MƏQALƏLƏR

Kapital axtarişinda

  • 04.03.2011

KAPİTAL AXTARIŞINDA

Kapital bazarının inkişafı  iqtisadi artımın əsas şərtlərindən biridir


 

Kapital bazarı maliyyə bazarının bir hissəsi hesab olunur ki, burada əsasən uzunmüddətli investisiya alətləri dövriyyə edir. Hər bir ölkədə kapital bazarının olması bu ölkənin iqtisadiyyatının inkişaf etməsindən xəbər verir və kapital bazarı nə qədər inkişaf etdirilərsə, bir o qədər də ölkə iqtisadiyyatı inkişaf edər. Sözügedən bazar öz resursları ilə hər hansı bir ölkənin iqtisadiyyatını qidalandırır. Müxtəlif innovasiya layihələrinin maliyyələşdirilməsi, yeni və müasir texnologiyaların tətbiqi, ölkədə fəaliyyət göstərən şirkətlərin və onların  istehsal etdiyi məhsulların inkişafı ölkə iqtisadiyyatına birbaşa müsbət təsir göstərir. Lakin bütün bunlar kapital bazarının iştirakı olmadan reallaşa bilməz. Bir çox ölkələrdə iqtisadiyyatın mənfi və ya müsbət tərəfə dəyişməsi zamanı ilk növbədə məhz kapital bazarı reaksiya göstərir və əgər iqtisadiyyat əlverişlidirsə kapital bazarı müxtəlif növ investorları cəlb edir, onlar öz növbəsində bazara sərmayə yatırır və bazar müvafiq olaraq inkişaf edir. Əks halda investorlar öz sərmayə yatırımlarının həcmini azaldır. Nəticədə kapital bazarı indikatorları (məsələn, fond indeksləri) dəyişir. Məsələn, Azərbaycanın kapital bazarından qlobal maliyyə böhranı zamanı bir çox investorun «kənara çəkilməsi» müşahidə olunub. Lakin mütəxəssislərin fikrincə, dünya maliyyə böhranı dövründə Azərbaycanın fond bazarını tərk edən xarici investorların bazara qayıtması üçün bir qədər vaxt lazımdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı hesab edir ki, hazırda Azərbaycanın fond bazarı maliyyə böhranından sonra sabitləşir. Onun sözlərinə görə, cari il ərzində ölkənin qiymətli kağızlar bazarında müsbət dinamika müşahidə olunub, o cümlədən səhm bazarı sabitləşib, istiqraz bazarında müəyyən artım var, eyni zamanda gəlirlilikdə də müəyyən dinamika mövcuddur. Xarici investorların Azərbaycanın fond bazarına qayıdışına gəldikdə isə, Komitə sədri bunun üçün təxminən 2011-ci ilin ortalarınadək gözləmək lazım odduğunu bildirib. İndekslərə gəlincə, hazırda Azərbaycan hökuməti tərəfindən kapital bazarının indeksi hesablanmır. Peşakarlar hesab edir ki, ölkə birja indeksinin yaradılması məsələsini öz əsas məqsədi kimi qiymətləndirmir. Onların sözlərinə görə, qiymətli kağızlar bazarında indeksin yaradılması vacib olan amillərdən biridir. Lakin indeksin yaradılmasını məqsəd kimi saymaq doğru deyil və bazarın dərinliyi olmalıdır ki, o indekslər investorlara müəyyən siqnal versin. «İstiqraz bazarının aktivləşdirilməsi nəticəsində bir indeks ortaya çıxara bilərik, lakin bu indeks heç olmasa investorlara siqnal verməlidir», - deyə R.Aslanlı bildirib.

Buna baxmayaraq, Azərbaycanda birja indeksinin yaradılması məsələsi ideya kimi gündəmdə qalmaqdadır, lakin buna hazırlaşmaq lazımdır və bu baxımdan tənzimləmə təsirlərinə çevik reaksiya verilməməlidir. Bəzi ölkələrdə kapital bazarının iştirakçıları rolunda yalnız iri şirkətlər, banklar və ya investisiya fondları çıxış edir. Lakin müəyyən ölkələrdə fiziki şəxslər də bu bazarın iştirakçıları sırasına qoşulur. Belə ki, hər hansı bir fiziki şəxs qiymətli kağızı əldə edtikdə artıq emitent üçün (şirkət üçün) investor rolunda çıxış edir. Hər hansı bir bankdan kredit aldıqda isə, fiziki şəxs kapital bazarının qarşı tərəfinə keçərək borc alana çevrilir.

Azərbaycana gəldikdə isə, burada kapital bazarının yalnız son illər inkişaf etdiyini müşahidə etmək olar. Məhz 2004-cü ildən etibarən fond bazarı inkişafa doğru irəliləyib, korporativ və istehlak kreditləri bazarı müəyyən qədər genişlənib. Qısa bir zamanda qanunvericilik aktları və normativ sənədlər əsasında kapital bazarının əsas iştirakçıları olan maliyyə-kredit institutları (emitent-satıcılar, investor-alıcılar, provayder-vasitəçilər) kapitalın paylanması və yenidən paylanması üzrə xidmət göstərilməsinin müasir mexanizmi yaradılıb. Buna baxmayaraq, qlobal maliyyə  böhranı dövründə Azərbaycanın kapital bazarı bu böhrana məruz qalan sektor olub. Belə ki, investorların sözügedən bazardan sərmayələrini geri götürülməsi açıq-aydın müşahidə olunub. Bundan başqa, bir çox borcalanların üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsi də nəzərəçarpan dərəcədə olub.

Kapital bazarının alətlərinə gəldikdə isə, onları müxtəlif üsullarla təsnif etmək olar,  məsələn, öhdəçilik növü. Burada alətləri borc (məsələn, istiqraz) və pay (səhm) alətlərinə bölmək olar. Borc alətləri sırasına kreditlər, veksellər, istiqrazlar və notlar aiddir ki, bu növ qiymətli kağzıların sahibləri faiz gəlirini əldə etmək imkanını əldə edir. Pay alətləri isə (məsələn, səhmlər) sahibinə qiymətli kağızı buraxan şirkətdə pay və ya gəlirinin bir hissəsini əldə etmək imkanını yaradır. Bu alətlərə səhmlər, həmçinin səhmə olan depozitar qəbzlər aiddir.

Ümumiyyətlə, kapital bazarı ölkə iqtisadiyyatında əmtəə və qiymətli metal bazarı kimi əhəmiyyətli rol oynayır. Məhz buna görə, bir çox ölkələrdə kapital bazarının hər hansı bir amillərə reaksiyası təhlil olunur. Kapital bazarlarını Azərbaycanda inkişaf etdirmək üçün «hansı addımlar atılmalıdır?» sualı yaranır. Bunun üçün ilk növbədə investorların hüquqları qorunmalı, bazarın ədalətli, səmərəli və şəffaf olması təmin edilməli, sistem riskləri azaldılmalıdır.

Hazırda Azərbaycanda kommersiya, xəzinədar və bank vekselləri, korporativ istiqrazlar və qısamüddətli istiqrazların digər növləri kimi alətlər bazarda hələ də öz yerini tampayıb. Hazırda ölkənin kapital bazarında əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) notları və Maliyyə Nazirliyinin istiqrazları nəzərə çarpır. Əgər istiqrazların buraxılışında müəyyən irəliləmə və artım müşahidə olunursa, notlar barədə analoji sözləri qeyd etmək mümkün deyil. Belə ki, bu növ qiymətli kağızların məbləğində azalmalar qeydə alınır. Azalmanın əsas səbəbi AMB-nin iqtisadiyyatda likvidliyi artırmaq məqsədi ilə pul siyasətini yumşaltması nəticəsində sterilizasiya alətləri olan notların buraxılışını azaltması olub. AMB notların buraxılışını keçən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ üzrə azaltsa da, buraxılışların sayında dəyişiklik baş verməyib.

Ölkənin fond bazarına gəldikdə isə, 2009-cu il ərzində Azərbaycanın fond bazarında 3,6 mlrd. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb ki, 2008-ci illə müqayisədə bu göstərici 20,2% azalıb. Qiymətli kağızlar bazarının ümumi emissiyasının 36,1%-ni səhmlər, 36,1%-ni dövlət istiqrazları, 16,1%-ni AMB-nin notları, 7,2%-ni veksellər, 4,5%-ni isə korporativ istiqrazlar təşkil edib.

Bu dövr ərzində 503 mln. manatlıq və ya 2008-ci illə müqayisədə 3,25 dəfə çox dövlət istiqrazları, 287,2 mln. manatlıq (4,4 dəfə az) AMB-nin notları, 196,6 mln. manatlıq (11,6% az) səhmlər və 53 mln. manatlıq (3,1 dəfə çox) korporativ istiqrazları Bakı Fond Birjasında (BFB) keçirilmiş hərraclarda yerləşdirilib. Yeri gəlmişkən, BFB Azərbaycanın kapital bazarının ən mühüm elementlərindən biri hesab olunur.

Bazarın inkişaf etdirilməsi istiqamətində QKDK tərəfindən atılan addımlardan biri də bazarın təşkilati və əməliyyatların infrastrukturunun təkmilləşdirilməsinə dair bir sıra tədbirlərin həyata keçirilməsidir. Belə ki, yaxın gələcəkdə bazarın təşkilati və əməliyyatların infrastrukturunun təkmilləşdirilməsi üçün yeni ticarət və qeydiyyat sisteminin yaradılması, mərkəzi klirinq, hesablama və depozitar qurumun yaradılması və avtomatlaşdırılması həyata keçiriləcək. Eyni zamanda, bazarda tələbatın stimullaşdırılması məqsədi ilə ölkədə fəaliyyət göstərən kommersiya banklarına fond bazarına birbaşa çıxış imkanları yaradılacaq. Tələbatın stimullaşdırılması üçün həmçinin broker və dilerlərin potensialının artırılması, kapital bazarı institutlarında və səhmdar cəmiyyətlərində korporativ idarəetmə prinsiplərinin tətbiqi, idarəçi hesabatlılığı və maliyyə hesabatları standartlarının təkmilləşdirilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə görülən işlərdən biri ölkədə fəaliyyət göstərən kommersiya banklarına qiymətli kağızlar bazarına birbaşa çıxış imkanlarının yaradılmasıdır ki, artıq bunun üçün müvafiq qanunvericilik bazasında bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Bununla yanaşı, Azərbaycan dövlət qiymətli kağızlar bazarını genişləndirmək niyyətindədir. Söhbət QKDK-nın maliyyə alətlərinin təklifini genişləndirməsindən gedir ki, BFB-da şirkətlərin listinqinin stimullaşdırılması, dövlət istiqrazlarının ilkin və təkrar bazarının genişləndirilməsi, daha uzunmüddətli dövlət istiqrazlarının buraxılması, korporativ istiqrazların buraxılışının stimullaşdırılması və bu kimi işlər həyata keçiriləcək.

Sonda biznes imkanları mövzusuna toxunaraq onu demək olar ki, hər hansı bir iş adamı (fiziki şəxslər istinadən) öz biznesini inkişaf etdirmək məqsədi ilə borc alır və onu müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində yönəldir. Lakin ölkədə kapital bazarı inkişaf etmədiyi halda heç bir borcların alınması və ya biznes imkanlarından söz gedə bilməz.

 Nicat Mustafayev,

“APA” İnformasiya agentliyinin müxbiri