Maliyyə sanksiyaları
Maliyyə sanksiyaları
Hər bir vergi ödəyicisi vergi qanunvericiliyinə əməl etməlidir. Lakin bəzən vergi ödəyiciləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilmədiyi hallar da olur. Bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş məsuliyyət yaradır. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada maliyyə sanksiyaları və faizlər, eyni zamanda digər inzibati cərimələr sonuncu tədbir kimi tətbiq edilir.
Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara baxış keçirməklə və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq, vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) yer üzrə, vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar, eyni zamanda bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınmalıdırlar. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Vergi Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verilməlidir. Vergi ödəyicisinin vergi orqanına vergi uçotunda olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Eyni zamanda, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Olduğu yerin, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizə verilməməsi, digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə Vergi Məcəlləsində vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək, öz istəklərinə uyğun olaraq, növbəti ay, rüb, yarımil və ya il üçün rəsmi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdırlar. Qeyd edək ki, «Fərqlənmə nişanı» vergi ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən, iki iş günündən gec olmayaraq verilir. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə müvafiq olaraq, «Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə həmin vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi orqanına vergi hesabatının əvəzinə arayış təqdim edilir və bu arayışın təqdim olunması hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmamalıdır. Eyni zamanda, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda da həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti əks olunmalıdır. Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən, bu arayışın əsas olmadan müəyyən edilən müddətdə təqdim olunmamasına görə vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Toğrul ƏLİYEV