MƏQALƏLƏR

Ziyad SƏMƏDZADƏ: Ruhu, qanı, canı ilə sülh tərəfdarı olan xalq - Azərbaycan xalqı!

  • 08.10.2020

Azərbaycan xalqı yarandığı, formalaşmağa başladığı gündən, tarixdən daim insanpərvərliyi, sülh­pərvərliyi, rəhmi, mərhəməti, ədaləti ilə seçilib, fərqlənib, tanınıb. Heç zaman qan tökməyə, başqalarının torpaqlarını zəbt və qəsb etməyə cəhd göstərməyib, çalışmayıb, bunu ağlının ucundan belə keçirməyib. Heç kimin ərazisinə göz dikməyib, hər zaman ətrafında olan, yaşayan xalqlarla, dövlətlərlə xoş, səmimi münasibətlərə üstünlük verib, sülhə, əmin-amanlığa tərəfdar olub.  Hətta tarixən, zaman-zaman haqsızlıqlara, qəsb­lərə, zəbtlərə, işğalçılıq və təcavüzkarlıqlara məruz qalsa da, yenə də insanlıq göstərib, bəşəri dəyərlərə sadiq qalıb, qocalara, qadınlara, uşaqlara, körpələrə rəhm, mərhəmət nümayiş etdirib. Çünki rəhm, mərhəmət, ədalət Azərbaycan xalqının ruhunda, damarlarında axan qanında olub, nəsillərdən-nəsillərə keçib, ötürülüb. Buna yazılı və şifahi ədəbiyyatımızda, Azərbaycana səyahət edən səyyahların, tanınmış insanların, elm və əbədiyyat adamlarının, tarixçilərin, entoqrafların, arxeoloqların əsərlərində də rast gəlmək olar. Hələ əsrlər, yüz illər öncə ulu Dədə Qorqud, Ozan Dədəmiz Azərbaycan xalqını düşmən, qəsbkar üzərinə gedərkən, müqəddəs Qopuzu ilə uğurlayıb, onu düşməndən fərqli olaraq, amansız olmamağa, qadına, qocaya, körpəyə rəhm etməyə, mərhəmət göstərməyə səsləyib. Özü ilə bərabər xalqımızı dünyanın rəhm, mərhəmət simvoluna çevirib. Bununla da niyyətinin əzmək, məhv, qəsb, zəbt etmək deyil, yalnız və yalnız torpaqlarını qorumaq, özünü müdafiə etmək olduğunu hər kəsə nümayiş etdirib. Qana susamayıb, qan axıdılmasından, qan tökülməsindən sevinməyib. Əsrlərdən, qərinələrdən, gendən, qandan irəli gələn bu dəyərlər tarixin hər dönəmində qorunub-saxlanılıb, yaşadılıb.


Məşəqqətli, əzablarla dolu son 3 əsr...

Xüsusilə, son 3 əsr - 19, 20 və artıq beşdə birini geridə qoymağa hazırlaşdığımız 21-ci əsrdə xalqımız tarixin, həyatın çox böyük amansızlıqları, sınaqları ilə üzləşib. 19-cu əsrdə icazəsi və razılığı olmadan, başının üzərindən verilən ədalətsiz qərarlarla-müqavilələrlə, çar Rusiyası və şah rejimi - İran tərəfindən ikiyə bölünüb, parçalanıb, ilhaq edilib, Araz boyda ürəyinə dağ çəkilib. Bunlar azmış kimi, 20-ci əsrin əvvəllərində 1905-ci, 1918-ci ildə başqa torpaqlardan məqsədli şəkildə bizim ərazilərə, Azərbaycan-Türk torpaqlarına yerləşdirilən məkrli və riyakar ermənilərin təcavüzünə, zülmünə, amansızlığına məruz qalıb, 1918-ci ilin qanlı, dəhşətli qırğınlarını, 31 mart soyqırımını yaşayıb. Ancaq yenə də insanlığından, ədalətindən, rəhmindən əl çəkməyib, özünü qoruyub, amma ermənilər və onların qanlı havadarları kimi, qadınları, qocaları, uşaqları süngüdən keçirməyib, bunu ağlına belə gətirməyib. Hansı ki, özü hər cür zülmlərə, qəddarlıqlara, amansızlıqlara, insanlıqdan uzaq hərəkətlərə, davranışlara məruz qalıb.
Artıq 32 ildir xalqımız yenidən təcavüz, işğal faktı ilə üz-üzə qalıb. Ermənipərəst Qorbaçovun, keçmiş Mərkəzi-Kreml hakimiyyətinin açıq-gizli dəstəyi ilə 1988-ci ilin yanvar-fevral aylarında Azərbaycana qarşı yenidən ərazi, torpaq iddiaları irəli sürən, Qarabağ münaqişəsini alovlandıran qonşularımız ötən 32 il ərzində xalqımıza olmazın zülmlər, amansızlıqlar, qəddarlıqlar edib. 1988-ci ildə indiki Ermənistan adlanan (əslində Ermənistan adlı dövlət məhz onun havadarları, güc mərkəzləri tərəfindən bizim torpaqlarda yaradılıb, ermənilərə peşkəş edilib) şər ocağında - Quqark və Masisdə azərbaycanlılara qarşı böyük qəddarlıq göstərilib, azərbaycanlılar dəmir borulara, torbalara doldurularaq, ağızları qaynaqlanaraq, amansızlıqla qətlə yetiriliblər. Cəmi 4 il ərzində - 1988-92-ci illərdə Bağanis Ayrımda, Xocalıda, Meşəlidə, Qaradağlıda, Cəmillidə, Umudluda, Ağdabanda, Ballıqayada soyqırımları, insanlıq dramları yaşadıblar, metro stansiyalarımızda, dəmir yolu, avtobus, dəniz, gəmi, hava limanlarında terraktlar törədiblər, 1991-ci ilin 20 noyabr dəhşətini - qətliamını, Qarakənd faciəsini yaşadıblar... Nəinki hərbçilərimizə, əsgərlərimizə, hətta, əliyalın qocalarımıza, yaşlılarımıza, qadınlarımıza, körpələrimizə, uşaqlarımıza belə rəhm göstərməyiblər, onlara qarşı insanlıqdan uzaq nə varsa, ediblər. Amma yenə də torpaqları, Vətəni uğrunda silaha sarılan igidlərimiz, oğul və qızlarımız öz rəhmindən, mərhəmətindən əl çəkməyib, düşmənin etdiklərini təkrarlamayıb.
26 illik atəşkəs dövründə yenə də Ermənistan və ermənilər tərəfindən təxribatlar, fitnəkarlıqlar törədilib, növbəti zəbt və qəsb planlarına baş vurulub, qanlar axıdılıb. 9 yaşlı Fariz Bədəlov, 2 yaşlı körpə - Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva amansızlıqla qətlə yetirilib... Bir deyil, beş deyil... Ermənilərin və Ermənistanın etdiklərini, başımıza gətirdiklərini saymaqla qurtarmaq mümkün deyil. Yenə də xalqımız, əsgərlərimiz, Ordumuz səbir göstərib, insanlıq nümayiş etdirib, mülki əhaliyə heç zaman hansısa hərəkətlərə yol verməyib. Bizim elə ermənilər və onlar dəstəkləyənlərdən fərqimiz budur. Biz heç zaman onları kimi olmamışıq, ola bilmərik və olmayacağıq. Bizim bir xalq, bir toplum olaraq, üstünlüyümüz də elə bundadır.
Bəli, 32 ildir ki, təcavüzə, işğala məruz qalmışıq. Münaqişə nə sovetlər dövründə ədalətli həllini tapıb, nə də 29 illik ikinci müstəqillik dövrümüzdə. 28 ildir münaqişənin həlli ilə məşğul olmaq üçün ATƏT-in Minsk Konfransı (Minsk qrupu) təşkil edilib, 11 üzvü var. 23 ildir ki, Rusiya, Fransa və ABŞ-ın iştirakı ilə həmsədrlik institutu formalaşdırılıb, onlara münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək üçün vasitəçilik missiyası həvalə olunub, mandat verilib. Üzvü olduğumuz BMT bizi 86, 6 kvadrat kilometr əraziyə malik və sahib olan ölkə kimi üzv qəbul edib, tanıyıb, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün 4 qətnamə qəbul edib. Eyni zamanda, Minsk qrupu ölkələrinin dominantlıq təşkil etdiyi Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci ildə 1416 saylı qətnamə qəbul edilib. Eləcə də, bir müddət öncə Avropa Parlamenti Ermənistanın işğalçılığını pisləyən qətnamə ortaya qoyub. Ancaq çox təəssüflər olsun ki, bugünədək onların biri də yerinə yetirilməyib. Hansı ki, bu təşkilatların, burada dominantlıq edən dövlətlərin, xüsusilə, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik olan 3 dövlətinin əlində kifayət qədət təsir və təzyiq mexanizmləri olmasına rəğmən, Ermənistana qarşı bu illər ərzində bir addım belə addım atılmayıb, sanksiyalar tətbiq olunmayıb, onu işğaldan çəkindirmək, sülhə razı qalmaq üçün cəzalandırma metodları seçilməyib. Əksinə, çox təəssüflər olsun ki, Etmənistana çox zaman açıq və gizli dəstək nümayiş etdirilib, onlara “yaşıl işıq” yandırılıb, növbəti işğalçılıq hərəkətlərinə həvəsləndirilib, iştahlandırılıb. Xüsusilə də, həmsədr ölkələrin üçü də açıq-aşkar erməni və Ermənistanpərəstlikləri ilə seçiliblər. Məsələn, Rusiyanın münaqişə başlayandan bu günə kimi Ermənistanı silahlandırması heç kim üçün sirr deyil. Bunu özləri, öz siyasətçiləri, rəsmiləri də etiraf edirlər. Bir müddət öncə iki ölkə liderinin telefon danışıqları zamanı bu faktlar qarşı tərəfin diqqətinə belə çatdırılıb. Eyni zamanda, bu günlərdə 3 yerli telekanala müsahibəsində cənab prezident tərəfindən bu faktlar - həm şimal qonşumuzun, həm də Azərbaycanın hər zaman əl uzatdığı Serbiya tərəfindən Ermənistana silahların ötürülməsi məsələsi dilə gətirilib, bunların yolverilməzliyi ilə bağlı sərt, kəskin etiraz ifadə edilib.
Bəli, münaqişəni həll etməli olan beynəlxalq qurumlar, orbitrlik missiyasını üzərinə götürənlər bu illər ərzində missiyalarının tam ziddinə, əksinə olan fəaliyyətlər sərgiləyiblər. Arada-sırada da quru, boş, mənasız, çəkisi, təsiri olmayan bəyanatlar verməklə, özlərinin missiyalarını başa çatmış sayıblar. Nəticədə də münaqişə uzana-uzana gedib, dalana dirənib.

Xəbərdarlıqlar, mesajlar və...
Bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi növbəti qanlı və təxribat hərəkətlərinə layiqli cavab verilsə də, düşmən və təcavüzkar ölkə, onu üzərimizə qaldıranlar, təəssüflər olsun ki, bundan da nəticə çıxarmadı. Həm həmin ərəfədə, həm sonrakı dönəmlərdə Azərbaycan dövləti, xüsusilə, ölkə prezidenti tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, sərt mesajlar verilsə də, düşmən tərəf yenə nəticə çıxarmadı, ibrət götürmədi. Hansı ki, istər Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən, istərsə BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasında, o cümlədən, ümumi debatlarda çıxışları zamanı Azərbaycan Prezidenti adları çəkilən qurumlara, beynəlxalq birliyə, dünya ictimaiyyətinə bir daha səslənərək, Ermənistanı müharibə ritorikasından, təcavüzkarlıq siyasətini, təxribatçılıq hərəkətlərini davam etdirməkdən çəkindirməyə çağırış etmişdi. Dövlət başçımız Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşündə demişdi:
“Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.
Və yaxud, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında həm Azərbaycan Prezidenti, həm də Qoşulmama Hərəkatının sədri kimi geniş və dərin məzmunlu nitq söyləyən cənab İlham Əliyev açıq və birmənalı şəkildə bildirmişdi:
“Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.
Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, çox təəssüflər olsun ki, bugünədək ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməyib. Düzdür, Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentləri bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulayıblar, biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar, sözlər kifayət etmir. Bizim real addımlara ehtiyacımız var. Təkcə həmsədr dövlətlər deyil, ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüv­vələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Bunlar bizim haqlı tələblərimiz və gözləntilərimizdir. Bunlara mütləq şəkildə real, əməli addımlarla cavab verilməlidir. Biz daha 32 il gözləyə bilmərik. Münaqişə müsbət və ədalətli həllini tapmalıdır. Bu, BMT-nin, ATƏT-in, Minsk qrupunun borcudur, vəzifəsdir.
Bəli, bütün kürsülərdən, o cümlədən, BMT toplantısından-tribunasından edilən xəbərdarlıqlar, sərt mesajlar da çox təəssüflər olsun ki, isterik vəziyyətdə olan bədnam Paşinyan hakimiyətini ayıltmadı, onlar bundan nəticə çıxarmaq əvəzinə, daha da avantürist addıma, təxribata əl atdılar, sentyabrın 27-dən səhər saatlarından etibarən bütövlükdə atəşkəs rejimi pozdular, növbəti işğal və qəsb planlarını həyata keçirməyə cəhd etdilər. Dərhal da layiqli, kəskin cavablarını aldılar. Azərbaycan Silahlı Qüvvələrinə, müzəffər Azərbaycan Ordusuna əks-hücum, əks-həmlə əməliyyatına, əslində topraqlarımızın son qarışınacan azad edilməsi üçün Vətən müharibəsinə başlamaq, döyüş əmri verildi.
Sentyabrın 27-də Dövlət Televiziyası ilə Azərbaycan xalqına tarixi müraciət edən Ali Baş Komandan bildirdi ki, Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Həmçinin, bəyan etdi ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Çünki tarixi ədalət bizim tərəfimizdədir. Bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır.
Eyni zamanda, xalqa müraciətindən az sonra ölkənin güc struk­turlarının rəhbərlərinin, döv­lət rəsmilərinin iştirakı ilə Təhlükəsizlik Şurasını iclasını çağıran dövlət başçımız bir daha birmənalı və qətiyyətli mövqeyini nümayiş etdirdi, Qarabağ, torpaq məsələsində güzəşt olmadığını və olmayacağını bildirdi, “Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”; - deyə çıxışını tamamladı.
Bütün dünya bir daha Azərbaycanın Qarabağ, torpaq məsələsində əzmini, iradəsini, mövqeyini gördü. Gördü ki, Qarabağ məsələsində indiyə qədər güzəşt olmadığı kimi, bundan sonra da güzəşt olmayacaq, bunu Azərbay­can­dan ummaq və gözləmək əbəs­dir, mənasızdır. Azərbaycanın mövqeyi birmənalı və dəyişməzdir.
Bəli, müharibə dövrünün öz qanunları var. Bunlardan biri də hərbi vəziyyətin elan edilməsidir. Bu, ərazisində müharibə gedən, münaqişə ocağı olan hər bir ölkədə rast gəlinən, tətbiq edilən və zərurətdən doğan bir vəziyyətdir. Biz də bunları bir zamanlar, Qarabağ hadisələri başlayandan bir müddət sonra yaşamışıq. Təbii ki, o zaman reallıqlar və şərtlər tam başqa idi. Biz hələ sovetlər dövlətinin tərkibində idik, müstəqil deyildik, tətbiq edilən hərbi vəziyyətin də bizim maraqlarımıza nə dərəcədə cavab verib-vermədiyi özü qaranlıq və mübahisəli idi. Ancaq indi biz müstəqil dövlətik, hələ də müharibə şəraitindəyik. Belə olan halda, yəni həm müharibə şəraitində olmağımız, həm də sentyabrın 27-dən etibarən yaranmış yeni şərait, Vətən müharibəsi ölkəmizdə hərbi vəziyyətin, bəzi bölgələrdə isə komendant saatının elan və tətbiq edilməsini zəruri edirdi. Bu, qaçılmaz bir məsələ və reallıq kimi, ortada idi.
Odur ki, elə həmin ayın 27-si, axşam saatlarında 6-cı çağırış Milli Məclisin (MM) təcili iclası çağırıldı və burada cəmi bir məsələ müzakirə olundu - ölkəmizdə yaranmış durumla, yeni situasiya ilə bağlı hərbi vəziyyətin elan edilməsi. İclasda aparılan müzakirələrdən sonra ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar yekdilliklə qəbul edildi və imzalanaraq, hüquqi qüvvəsinə minməsi üçün dərhal ölkə Prezidentinə göndərildi. Ölkə başçısı öz səlahiyyətlərindən istifadə edərək, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərarı təsdiqlədi, Fərman verdi. Beləliklə, ayın 28-dən, saat 00:00-dan ölkədə hərbi vəziyyətin, Bakı, Gəncə, Naftalan, Yevlax şəhərləri də daxil olmaqla, bütün sərhədyanı və cəbhəyanı bölgələrdə axşam saat 21:00-dan səhər saat 06:00-a qədər komendant saatının tətbiq edilməsinə başlanıldı. Artıq neçə gündür ölkəmizdə hərbi vəziyyət və bir neçə bölgəmizdə komendant saatı hökm sürür ki, bu da yalınız və yalnız xalqımızın, dövlətimizin milli maraqlarının, təhlükəsizliyinin təmin edilməsi üçün atılan önəmli və vacib addımdır. Bütün xalqımız bunu məhz bu cür qiymətləndirir, təqdir edir, dəstəkləyir.
Hərbi vəziyyət həm də o deməkdir ki, artıq ölkədə fəaliyyət göstərən bütün müəssisələr, fabrik və zavodlar hamısı ona uyğun fəaliyyət göstərir və göstərməlidir. Bunun özü də ikiqat, üçqat məsuliyyət deməkdir. Çünki adi dövrdəki iş rejimi ilə hərbi vəziyyət dövründəki iş rejimi tamamilə fərqlidir. Hər bir addım, hər bir fəaliyyət məhz müharibə dövrünün və hərbi vəziyyətin şərtləri daxilində olmalıdır. İnsanlarımız da bunu məhz bu cür qəbul edir və öz iş, əmək rejimlərini ona görə qururlar, qurmağa çalışırlar.
Bununla belə, müharibə dövrünün iqtisadiyatı özü tamam fərqli bir məsələ, situasiyadır. Çox şükürlər olsun ki, ölkəmizdə iqtisadiyyat güclüdür, kifayət qədər maliyyə, valyuta ehtiyatlarımız mövcuddur. İnsan resurslarımız, təbii resurslarımız, işçi qüvvəmiz yetərincədir. Bunlar bizim üstünlüklərimizdir və təbii ki, bu üstünlüklər iqtisadiyyatımızın müharibə və hərbi vəziyyət dövrünün reallıqlarına uyğunlaşmasına və cavab verməsinə tam imkan yaradır.
Ancaq gəlin görək qarşı - düşmən tərəfdə vəziyyət necədir, onların iqtisadiyyatı - həm Ermənistanın, həm də qondarma, separaçı “DQR”-in “iqtisadiyyatı” hərbi vəziyyətin reallıqlarına cavab verirmi? Birmənalı şəkildə demək olar ki, xeyr. Çünki onlarda nə demoqrafik artım var, olan əhali də artıq başını götürüb başqa ölkələrə üz tutur, nə də təbii sərvətlərə, resurslara malikdirlər. İqtisadiyyatları çökmüş, ondan-bundan asılı vəziyyətdədir, heç bir iri müəssisələri özlərinə məxsus deyil, özləri idarə etmir. Bunlar isə heç şübhəsiz ki, həm Ermənistanın, həm də “DQR”-in mövcud durumuna, ən əsası, hərbi vəziyyətinə ciddi təsir göstərir və göstərməkdədir. Vəziyyətin bu cür davam edəcəyi, yəni işğal olunmuş ərazilərimizin bir-bir azad olunacağı təqdirdə də (buna da zərrə qədər şübhəmiz yoxdur və ola da bilməz), həm Ermənistanın, həm ondan asılı olan “DQR”-in sosial-iqtisadi durumu daha da pisləşəcək, daha da kəskinləşəcək. Bunlar həmçinin digər problemləri, kataklizmləri də qaçılmaz edəcək. Ermənistanı xaos, anarxiya, böhran daha da bürüyəcək, bunun altından çıxmaq isə mümkünsüz və müşkül olacaq. Bu da heç şübhəsiz ki, bizim xeyrimizədir. Çünki biz bütün məsələlərdə onlardan qat-qat, müqayisəyə gəlməz dərəcədə üstünük və öndəyik. Bizim potensialımız, uzun illərdir yaradılan baza buna imkan verir.
Eyni zamanda, torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərin bərpası, orada yenidən infrastrukturun yaradılması, əhalinin məskunlaşdırılması məsələləri ən ümdə məsələlərdən olacaq. Odur ki, indidən bu istiqamətdə də addımların atılması, qayıdış proqramlarının hazırlanması lazımdır. Təbii ki, bunlar üzərində də işlər gedir, ancaq son günlərin yaşananları, əldə edilən və gözlənilən uğurlar bu prosesin bir qədər də sürətləndirilməsini zəruri edir.

 

“Müsəlləh əsgərəm, mən də bu gündən!”
Müharibə dövrünün qanunlarından biri də səfərbərlik məsələsidir. Müharibə şəraitində, hərbi vəziyyət dövründə yaşamış və yaşayan xalqlar, dövlətlər üçün xarakterik bir məsələdir. Çünki nə qədər güclü, qüdrətli, döyüşkən Orduya malik olsan da, səfərbərlik qaçılmazdır. Bu, həm də ruh, Vətənə sevgi, torpağa bağlılıq məsələsidir. Səfərbərlik, insanların könüllü hərbi xidmətə, cəbhəyə, döyüşə yollanması həm də mənəvi bir testdir. Məhz bu zaman bilinir ki, həqiqi Vətən sevgisi nə deməkdir, Vətən, torpaq, millət üçün müsəlləh əsgər olmaq nə deməkdir.
Odur ki, ölkədə, cəbhə xəttində yaranmış şərait və hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı cənab İlham Əliyev sentyabrın 28-də ölkədə qismən səfərbərliyin elan edilməsi ilə bağlı Sərəncam imzaladı. Bəli, olduqca vacib və önəmli addımdır. Düzdür, Ordumuz kifayət qədər güclüdür, yetərincə hərbi kontingentimiz, hərbçilərimiz, əsgər və zabitlərimiz var, ancaq müharibə, hərbi vəziyyət dövrünün şərtlərinə, qanunlarına uyğun olaraq, belə addıma gedilməsi lazım idi. Bu addım da xalqımız, insanlarımız tərəfindən böyük sevinclə qarşılanmaqdadır. Bunu hər gün efirlərdən də izləmək mümkündür. Analar, atalar öz övladlarını toy-bayramla Vətən torpaqlarını qorumağa göndərirlər. Səfərbərlik xidmətlərində gənclərin, cavanların əlindən tərpənmək mümkün deyil. Hər kəs Qarabağın azad olunması eşqi ilə alışıb-yanır, cəb­həyə yollanır. Hər bir gəncimiz dahi şairimizin şözləri ilə ifadə etsək, “Müsəlləh əsgərəm, mən də bu gündən!” deyərək, Vətəni qorumaq, onun uğrunda canından keçmək üçün cəbhənin ən qaynar xəttinə yola düşür. Özü də kimsənin təzyiqi, təsiri ilə deyil, könüllü şəkildə, öz qəlbinin səsi, öz ürəyinin hökmü ilə.
Artıq bir neçə həftədir ki, bütün cəbhə boyu döyüş, hücum əməliyyatları getməkdə, davam etməkdədir, Ordumuz tarix, zəfər yazmaqdadır. Əvvəlcə, cəmi bir günün içində 27 ildən çoxdur ki, işğal altında olan 7 kəndimiz, Cəbrayıl və Füzüli rayonlarının kəndləri, Goranboy istiqamətində çox strateji əhəmiyyətə malik olan - Murov dağı yüksəkliyindəki Murov zirvəsi istiqamətində hakim yüksəkliklər azad olunmuş, Ordumuz tərəfindən nəzarətə götürülmüşdür. Həmçinin, oktyabrın 3-ü və 4-ü tarixlərində şanlı, müzəffər Ordumuz yeni zəfər yazmışdır. Belə ki, çox strateji əhəmiyyətə malik olan Ağdərənin keçmiş Madagiz - indiki Suqoşan kəndi, həmçinin Tərtərin Talış kəndi, Cəbrayıl və Füzuli rayonlarının daha bir neçə kəndi, o cümlədən Cəbrayıl şəhəri yağı düşmən işğalından azad olunmuşdur. Düşmənə, qəsbkara növbəti ağır, sarsıdıcı zərbə endirilmiş və dərs verilmişdir. Həmçinin, düşmən hər an, hər saniyə böyük itkilərə məruz qalmaqdadır, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan. Bu, qətiyyətin, cəsarətin, böyük siyasi iradənin və qərarlılığın göstəricisi, təzahürüdür. Bundan necə qürurlanmayasan, fəxr etməyəsən?! Bunları sözlə ifadə etmək mümkün deyil, sözlər, kəlimələr belə bu mənzərini əks etdirmək üçün bəs etmir. Belə bir xalq ancaq və ancaq qələbəyə, zəfərə layiqdir. Qələbə də, zəfər də bizimlədir, bizimlə olacaq.
Ordumuz bir an olsun dayanmır, nəfəs dərmir, son və qəti qələbəyə nail olmaq üçüb igidlik, qəhrəmanlıq, rəşadət, şücaət göstərir, dastan yazır. Düzdür, yaralılarımız da var, şəhidlərimiz də var, bəzi bölgələrimizdə-xüsusilə Tərtər, Goranboy və Ağdam rayonlarında yaşayış məntəqələrimiz, insanlarımız atəş altındadır, xeyli maddi itkilər, zərərlər, dağıntılar var. Ancaq bununla belə, insanlarımız, vətəndaşlarımız ruhdan düşmür, əksinə, düşmənə qarşı daha da mübarizdir, səfərbərdir, əzmkardır. Hamı müharibənin başa çatması, Qələbənin əldə edilməsi üçün dövləti ilə, Ordusu ilə birlikdədir, həmrəylik nümayiş etdirir. Xalq dövlətindən, Ordusundan ruh alır, Ordusu, dövləti də xalqdan güc, qüvvət alır.

 

Növbəti dərs...
Amma görünən odur ki, “erməniçilik” xəstəliyinə, virusuna yoluxmuş Ermənistan rəhbərliyi, çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş və özündən əvvəlki hərbi canilərdən, cinayətkar dövlər başçılarından - Koçaryandan, Sarkisyandan heç nə ilə fərqlənməyən Paşinyan yenə də dərs, nəticə çıxarmaq istəmir və yanlışlıq dalınca yanlışlığa yol verir, fiasko dalınca fiaskoya uğrayır. Belə ki, sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti Ermənistana və Paşinyana əsl dərs verdi, həm Ermənistanın iç üzünü, məkrli simasını açıb dünyaya nümayiş etdirdi, həm də Paşinyanın son dərəcə təsadüfi adam olduğunu, reallıq hissini itirdiyini hər kəsə göstərdi. Bütün dünya bir daha gördü və müqayisə etmək imkanı oldu ki, İlham Əliyevin səviyyəsi ilə Paşinyanın səviyyəsi arasında fərq yerlə göy qədərdir. İlham Əliyev əsl lider, əsl dövlət və siyasət xadimi, Paşinyan isə avantürist, dayaz, reallıq hissini itirmiş təsadüfi bir dövlət rəhbəridir.
Azərbaycan Prezidenti dedi:
“Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir...”.
Bunun cavabında isə Paşinyan son dərəcə pərt, şaşırmış və isterik halda, nəsə deməyə, özünü haqlı çıxarmağa cəhd etdi. Amma alınmadı, daha da biabırçı bir duruma düşdü, növbəti dəfə mənəvi-siyasi fiasko yaşadı. Çox güman ki, bu, onun üçün həm də sonun başlanğıcı oldu və olacaq. Onun siyasi hakimiyyət ömrü bundan sonra çox çəkə və davam edə bilməz. Üstəlik də Azərbaycan Ordusu Ermənistan işğalçı qoşunları üzərində tam və qəti qələbə əldə etdikdən sonra ümumiyyətlə, nəinki Paşinyanın, Ermənistanın bir dövlət olaraq varlığı sual altında olacaq.
Elə bu yerdə mütləq şəkildə onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin son dərəcə arqumentli, sərrast, hazırlıqlı cavabları həm Rusiya ictimaiyyətində, həm də dünya ictimaiyyətində bizə qarşı olan mövqeləri, fikirləri xeyli dərəcədə, müsbətə doğru dəyişdi. Bunu elə xüsusilə, Rusiya mediasında, telekanallarında, internet resurslarında, sosial şəbəklərdə gedən müzakirələrdən, dövlət başçımıza ifadə edilən müsbət, obyektiv yanaşmalardan da görmək, izləmək olar. Bu, həm də siyasət, diplomatiya, informasiya savaşında uğurumuz, üstünlüyümüz deməkdir. Bununla bir daha Ermənistana, Paşinyana mənəvi, siyasi, diplomatik zərbə endirilmiş oldu.
Bütün hallada bunu onların özləri, Paşinyan və onun kimilər istədilər, istəyirlər, sonuclarına da özləri qatlasınlar. Biz dedik, onlar eşitmədi, biz xəbərdarlıq etdik, onlar dinləmdi və nəticədə də məlum mənzərə yaşandı. Atalar məsəlimizdə də deyildiyi kimi, özü yıxılan ağlamaz və yaxud, nə tökərsən aşına, o da çıxar qaşığına.

Həqiqət anı...
Bəli, bu gün həm də həqiqət, sapla samanın, dostla düşmənin məlum olduğu andır. Kimlər bizim, haqqın yanındır, kimlər düşmənin, nahaqqın yanındadır, artıq birdəfəlik məlum olmalı və adla, bir-bir deyilməlidir. Heç təsadüfi deyil ki, dövlət başçımız birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərimizlə görüşərkən bu məsələyə çox kəskin və birmənalı mövqeyni ifadə etdi.
Ölkə rəhbəri xüsusilə, qardaş və dost Türkiyənin bu məsələdə tutduğu mövqeyə diqqət çəkdi. Çünki, doğrudan da, qardaş və dost Türkiyə dövlətinin, Türk xalqının Azərbaycana verdiyi dəstək ən üst səviyyədədir. Xüsusilə də, Tovuz hadisələrindən sonra Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan mü­nasibətləri, verilən qarşılıqlı dəstəklər dünyaya nümunə olacaq bir məsələdir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiyə rəsmiləri, siyasilər, siyasi və hərbi elita, Türk mediası, bütövlükdə Türkiyə cəmiyyəti birmənalı şəkildə Azərbaycanın yanındadır və onun qəbul etdiyi istənilən qərara dəstək verdiyini və verəcəyini bəyan etmişdir. Elə son günlər Qarabağ məsələsi və yaşanan son durumla bağlı cənab Ərdoğanın ortaya qoyduğu mövqe, dünya liderləri ilə telefon danışıqları, Azərbaycanın mövqeyini birmənalı və daha güclü şəkildə dəstəkləməsi, münaqişənin yalnız Azərbaycan ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkünlüyünü bəyan etməsi əsl qardaş, dost mövqeyi, yanaşmasıdır. Odur ki, dövlət başçımız yaralı hərbçilərimizlə görüşündə ilk olaraq, məhz qardaş Türkiyənin Azərbaycana dəstəyinə toxundu, onu daha çox qabartdı.
Dövlət başçımız dedi:
“Qardaş Türkiyəyə, onun prezidentinə, mənim qardaşım Rə­cəb Tayyib Ərdoğana qətiy­yətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir, gəlin, belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa şərin? Dostun, yoxsa düşmənin? Həqiqət anıdır - mənim üçün, xalqımız üçün, hamımız üçün”.
Bəli, dövlət başçımızın da dediyi kimi, Azərbaycana birmənalı dəstəyini ifadə edən ölkələr sırasında 29 ildir Ermənistanı bir ölkə kimi tanımayan, onunla heç bir siyasi-diplomatik münasibətlər qurmayan, Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan qardaş və dost Pakistan, həmçinin son illər qarşılıqlı əlaqələrimizin daha da gücləndiyi dost Əfqanıstan ən öndə gəlir. Bununla yanaşı, Azərbaycanla müttəfiq olan və bütün məsələlərdə mövqeləri üst-üstə düşən Ukraynanı, qonşu Gürcüstanı qeyd etmək olar. Hər iki dövlət Azərbaycana, onun haqlı davasına öz dəstəklərini göstərməkdədirlər. Bunlar olduqca önəmli və qeyd olunmalı məsələlərdir.
Bəli, indi həqiqət anıdır və hər kəs gecikmədən öz mövqeyini ortaya qoymalıdır. Bu, bizdən daha çox mövqesizlik göstərənlərə, üzdə dost kimi davranıb, amma arxada başqa mövqe nümayiş etdirənlərə lazımdır. Çünki uduzan biz olmayacağıq, uduzan bizimlə olmayanlar, ikili mövqe nümayiş etdirənlər, susanlar, gecikənlər olacaq. Biz öz yolumuzla, əsl dostlarımızla, müttəfiqlərimizlə yolumuza inamla davam edəcəyik, bütün qələbələr, zəfərlə bizlərlə, bizimlə olacaq - haqqın yanında, Haqlının yanında olanlarla!
Ümumiyyətlə, indiki kifayət qədər çətin və həssas bir şəraitdə ölkə Prezidenti ilə Birinci xanımın Qarabağ, Vətən uğrunda döyüşlərdə yaralanmış hərbçilərimizlə görüşməsi, onlara baş çəkməsi özü bir diqqət, qayğıdır, insani dəyərlərin ən yüksək zirvəsidir. Bu, hər zaman belə olub. İstər dövlət başçısı, istərsə Birinci xanım hər zaman Qarabağ müharibəsi iştirakçılarına, sağlamlıqlarını itirmiş, əlil olmuş igid Vətən övladlarına diqqət və qayğıları, son dərəcə həssas münasibətləri ilə seçiliblər. Zaman-zaman atılan addımlar, verilən qərarlar, Fərman və Sərəncamlar da bunun bariz nümunəsidir. Çünki başqa cür də ola bilməz. Son addım, son görüş, yaşanan təsirli anlar, igid hərbçilərimizin sağalandan sonra yenə də cəbhəyə yollanmaq niyyətləri dövlət-xalq, iqtidar-xalq birliyinin, həmrəyliyinin təcəssümüdür.
Yaralı hərbçilərimizlə görüş zamanı ölkənin Birinci xanımı, Birinci vitse-prezident, hər zaman rəhmi, mərhəməti, şəfqəti ilə seçilən Mehriban xanımın olduqca təsirlənməsi, göz yaşları axıtması inanıram və əminəm ki, heç kimin yaddaşından silinməyəcək. Ancaq bu göz yaşları, bu kədər tezlikə sevinc göz yaşları ilə, qələbə, zəfər sevinci ilə əvəzlənəcək. Həm Ali Baş Komandanın, həm onun ən yaxın, ən sadiq silahdaşı Mehriban xanımın, həm də müzəffər Azərbaycan Ordusunun birgə əzmi, iradəsi sayəsində Azərbaycana əbədi sülh gələcək, gətiriləcək.
Qarabağ işğaldan azad olunacaq, üçrəngli bayrağımız bütün guşələrimizdə dalğalanacaq.
Qarabağ bizim olub, bizim də olacaq!

 

Ziyad SƏMƏDZADƏ,
akademik, millət vəkili