cənab Prezidentin bildirdiyi kimi: “... Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın.... bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq”.
dos. İlham Əhmədov
ADPU-nun “Kompüter Mərkəzi”nin direktoruDİSTANT TƏHSİL: PROBLEMLƏR, PERSPEKTİVLƏR
Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək. Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır.
Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.
İlham Əliyev.
Azərbaycan Respublikasının Prezidenti
Son vaxtlar təhsil ictimaiyyəti qiyabi təhsilin distant formada aparılması haqqında, bu sistemin yaradılmasına nə qədər vaxt lazım olması barədə müzakirələr aparır. Məqalədə məqsəd ölkədə distant təhsilin yaranması və inkişafı, universitetlərdə distant təhsilin təşəkkülü barədə fikirlərimizi bölüşməkdir.
1. DİSTANT TƏHSİL ÖLKƏ TƏHSİLİNİN İNKİŞAF GÖSTƏRİCİSİDİR
Dünyada gedən qlobal proseslər, biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı keyfiyyətli insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə saxlamağı tələb edir. Təhsilin modernləşdirilməsi zərurəti, respublikanın regionda İKT sahəsində lider dövlət olmaq məqsədləri üçün bu gün ölkədə virtual təhsil sistemini inkişaf etdirmək zəruridir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin təhsil sistemi qarşısında qoyduğu mühüm tələblərdən biri - “...Azərbaycanda virtual dərslər keçirilməlidir” kimi müəyyən edilmişdir. Bu tələb milli təhsil sisteminin perspektiv inkişaf vektorunu müəyyən edir. Bu səbəbdən bütün strateji təhsil sənədlərində respublikada vurtual təhsilin, distant təhsilin (DT) yaradılması və inkişafı xüsusi qeyd edilmişdir.
DT texnologiyalarının tətbiqi bu gün dünyada geniş vüsət almaqdadır. Bu sahənin inkişafı milli təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblər səviyyəsinə qaldırılması, qlobal informasiya təhsil məkanına inteqrasiya edilməsi baxımından da əhəmiyyətlidir.
DT informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq qloballaşmanın tələbidir.
İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları artıq DT sisteminə inteqrasiya olunmuş, vahid milli informasiya- təhsil məkanı yaranmışdır. Bu gün dünyada on milyonlarla insan DT texnologiyaları əsasında sistematik təhsil alır. DT auditoriyalara sığmayan, sərhədsiz, transmilli təhsil texnologiyasıdır. Təhsil yönümlü Beynəlxalq Təşkilatların, cəmiyyətlərin, o cümlədən YUNESCO-nun təhsil siyasətinin mühüm istiqamətlərindən biri DT sisteminin inkişafıdır. YUNESCO artıq qlobal şəbəkə universiteti yaratmışdır. MDB səviyyəsində isə 20 universitetin iştirakı ilə “Universitetlərin şəbəkə işbirliyi (əlaqələri)” adlı layihə reallaşır. Layihənin məqsədi MDB ərazisində DT texnologiyaları əsasında ali təhsilin inkişafını dəstəkləməkdir. Layihə çərçivəsində bu ilin əvvəlində YUNESCO-nun dəstəyi ilə “İnnovativ iqtisadiyyatın kadr təminatı üçün Universitetlərin şəbəkə əlaqələri” adlı beynəlxalq konfrans təşkil edilmişdir. Bu gün DT-nin yaradılması kütləvi və əlyetərli ali təhsili formalaşdırmaqla bərarər, iqtisadiyyatın kadr təminatı problemlərini operativ həll edir, ölkənin qlobal səviyyədə müsbət imicinin formalaşmasına dəstək verir.
Bu gün dünyada təhsil böyük bir bisnesdir. DT beynəlxalq təhsil xidməti bazarında təhsilin ixracının mühüm vasitəsi və texnologiyasıdır. ABŞ hər il DT texnologiyaları əsasında təhsil ixracından 7 milyard dollar, Avstraliya 3 milyard dollar mənfəət götürür. Qlobal məkanda DT bu gün elə bir templə inkişaf edir ki, proqnozlara görə 2015-ci ildə dünya universitetlərinin 80%-i bu texnologiya əsasında təhsil verəcəklər.
DT–təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya–təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir.
İnformasiya–təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir.
DT tələbə və müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. DT–nin əsas texnologiyaları aşağıdakılardır:
- Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi «keys» formasında komplektləşdirilir, müstəqil mənimsənilmə üçün tələbələrə göndərilir. Tələbə ilə məsləhətçi- müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır.
- TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
- Şəbəkə texnologiyası. Tələbələri tədris metodik materiallarla təmin etmək, həmçinin tələbə və müəllim arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir. Bu halda distant dialoq İnternet resursları vasitəsi ilə həyata keçirilir. Təlim ünsiyyətinin əsasını DT kursu şəklində tərtib edilmiş elektron tədris vasitələri təşkil edir.
Beynəlxalq təhsil məkanında belə bir vəziyyət müşahidə olunur: hansı ölkələrdə təhsilin ümumi səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi ya ümumiyyətlə olmur, ya da çox zəif inkişaf edir. Çünki, virtual təhsil real təhsil üzərində qurulur, inkişaf edir, təhsilin məzmunu hər iki halda eyni kriteriya ilə- milli təhsil standartları ilə müəyyən edilir. Əgər universitetin professor-müəllim heyəti keyfiyyətcə müasir tələblərə cavab vermirsə (bu vəziyyət əsasən professor-müəllim heyətinə az məvacib verilən ölkələrdə müşahidə edilir), bakalavr və magistrlər keyfiyyətli dərslik və tədris metodik komplekslərlə təchiz edilməyiblərsə, onda bu materialların elektronlaşmasının, pedaqoji heyətin virtual fəaliyyətinin səmərəsi olmaz (əgər pedaqoji heyətin ümumiyyətlə virtual iş vərdişləri varsa). Bu səbəbdən ali təhsilin ümumi səviyyəsinin aşağı olduğu ölkələrdə DT-nin yaradılması təhsilin məzmun və texnologiya baxımından köklü yeniləşməsini tələb edir. Bu iki işin az vaxt ərzində paralel aparılması əlavə problemlər yaradır, daha böyük resurslar tələb edir. Proses düzgün qurularsa, sinergetik qarşılıqlı təsir effekti yarana bilər. Bunun müəyyən faydası mümkündür, bu halda real təhsilin inkişafı DT-nin inkişafına və əksinə, DT-nin inkişafı real təhsilin inkişafına təkan verə bilər.
Real təhsili zəif olan ölkələr təhsilin məzmun yönümlü