Azad Quliyev- Azərbaycan: Ən yeni tarixin şanlı səhifələri
Müstəqil Azərbaycan Respublikasının rəşadətli ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünün bərpası istiqamətində, sentyabrın 27-si səhər saatlarında Azərbaycan Respublikasının ərazisinə Ermənistan tərəfindən edilən xain təxribatlara cavab olaraq uğurlu əks-hücum əməliyyatlarına başlamışdır. Bu Vətən müharibəsində Azərbaycan xalqı böyük əzm nümayiş etdirərək, Ali Baş Komandanın ətrafında sıx birləşmiş, öz ərazi bütövlüyünün bərpası üçün suveren sərhədləri daxilində aparılan hərbi əməliyyatları birmənalı olaraq dəstəkləmişdir. Bu gün Dağlıq Qarabağ və onun ətraf ərazilərində gedən döyüşlər Azərbaycanın beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınan sərhədləri daxilində gedir.
Ermənistan Respublikası tərəfindən törədilən təxribatlar təsadüfi xarakter daşımır. 30 ilə yaxın müddətdə davam edən danışıqlar prosesi və eləcə də 1994-cü ildə imzalanan atəşkəsdən sonra işğalçı dövlət zaman-zaman müxtəlif təxribatlara, hərbi avantüralara əl atmışdır. Atəşkəs imzalanandan sonrakı dövrdə baş verən ilk şiddətli döyüşlər 2016-cı ilin Aprel döyüşləri olmuşdur. Aprel döyüşləri zamanı Azərbaycan ordusu tərəfindən düşmənə layiqli cavab verilmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, rayonun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi düşməndən azad olunmuşdur. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi ilə başa çatmış, aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndi “Böyük qayıdışın başlanğıcı” kimi dəyərləndirilmişdir və Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddət ərzində - 8 aya bərpa edilmiş, doğma yurdundan didərgin düşmüş Cocuq Mərcanlı sakinləri öz doğma ata-baba yurdlarına geri qaytarılmışdır.
Aprel döyüşlərindən sonrakı dövrdə rəşadətli Azərbaycan ordusu 2018-ci ilin 20-27 may tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində Günnüt əməliyyatı keçirmiş, öz qələbələri sırasına növbəti zəfərini əlavə etmişdir. Günnüt əməliyyatı nəticəsində 11 min hektar ərazi, o cümlədən Şərur rayonunun Günnüt kəndi, bir neçə yüksəklik və dağ azad olunmuşdur. Əməliyyat nəticəsində strateji əhəmiyyət daşıyan İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
2018-ci ildə “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın da danışıqlar prosesində konstruktiv mövqe sərgiləməməsi, danışıqlarda 3-cü tərəf kimi qondarma Dağlıq Qarabağ seperatçı rejiminin də iştirakının zəruri olması kimi ritorik bəyanatı və eləcə də onun “Qarabağ Ermənistandır və nöqtə” deyə heç bir reallığa sığmayan açıqlaması mahiyyət etibarilə danışıqlara böyük zərbə vurdu.
Ermənistan müdafiə nazirinin 2019-cu ilin martında ABŞ-da erməni icması ilə görüşündəki açıqlaması isə münaqişənin sülh yolu ilə həllinə növbəti ciddi zərbəsini vurmuşdur: “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq”, - Tonoyan sərsəm bəyanatla çıxış edib. Bütün bunlar BMT TŞ-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin, ATƏT-in Madrid prinsiplərinin aşkar şəkildə Ermənistan tərəfindən yerə vurulması faktı kimi qiymətləndirilir. Lakin beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Ermənistanın müharibə ritorikasına səssiz qalmağı seçir. Beləcə düşmən artıq zəbt etdiyi torpaqlarla kifayətlənmərək, hətta qonşu ölkələrin torpaqları hesabına dənizdən-dənizə “Böyük Ermənistan” yaradacağına özünü inandırır. Beynəlxalq səviyyədə Ermənistana lazımi təzyiqlər olmadığından işğalçının daha da azğınlaşıb, hətta yeni ərazilərə iddia səsləndirməsi onun regiona, sülhə və sabitliyə nə dərəcədə ciddi təhdid olduğunu sübut edir.
Bu ilin may ayında Qarabağımızın dilbər guşəsi olan Şuşa şəhərində işğal olunmuş ərazilərimiz üzərində yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidentinin andiçmə mərasimi Azərbaycan ictimaiyyətində geniş rezonans doğurmuşdur. Bu təxribat, eyni zamanda, Azərbaycan xalqına açıq təhqir idi.
Öz alçaq və riyakar təxribatlarının davamı olaraq Ermənistan dövləti cari ilin iyul ayının 12-də münaqişə zonasına daxil olmayan Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində genişmiqyaslı hücum məqsədli hərbi təxribata əl atdı. Bu dəfə də düşmənə layiqli cavab verildi və o, geri oturduldu. Tovuz istiqamətindəki hərbi təxribat heç də təsadüfi xarakter daşımırdı. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən regionun irimiqyaslı layihələri - Bakı-Tbilisi- Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Tovuz rayonu ərazisindən keçir. Azərbaycanın strateji layihələri üzərində nəzarət əldə etmək istəyən bədxah qonşumuz yenə də məğlub olaraq, geri çəkilməyə vadar edildi və bir santimetr torpaq belə əldə edə bilmədi.
Tovuz təxribatının törədilməsində ikinci səbəb isə Ermənistan hakimiyyətinin daxili auditoriyanın diqqətini dövlətin daxilində hökm sürən ciddi iqtisadi-siyasi böhrandan yayındırmaq məqsədi güdməsi idi. Koronavirus pandemiyası, Soros Fondunun sifarişli həbs əmrləri, Ermənistan Baş Nazirinin hakimiyyətə gələn zaman verdiyi bir-birindən boş vədlərin gerçəkləşməyəcəyi reallığının aydın dərk olunması daxildə gərginliyi artırırdı.
Konflikt zonasından xeyli uzaqda yerləşən Tovuz şəhərinə hücumun üçüncü məqsədi isə beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsi zonasından uzaqlaşdırmaq, yeni münaqişə ocağı yaratmaq idi. Azərbaycan ordusu və diplomatiyasının məharəti sayəsində düşmən heç bir məqsədinə çatmadı.
Riayakar və cinayətkar əməllər törətməkdə tərəddüd etməyən Ermənistanın 17 iyul tarixindən Rusiya tərəfindən intensiv silahlandırılması isə ictimaiyyətimizdə birmənalı qarşılanmadı. Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti ilə telefon danışığında bu narazılığı Vladimir Putinin diqqətinə çatdırdı, daha sonra verilən açıqlamalar isə Azərbaycan hökumətini qane etmədi.
Hadisələrin gedişatı, xüsusilə Ermənistanın intensiv silahlandırılması fonunda destruktiv nəticələrə səbəb olacaq proseslərə aparıb çıxaracağı məlum idi. Ermənistan müdafiə nazirinin yeni ərazilər üçün yeni müharibə bəyanatının mahiyyətinə uyğun olaraq sentyabrın 27-si səhər saatlarında cəbhədə Ermənistan dövlətinin növbəti təxribata əl atması Azərbaycan ordusunun uğurlu-əks hücum əməliyyatlarına start verməsi ilə nəticələndi. Cəzasız qalmış düşmənə artıq Azərbaycan ordusu tərəfindən döyüş meydanında ibrətlik dərs verilir, uzun illər işğal altında qalmış əzəli torpaqlarımız işğaldan azad edilir. Müstəqil Azərbaycan Respublikasının ən yeni tarixinin yazıldığı bu günlərdə müzəffər ordumuz artıq Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini və Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkarı, Şərifan, Muğanlı kəndlərini işğaldan azad etmişdir. Rəşadətli Azərbaycan ordusunun azadetmə əməliyyatı bu gün də uğurla davam edir. Qızıl hərflərlə yazılan bu şanlı tariximiz dövlətçilik tariximizdə milsilsiz səhifədir.
Bu günlərdə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağda gərginləşən vəziyyət barədə narahatlıq ifadələri səsləndirməsi məqbuldur. Döyüşlərin başlandığı ilk gündən qardaş Türkiyə Respublikası açıq və net dəstəyini ifadə etmişdir. Dövlət və hökumət rəsmiləri səviyyəsində edilən açıqlamalarda “Bütün imkanlarımızla Azərbaycanın yanındayıq” ifadələri bir daha bütün dünyaya “bir millət iki dövlət” anlayışını təkcə sözdə deyil, həm də əməldə isbat etmişdir. Münaqişənin nizamlanması məqsədilə yaradılan və 30 ilə yaxındır fəaliyyət göstərən ATƏT-in Minsk qrupu həmsədrlərinin isə münaqişənin müharibə variantının olmadığını və tərəflərə tezliklə danışıqlar masasına əyləşmələri barəsində çağırışları əsasında həmsədr statusundakı 3 ölkədən biri olan Fransanın mövqeyi anlaşılmazlığı ilə diqqət çəkdi. Avropa Birliyinin Brüssel sammitinə gəlişi zamanı Fransa Prezidenti Emmanuel Makronun Qarabağ konflikti barəsində həqiqətə uyğun olmayan açıqlaması və mandatı olduğu qurumun həmsədri kimi bitərəfliyini pozması qəbuledilməzdir: "İndi biz cihadçı qruplardan olan suriyalı döyüşçülərin Dağlıq Qarabağa çatması üçün Qaziantepdən (Türkiyənin cənub-şərqi) keçdiklərini göstərən məlumatlara sahibik, bu, vəziyyəti dəyişdirən çox ciddi yeni bir faktdır”. Fransa şimali Qarabağın yenidən fəth edilməsi ilə bağlı Azərbaycandakı hər cür əngəli aradan qaldıran, Türkiyənin son saatlarda verdiyi savaş açıqlamalarından son dərəcə narahatdır. O, ayrıca İrəvana dəstəyini də dilə gətirdi: “Ermənistana və ermənilərə deyirəm, Fransa öz rolunu oynayacaq.” Bu kimi açıqlamalar Fransanın Minsk qrupu həmsədrliyindən çıxarılmasına gətirib çıxara bilər. Türkiyənin Aralıq dənizində kəşfiyyat-qazma işlərini aparması məsələsində Fransa ilə yaranan gərginlikdən qaynaqlanan bu tipli açıqlama sonrasında Fransa prezidentinin Azərbaycan prezidenti ilə telefon görüşməsində dərhal atəşkəsə çağırışla nəhayətləndi. Minsk üçlüsü - ABŞ, Fransa və Rusiya qurumdakı mandatlarına müvafiq olaraq, münaqişənin siyasi və diplomatik kanallarla, sülh yolu ilə həlli üçün bitərəf qalmalı, konstruktiv mövqe sərgiləməlidirlər. Lakin Fransa prezidentinin tərəf tutması, atəşkəs çağırışı, döyüşlər başlanan tarixdən Prezident İlham Əliyevə 3 dəfə zəng etməsi diqqət çəkmişdir. Ermənistan tərəfini açıq dəstəkləyən Fransa prezidentinin işğal olunmuş ərazilərimizin geri qaytarılmasındakı səyləri artıq sual doğurur. Lakin Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zacharie Gross 18 oktyabrda yaydığı məlumatda gərginlik dövrünün artıq bitdiyini, əlaqələrimizdə yeni səhifə açıldığını bildirmişdir.
Cəbhədə hər gün böyük uğurlara imza atan şanlı ordumuzun qarşısında tab gətirməyən Ermənistan tərəfi Livandan, Yaxın Şərqdən terrorçu qruplaşmaları Qarabağ ərazisinə gətirib döyüşlərə cəlb edir. Bundan əlavə, gah Türkiyənin döyüşlərdə iştirak etdiyini, gah da Türkiyənin yardımı ilə Suriyadan, İraqdan muzdluların Azərbaycana gətirildiyini və Azərbaycan tərəfində döyüşdüyü barədə əsassız bəyanatlar, açıqlamalar yayır. Azərbaycanı dayandırmağın mümkün olmadığını görən mənfur düşmən Ermənistan ərazisindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində yerləşən yaşayış məntəqələrinə ağır artilleriya ilə iri çaplı silahlardan istifadə edərək atəş zərbələri endirir. Bununla da Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını münaqişəyə cəlb etmək və münaqişənin miqyasını böyütmək məqsədi güdür. Bu gün aparılan hərbi əməliyyatlar ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində gedir və ərazi bütövlüyümüzün bərpasını təmin edir. Azərbaycan tərəfi bəyan etmişdir ki, beynəlxalq hüquqa müvafiq olaraq özünü müdafiə haqqından istifadə edərək, hərbi atəş nöqtələri dəqiqləşdirilib legitim hərbi hədəf kimi vurulacaq.
Rusiya rəhbərliyinin ölən, yaralanan və əsir düşənlərin qarşılıqlı dəyişdirilməsi məqsədilə humanitar əsaslarla müvəqqəti atəşkəs çağırışına əsasən 9-10 oktyabr tarixlərində Moskva şəhərində görüş keçirildi və tərəflər arasında atəşkəs imzalandı. Azərbaycan dövləti bəşəri humanizminin əsas idealı olan insani dəyərlərə hər zaman üstünlük verdiyini bir daha sübut etdi. Lakin atəşkəsin imzalanmasından sonra iki dəfə Erməni hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə gecə saatlarında raket hücumuna məruz qaldı. Böyük dağıntılara, xeyli sayda insan ölümünə və yaralanmasına səbəb olan bu xain hücum Ermənistanın zəif və acizliyinin bariz nümunəsidir. Döyüşlər başlanandan döyüş meydanında ordumuza güc gələ bilməyən düşmən öz acısını mülki əhaliyə atəş açmaqla dindirir. Cenevrə Konvensiyasının "Müharibə zamanı mülki şəxslərin müdafiəsi" adlı 4-cü bəndini kobudcasına pozan Ermənistan rəhbərliyinin törətdiyi bu çirkin, amansız, qanlı əməllər ilə ölkəmizdə olan diplomatik korpus, səfirlik nümayəndələri, hərbi attaşelər yerindəcə tanış olmuş və məlumatları sənədləşdirərək öz ölkələrinə təqdim etmişlər. Həmçinin xarici nüfuzlu kütləvi informasiya vasitələri Gəncə terraktı barədə ətraflı şəkildə reportajlar hazırlamış və dünyaya təqdim etmişlər. Dünyaya haqq səsimizin çatdırılmasında Azərbaycan gənclərinin sosial şəbəkələrdə aktiv surətdə başlatdığı və həyata keçirdiyi fəaliyyət də diqqətəlayiqdir.
Heç bir müstəqillik, azadlıq havayı başa gəlmir. Azərbaycan xalqı öz ərazi bütövlüyünü, müstəqilliyini təmin etmək üçün öz qanı və canıyla vuruşub, onu əldə etmişdir. Bu günlərdə şanlı ordumuz xalqımızın müstəqillik tarixinin qızıl səhifələrini yazır. Müstəqilliyimizin 29-cu ildönümündə cərəyan edən bu hadisələrdən sonra Azərbaycan dövləti və vətəndaşları müstəqilliyin 30-cu ildönümünü əzəli və əbədi Qarabağ torpaqlarında qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan işğaldan azadetmə əməliyyatı tarix boyu heç vaxt unudulmayacaq və gələcək nəsillər zəfər tarixinin bu səhifələrini oxuduqca qürur duyacaqlar. Qarabağ Azərbaycandır!
Azad Quliyev,
iqtisadçı ekspert