MƏQALƏLƏR

Su - həyatdır

  • 06.01.2011

Hamıya məlumdur ki, Yer kürəsinin 2/3-i sudan ibarətdir. Amma "su - həyat mənbəyidir" fikri bundan xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su - elə həyatın özüdür. Məsələn, ötən əsrin ortalarından başlayaraq, bəşər əhli nəzərlərini kosmik ənginliklərə tuşlamağa və ən azı Günəş sistemi planetlərindən hansındasa həyat əlamətləri axtarmağa başlayıb. Bəs kosmosa uçan insan orada həyatın olub-olmadığını hansı əlamətlərə görə, hansı üsullarla axtarır? Yenə də su göz önünə gəlir: insan dühası qonşu planetlərdə məhz suyu axtarır - bilir ki, su olan məkanda mütləq həyat olacaq.… Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. İnsanın canını təşkil edən hər şeydə - qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. Mənbələrin məlumatına görə, normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil. Suyun sanitariya-gigiyenik əhəmiyyəti barədə uzun-uzadı danışmaq lazım gəlmir – bunu hər kəs öz şəxsi həyatından bilir... Su - həm də çox universal mühitdir, həlledicidir. Məlumdur ki, insanın qidasını təşkil edən nemətlərin böyük əksəriyyəti suda həll olur. Ümumiyyətlə, su olmasa, insanın həzm prosesi pozular - orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə (sulu məhlul halında) insanın həzm sistemi tərəfindən "emal" oluna bilir. Məhz bu hikmətdən başqa bir vacib şərt qaynaqlanır - suyun insan həyatı üçün faydalılığı, həm də onun təmizliyi ilə şərtlənir. Məsələn, çağdaş elmə məlumdur ki, 1 dəqiqə ərzində insan orqanizmində 4 milyon eritrosit (qırmızvı qan kürəyiyi) ölür, elə o qədəri də yaranır - bax, insanın həyatı bundan ibarətdir. Alimlər öyrədirlər ki, su nə qədər təmiz olsa, onun iştirakı ilə yaranan və yaşayan qan maddəsi daha təmiz və sağlam olar. Çünki su özü ilə gətirdiyi "çirkab" vasitəsilə qanı korlayır - orqanizmdə mutagen dəyişikliklər yaradır və DNT-lərə (genlərə) yazılmış "genetik informasiya"nı dağıdır! Su- həyat mənbəyidir. Onsuz həyat qeyri-mümkündür. Su yeganə substansiyadır ki, təbiətdə üç formada rast gəlinir: bərk (buz), maye və qaz. Su – ta qədimdən təmizlik, paklıq, məhsuldarlıq rəmzi, həyat mənbəyidir. Su torpağa hopmaqla onu canlandırır, məhsul, bəhər verməyə məcbur edir. Bu motiv xananey-finikiyalı Balu obrazı üçün xarakterikdir. Həmin simvolikaya qədim yunan mifologiyasında da rast gəlmək olar. Su ruhun qidası və nicatdır. Məsələn, İohannın “İncil” kitabında bu aydın sezilir. Burada Həyat ağacından süzülən cənnət bulağı – nicat rəmzidir. Suyu müdrikliklə də müqayisə etmişlər. Belə ki, daosizmdə su, bütün maneələri aşaraq özünə yol açır – bu da zəifliyin güc üzərində qələbə simvoludur. Yorulmaz su obrazı bəşəriyyətin gur axınının budda simvoludur. Digər tərəfdən, sakit axan suyun şəffaflığı seyr edərək dərk etməni təmsil edir.