MƏQALƏLƏR

Yeganə Məmmədova: Biz haqlıyıq, biz zəfər çalacağıq!

  • 16.10.2020

Artıq 2 həftədən çoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda ölüm-dirim mübarizəsi aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, onları torpaqlarımızdan qovur.
Bununla belə, silahlı qüvvələrimizin ön cəbhədəki uğurlarını “həzm” edə bilməyən faşist Ermənistan Azərbaycanın mülki şəxslərini və infrastrukturunu məqsədli şəkildə hədəfə alaraq raket atəşinə tutur. Ermənistan 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur. Çox təəssüf ki, hələ də beynəlxalq aləmdə bu haqsızlıqlara göz yumanlar var...
Amma əminik ki, Azərbaycan haqq yolundadır və öz torpaqlarını tezliklə qaytaracaq. Çünki onun igid oğulları, vətənpərvər insanları var. Bu gün hamı Ali Baş Komandanın – Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, Qarabağ Azərbaycandır! – deyir.
Müzəffər Ordumuz tarix, zəfər yazır. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu yeni hərb salnaməsi yazır. Düşmənə, qəsbkara növbəti sarsıdıcı zərbə endirilmiş və dərs verilmişdir. O, həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən hər an, hər saniyə böyük itkilərə məruz qalmaqdadır. Bu, qətiyyətin, cəsarətin, hünərin və böyük siyasi iradənin göstəricisidir.
Bu gün Vətənini sevən hər kəs ön cəbhəyə - döyüş meydanına atılıb. Həkimi də, müəllimi də, fəhləsi də, idmançısı da.
Bəli, mən də hamı kimi bu gün şuşalıyam, laçınlıyam, cəbrayıllıyam, gəncəliyəm, tərtərliyəm, füzuliliyəm... Bir sözlə, qarabağlıyam - AZƏRBAYCANLIYAM!
Ali Baş Komandanımızın dediyi kimi, “Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”


 

Əsgər anası

 

Bir işçimiz var, Afət Əhmədova, 20 ildən artıqdır ki, bir kollektivdə çalışırıq. İndi hər səhər onunla salamlaşanda birinci verdiyimiz sual bu olur: “Sənandan nə xəbər?”... Sənan onun oğludur, cəbhədədir.
Gözümüzün qabağında böyüyüb Sənan – hərbi xidmətə yola salanda da, qayıdanda da yanında olmuşuq, toyunda da qol qaldırıb oynamışıq, ilk övladı Samir dünyaya gələndə də sevincinə şərik olmuşuq. Çox dəcəl uşaq olub Sənan, amma hərbi xidmətdən qayıtdıqdan sonra ciddiləşib, böyüyüb sanki. Hazırda Vətəni qorumaq üçün cəbhə bölgəsindədir. Biz də onun anası kimi hər telefon zənginə səksəkəliyik. Ana isə nigarandır, gözləri yoldadır, qulaqları səsdə. Bu yazını yazanda da ona dedim ki, bəlkə sən də ürək sözlərini yazmaq istərsən, kövrəldi, dedi, - “Mən əsgər anasıyam, nə yazım”... Bu sözlərlə də sanki ürək sözlərini yazmış oldu.
Başını uca tut, əsgər anası! Bu gün sənin kimi oğullarına xeyir-dua verib cəbhəyə yola salan Azərbaycan qadını minlərlədir. Elə bilmə ki, oğul tək sənindir, o bizim də övladımızdır, bu gün biz hamımız birik, birlikdə güclüyük.
Sənana isə demək istərdim ki, möhkəm dayan, Vətənin bu dar günündə sənə güvənirik, əsgər! Torpaqlarımızı yağı düşməndən azad edib, sağ-salamat evinə dön, igid əsgər! Əminik, o gün uzaqda deyil!

 

 

Baş redaktorun müavini
Yeganə Məmmədova