Boya sənayesi boy atır
Boya sənayesi boy atır
Ölkəmizdə inkişaf edən sahələrdən biri də boya sənayesidir. Hazırda bu sənaye sahəsi üzrə 10-a yaxın istehsal müəssisəsi fəaliyyət göstərməkdədir. Bu yazıda boya sənayesinin mövcud durumu və imkanlarından bəhs edilir.
Tarix
Boya ilk dəfə 30,000 bundan il əvvəl ortaya çıxmışdır. Mağaralarda yaşamış insanlar xam boya istifadə edərək həyatlarını tərənnüm edən təsvirlər çəkmişlər. Bu təsvirlər bu gün də bir sıra qaya divarlarını bəzəməkdədir.
İlk boya istehsalı müəssisəsi isə 1700-cü ildə Tomas Child tərəfindən ABŞ-da Bostonda qurulmuşdur. Bundan təqribən 150 il sonra, daha dəqiq desək 1867-ci ildə Averill adlı amerikalı ABŞ dövlətindən "hazırlanmış" və ya "hazır-qarışıq" boyaların patentini almışdır. Bundan sonra 1880-ci illərdən başlayaraq boya istehsalı zavodları geniş yayılmağa başlamışdır.
Boya istehsalı və ixracı rəqəmlərdə
Dövlət Statistika Komitəsinin məlumatına görə 2009-cu ildə ölkəmizdə 2,8 min ton lak və boya məmulatları istehsal olunmuşdur. İstehsalın həcmi 2000-ci illə müqayisədə 1,8 dəfə çoxdur. Son 10 ildə ən yüksək həcmdə lak və boya məmulatlarının istehsalı 2005-ci ildə qeydə alınmışdır. Həmin il respublikamızda 3,5 min ton lak və boya məmulatları istehsal olunmuşdur. İstehsalın həcminin artması ixracın da artmasına səbəb olmuşdur. Əgər 2000-ci ildə respublikamız 78,4 min ABŞ dolları dəyərində aşlayıcı və boyayıcı ekstraktlar, boyalar və laklar ixrac etmişdirsə, 2008-ci ildə bu sahədə ixrac 1,8 milyon ABŞ dollarına çatmışdır. 8 il ərzində (2000-2008-ci illər) boya ixracı 20 dəfə artmışdır. Lakin qlobal maliyyə böhranı ilə əlaqədar bütün dünyada inşaat işlərinin azalması ilə əlaqədar boya ixracımız 2009-cu ildə 451 min ABŞ dollarına düşmüşdür.
Qlobal bazar
Dünya boya bazarının həcmi 70 milyard ABŞ dolları səviyyəsində olub, illik 23,6 milyon ton civarındadır. Ən çox boya istehsal edən ölkələr ABŞ, Fransa, Hollandiya, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və Çindir. Son illərdə Hindistan və Avstraliya da boya bazarında əhəmiyyətli yer qazanmağa başlamışdır. Hindistan əsasən xammal baxımından böyük bir potensiala malikdir.
Dünyada ən çox boya idxal edən ölkələr ABŞ, Fransa, Almaniya, İtaliya, İngiltərə, ən çox ixrac edən ölkələr isə Almaniya, ABŞ, Yaponiya, İsveçrə və Fransadır. Avropa Birliyi ölkələrinin dünya boya idxalında cəmi payı 60 faizdir.
Yerli boya istehsalçıları «Karvan-L» boyaları
«Karvan-L» şirkəti idxalı əvəz edən, ixrac qabiliyyətli, ən müasir texnologiyalara əsasən lak-boya məhsulları istehsal edir. Şirkət 1993-cü ildə yaradılmışdır. Müəssisəyə 2 milyon dollardan artıq sərmayə qoyulmuşdur. Avadanlıqlar əsasən Finlandiyadan və Polşadan gətirilmişdir. Hazırda müəssisədə ildə 1000-1200 ton boya istehsal olunur. «KARVAN-L» şirkəti daxili və xarici bazarda yüksək keyfiyyəti və rəqabət aparmaq bacarığı ilə seçilir. Burada müasir nəzarət sistemi və istehsalat texnologiyası sayəsində istehsal olunan məhsulların yüksək keyfiyyəti qorunub saxlanılmaq şərtilə qiymətin xeyli aşağı salınmasına nail olunmuşdur. Şirkətin məhsulları Azərbaycanın bütün bölgələrinə, həmçinin MDB və Baltikyanı ölkələrə, Avropaya, Asiyaya göndərilir. Bütün alıcılar məhsul, onun təyinatı və tətbiqi barədə informasiya ilə təmin olunurlar.
Azərbaycan Prezidenti İlham Əliyev «KARVAN-L» şirkətində olarkən demişdir: «Eşidəndə ki, bu müəssisədə artıq ixrac qabiliyyətli məhsullar istehsal olunur, sözün düzü, çox sevindim. Avropaya məhsul ixrac edirsiniz, bu, çox böyük göstəricidir. Bu həm müəssisənin böyük nailiyyətidir, eyni zamanda Azərbaycanda gedən proseslərin nəticəsidir. Biz artıq təkcə xammal yox, hazır məhsul ixrac edirik».
«Bilfa» boyaları
Hamımızın «Boyaçının dostu» kimi tanıdığımız «Bilfa» boyaları Azərbaycanın kimya sektorunda 1996-cı ildən fəaliyyət göstərir. Elə həmin ildən «Bilfa» boyaları inşaat, sənaye, neft, gəmi və digər sahələrdə istifadə olunan yüksək keyfiyyətli boyalar istehsal edir. Keçmişi boya sektoru liderlərinə görə çox qısa olan «Bilfa» boyaları boya dünyasının öndə gedən şirkətlərinin boyaları ilə rəqabət apara biləcək bir keyfiyyətdə boyalar istehsal edir. Boyalar Finlandiyanın SOFTCARE firmasının patenti əsasında istehsal olunur. «Bilfa» boyaları zavodunun ümumi sahəsi 17000m2, qapalı sahəsi isə 6700m2-dir. Zavodda istehsal olunan məhsullar 3 qrupa ayrılır. Bunlardan birincisi Boya qrupudur. Bu qrupa sintetik boyalar, selülozik boyalar, su əsaslı boyalar, sənaye boyaları, poliüretan əsaslı boyalar, epoxy əsaslı boyalar, hər növdə kleylər, laklar və qatqı məhlulu (tiner) daxildir. İkinci qrup isə Polimer qrupudur. Bu qrupa boyaların hazırlanması üçün lazım olan xam maddələr- homopolimer, kopolimer, akrilik polimer və müxtəlif çeşiddə alkidlər daxildir. Üçüncü qrupa isə tara istehsalı daxildir. Belə ki, zavodda məhsulları qablaşdırmaq üçün 1, 4, 5 və 25 litirlik taralar da hazırlanır.
«Bilfa» boyalarında rəng problemi yoxdur. Təqdim olunan Kompüter Rəng Sistemi maksimum 3 dəqiqə ərzində arzu edilən rəngi təmin edir. Ümumiyyətlə adı çəkilən sistemin köməyi ilə 16000 rəng əldə etmək mümkündür. Biz «Bilfa» boyaları olaraq istehsalda keyfiyyətə və müştəri məmnuniyyətinə daha çox önəm veririk. «Bilfa» boyaları müştərilərin istək və arzularını diqqətə alaraq hərəkət edən bir şirkətdir. Keyfiyyət şirkətin fəaliyyətinin ayrılmaz bir parçasıdır. Müştəri ehtiyaclarını qarşılamaq üçün şirkətdə çalışanlar mütəmadi olaraq məhsul, proses və prosedurları yaxşılaşdırmağa çalışırlar. Zavodumuzda xam maddənin istehsala daxil olması, istehsal prosesi və son məhsula qədər olan bütün mərhələlər laboratoriya nəzarəti altında həyata keçirilir. Həmçinin bütün lazımi avadanlıqlarla təchiz olunmuş Araşdırma və İnkişaf laboratoriyalarımızda inkişaf edən boya texnologiyası, sənaye şərtləri, yeni bazar tələblərini qarşılamaq məqsədilə yeni sistem və məhsul axtarışları aparılmaqdadır. Məhsulların iqtisadi və texniki cəhətdən inkişaf etdirilməsi, istehsal mərhələlərində yarana biləcək problemlərin həlli, müştərilər üçün texniki xidmətlər, məhsul tanıtımı və treninq seminarlarının keçirilməsi bu laboratoriyalarda çalışan vəzifəli texniki mütəxəssis personalı tərəfindən həyata keçirilir. Boyalarımız «TSE» və «ASE» standartlarına uyğundur. «Bilfa» boyaları Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistana ixrac olunur. Azərbaycan bazarında isə Bakı və rayonlar daxil olmaqla 400-dən çox məntəqəyə məhsullarımız paylanır. Bilfa boyalarının əsas satış şirkəti «Bilfa Texnik» şirkətidir.
“FAB” boyaları
“FAB” boyaları müəssisəsi fəaliyyətə 1991-ci ildən OMİD-müxtəlif boya məhsullarının topdansatış mağazası olaraq başlamışdır. Müəssisə 2001-ci ildə “FAB” markalı boyaların istehsalına başlamışdır. İstehsalata ən müasir texnologiyanı tətbiq etməklə, qısa bir müddətdə ölkədaxili və xarici bazarlarda özünə layiqli yer tutmuş, məhsulların keyfiyyətinin dünya standartlarına uyğun olduğunu sübut etmişdir. FAB boyaları müştəridən gələn rəng sifarişlərini qısa bir zamanda qarşılamaq üçün 2003-cü ildən Mərkəzləşdirilmiş Rəng Qatışdırma Sisteminə keçmişdir. Almaniya, Finlandiya, İngiltərə, Türkiyə, Rusiya və digər ölkələrlə xarici əlaqələr qurmuş müəssisə məhsullarını Rusiyaya, Gürcüstana və Xəzəryanı ölkələrə ixrac edir.
“FAB” boyaları şirkəti boya istehsalı ilə yanaşı, boya istehsalı üçün zəruri olan xammalın (PVA, White-spirit və s.) və dəmir qutuların (0.8lt, 2.5lt, 3.75lt, 12lt, 15lt) istehsalına keçmişdir.
İstehsal etdiyi məhsulların keyfiyyətinə nəzarət və idarəetmə sisteminin təkmilliyi beynəlxalq standartlara tam uyğun olduğu üçün müəssisə Beynəlxalq Standartlaşdırma Təşkilatının (WCS) İSO 9001:2000 Beynəlxalq Sertifikatına layiq görülmüşdür.
“AZPOL”, “CORELLA” və “BERMUDA” boyaları
2004-cü ildə qurulmuş «NB» Şirkətlər Qrupu bir sıra sahələrdə fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətlərindən biridir. «NB» Şirkətlər Qrupu sahəsi 26 hektar ərazini əhatə edən, Zaqafqaziyada ən böyük və analoqu olmayan, gələcəkdə istehsalat artımı nəzərdə tutulan, keçmişin təcrübəsi və müasir texnologiyanı birləşdirərək inşa edilmiş, boya məhsulları və digər kimyəvi məişət mallarının istehsalı üzrə fəaliyyət göstərən «NB Group Kimya Sənaye Birliyinin» təməlini qoymuşdur.
Almaniya, Türkiyə, İtaliya istehsalı olan müasir, ən son avadanlıqlarla və texnoloji xətlərlə, rəqəmsal texnologiyalarla təchiz edilmiş müəssisədə 2008-ci ildən geniş çeşidə malik su əsaslı, sintetik və sellüloz əsaslı tam boya qrupunu- İnşaat, Sənaye və Sellülozik Boyaları özündə birləşdirən “AZPO”L, “CORELLA və “BERMUDA” markaları ilə boya və boya məhsullarının, eləcə də bu məhsullar üçün qablaşdırma vasitələri olan metal və plastik qabların, quru inşaat materiallarının, yapışqanların, aradoldurma məmulatlarının (silikon və köpük), təmizləyici və yuyucu vasitələrin istehsalına başlanılmışdır. Aparılan bütün istehsal prosesləri tam olaraq avtomatlaşdırılmışdır və nəticədə insan əməyindən daha az istifadə olunur. «NB» Şirkətlər Qrupunun məqsədi rəqabətdə daim uğurlu olmaq, yenilikləri nəzərə alaraq yeni növ və keyfiyyətli məhsullar istehsal etməkdir. İstehsal olunan məhsulların keyfiyyəti zavodun nəzdində fəaliyyət göstərən Mərkəzi laboratoriyada daim yoxlanılır. Mərkəzi laboratoriya istehsal edilən məhsulun keyfiyyəti, çeşidi və kəmiyyəti üçün tam məsuliyyət daşıyır. Müəssisənin çoxsahəliliyi, resepturun və texnologiyanın çətinliyi ilkin və köməkçi məhsulların çoxsaylı analizlərini tələb edir.
“AZPOL”, “CORELLA” və “BERMUDA” markalı boya və boya məhsulları xarici ölkələrə ixrac də olunmaqdadır. Şirkət Fransa, Almaniya, Hollandiya, Türkiyə, İtaliya, İspaniya kimi inkişaf etmiş ölkələrlə ticarət münasibətlərini qurmuş və xarici müştəri məmnuniyyətini maksimum səviyyədə təmin etməklə ölkə xaricində də özünə layiqli yer tutmuşdur.
“Bizon” boyaları
Yerli boya istehsalı müəssisələrindən biri də “Dübəndi” firmasıdır. Firma “Bizon” markası adı altında boya məhsulları istehsal edir. İstehsal edilən məhsullar Azərbaycan, İtaliya, ABŞ, Hollandiya, Finlandiya və Almaniya kimyaçıları ilə iş birliyi və səyi nəticəsində əmələ gəlmişdir.
Yeni bir məhsul alıcıya təqdim edilməmişdən qabaq tərkibi işlənir, müxtəlif xammal və yeni texnologiyalardan istifadə edilərək alınan məhsullar dəyərləndirilir və geniş istehsala verilir. İstehsal prosesi yüksək göstəricilərə malik aparatlarda həyata keçirilir. İstehsal olunan məhsullar qablaşdırılmamışdan öncə müxtəlif laboratoriya keyfiyyət testlərindən keçir. Laboratoriya və istehsal prosesində istifadə edilən cihazlar Almaniya, İtaliya, Böyük Britaniya, Amerika, Türkiyə kimi ölkələrin aparıcı firmalarında istehsal olunmuş cihazlardır. Həmin cihazlar təcrübəyə malik olan kimyaçı və kimyaçı-texnoloqlar tərəfindən işlədilərək tam yüksək keyfiyyətli məhsul əldə edilir.
Bakıdakı Teleqüllə, Gülüstan sarayı, Nazirlər kabineti, Hökumət evi və s. bu kimi tikililər “Dübəndi” şirkətinin istehsal etdiyi “Bizon” boyaları ilə boyanmışdır. Şirkətin məqsədi Azərbaycan bazarında deyil, xarici bazarlara da çıxaraq Azərbaycanın adını ucaltmaqdadır.
“Bento” boyaları
“Azbentonit” MMC 2004-cü ildə fəaliyyətə başlamışdır. Hazırda zavodda “Bento” markası adı altında 40-dan çox boya məhsulları istehsal olunur.
Sobsan boyaları
1999-cu ildə Azərbaycanda qurulan və ISO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatına sahib olan “Rəmzi” şirkəti, Şimal və Cənub Qafqaz bölgəsinin ən böyük lak-boya istehsalçısıdır. Şirkətin istehsal etdiyi “Sobsan” lak-boya məhsulları Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi köhnə Sovetlər birliyinin bir çox ölkəsinə ixrac edilməkdədir. “Rəmzi” şirkətinin “Sobsan” boyaları 2004-cü ildə Editorial Office və Ticarət Liderləri Kulubunun (Madrid, İspaniya) ortaq şəkildə təsis etdikləri XV Beynəlxalq Keyfiyyət Mükafatını layiq görülərək qızıl medal almışdır.
Çətinliklər
Azərbaycanın boya sənayesinin aşağıdakı çətinlikləri mövcuddur:
-Araşdırmalara vəsait çatışmır;
- Texnoloji yeniliklərin tətbiqində gecikmələr;
- Markalaşma zəifdir;
Boya ənənəvi mənada bir təmizlik və gözəllik vasitəsi kimi qəbul edilməkdədir. Ancaq boyaya qarşı tələblər zaman keçdikcə dəyişir. Boya firmaları istehlakçıların davranışlarını araşdırmaq, meyillərini təsbit etmək üçün araşdırmalara böyük vəsaitlər sərf edirlər. İnkişaf etmiş ölkələrdə boya istehsalçıları məhsullarına istehlakçılarının boyadan gözlədikləri klassik xüsusiyyətlərdən kənar vədlər verərək məhsullarını hazırlamaq-dadırlar. Bu vədlər işıqla özünü təmizləmə, havadakı qoxunu aradan qaldırma, elektromaqnit dalğalardan qoruma, əks-sədanı kəsmə, yüksək solma müqaviməti kimi xüsusiyyətləri ehtiva etməkdədir.
Seymur Yunusov