MƏQALƏLƏR

Müsadirə edilmiş qanunsuz mallar

  • 11.02.2011

Müsadirə edilmiş qanunsuz mallar

Vergi qanunvericiliyinə əsasən, aksizli malları markasız idxal etmək, şəxsi məqsədlər üçün istisna olmaqla, saxlamaq və ya satmaq qadağandır. Bu tələbə əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ən çox qanun pozuntusu da aksiz markaları ilə markalanmalı olan malların markalanmaması və ya saxta aksiz markaları ilə markalanması ilə bağlı olur. Vergi orqanları tərəfindən belə hallar aşkar edildikdə, həmin malların miqdarı aktla rəsmiləşdirilir və müsadirə olunur.

Vergi Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq, vergi orqanları məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların  qanunvericiliklə müəyyən edilmiş qaydada satışını təşkil etmək hüququna malikdirlər. Bunun üçün ilk növbədə vergi orqanı müvafiq dövlət qurumlarının mütəxəssislərini cəlb etməklə həmin malların istifadəyə yararlı olduğunu və topdansatış bazar qiymətlərini müəyyən edir. Bu zaman malın keyfiyyəti və əmtəə göstəriciləri, qablaşdırılması, komplektliyi, keyfiyyət sertifikatlarının olub-olmaması, malın istehsal edildiyi ölkə, istehsal tarixi, saxlanma müddəti və miqdarı nəzərə alınır.

Zədələnmiş və qüsurlu halda müsadirə edilmiş malların topdansatış bazar qiymətləri müəyyən edilərkən isə malların öz keyfiyyətinin nisbətən itirməsi, aşınma dərəcəsi, xırda qüsurların aradan qaldırılmasına sərf olunan vəsaitin həcmi, habelə əmtəənin xarici görünüşünün dəyişməsi, eləcə də bazarda analoji keyfiyyətli mallara olan tələbat və bazardakı qiymətlər nəzərə alınır.

Müsadirə edilmiş malların istifadəyə yararlılığı və qiymətlərinin müəyyən edilməsi üçün onlar laboratoriyalara verildiyi halda, laboratoriya tədqiqatlarının nəticələri əks olunan akt alındıqdan sonra həmin malların topdansatış bazar qiymətləri müəyyən edilir. Malların istifadəyə yararlılığı və qiymətlərinin müəyyən edilməsi üçün ekspertiza işə baxan hakim tərəfindən təyin edildikdə, məhkəmə qərarına əsasən icra sənədini almış vergi orqanı ekspertizanın nəticələrinə əsaslanaraq həmin malların satışını təşkil edir.

Malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən, icra sənədini almış vergi orqanı müsadirə olunmuş malların miqdarına uyğun olaraq “Müsadirə“ aksiz markalarının Maliyyə Nazirliyindən alınması üçün Vergilər Nazirliyinə müraciət edir. Bundan sonra vergi orqanı “Müsadirə“ aksiz markalarını alaraq müsadirə olunmuş malların həmin markalarla markalanmasını təmin edir.

Vergi orqanı müsadirə edilmiş malların satışını tütün məmulatlarının və spirtli içkilərin satışı üçün xüsusi razılığı (lisenziyası) olan vergi ödəyicilərinə məxsus ticarət obyektlərində təşkil edir. Qanunvericiliyə uyğun olaraq, satıcı müsadirə edilmiş malların satışına könüllülük əsasında cəlb olunur. Vergilər Nazirliyi ildə bir dəfə belə satıcıların siyahısını təsdiq edir. Müsadirə edilmiş mallar onları saxlamağa məsul şəxsdən və ya vergi orqanının anbarından satıcıya qaimə-faktura əsasında buraxılır.

Satış üçün verilmiş mallar satıldıqca əldə olunan vəsait satıcı tərəfindən nağd və ya köçürmə yolu ilə məhkəmə orqanının qərarında göstərilən hesaba köçürülür. Satıcı müsadirə olunmuş malların qəbul edilməsi və satılması haqqında vergi orqanına hər ay üçün növbəti ayın 10-dək (məsələn, yanvar ayı üçün fevralın 10-dək)   qanunla müəyyən edilmiş formada hesabat verir.

Keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və sair səbəblərdən müsadirə edilmiş mallar istifadə edilə bilmədikdə onların silinməsi və məhv edilməsi o zaman həyata keçirilə bilər ki, ekspertlərin və digər ixtisaslaşmış laboratoriyaların həmin malların istifadə üçün yararsız olması barədə rəyi alınmış olsun.

 

Toğrul ƏLİYEV