«Azərbaycanın vergi xəbərləri»
«Azərbaycanın vergi xəbərləri»
Bu ildən həm yeni dizaynda və formatda, həm də daha sanballı elmi məzmunda nəşr olunacaq
Vergilər Nazirliyinin təsis etdiyi «Azərbaycanın vergi xəbərləri» resenziyalı, aylıq elmi jurnalının builki birinci nömrəsi çapdan çıxmışdır.
Jurnal nəşr olunduğu gündən iqtisadiyyatın vergi problemlərinin, vergi işinin nəzəri-metodoloji aspektlərinin dərindən araşdırılmasına, bu sahədə elmi tədqiqatların genişləndirilməsinə təkan verməklə yanaşı, vergi ödəyicilərinin maarifləndirilməsinə də hərtərəfli yardım göstərir.
Respublikamızda vergi sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən kompleks islahatlar jurnalın fəaliyyətində yeni bir mərhələnin başlanmasını şərtləndirmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə jurnalın iqtisadiyyat elmləri üzrə elmi nəşrlərin siyahısına daxil edilməsi onun qarşısında yeni vəzifələr qoymuşdur.
Jurnalın baş redaktoru, iqtisad elmləri doktoru, professor Elşən Hacızadə yazdığı ön sözdə nəşrin yeniləşməsi, elmi sanbalının artırılması, müəlliflərlə işin daha da təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər, eləcə də redaksiyanın qarşısında duran vəzifələr barədə ətraflı söhbət açmışdır.
Ölkəmizin sosial-iqtisadi həyatının ən mühüm hadisələrini daim diqqətdə saxlayan jurnalın bu sayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqinin qısa xülasəsi dərc edilmiş, iqtisadi xəbərlər bloku verilmişdir. Bundan başqa, Prezident İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri çərçivəsində bu il yanvarın 17-də Riqa şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi və Latviya Respublikası Dövlət Gəlirlər Xidməti arasında «Vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında» Sazişin imzalanması mərasimi, həmçinin 2010-cu ilin yekunları və 2011-ci ildə görüləcək işlərlə əlaqədar Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransı haqqında geniş məlumatlar da oxuculara təqdim olunmuşdur.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin ölkəmizdə gömrük xidmətinin yaradılmasının 19-cu ildönümünə həsr olunmuş «Azərbaycanda dünyanın ən təkmil gömrük sistemlərindən biri fəaliyyət göstərir» sərlövhəli, tarixi-faktoloji baxımdan dərin məzmunlu məqaləsində gömrük işinin təşkili sahəsində həyata keçirilən islahatlar, əldə edilmiş nailiyyətlər geniş əksini tapmışdır.
Vergitutmanın müxtəlif aspektlərindən, həmçinin bir sıra aktual iqtisadi məsələlərdən bəhs edən elmi məqalələr bloku jurnalda geniş yer almışdır. Blokda beş elmi məqalə yerləşdirilmiş, onların azərbaycanca, inciliscə və rusca xülasələri verilmişdir. Bunlar R.Məhərrəmovun «Aksiz vergisi: nəzəriyyə və praktika», S.Səməndərovun «Azərbaycanda sovet hakimiyyəti quruculuğunun ilk illərində (1920-1925) vergi münasibətlərinin təşəkkülü və formalaşması xüsusiyyətləri», M.Ağazadənin «Azərbaycanda büdcə-vergi siyasətinin müasir vəziyyətinin təhlili və onun təkmilləşdirilməsi istiqamətləri», B.Əhmədovun «İnvestisiya» və «kapital» anlayışlarının mahiyyəti: mikroiqtisadi və makroiqtisadi yanaşmalar”, E.Əhmədzadənin «Kənd təsərrüfatı istehsalının tənzimlənməsinin mövcud sisteminin təhlili» adlı məqalələridir.
Jurnalın bu buraxılışında iqtisadiyyat sahəsində «Nobel» mükafatı laureatları haqqında silsilə məqalələrin növbəti bölməsi, iqtisadi terminlər lüğəti, bir neçə qanunvericilik sənədi və «Müəlliflər üçün qaydalar» dərc edilmişdir.
Qəzetimizin redaksiya heyəti «Azərbaycanın vergi xəbərləri”-nə uğurlar diləyir, ölkəmizin elmi nəşrləri sırasında nüfuzunu daha da artıracağına əminliyini bildirir.