Aytən SƏMƏDZADƏ: Xilaskar ordumuzun böyük qələbəsinə inanırıq!
Uşaqlıq illərimdə müharibə mövzusunda olan kinofilmlər tez-tez nümayiş olunardı, mən onlara böyük maraqla və ürəkağrısı ilə baxardım. Hər dəfə onları izlədikcə içimdə müharibələrə, qırğınlara qarşı bir nifrət oyanardı və bunların keçmişdə qaldığını, bir daha təkrarlanmayacağını düşünərək bir rahatlıq hissi yaşayardım. Lakin təəssüf ki, çox keçmədən - 90-cı illərin əvvəllərindən müharibə bizim üçün də gerçəyə çevrildi, nəinki yaşıdlarım, tələbə yoldaşlarım, hətta azyaşlı körpələr, dünyanın xeyirindən - şərindən xəbəri olmayan azyaşlılar müharibənin canlı şahidlərinə, günahsız qurbanlarına çevrildilər. Bədnam ermənilər bizim çörəyimizdən yeyib, suyumuzdan içib bizə xəyanət etdilər, olmazın vəhşiliklər törətdilər. Əzəli torpaqlarımız erməni qəsbkarları tərəfindən amansızcasına işğal olundu. Minlərlə soydaşlarımız öz torpaqlarında ev-eşiklərindən məcburən köçkün düşdülər. Uşaqlığı oğurlanmış minlərlə uşaq yurd, torpaq həsrəti çəkərək böyüdü. Qayğısız uşaq sevincləri, uşaq gülüşləri əvəzinə xəyallarında körpə ikən tərk etdikləri evlərini, həyət-bacalarını canlandırmağa və yaşatmağa çalışdılar. İllərdir davam edən atəşkəs onların ürəyindəki yurd həsrətini soyutmadı, torpaq nisgilini azaltmadı. Lakin qismətinə köçkünlük həyatı yaşamaq düşmüş bu insanlar işıqlı gələcəyə olan ümidlərini itirmədilər, geriyə dönəcəkləri günü böyük inamla gözlədilər.
Sentyabrın 27-dən başlanan Vətən müharibəsi bütün xalqımızı bir nəfər kimi ayağa qaldırdı. Düşmən, əsgərlərini qaçmasın deyə zəncirlədiyi bir vaxtda ürəyi vətən eşqi ilə döyünən igid gənclərimiz cəbhəyə könüllü yazıldılar. 90-cı illərdə əlində tutmağa silah tapmayan mərd oğullarımızın övladları indi müasir silahlarla silahlanan müzəffər ordumuzun əsgərləridir. Qəhrəman ordumuz inamla irəliləyərək zəbt olunmuş torpaqlarımızı işğalçılardan təmizləməkdədir. Xalqımız şanlı ordumuzun hər zəfər xəbərini, hər qələbə sədasını böyük sevinc və qürurla qarşılayır. Hər birimiz bu Vətən müharibəsinin zəfərlə bitəcəyi günü səbirsizliklə gözləyirik, buna bütün varlığımızla inanırıq, qəhrəman ordumuzla fəxr edirik, Ali Baş komandanımıza güvənirik, elimizin üçrəngli bayrağının öz torpaqlarımızda dalğalanacağı günün yaxında olduğunu bilirik.
Məlumdur ki, müharibənin öz qanunları var: burda dağıntılar, tələfatlar labüddür. Lakin erməni vandalları yenə də savaş qanunlarına uyğun olmayan xainliyə, terrora əl atırlar. Döyüş bölgələrindən kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi, kənd və qəsəbələrimizi atəşə tuturlar. Humanitar atəşkəsi pozan ermənilər dinc əhalimizə qarşı qanlı cinayətlərini davam etdirməkdədirlər. Bu günlərdə düşmənin Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncəni hədəfə alması və 10 insanın ölümü, 34 insanın yaralanması ilə nəticələnən növbəti terror aktı insanlığa sığmayan ən ağır cinayətlərdəndir. Çox keçməz ki, əlləri günahsız insanların qanına bulaşan erməni cəlladları tarix qarşısında cavab verməli olacaq. Dünya buna göz yuma bilməz. Azərbaycanın haqq səsini Türkiyə başda olmaqla bir sıra dövlətlərin dəstəkləməsi onların Beynəlxalq hüquq normalarını dəstəkləməsi deməkdir.
İndi bizim hər birimiz Vətən uğrunda çarpışan əsgərik, həm ön, həm arxa cəbhədə zəfər çalmalıyıq. İşimizlə, əməlimizlə ordumuzun, əsgərlərimizin yanındayıq. Bizə qələbə sevinci yaşadan müzəffər ordumuzdan müqəddəs tarixi torpaqlarımız uğrunda apardığı döyüşlərdə yeni-yeni zəfər müjdələri gözləyirik. Bu amansız müharibədə şəhidlik zirvəsinə ucalan övladları böyüdən anaların qüruruna sığınırıq, şəhid olan vətən oğullarının ruhu qarşısında baş əyirik.
İnanırıq düşmənin güllələr yağdırdığı torpaqlarda güllər-çiçəklər bitəcək, tankların keçdiyi, mərmilərin düşdüyü ərazilərdə taxıl zəmiləri dalğalanacaq, Xarıbülbülün bənzərsiz ətri yenidən duyulacaq, Qarabağ yenə gülüstana dönəcək, “Qarabağ bülbülləri”nin ifasında yenə zəfər ruhlu “Qarabağ şikəstəsi”nin sədaları ucalacaq!
“İqtisadiyyat“ qəzetinin baş redaktoru
Aytən SƏMƏDZADƏ