MƏQALƏLƏR

AMEA-nın təsisçiləri: Qrossheym Aleksandr Alfonsoviç

  • 27.08.2020

Qrossheym Aleksandr Alfonsoviç 1888-ci il martın 6-da Yekaterinoslavsk quberniyasının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. O, orta təhsilini Yekaterinoslavskaya quberniyası 1№-li Realnı məktəbində almışdır.
A.Qrossheym məktəbi bitirdikdən sonar 1907-ci ildə Xarkov Universitetinə daxil olmuş, tələbəlik illərində boş vaxtlarını botanika üzrə ekskursiya və ekspedisiyalarda keçirmişdir.
1907-ci ildə A.Qrossheymin SSRİ-nin Avropa hissəsinin cənub rayonları və Qafqaz florasının görkəmli tədqiqatçılarından biri – İ.Y.Akinfiyevlə birlikdə yazdığı ilk iki əsəri işıq üzü görmüşdür.
1911-ci ildə A.Qrossheym Orta Asiyaya, Alay və Türkistan sıra dağlarına botanika səfərini başa çatdırmış, 1912-ci ildə Qafqaz florasına həsr edilmiş ilk əsəri çap olunmuşdur.
A.Qrossheym 1913-1926-cı illərdə Tiflis Botanika bağında botanik-florist kimi çalışmış, 1917-ci ildə Tiflis Politexnik İnstitutunun Botanika kafedrasında assistent və dosent vəzifələrində işləmişdir. Qafqaz florası və bitki örtüyünün tədqiqinə böyük töhfə vermiş görkəmli botanik, akademik A.Qrossheym 1927-ci ildən Bakıya dəvət edilmiş və elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1927-cı ildən 1930-cu ilədək burada Azərbaycan SSR Xalq Komissarları Sovetinin Dövlət Komitəsi tərəfindən aparılan otlaqların tədqiqi işinə, 1931-1932-ci illərdə isə Azərbaycan Elmi Tədqiqat İnstitutunda floranın kauçuklu bitkilərini öyrənən şöbəyə rəhbərlik etmişdir.
1932-ci ildə Rus Coğrafiya Cəmiyyəti onu Qafqaz üzrə apardığı botaniki-coğrafi işlərin toplumu müqabilində kiçik qızıl medalla təltif etmişdir.
1932-ci ildə Bakıda SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi açılarkən Aleksandr Alfonsoviç bu şöbənin Botanika Bölməsinin müdiri təyin edilmişdir. 1935-ci il oktyabrın 15-də SSRİ Elmlər Akademiyası ona dissertasiya müdafiəsi olmadan, botaniki işlər toplumuna görə biologiya elmləri doktoru alimlik dərəcəsi vermişdir.
1936-cı ildə Aleksandr Alfonsoviçin təşəbbüsü sayəsində SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Botanika İnstitutu təsis edilmiş, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitutuna çevrilmişdir. A.Qrossheym bu institutun təsis edildiyi gündən 1947-ci ilədək direktoru olmuşdur.
A.Qrossheym uğurlu pedaqoji fəaliyyət göstərmişdir: 1927-1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin dosenti, 1929-1930-cu illərdə professoru, 1930-1934-cü illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri, 1934-1947-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Ali Bitkilərin Morfologiyası və Sistematikası kafedrasının müdiri olmuşdur.
A.Qrossheymin elmi xidmətləri nəzərə alınaraq yüksək qiymətləndirilmiş, 1939-cu ilin yanvarında o, Biologiya Elmləri şöbəsi üzrə SSRİ Elmlər Akademiyasının müxbir üzvü və Azərbaycan SSR Elmlər Akademiyası təsis edildikdən sonra isə (1945) Akademiyanın həqiqi üzvü seçilmişdir.
1946-cı ilin fevralında SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən “Qafqaz florası” əsərinin 2-ci nəşrinin ilk 3 cildinə görə A.Qrossheym akademik V.L.Komarov adına mükafata layiq görülmüşdür. 1946-cı il noyabrın 30-da SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1947-ci ilin mart ayında Leninqrada köçmüş, orada SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunda Qafqaz Herbarisi bölməsinin müdiri vəzifəsində çalışmışdır. 1947-1948-ci illərdə Leninqrad Dövlət Universitetində Bitkilərin Morfologiyası və Sistematikası kafedrasının müdiri işləmişdir.
1948-ci ildə “Qafqazın bitki ehtiyatları” kitabı üçün II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.
1947-ci ildə Ümumittifaq Botaniklər Cəmiyyətinin fəxri üzvü seçilmiş, Ümumittifaq Coğrafiyaşünaslar Cəmiyyətinin və Moskva Təbiəti Öyrənənlər Cəmiyyətinin həqiqi üzvü olmuşdur.
A.Qrossheymin elmi tədqiqat fəaliyyətinin əsas istiqamətləri arasında floristik-sistematika mühüm yer tutur. O, Qafqaz florası üçün 300-dən çox yeni bitki növü təsvir etmişdir. Akademikin çoxsaylı monoqrafiya və kitabları, həmçinin 212 elmi əsəri Azərbaycanda işlədiyi dövrdə çap olunmuşdur.
A.Qrossheym botaniki-coğrafi işlərinə görə Rusiya Coğrafiya cəmiyyətinin qızıl medalı (1932), “Qırmızı Əmək Bayrağı” ordeni, "Qafqazın müdafiəsi", “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları ilə təltif edilmişdir. SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına mükafatına, SSRİ-nin Stalin mükafatına layiq görülmüşdür (1948).
Akademik Aleksandr Alfonsoviç Qrossheym 1948-ci il dekabrın 4-də Leninqrad şəhərində vəfat etmişdir.