Ziyad Səmədzadə: Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət MURADOVA
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 90 illik mövcudluğu dövründə çox şərəfli yol keçmişdir. Keçmiş sovetlər dövründə də, müstəqillik illərində də bu təhsil ocağının Azərbaycan xalqı və dövləti, Azərbaycan təhsili və elmi qarşısında böyük nailiyyətləri olmuşdur və mövcuddur. UNEC bu gün ən nüfuzlu ali təhsil mərkəzlərindən birinə çevrilməkdə, dünyanın ən tanınmış universitetləri, iqtisadçı alimlərilə geniş əməkdaşlıq etməkdədir. Bu ali təhsil ocağının diplomları artıq dünyanın hər yerində tanınır, qəbul edilir. UNEC ali təhsil ocağı olmaqla yanaşı, həm də güclü elmi potensiala malik olan bir mərkəzdir. Bir iqtisadçı olaraq, sevinirəm ki, ilk təhsilimin bir hissəsini bu məktəbdə almışam, sevinirəm ki, uzun illər bu universitetlə əməkdaşlıq etmişəm və edirəm. Bu tarixi, əlamətdar hadisə münasibəti ilə UNEC-in bütün kollektivini, rəhbərliyini, keçmiş və indiki tələbələrini ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər, müvəffəqiyyətlər arzulayıram. Respublikamızda islahatlar yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur və bu, öz müsbət nəticələrini verməkdədir. Bizim hər birimiz, vəzifəsindən asılı olmayaraq, xalqımıza, Vətənimizə, doğma Azərbaycanımıza borcluyuq. İqtisadçı olmaq o qədər də asan deyildir. Çünki onun məsuliyyəti böyükdür. Peşəkar iqtisadçının, alimin bir səhv təhlili, hesablaması, çıxardığı nəticə bəzən böyük itkilərə səbəb olur. İqtisadiyyat barəsində düşüncələrimizə, təbii ki, müxtəlif münasibət ola bilər. Ancaq hamımızın bir ali məqsədi var, o da Azərbaycana xidmət, Azərbaycanı XXI əsrdə daha inkişaf etmiş bir dövlət, xalqımızı isə xoşbəxt görməkdir. Bir iqtisadçı kimi tam əminəm ki, yaşadığımız, artıq 20 ilini geridə qoymaya hazırlaşdığımız XXI əsrdə Azərbaycan dinamik və keyfiyyətli iqtisadi inkişafı təmin edə bilən müstəqil bir dövlət kimi fəaliyyət göstərəcək. İqtisadi təhsil də, iqtisad elmi də bu müqəddəs vəzifəyə ləyaqətlə xidmət edəcək. Biz hamımız keçmişin yaxşı ənənələrini, elmi potensialını qorumalı, reallıqdan doğan problemlərin həllinin elmi bazasını gücləndirməliyik. Həmçinin, qeyd etmək istərdim ki, gələcək barədə kollektiv düşüncə tərzinə yiyələnmək, birgə düşünmək, qlobal risklərin artdığı bir şəraitdə liberalizmə çox ustalıqla, çox həssaslıqla yanaşmaq, onu fetişləşdirməmək, dəyişən dünyada dövlətin rolunu kiçiltməmək respublikamız üçün geniş inkişaf imkanları yarada bilər. İqtisadiyyat elmi sahəsində də potensialımız güclüdür. Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyətinin, istedadlı tələbə-gənclərin yaradıcılığını xarakterizə edən faktlarla tanışlıq bunu sübut edir. Mən həyatdan köçmüş iqtisadçı alimlərimizin xatirəsini bir daha əziz tutur, bu gün elm, təhsil ocaqlarında, iqtisadi həyatın bir çox sahələrində çalışan iqtisadçı alimlərimizə, həmkarlarıma möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıram.
Bir daha 90 illik yubileyi münasibəti ilə UNEC-i, onun bütün kollektivini, rektorluğunu, professor-müəllim-tələbə heyətini təbrik edir, onlara Azərbaycan təhsili, Azərbaycan elmi naminə fəaliyyətlərində uğurlar diləyirəm. Hesab edirəm və inanıram ki, bu nüfuzlu ali təhsil və elm mərkəzi bundan sonra da layiqli, peşəkar mütəxəssislər yetişdirəcək, Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfələrini verməkdə davam edəcək.
Ziyad Səmədzadə,
akademik, millət vəkili