MƏQALƏLƏR

Qiymətli kağızlar bazarının inkişafı yeni biznes imkanları yaradır

  • 04.03.2011
 

Qiymətli kağızlar bazarının inkişafı yeni biznes imkanları yaradır

Xarici investorlar və beynəlxalq qurumlar kapital yatırılması imkanları baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər


 

Maliyyə bazarının formalaşması iqtisadi və hüquqi islahatların aparılması və bazar infrastrukturunun yaradılması ilə mümkündür. Yığım və investisiyanın müxtəlif şəxslər tərəfindən həyata keçirildiyi bir dövrdə yığımların investisiyaya çevrilməsini təmin edən mexanizmin yaranması aktual məsələyə çevrilir. Maliyyə bazarı və onun tərkib elementləri bu mexanizm vəzifəsini yerinə yetirməklə iqtisadi fəaliyyətin subyektləri arasında kapital resurslarının effektiv şəkildə yenidən bölüşdürülməsini təmin edir. Hazırki islahatların aparıldığı şəraitdə maliyyə bazarının bütün seqmentlərinin inkişafı və təkmilləşdirilməsi məsələsi mühüm yer tutur. Bu da maliyyə bazarının bank sistemi ilə paralel olaraq iqtisadiyyatda pul axınlarının ötürücüsü kimi real sektorun canlanmasında əhəmiyyətli rol oynamasından irəli gəlir. Xüsusilə də Azərbaycanda neft sektorunda cəmləşmiş gəlirlərin digər sektorlara istiqamətləndirilməsi probleminin mövcudluğu ölkəmizin maliyyə bazarının inkişafına xüsusi əhəmiyyət verilməsinə zəmin yaradır. Maliyyə bazarının müvəffəqiyyətlə formalaşması isə iqtisadi və hüquqi islahatların aparılması yolu ilə bazar infrastrukturunun yaradılması ilə mümkündür. Yaradılan bazar infrastrukturunun ən vacib seqmentlərindən biri qiymətli kağızlar bazarıdır. Qiymətli kağızlar bazarı iqtisadiyyatın maliyyələşdirilməsinin dövlət büdcəsi və bank sistemi ilə yanaşı ən mühüm variantlarındandır. Bu bazar kapitalın səfərbər edilməsini həvəsləndirməklə maliyyə resurslarının iqtisadiyyatın müxtəlif sahələri və sferaları arasında, perspektivli və rentabelli şəkildə, dinamik inkişaf edən istehsalların xeyrinə yenidən bölgüsünü təmin edir.

 Hər bir cəmiyyətdə maliyyə münasibətlərinin əhatə dairəsinin genişləndirilməsində qiymətli kağızlar bazarı böyük rol oynayır. Azərbaycanda da mütəşəkkil qiymətli kağızlar bazarının fəaliyyət göstərməsi ölkə iqtisadiyyatının inkişafının əsas amillərindəndir. Qiymətli kağızlar bazarının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində bu gün Azərbaycanda qiymətli kağızlar üzrə milli birja bazarının tarixində ilk dəfə olaraq 2008-ci il ərzində 9,52 milyard manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq göstəricisindən 81 faiz çoxdur. Nəticədə 2008-ci ildə ümumi dövriyyənin həcminin ÜDM-ə nisbəti 2007-ci ildəki 19 faizdən 24 faizə yüksəlmişdir.

Bildiyimiz kimi, 2009-cu il dünya ölkələrinin iqtisadi dayanıqlığının və idarəetməsinin sınaq ili kimi tarixə düşdü. Bu dövrdə dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə çox düzgün və vaxtında atılmış addımlar sayəsində iqtisadi sabitlik qorundu. 2009-cu il ərzində ölkədə iqtisadi dunamika saxlanılıb və makroiqtisadi sabitlik hökm sürüb. İl ərzində korporativ qiymətli kağızlar bazarının 10,3% artaraq 457,3 mln. manata çatıb, səhmlərin ilkin yerləşdirilməsinin isə 13,2% artaraq məcmu dövriyyədəki səhmlərin həcminin nominal ifadədə 3,64 mlrd. manata çatıb, eləcə də, ticarətin birjadankənar platformadan tədricən birjaya doğru istiqamətlənməsi nəticəsində Bakı Fond Birjasında (BFB) səhmlərin təkrar dövriyyəsinin həcmi 2,3 dəfə, əqdlərin sayı isə 4,9 dəfə artıb. Borc bazarında təklifin şaxələnməsinin müşahidə olunduğu bu növ alətlərin ümumi həcminin 8%-ni korporativ istiqrazlar, 26%-ni Mərkəzi Bankın qısamüddətli notları, 48%-ni dövlət istiqrazları, 19%-ni isə veksellər təşkil edib.

2001-ci ildə həm dünya, həm də Azərbaycan iqtisadiyyatı üçün bir sıra xüsusiyyətlərlə yadda qalıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) verilən məlumata görə bu ilin 9 ayının yekunlarına dair keçirilən kollegiya iclasında QKDK-nın sədri Rüfət Aslanlı bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sosial-iqtisadi inkişaf davam edib. O, bu dövr ərzində  makroiqtisadi vəziyyətin stabil qaldığını bildirib. Həmçinin qeyd edib ki, hesabat dövründə iqtisadiyyatda 4,1%, neft sektorunda 2,7%, qeyri-neft sektorunda isə 5,2 % artım qeydə alınıb. R.Aslanlı Azərbaycanda korporativ borc bazarının 2,5 dəfə artdığını, səhmlərin ilkin bazarında isə cari ilin əvvəlki rübləri ilə müqayisədə əhəmiyyətli canlanmanın müşahidə edildiyini vurğulayıb.

Məlum olduğu kimi fond birjası qiymətli kağızların təkrar bazarının birinci səviyyəsinə  aiddir  və  mütəşəkkl formada təşkil olunmuş bazardır.  Fond birjası XVI-XVII əsrlərdə mövcud olmuş əmtəə birjalarının bir qolu olmuş, sonra inkişaf edərək müstəqil fəaliyyət göstərməyə başlamışdır. İlk müstəqil fond birjası 1611-ci ildə Amsterdam şəhərində yaradılmış birja hesab olunur.

 Respublikamızda isə yeganə fond birjası 2000-ci ildə təsis edilmiş Bakı Fond Birjasıdır (BFB) ki, bu da qiymətli kağızlarla mütəşəkkil bazarın təşkilini və qiymətli kağızlar bazarının inkişafı istiqamətində PR və maarifləndirmə fəaliyyətlərini həyata keçirir. BFB-nin marketinq şöbəsinin aparıcı mütəxəssisi Kamran Əliyev bizimlə söhbətində bildirdi ki, təşkilat davamlı olaraq öz ticarət sistemini bazarın artan tələblərinə uyğun olaraq təkmilləşdirir: “Bu istiqamətdə yerli fond bazarında fəaliyyət göstərən digər mühüm peşəkar iştirakçılarla əməkdaşlıq edilir. Misal üçün, brokerlərin BFB-də ticarət edə bilməsini asanlaşdırmaq məqsədilə birjada onlar üçün məsafədən qoşulma və ticarət imkanı yaradılmışdır. Həmçinin Milli Depozit Mərkəzi ilə BFB-nin sistemləri arasında  mövcud əlaqələrin avtomatlaşdırılması üzərində iş aparılır.

Bazarın inkişafı istiqamətində atılan addımlardan biri də BFB tərəfindən yeni listinq qaydalarının qəbul edilməsi olmuşdur. Yeni qaydalarda qiymətli kağızlar listinqin səviyyələrinə uyğun klassifikasiya olunmaqla şəffaf və ədalətli bazar prinsiplərinə geniş yer ayrılmışdır”.

O qeyd etdi ki, BFB həmçinin ölkədə qiymətli kağızlarla keçirilmiş əqdlər üzrə klirinq aparan yeganə təşkilatdır. “Bu baxımdan qeyd etmək vacibdir ki, BFB-də klirinq prosesi təminatlı və effektiv şəkildə həyata keçirilir”, - deyə o, əlavə etdi.   

K. Əliyevin sözlərinə görə mütəşəkkil fond bazarının inkişafı istiqamətində BFB investorların, potensial emitentlərin və bazarın peşəkar iştirakçılarının maarifləndirilməsi sahəsində fəaliyyət aparır: “Bu baxımdan birja tərəfindən vaxtaşırı olaraq müxtəlif mövzuda treninqlərin, seminarların, konfransların keçirilməsini, yerli mətbuatda maarifləndirici məqalələrin çap edilməsini və digər təşəbbüsləri əhatə edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın regionlarında mütəşəkkil fond bazarının inkişafı üçün mövcud olan potensialı başa düşərək, BFB maarifləndirici tədbirləri paytaxtdan əlavə əyalətlərdə də təşkil edir”.

Azərbaycanda kapital bazarının inkşafının hansı biznes imkanları yaratmasına gəlincə BFB rəsmisi bildirdi ki, bu bazarın inkişafı ölkənin biznes strukturları qarşısında geniş imkanlar açır: “Mahiyyət etibarı ilə kapital bazarı pul vəsaitlərinin sahələr üzrə bölüşdürülməsini təmin edir. Həmçinin kapital bazarı şirkətlərə özünü investorlara ən effektiv şəkildə təqdim etməklə nisbətən ucuz vəsaiti əldə etmək imkanı yaradır”. 

K.Əliyev ölkəmizdə qiymətli kağızlar bazarı və biznes imkanlar ilə bağlı vacib olan  maarifləndirmə tədbirlərindən də danışdı. Bildirdi ki, Azərbaycanda qiymətli kağızlar bazarı daima inkişaf etməkdədir və bu proses davamlı olaraq yeni məhsulların ərsəyə gətirilməsini nəzərdə tutur: “Yeni məhsulların ortaya çıxarılması öz növbəsində müvafiq maarifləndirici fəaliyyətin aparılmasını zəruri edir. İndiki mərhələdə yerli kapital bazarı qarşısında duran prioritet maarifləndirmə istiqaməti potensial investorların və emitentlərin bazarın imkanları barədə məlumatlandırılmasından ibarətdir”. 

  Qiymətli kağızlar bazarının formalaşmasında və inkişafında broker  xidmətlərinin də əməyi çox böyükdür. Broker şirkətləri müştərilərin tapşırığı ilə yerli bazarda və həmçinin xarici bazarlarda da xidmətlər göstərirlər. Brokerlər həmçinin məsləhət xarakterli fəaliyyətlə də məşğul olurlar. Onlar peşəkar iştirakçı kimi öz fəaliyyətlərini xüsusi lisenziyalar üzrə həyata keçirirlər. Ona görə də bütün bu xidmətlər yüksək səviyyədə göstərilməlidir. Hazırda Azərbaycanda təxmini 15 broker şirkəti fəaliyyət göstərir. Şirkətlər lazımi olan lisenziyalara malikdilər və yerli bazarda müştərilərə xidmət göstərirlər. Onlardan bir də  "Standard Kapital" MMC-dir. Bu şirkətin aktivlərin idarə olunması üzrə baş mütəxəssisi Fərid Səttarov öz açıqlamasında Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdiyini dedi: “Bu ilin yay aylarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən maraqlı və faydalı konfranslar keçirilmişdir. Əsasən bu konfranslar çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi barəsində idi. Bu onu təsdiq edir ki, yerli qiymətli kağızlar bazarı bir addım da irəli atdı. Dünyanın ən güclü maliyyə sistemlərinə malik olan ölkələrdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi barəsində qanunlar mövcuddur. Bizim ölkədə də bu qanun qüvvəyə minmişdir. Bizim yerli maliyyə bazarımızın inkişafı üçün bu çox gözəl bir addımdır”.

Qiymətli kağızların idarə edilməsi baxımından “Standard Kapital”ın fəaliyyət ilə bağlı F.Səttarov qeyd etdi ki, şirkət Azərbaycanda qiymətli kağızlarla əlaqədar əməliyyatların aparılması üçün bütün lisenziyalara malikdir. O, şirkətin həm yerli, həm də xarici bazarlarda əməliyyatlar keçirdiyini vurğuladı: “Şirkətin ABŞ, Avropa, MDB ölkələrinin maliyyə bazarlarına çıxışı var. “Standard Kapital” şirkəti işçilərinin sayına görə Azərbaycanda ən böyük lisenziyalara malik olan bir broker şirkəti sayılır”.

   Qiymətli kağızlar bazarının inkişafının digər bir amili isə korporativ idarəetmə sisteminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsidir. Ölkəmizdə korporativ idarəetmənin tətbiq olunması beynəlxalq təşkilatlarla aparılan danışıqlar zamanı həmişə prioritet mövzu hesab edilib. Çünki bu gün müasir bazar iqtisadiyyatı şəraitində keyfiyyətli idarəetmə sisteminin mövcudluğu investorun diqqətini çəkən əsas amillərdən biridir. Ölkədə korporativ idarəetmənin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüş, qanunvericilik bazası inkişaf etdirilmiş, dövlət təşkilatlarının tənzimləyici funksiyaları təkmilləşdirilmişdir.

Bu sahədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən bir sıra normativ aktlar qəbul edilmişdir. Həqiqətən Azərbaycanda mütəmadi olaraq qanunvericilik və iqtisadi xarakterli tədbirlər həyata keçirilir, qiymətli kağızlar bazarının inkişafı ilə əlaqədar xarici və beynəlxalq qurumlarla daim iş aparılır, beynəlxalq təcrübə öyrənilir.

Hazırda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə Azərbaycanda korporativ idarəetmə layihəsi həyata keçirilir. Bundan başqa 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və Dünya Bankı tərəfindən idarə edilən “FIRST Initiative” proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının hazırlanmasına texniki dəstək göstərilməsi barədə razılıq əldə edilib. Buna əsasən ölkədə "Kapital bazarlarının modernləşdirilməsi" layihəsi  həyata keçiriləcək. Bu layihə QKDK-ya qiymətli kağızlar bazarının təşkilati və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, hüquqi bazanın inkişafı üzrə islahatların aparılmasında texniki köməyə yönəldiləcək. Layihənin həyata keçirilməsi çərçivəsində QKDK və beynəlxalq ekspertlər tərəfindən 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq.

 Bu gün Azərbaycanda qiymətli kağızlar bazarında xarici investorların fəaliyyəti ölkə iqtisadiyyatının inkişaf etdirilməsində ən vacib amillərdən biridir. Xarici investorlar və beynəlxalq qurumlar kapital yatırılması imkanları baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər ki, bu da ölkədə əlverişli investisiya mühiti ilə əlaqədardır.

 Qiymətli kağızlar bazarının inkişafı ölkədə iqtisadiyyatın müxtəlif sahələrinin və beynəlxalq aləmdə fond bazarının inkişaf sürəti ilə sıx bağlıdır. Bu baxmıdan həyata keçirilən tədbirlər respublikamızın fond bazarının beynəlxalq maliyyə bazarları sisteminə inteqrasiya olunmasına yönəldilməlidir. Müvafiq qurumlarla birlikdə qiymətli kağızlar bazarında vergitutma məsələlərinin təkmilləşdirilməsi, dünya təcrübəsində istifadə olunan və investisiyaların artımı üçün əlverişli mühitin yaradılması baxımından tətbiq edilməsi zəruri hesab olunan vergi güzəştlərinin hazırlanması həyata keçirilməlidir. Onu da deyək ki, ölkədə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi kompleks xarakter daşıyır və müsbət dəyişikliklərin əldə edilməsi üçün peşəkar iştirakçıların və tənzimləyici orqanların səylərinin birləşdirilməsi çox vacibdir. Qeyd edilən tədbirlərin həyata keçirilməsi ölkəmizdə daha da inkişaf etmiş və təkmilləşmiş qiymətli kağızlar bazarının yaranmasına və iqtisadiyyatın artım tempinin sürətlənməsinə şərait yaradar. Bununla da ölkəmizdə formalaşan fond bazarı regionun ən böyük və inkişaf etmiş fond bazarına çevrilə bilər.

 

Fuad Hüseynzadə,

PARİTET qəzetinin müxbiri