Bizi hədəfləndiyimiz gələcək gözləyir - 90 yaşın mübarək!
Ədalət MURADOV, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru,
iqtisad elmləri doktoru, professor
Azərbaycanın dünyada nüfuzu ilbəil artır. Bu, şübhəsiz ki, ümummilli lider Heydər Əliyev strategiyasının təntənəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin və liderliyinin uğurudur. Prezident İlham Əliyevin qəbul etdiyi strategiya və dövlət proqramları əsasında ulu öndər Heydər Əliyevin dediyi kimi, “...təhsil sistemimiz xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qurulur” və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilə gündəlik qayğısı təhsilimizin uğurlarını şərtləndirən əsas amillərdəndir.
Çox zəngin tarixə sahib olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də 90 illik yubileyini uğularla qeyd edir.
Bugünkü universitetimizin nailiyyətlərinin əsasında məhz 90 ilin zəhməti və fədakar əməyi dayanır.
1930-cu ildə yaradılan universitetimizin bir neçə dəfə adı dəyişdirildi, müstəqil və müxtəlif universitetlərin tərkibində fəaliyyət göstərdi. Yalnız bir şey dəyişməz qaldı: biz əzmlə çalışmağa davam etdik, vətənimizin inkişafına öz töhfəsini verən mütəxəssislər, dəyərli vətəndaşlar yetişdirdik. Artıq dünyanın hər bir guşəsində qürur duyduğumuz, elmi, zəkası, müasir, yaradıcı baxışı ilə seçilən məzunlarımızın sədası eşidilir.
90 illik yubileyinə Azərbaycan Dövlət İqtisad Universitetini brendləşdirdik. UNEC brendi Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya və Xorvatiyada da rəsmi qeydiyyata alındı. Artıq UNEC həm də keyfiyyətli təhsil brendi kimi qəbul edilir.
Təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq, Elektron Universitet modelini reallığa çevirdik. Elektron sənəd dövriyyəsini uğurla tətbiq etdik. Universitetimizə əcnəbilərin və təkrar ali təhsilə qəbulun ancaq internet üzərindən həyata keçirilməsi sistemini yaratdıq. Ən müasir texnologiyalarla təchiz olunmuş və 20 min tələbəyə distant təhsil vermək gücündə olan “UNEC Extern” distant təhsil mərkəzini istifadəyə verdik, proktoring sistemi və onun tətbiqi ilə online imtahan sistemini tətbiq etdik.
Müəllimlər arasında rəqabəti gücləndirməklə tədqiqatların prioritetliyini təmin edən və müəllimlərin əməkhaqqının formalaşmasında ciddi amilə çevrilən obyektiv və şəffaf reytinq sistemini yaratdıq. Elmi potensialın reallaşdırılması üçün əlverişli mühit formalaşdırdıq. UNEC-in ciddi tədqiqatlar aparan və tədqiqatların nəticələrini beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında uğurlar əldə etdik. 1991-2020-ci illərdə UNEC-in “Web of Scinece” bazasına daxil olan bütün elmi əsərlərinin 80%-dən çoxunu məhz son 5 ildə təmin etdik. 30-dan çox tədqiqat mərkəzləri yaratdıq.
Nüfuzlu doqquz xarici universitetlə ikili diplom proqramının reallaşdırılmasına nail olduq. Bu gün universitetimizin məzunlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) diplomu ilə bərabər, həm də Linkoln (ABŞ), Montpellier və İCD (Fransa), London İqtisadiyyat Məktəbinin (Böyük Britaniya), Mikolas Romeris (Litva), UBİS (İsveçrə), Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar və İqtisad (Rusiya Federasiyası) universitetlərinin də diplomunu qazana bilmələrini təmin etdik.
Universitetimizi ali iqtisad təhsilini ixrac edən universitetə çevirə bildik. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya aldı. Avropa İttifaqına üzv olan Yunanıstanda UNEC-i akkreditasiyadan keçirdik və Yunanıstanın Qərbi Makedoniya Universitetində birgə magistr proqramını reallaşdırdıq.
UNEC-i tələbə mərkəzli universitetə çevirə bildik. Tələbə özünüidarəetməsində yeniliklərə imza atdıq və tələbələrin seçdikləri “Tələbə rektor”un bir il ərzində fəaliyyətini, “İqtisadçı tələbələrin elmi fəaliyyətinə yardım” İB, “İqtisadçı vətənpərvərlər təşkilatı”, “UNEC könüllüləri”, “Rəqəmsal könüllülər” kimi 10-dan çox tələbə təşkilatının yaradılmasını təşviq etməklə onları universitet idarəetməsinə cəlb etdik. Tələbələrin asudə vaxtının səmərəli təşkilini həyata keçirən və özündə müxtəlif dərnəkləri birləşdirən “UNEC Yaradıcılıq Mərkəzi”nin, İdman Klubunun, “UNEC radio”nun fəaliyyətini təşkil etdik.
MBA təhsilində ixtisasların və tələbələrin sayına görə liderliyə və bu təhsil üzrə ölkədə bütün tələbələrin təqribən 70 faizini cəlb etməyə nail olduq. UNEC Biznes Məktəbi ABŞ-ın Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının (AACSB) tamhüquqlu üzvlüyünə qəbul və ACCA tərəfindən akkreditasiya edildi.
UNEC-in uğurları beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmadı. Tarixndə ilk dəfə olaraq, 14 iyun 2016-cı ildə UNEC-in QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmasına nail olduq. UNEC İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universiteti sırasına daxil oldu və regionun ən yaxşı 4-cü iqtisad yönümlü universitet seçildi. Dünya universitetlərinin veb populyarlığını müəyyən edən UniRank reytinqində 2017-2020-ci illərdə UNEC hər il Azərbaycanın ən yaxşı ali məktəbi seçildi.
Qocaman və nüfuzlu universitetimizin bir hissəsi olmaq həqiqətən qürurverici, sözlərlə ifadə edilə bilməyən nüfuzlu bir universitet dəyərini daşımaq fəxarətdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) keçmişinə ehtiramla yanaşmaqla yanaşı, gələcəyinə böyük ümidlərlə baxırıq. İnanıram ki, universitetimizin zəngin təcrübəsini qoruyub artıracaq, yeni-yeni ideyaların müəllifi olacaq, daha böyük və müasir layihələri həyata keçirəcək və elmin yeni zirvələrini fəth edəcəyik. Bu yolda hər birimiz yorulmadan çalışmağa davam edəcəyik. Çünki bu yolun sonunda bizi hədəfləndiyimiz gələcək gözləyir. Hədəfimiz isə 2018-ci ildə qəbul etdiyimiz və özündə 7 strateji məqsəd və 31 strateji hədəfi ehtiva edən “UNEC-100” İnkişaf Strategiyasına əsasən UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 universitetlərindən birinə çevrilməkdir.
Əziz və dəyərli UNEC ailəsi, universitetimizin hər bir müəllim və əməkdaşı, hər bir məzunu və hər bir tələbəsi!
Bir daha hər birinizi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, vətənimizin və universitetimizin daha da inkişafı istiqamətində fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Qoy, 90 illiyini qeyd etdiyimiz bu gün daha böyük uğurun yeni bir başlanğıcı olsun...
90 yaşın mübarək, UNEC!