“Qadağa qoyulubsa, ona hamılıqla əməl etməliyik”-ZİYAD SƏMƏDZADƏ
Millət vəkili, akademik Ziyad Səmədzadə son günlərin məlum hadisəsi ilə bağlı sorğusunu cavablandırıb.
Z.Səmədzadə Etikxeber.az-ın sorğusuna cavabında-açıqlamasında bunları deyib:
“Bu ilin yanvar-fevral aylarından dünyada, fevral-mart aylarından isə ölkəmizdə yaşanan, bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən koronavirus pandemiyası hələ də davam etməkdədir.
Bu, çox narahatedici haldır. Bununla belə, ölkəmizdə koronavirus pandemiyasının faciəli hal almasının qarşısı alınmış, itkilərimiz az olmuşdur. Düzdür, iqtisadiyyatımız da zərər görmüşdür, amma əsas məsələ kimi insanların, ölkə vətəndaşlarının sağlamlığının təmin edilməsi daha ön planda tutulmuşdur.
Həm ölkə Prezidenti cənab İlham Əliyev, həm Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə Azərbaycan xalqına, ölkə vətəndaşlarına çağırışlarında, müraciətlərində məhz insan amilinə, insanların sağlamlığının təmin edilməsinə daha çox diqqət yetirmişlər.
Həm də öz nümunəvi addımları ilə daim Azərbaycan vətəndaşının yanında olmuşlar. Bu çağırışlar, eyni zamanda, hökumət tərəfindən atılan saysız-hesabsız addımlar nəticəsiz qalmadı, son bir neçə günü nəzərə almasaq, bu istiqamətdə müsbət dinamika özünü nümayiş etdirməkdədir. Elə hesab edirəm ki, birgə məsuliyyətimiz və həmrəylimiz nəticəsində bu bəladan xilas olacağımız gün də uzaqda deyil.
Bunun üçün də hamı bir nəfər kimi Operativ Qərargahın qərarlarına, karantin qaydalarına, müxətəxəssislərin tövsiyələrinə əməl etməlidir. Ancaq çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Operativ Qərargahın qərarlarına laqeydlik göstərən, onlara əməl etməyən insanlarımız var.
Çox təəssüf ki, hələ də Operativ Qərargah tərəfindən toy məclislərinə pandemiya dönəmində qoyulan qadağanı cəmiyyətdə kifayət qədər tanınan, məsul vəzifələrdə çalışan insanlar da pozurlar.
Bu məclislərdə insanlar kütləvi şəkildə iştirak etdiyi və bir-biri ilə sıx təmasda olduğu üçün koronavirusun yayılması daha asandır. Bu baxımdan, mart ayının ortalarından toy məclislərinə qadağa qoyulması, yumşaldılmaların hələ də onlara şamil edilməməsi çox düzgün addımdır.
Əgər qadağa qoyulubsa, ona hamılıqla əməl etməliyik. Biz birlikdə xilas və birlikdə güclü olmalıyıq və olacağıq!”